Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Beləliklə, 2012-ci il arxada qaldı, qışın üçdəbir hissəsi keçdi. Yeni ili məhz bu zaman bayram edirik. Yeni il bayramları hər kəsin evinə qonaq gələn gözəl, əziz nağıllar döv-rüdür. Bu bayramın tarixi haqqında nə bilirik?
İkiüzlü Yanus
Yeni ilin tarixi ən azı 5 minillik bundan əvvəlki dövrə gedib çıxır. Qədim Mesopotomiyada eramızdan əvvəl III minillikdə Yeni ili yazın gəlişi ilə qeyd etmək ənənəsi var idi. Çünki həmin vaxt Dəclə və Fərat çaylarının daşması ilə eyni vaxta düşürdü. Növbəti ilin məhsuldarlığı isə məhz bundan asılı idi. İkiçayarasının qədim sakinləri məhz Yeni ili bayram etməklə zəmilərinə, bağlarına bolluq gətirməyə çalışırdılar. Bu ənənə onlardan Mesopotomiya ərazisində əsir olan israillilərə keçib, daha sonra israillilərdən Qədim Yunanıstana və Romaya "ötüb". Məhz burada Qay Yuli Sezar bayramı 1 yanvar tarixinə keçirib (yeni Yulian təqviminin ilk günü kimi, məhz bu tarix müəyyənləşdirilib) və onu İkiüzlü Yanusa (Roma mifologiyasında qapıların, girişlərin, çıxışların, müxtəlif keçidlərin, həmçinin başlanğıc və sonun ikiüzlü Allahı) həsr edib
Azərbaycanda o, Sovetlər dönəminin əsas bayramlarından biri kimi təbliğ olunub və sonda həqiqətən də milli bayrama çevrilib. Və bu gün də belədir. Yeni il saysız-hesabsız ənənələrlə zəngindir. Onların bir hissəsi Avropanın qədim və müasir ənənələrinə bağlıdır. Yeni illə bağlı ənənələrin bir hissəsi bütpərəstlikdən gəlir, bir hissəsi isə Sovet İttifaqı dönəmində yaranıb.
Yeni il bayramı indi də bir yerdə durmur. Ona Çin qoroskopundan olan heyvanlar da qoşulub, halbuki, Çin təqviminə görə, yeni il fevralın əvvəllində başlayır.
Və təbii ki, Amerika bayramının elementləri - marallar, elflər və s…
Şaxta baba, Santa-Klaus və Qar qızın şəxsiyyəti də bir o qədər kazuistikdir. Əslində, bütpərəstliyin, xristianlığın və sovet ənənələrinin birləşdiyi bu bayrama nəzər salanda, hansı elementin nəyə aid olduğunu müəyyənləşdirmək çətindir. Avropa və ABŞ-da Yeni il postsovet ölkələri ilə müqayisədə xeyli sadə qeyd olunur. Orada çoxları Milada üstünlük verir. Hətta bizim Yeni il yolkası adlandırdığımız ənənəvi yolka orada Milad yolkası sayılır.
Ezoterika
Yeni il istənilən dindən, həmçinin islamdan uzaq ənənələrdən doğan bayramdır. Əsası isə Yeni ilin ezoterikasıdır. Bu bayramda biz bir çox şeylə qarşılaşırıq: hesabat dövrünün başlanğıcı, yeni planlar, ilin yekunları, hədiyyələr, təbriklər və s. Yaxın və uzaq qohumlar, dostlar, həmkarlar yada düşür. Yaxşı və pis olan hər şeyi bundan başqa ilin hansı günündə yada sala bilərik? Həqiqətən də, biz Yeni ilə böyük önəm verir, hətta bu günü böyük hərflərlə yazırıq.
Çox vaxt il ərzində insan bütün daxili imkanlarına yenidən nəzər salır. Əslində, dəyərlər yenidən nəzərdən keçirilir və yeni mərhələyə hazırlıq başlayır. Bəziləri, hətta buna hazırlaşmaq üçün treninqlər də keçir, digərləri şəraitə uyğun hərəkət edir. Bəzən yekunlara baxmaq və həyatına qiymət vermək üçün ulduzların düzülüşünə nəzər salmaq da tövsiyə edilir. Amma heç bir treninq və ya PR Yeni ilin doğurduğu ruh yüksəkliyini yarada bilməz. Əgər bunu dərindən dərk etsək və həm bayramqabağı, həm də bayramdansonrakı həftəyə bu cür yanaşsaq, onda bu qısa vaxt ərzində, bütün ilboyu nail ola bilmədiyimiz irəliləyişə müvəffəq olmaq mümkündür.
