Müəllif: Zərifə BABAYEVA Bakı
Roma tanrısı Yupiterin xanımı, qədim Roma ilahəsi Yunonaya verilmiş ləqəb - "moneta" sözü latınca sikkələrin adına çevrilib. Sikkə ilə yanaşı, həm də sikkə sarayını da bildirir, mənası latınca "qoruyucu" deməkdir. Qədim Romada Kapitoli təpəsində, ilahə Yunonanın məbədi yaxınlığında metal pulların döyülməsi və tökülməsi emalatxanası yerləşirmiş. Beləliklə, bu söz Avropa dillərinin əksəriyyətinə keçib. "Moneta" sözü "moneo", "monere" felindən, yəni "qorumaq" sözündən yaranıb. Azərbaycanın əsas pul vasitəsi "manat" da buradan yaranıb və "moneta" sözünün dəyimiş variantıdır. Manat dərin numizmatika tarixi keçib.
Xalq Əmanəti haqqında
Azərbaycan sikkələri - "Xalq Bank"ın təşəbbüsü və maliyyə dəstəyi ilə keçirilən növbəti "Xalq Əmanəti" mədəniyyət layihəsidir və dekabrın 21-də bankın baş ofisində geniş ictimaiyyətə təqdim edilib. Azərbaycanın tanınmış numizmat alimi, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı çap edilib ki, o, yalnız məzmunu baxımından dyil, həm də poliqrafik cəhətdən də maraqlıdır. Azərbaycan ictimaiyyətinin tanınmış alimləri və təmsilçilərinin qatıldığı tədbiri tanınmış yazıçı, publisist və telejurnalist Yusif Günaydın aparıb.
Kitabda Azərbaycanın sikkə sənətinin geniş icmalı təqdim edilir və o, antik dövlrlərdən başlayaraq Azərbaycan ərazisində işlədilmiş və kəsilmiş sikkələri əhatə edir. Kitabda xüsusi olaraq çoxəsrlik Azərbaycan dövlətçiliyinin gerçək tarixi mənbəyi, önəmli atributlarından biri olan Azərbaycan sikkəsinin rolu və önəmi vurğulanır.
Azərbaycan Milli Elmlər Akedemiyasının (AMEA) birinci vitse-prezidenti, akademik Arif Haşımov öz çıxışında bildirib ki, Azərbaycanın sikkələri keçmişdə numizmatların diqqətini tez-tez cəlb eləsə də, zəngin numizmatik irs uzun müddət ciddi araşdırmalardan kənarda qalıb.
"Hazırda yalnız Azərbaycan Tarix Muzeyinin numizmatika fondunda, yəni ölkənin əsas sikkə xəzinəsində 150 min sikkə var. Onların əksəriyyəti çoxəsrlik Azərbaycan dövlətçiliyi tərəfindən ölkə ərazisində kəsilmiş və dövriyyəyə buraxılmış sikkələrdir ki, əsasən ölkəmizdə tapılmış dəfinələrdən götürülüb. Müəllif və naşirlər tərəfindən böyük iş görülüb. Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı bizim xalqın tarixi irsininin elmi baxımdan öyrənilməsi işində unikal əsərdir", - deyə Arif Haşımov bildirib.
Ölkə və dünya tarixinin çox sayda qaranlıq səhifələrinə numzimatika materialları işıq saçır, ölkədə indiyə kimi demək olar ki, məlum olmayan şəhərlərin, ticarət sənətkarlıq mərkəzlərinin mövcud olması barədə bilgi verir, indiyə kimi haqqında heç bir informasiya olmayan hökmdarların və dövlət başçılarının mövcudluğu barədə məlumat verir.
"Eyni zamanda ölkənin sikkə işi çoxəsrlik tarixi boyunca həm də incəsənət baxımından yüksək səviyyəyə qalxmağı bacarıb ki, həm sənətkarların bacarığını və ustalığını, həm də öz dövrünün və cəmiyyətinin estetik dəyərlərini nümayiş etdirir. Beləliklə, Azərbaycanın sikkə işi ölkə tarixinin, milli dövlətçiliyin çoxəsrlik ənənənlərinin parlaq və qiymətli materialıdır, uzun əsrlərboyu ölkə ərazisində baş vermiş siyasi, iqtisadi və sosial hadisələrin şahididir. Bu, regional, həmçinin dünya səviyyəsində iqtisadi, siyasi və mədəni tarixi öyrənmək baxımından çox vacib bir mənbədir", - deyə AMEA-nın akademiki, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev bildirib.