Qar qızın tarixi
Şaxta babanın çoxəsirlik bioqrafiyası fonunda Qar qızla bağlı tarix xeyli kiçik görünür. Şaxta babanın köməkçisi yalnız 1873-cü ildə, Aleksandr Ostrovskinin məşhur "Qar qız" pyesini yazdıqdan sonra "doğulub". Doğrudur, yazıçının fikrində Qar qız Şaxta babanın qızı idi. Amma sonradan digər ədiblər niyəsə onu babanın nəvəsinə çevirdilər. İstənilən halda, "qohumluq" əlaqələrindən asılı olmayaraq, bu cütlük insanların o qədər ürəyincə oldu ki, artıq Şaxta babanı heç kəs onu uşaqlara hədiyyə paylamaqda kömək edən sadiq yoldaşından ayrı təsəvvür etmir.
Kimdir Şaxta Baba?
Təsəvvür edin ki, bəzi ölkələrdə Şaxta baba və Santa-Klausun əcdadları "yerli" cırtdanlar hesab olunur. Bir başqalarında Milad mahnıları oxuyan orta əsrlərə aid jonqloyr səyyahlar, yaxud saqqallı oyuncaq satanlar Şaxta baba və ya Santa-Klausun əcdadı sayılır. Belə bir fikir var ki, Şaxta babanın qohumları arasında şərqi slavyanların şaxta şeytanı sayılan Treskunun (ona Studenes də deyirlər) adı da çəkilir. Şaxta baba obrazı əsrlərlə formalaşıb və hər xalq ona özünə aid nələrisə əlavə edib.
Amma sən demə bu qocanın əcdadları arasında real insan da varmış.
IV əsrdə Türkiyənin Mira şəhərində baş yepiskop Nikolay yaşayıb. Rəvayətə görə, o, çox xoşxasiyyət insan imiş: günlərin birində Nikolay yoxsul ailənin mənzilinin pəncərəsindən qızıl dolu bağlama atmaqla, ailənin 3 qızının həyatını xilas edibmiş. Nikolay ölümündən sonra müqəddəs elan edilib. XI əsrdə onun dəfn olunduğu kilsə italiyalı quldurlar tərəfindən qarət olunub. Onlar bu müqəddəs şəxsin qalıqlarını oğurlayaraq vətənlərinə aparıblar. Müqəddəs Nikolay kilsəsinin prixodları baş verənlərdən hiddətlənib və beynəlxalq qalmaqal yaranıb. Baş verənlər o dərəcədə səs-küy yaradıb ki, Nikolay dünyanın müxtəlif ölkələrində xristianların ehtiram və sitayiş obyektinə çevrilib.
Yeni təqvimin qüvvəyə minməsindən sonra o, Miladda, sonradan isə Yeni ildə uşaqlara qonaq gəlməyə başlayıb. Bu xoşxasiyyət qocanı hər yerdə bir cür adlandırırlar: İspaniyada Noel ata, Rumıniyada Moş Cariel, Hollandiyada Sinte-Klaas, İngiltərə və Amerikada Santa-Klaus, postsovet ölkələrində isə Şaxta baba.
Şaxta babanın kostyumu da birdən-birə meydana çıxmayıb. Əvvəlcə onu plaşda təsvir edirdilər. XIX əsrin əvvəllərində hollandlar evlərin bacalarını məharətlə təmizləmək bacarığına sahib olanları, bacalardan uşaqlara hədiyyələr atan qəlyan çəkən qoca kimi təsvir etməyə başladılar. Elə həmin əsrin sonlarında ona xəz qırmızı kürk geydirdilər. 1860-cı ildə amerikalı rəssam Tomas Nayt Şaxta babanı saqqalla bəzədi. Bir müddət sonra isə ingilis Tenniel mehriban şişman obrazını yaratdı. Bu Şaxta baba hamımıza yaxşı tanışdır.
Bir ildə neçə Yeni il var?
Yulian təqviminə əsasən, yanvarın 1-də dünyanın bütün ölkələrində yeni il başlayır.