Sikkə tarixi
Azərbaycan sikkələri tez-tez keçmişdə numizmatların diqqətini cəlb eləsə də, bu zəngin numizmatik irs uzun müddət ciddi araşdırmalardan kənarda qalıb. Məsələn, Azərbaycan Tarix Muzeyinin numizmatika fondunda saxlanan sikkələrin əksəriyyəti qədim Azərbaycanın çoxəsrlik dövlətçiliyi ərzində ölkə ərazisində kəsilib və burada dövriyyəyə buraxılıb. Bu, əsrlərboyu Azərbaycan ərazisində basdırılmış sikkələrin yalnız kiçik bir hissəsidir. Həm də daha sonra qazılmış və əsasən onları tapan "xoşbəxt"lərin sərvətinə çevrilənlərin yalnız az hissəsidir. Hələ bu yaxınlara qədər "yeraltı muzeylər" ölkəsi Azərbaycanda (akademik İ.Meşşaninov) hər il onlarca sikkə dəfinə tapılırdı, onların böyük bölümü Azərbaycan Tarix Muzeyinə daxil olurdu.
Azərbaycan numizmatikasına gəldikdə isə, o ilk addımlarını hələ XX yüzilliyin 20-ci illərində Bakıya gəlmiş tanınmış kolleksioner və numizmat Yevgeni Aleksandroviç Paxomovun hesabına atıb. Y. A. Paxomov Humizmatika Kabineti yaradıb və o, zaman keçdikcə zənginləşərək, zəngin sikkə fonduna - Azərbaycan numizmatika abidələrinin uçotu, saxlanması, öyrənilməsi və göstərilməsi üzrə Respublika Mərkəzinə çevrilib. Azərbaycanın numizmatika abidələri Tarix Muzeyində toplanıb. Və hazırda bu fonda Əli Rəcəbli rəhbərlik edir.
Azərbaycanın Kür-Araz çayları arasında yaşayan sakinləri qədim zamanlarda tayfalararası ərzaq, əşya və daş xammalı mübadiləsi aparıblar. Qədim Azərbaycan tayfalarının metalla tanışlığı mal mübadiləsinin genişlənməsinə və çeşidlərinə yeni təkan verib. Amma Azərbaycanda ilk qiymət ölçüləri olan pulların, sikkələrin nə zaman yarandığını demək çətindir. Mümkündür ki, Azərbaycanda ilk əmtəə-pul növlərindən biri kauri dəniz balıqqulaqlarıdır. Azərbaycanda onlar "qarnıyarıq" adlanır. Bu xarici balıqqulaqlarının sədası bizm günlərə də gəlib çıxıb, gözmuncuğu və üzərliklə yanaşı, onlar da Azərbaycan əhalisi tərəfindən bəd nəzərdən qorunmaq üçün amulet şəklində məişətdə işlədilir. Bəllidir ki, metalın peyda olmasından sonra iqtisadiyyatca inkişaf etmiş ölkələrdə pul funksiyası onlara keçir.
Azərbaycanda ilk metal pul rolunu böyük ehtimalla bürünc bilərziklər, yaxud müxtəlif ölçülü və çəkili üzüklər oynayıb. Onlar eradan əvvəl II minilliyin sonlarına - I minilliyin əvvəllərinə aid məzarlarda tək-tək və ya onlarla tapılırdı. Haqqında danışılan bilərziklərin heç bir naxışı olmayıb və müxtəlif çəki standartına uyğun hazırlanıb. Arxeoloq J.Morqan onları "Qafqaz siqli" adlandırıb. Azərbaycanda bu bilərziklərdən nə qədər istifadə edilib, demək çətindir. Bəzi məzarlarda onlara, hətta bizim eranın əvvəllərində də rast gəlindiyi məlum olur. İstisna edilmir ki, Azərbaycanda sikkələr peyda olandan sonra, haralardasa bilərziklər sikkələrlə yanaşı işlədilib.
Maraqlıdır ki, Herodotun yazdığına görə, tərkibinə Midiya Atropatenası da daxil olan Midiya Əhəməni dövlətinə uduzduqdan sonra, hər il İran şahlarının xəzinəsinə vergi şəklində ildə 650 talant (20 tona yaxın) gümüş verirmiş. Qədim azərbaycanlılar yalnız gümüşü tanımaqla qalmırdılar, həm də iri ticarət-maliyyə əməliyyatlarında ödəniş vasitəsi kimi də işlədirmişlər. Azərbaycan ərazisində ilk dəfə sikkələr Makedoniyalı İsgəndərin zamanında peyda olub. Bunlar böyük fatehin özünün kəsdiyi gümüş sikkələr - drahma və tetradrahmalardır. Onun ölümündən və imperiyanın bölünməsindən sonra, yeni dəyərli gümüş sikkələr ellinist dövlətlər (Selevkiya, Parfiya, Baktriya, Pont və başqaları) və antik dünyanın ayrı-ayrı mərkəzləri (Afina, Roma və s.) tərəfindən buraxılıb.
Dövlət sikkəsi
Antik sikkələrin geniş dövriyyəsi ilə yanaşı, eradan əvvəl III əsrdən başlayaraq, qədim Azərbaycanda - Atropatenada və Qafqaz Albaniyasında ilk dəfə olaraq öz dövriyyə vasitələrinin - gümüş sikkələrin kəsilməsi gerçəkləşdirilir - onlar Makedoniyalı İsgəndərin, Selevkiya və Parfiya çarlarının sikkələrinə bənzəyir. Azərbaycanın dövlət sikkə işi bu sikkələrdən başlayır, bu işin həmin vaxt müəyyən iqtisadi potensialı olub və ellinist mədəniyyət dairələri ilə sıx əlaqələrə malik imiş. Azərbaycanda tapılmış antik sikkə dəfinələrinin böyük hissəsini bu cür oxşar sikkələr təşkil edir və qədim Qafqaz Albaniyasının (indiki Azərbaycan Respublikasının) ərazisində aparılan arxeoloji qazıntılar zamanı tez-tez rast gəlinir. Həm tərkibinə, həm də sikkələrin sayına görə antik dövrün daha önəmli tapıntıları sırasına Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ətəyində bir-birinin yaxınlığında tapılmış iki gümüş sikkə dəfinə də daxildir. Bu iki dəfinə ona görə önəmlidir ki, onlarda ilk dəfə yerli oxşar sikkələr tapılıb.
İkinici dəfinə 1966-cı ildə qədim Albaniyanın paytaxtı Qəbələ şəhərində, Qəbələ rayonunun Çuxur-Qəbələ kəndi yaxınılğında tapılıb. Kurqanın dağıdılmış torpağına səpələnmiş sikkələr Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının üzvləri tərəfindən toplanıb, müəyyən olunub və bu barədə materiallar dərc edilib. Azərbaycanda artıq rast gəlinmiş Makedoniya, Frakiya, Selevkiya, Parfiya sikkələri ilə yanaşı, dəfinədə həmçinin Baktriya çarları Diadota (250-247) və Evkratidanın (169-159) tetradrahmaları, həmçinin Makedoniyalı İsgəndərin drahmalarının yeni, daha erkən oxşatmalarını, həmçinin Selevki sikkələrinə oxşatma tetradrahmalar da var. Orta əsrlərin ilkin dövründə Azərbaycanın əmtəə-pul münasibətlərinin tarixi Sasani İranının gümüş drahmalarından, Azərbaycanın Naxçıvan, Bakı, Dərbənd, Partav (Bərdə) sikkə saraylarının Bizans gümüş qarışmış sikkələrindən ibarət çoxsaylı sikkə dəfinələri ilə səciyyələndirilir ki, bu da VI-VII əsrlərdə Şərq ölkələri arasında Cənubi Qafqazda aparıcılıq uğrunda rəqabətini və mübarizəsini əks etdirir.
Azərbaycanın VII əsrdə ərəblər tərəfindən tutulması və müəyyən müddət sonra onun xilafətin pul dövriyyəsi sahəsinə qoşulması şəhər təsərrüfatının, sənətkarlığın və ticarətin canlanması, nəticədə yeni (Bəlx əl-Bayza, Əl-Yəzidiyyə, Arran, Canza, Azərbaycan) sikkə saraylarının açılması ilə səciyyələnib. Azərbaycanın IX əsrin ikinci yarısından xəlifənin ucqarlardakı hakimiyyətinin zəifləməsindən yararlanan möhtəşəm canişinləri öz inzibati vilayətlərini müstəqil dövlətlərə çevirir və "sikkə" haqqı olan sülalələrini yaradırlar, Azərbaycan sikkələri daha da maraqlı olur.
Sikkələr, xüsusilə də Azərbaycanın Şirvanşah - Məzyədi (Şirvanda), Saci, Salari, Rəvvadi, Şəddadi (Aranda) kimi feodal dövlətlərinin gümüş dirhəmləri həmin vaxt iqtisadi və mədəni həyatı inkişaf edən və XI-XII əsrlərdə gerçək İntibahla başa çatan Azərbaycanın daxili bazarının tələbatını təmin etməklə bərabər, ümumi xilafət sikkələri ilə yanaşı beynəlxalq pul rolu da oynayıb. Cənubla Şimal arasında önəmli karvan ticarəti magistrallarının birində yerləşən Azərbaycanın IX-X əsrlərdəki intensiv təsərrüfat-ticarət həyatını ən yaxşı şəkildə yeni iqtisadi fenomen - Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda pullu ticarətdə yaranmış "gümüş böhranı" əks etdirir. Şərq İntibahının ən zirvə dövründə, yəni XI əsr - XIII əsrin əvvəllərində dövriyyədə itmiş gümüşün yeri əsasən mislə doldurulurdu.
Bunun hesabına Azərbaycan numizmatikası hazırda böyük Nizami Gəncəvi dövrünün sosial-siyasi tarixinin indiyə kimi naməlum səhifələrini işıqlandırmağa imkan verən bir sıra unikal faktlara malikdir. Azərbaycanın təsərrüfat-iqtisadi həyatının öyrənilməsində istisna önəmə malik olduqları üçün bu sikkələr qrupuna kataloqda ayrıca yer ayrılıb.
Monqol hücumu Azərbaycan İntibahının irəliləməsini uzun müddətdə dayandırsa da, ölkədə iqtisadi həyat yavaş-yavaş canlanıb. Belə ki, yüz il sonra Azərbaycanda 30 sikkə sarayı (Əlincə, Ərdəbil, Ərəş, Astara, Babi, Bazar, Bakı, Beyləqan, Bərdə, Gəncə, Qeştasbi, Dərbənd, Qəbələ, Qar-qar, Qaraağac, Qarabağ, Mahmudabad, Marağa, Naxçıvan, Ordubad, Səlmas, Təbriz, Şabran, Şamaxı, Xoy, Urmiya) fəaliyyət göstərib, bu, şəksiz ki, şəhər təsərrüfatının və ticarət-pul münasibətlərinin yüksək səviyyəsinin sübutudur. Bu şəhərlərdə müxtəlif işğalçılar tərəfindən kəsilən sikkələr Azərbaycanda XIV əsrdəki siyasi və sosial-iqtisadi durumu güzgü kimi əks etdirir.
Şirvanşahlar və xanlıqlar dövrü
Azərbaycan iqtisadiyyatı və mədəniyyəti XV-XVI əsrlərdə yeni çiçəklənmə dövrü yaşayıb. Şirvanşahların səyi nəticəsində Azərbaycanın şimal hissəsində - Şirvanda nisbi sülh bərqərar olub. Burada əkinçilik məhsulları bol olub, yüksək əyarlı sikkələr - Şirvanşah tengeləri bütün Cənubi