Rusiyada və demək olar ki, bütünlükdə potsovet məkanında köhnə Yeni ilin qeyd olunduğu 14 yanvar tarixi Yunanıstanda yeni ilin başlanğıcı sayılır. Bu, vaxtilə uşaqlara xoş və xüsusi münasibətilə məşhurlaşmış müqəddəs Vasili günüdür.
Növbəti Yeni il Ay təqvimi olan ölkələrin ərazilərinə qədəm qoyur: Çin, Vyetnam, Sinqapur, Koreya, Monqolustan, Malayziya və sair. Maraqlıdır ki, bu bayramın dəqiq müəyyən edilmiş tarixi yoxdur. Onu yazın ilk təzə ayı vaxtı qeyd edirlər. Bu isə yanvarın sonlarından fevralın sonunadək baş verə bilər. Müsəlman dövlətləri üçün də Yeni il dəyişkəndir. Onlar Yeni ili Hicrə adlandırır.
Azərbaycan, Əfqanıstan, Tacikistan, İran və Pakistanda Yeni il (Novruz bayramı) martın 22-nə keçən gecə Yeni il (Novruz bayramı) qeyd olunur.
Əgər sehirli çubuğun hərəkəti ilə bir anda Əfqanıstandan Hindistana keçmək olsa, martın 22-də Yeni ili bir daha qarşılaya bilərsiniz. Yeri gəlmişkən, Hindistanda müxtəlif xurafatların ilin başlanğıcı saydığı düz 8 gün var.
Birmada Yeni il aprelin 1-də qeyd olunur. Bu, ən isti keçən günlərdən biridir və bu üzdən insanlar ənənəvi olaraq düz bir həftə ərzində bir-birlərini sulayır.
Ukraynanın məşhur yumoristlər şəhəri olan Odessa sakinləri də Yeni ili aprelin 1-də qeyd edir. Amma orada bu tarix yeni təqvim ilinin yox, növbəti yumor ilinin başlanğıcı sayılır.
Laos ərazisində Yeni il aprelin 14-də qeyd edilir. Bu, çoxdan gözlənilən yağış mövsümünün başlanğıcıdır.
Tailandda Yeni il iki dəfə qeyd olunur: rəsmi dövlət aktlarına əsasən, bu, 1 yanvardır. Xalq adətinə görə isə Yeni il aprelin ikinci rübündəki günlərdən birinə düşür. Çünki Tailandda 5 əsr əvvəl Yeni ili, yaxud Sonqarkanı belə qarşılayıblar.
Meksikada mayanın bəzi tayfaları Yeni ili iyulun 16-da, Cibuti və Nigerdə isə avqustun hər hansı bir günündə qeyd edirlər.
Suriyada sentyabrın 1-i yeni təqvim ilinin başlanğıcı sayılır. Elə həmin gün İsraildə də Roşha-Şana adlandırılan Yeni il gəlir.
Sentyabrın ilk rübündə qızmar Efiopiyada uzun-uzadı yağış mövsümü bitir və mövsüm dəyişikliyi ölkənin yerli əhalisi tərəfindən yeni ilin başlanğıcı sayılır. Burada Yeni il ən çox sentyabrın 11-də qeyd olunur.
Qambiya və İndoneziyada təntənəli Yeni il tədbirləri oktyabrın 7-də keçirilir. Yerli sakinlər üçün bu, xüsusi tarixdir - ən yaxşı geyimləri geymək, bəzənmək, bir-birindən incikliklərin unudulmasını istəmək, yeni ilə təmiz vicdanla qədəm qoymaq olar.
Katolik ölkələrində "Hellouin" kimi tanınan noyabrın 1-nə keçən gecə kelt xalqlarında yeni ilin başlanğıcı sayılır və "Samayn" adlandırılır. Bu tarix xüsusilə qədim keltlərin yaşadığı, çoxəsrlik adət-ənənələrini qoruyub saxladığı Şotlandiya, İrlandiya və Men adasında vacib tarixdir.
Noyabrın 18-də Havay adaları, Okeaniya və Yəməndə Yeni il gəlir. Bu regionlarda Yeni il bütün digər ölkələrdən gec - digərlərinin artıq növbəti ili qarşılamağa hazırlaşdığı dövrdə qeyd olunur.
Yeni il yolkasının tarixçəsi
Yeni il və Milad yolkasının tarixi qədimdir. Hətta o qədər qədim ki, o zaman Milad və Yeni il bayramları belə yox idi. İlin dekabra təsadüf edən ən qısa günündə misirlilər evlərini yaşıl palma budaqları ilə bəzəyirmişlər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Qədim Romada isə əkinçilik Allahının xatirinə evin yaşıl yarpaqlarla bəzədilməsi qəbul olunmuş hal idi. Avropanın şimal tayfalarındakı druidlər isə qış günün dönümü ilə əlaqədar palıd budaqlarından qızıl almalar asırdılar. Sonradan, əsrin ortalarında bir çox ölkələrdə dekabrın 24-də Adəm və Həvva günü qeyd edilməsi adəti var idi. Həmin gün küknar və ya şam lentlərlə bəzədilirdi.
Gözəl bəzədilmiş yolka məhz Yeni ilin rəmzi kimi yalnız bir neçə ölkədə qəbul olunur. Əksər dövlətlərdə isə o, ilk növbədə Miladın rəmzidir. Nəzərə alsaq ki, bu iki bayram tarix etibarə ilə bir-birinə çox yaxındır, onu hər iki bayrama aid etmək olar. Milad yolkasının bəzədilməsi məsələsi haqda ilk dəfə XVI əsrdə bəhs olunub. Yazılı mənbələr göstərir ki, dekabrın sonlarında Almaniyanın Strasburq şəhərində yolka meyvələrlə, şirniyyatla, lentlər və rəngli kağızlarla bəzədilib. Zaman keçdikcə bu adət Avropanın digər şəhərlərinə də yayılıb. Alman mühacirlər okeanı aşaraq Şimali Amerika materikinin ucsuz-bucaqsız ərazisinə yiyələnməyə başladıqda isə həmin adəti özləri ilə buraya da gətirdilər. Bu adət müstəmləkədə yaşayan yerli insanların o qədər xoşuna gəldi ki, o, demək olar ki, hər kəs tərəfindən qəbul olundu. Artıq bir neçə il sonra Milad və Yeni il bayramını bəzədilmiş yolkasız təsəvvür etmək mümkün deyildi. Bu adətə nəinki adi insanlar, hakimiyyət başında duranlar da böyük önəm verirdi. ABŞ-ın 14-cü prezidenti Franklin Pirs ilk dəfə Ağ Evin ən hörmətli yerində - Mavi otaqda yolka qurulmasına göstəriş vermişdi.
ABŞ-ın 30-cu prezidenti Klavin Kulicin dövründən başlayaraq isə bu günədək prezident iqamətgahının qarşısındakı çəmənlikdə hər il yolkanın işıqlarının yandırılması mərasimi təntənəli şəkildə təşkil olunur. ABŞ-da hətta Milli Milad Yolkası Assosiasiyası da yaradılıb. Hər il o, ən gözəl, qamətli yolkanı seçir və dövlətin birinci ailəsinə təqdim edir.
İLAN İNSANLARA NƏ GƏTİRİR?
Yeni 2013-cü il İlan ilidir. Rəsmi olaraq o, yanvarın 1-dən başlasa da, Şərq təqviminə görə İlan ili 2013-cü il fevralın 10-dan start götürəcək və 2014-cü il yanvarın 31-dək davam edəcək. İlan ilinə qara, göy (mavi) və yaşıl rənglər uyğundur. İlin ünsürü su, talismanı isə Qara su ilanıdır.
İlan bir tərəfdən sərt, soyuq və ehtiyatlı, digər yandan müdrik və fərasətlidir. İlan ilində hər şeyin hamar gedəcəyini söyləmək olmaz. Amma bu il ən çox zehni işlə məşğul olanların, analitiklərin işləri qaydasında gedəcək. Bu il zehni işin, şəxsiyyətin və düşüncə qabiliyyətinin güclənməsi ilidir. Axı ilin rəmzi olan İlan filosoflar və mütəfəkkirlərə havadarlıq edir. Bu il aktiv həyat tərzi keçirən, hər gün "qaynayan" insanlar üçün çətin olacaq.
2013-cü il diplomatiyadan xəbərdar olan insanlar üçün də uğurlu keçəcək. İşlərin səliqə ilə görülməsi hər an uğurun rəhnidir. Bu il yaxşı olar ki, çox pul xərcləməyəsiniz - İlan daha çox yığımcıldır və tərki-dünya həyat tərzi keçirərək, böyük həcmdə "xərcləməyi" qəbul etmir. İlan ilində şəxsi həyatda coşqun macəralar gözləməyə dəyməz. Amma İlanın ciddiliyi və ağlı öz yarınızı tapmanıza, yaxud möhkəm münasibət qurmağa kömək edə bilər. Yarınızı məhz İlan ilində tapsanız, ciddi münasibətlə yanaşı, sizi gözəl komplimentlər və qulluq da gözləyir. İlan ili möhkəm ər-arvad münasibətlərinin qurulması üçün də uğurlu ildir.
2013-cü il üçün ümumi ulduz falı bütün bürcdən olan insanlara zehni işdə uğur, ədalətli qərarların qəbulu, müdrik əməllər vəd edir. İlan hər kəsdə qorxu yaradan təhlükəli sürünəndir. O, sürətlə hərəkət edir, qurbanının üzərinə qəflətən sıçrayır, zəhəri isə insan üçün öldürücü təsirə malikdir. Amma İlan ilk baxışdan göründüyü qədər də təhlükəli deyil. Ona toxunmasaz, o, sizi sancmaz, üstəlik bəzi ilanların zəhərindən dərman da düzəldilir. Bundan başqa, Çin təqviminə görə ilan müdriklik, iradə rəmzidir. Amma özünüzü qoruyun. Çünki hiyləgər ilan əksər hallarda yalnız öz emosiya və təəssüratına əsasən qərar verir. O, ətrafdakıların məsləhətlərinə qulaq asmayacaq. Odur ki, qarşıdan gələn 2013-cü ildə bir çox insan düşünülməmiş əməllərinə görə məyus olacaq. Unutmayın ki, ilin sahibi düşüncəlidir və tələskən deyil. Amma o, sürətlə sıçrama qabiliyyətinə də malikdir.
İlan ili bütün bürcdən olan insanlara karyera və sevgidə, həmçinin məişətdə doğmaları arasında rəqabət vəd edir. İlan hər şeydən əvvəl ehtiyatlıdır və heç zaman yadları öz evinə buraxmır. Qazancınıza, əldə etdiyiniz uğurla heç kimi yaxın qoymayın. Ola bilsin ki, kimlərsə sizə məxsus olanı ələ keçirməyə çalışsın. Xüsusilə əsl dost hesab etdiyiniz insanlarla bağlı çox ayıq-sayıq olun.
İlan ili yaradıcı insanlara bütün sahələrdə uğur vəd edir. İndiyədək kölgədə qalmış bir çox alim, rəsam, musiqiçi, yazıçı və şair məşhurluq qazanacaq. Yalnız yaradıcılıqla məşğul olmağı arzulayanlar, nəhayət arzularını reallaşdıra biləcək. Ulduzlar elə formada düzüləcək ki, onları istənilən tədbirdə uğur gözləyəcək. Sosiumda yaxınlarınıza və doğmalarınıza qarşı diqqətsizliyinizdən qaynaqlanan problemlər və münaqişələr olacaq. İlin payız fəslində nizam-intizama əməl etmək, mütəşəkkilliyə, dürüstlüyə və sadiqliyə fikir vermək lazımdır. Bəziləri iş yerlərini itirməmək üçün ciddi cəhdlər göstərməli, durmadan işləməli olacaqlar. Güman edilir ki, bu dövr infeksiyaların cütlənməsi ilə keçəcək və bu üzdən gigiyena qaydalarına, təmizliyə riayət olunmalıdır.
İlan qəbul etdiyi qərarları tez-tez dəyişənləri sevmir. Çalışın ki, işdə neytrallığınızı qoruyub saxlayasınız və kollektivlə rəhbərlik arasındakı münasibətlərə qarışmayın. 2013-cü İlan ilinin ulduz falı insanları iş yerində məsafə saxlamağa, son dərəcə nəzakətli olmağa çağırır. İlin sonlarında o vaxtadək təzim etdiyiniz insanları söyməməniz çox vacibdir. Bu, sizin iradəsiz insan olmanız anlamına gələcək və bu halda İlan sizə mərhəmət göstərməyəcək. Həmsöhbətlərinizin fikirlərini söyləməsinə imkan yaratmanız vacibdir, onların nə demək istədiklərini anlmaq lazımdır. Bu halda onlarla hər ikiniz üçün eyni dərəcədə vacib olan ən ciddi məsələlərdə belə, razılığa gəlməniz daha asan olacaq. Ətrafınızda və ya iş yerlərinizdə nəyisə dəyişməyə ehtiyac yoxdur.
MƏSLƏHƏT GÖR: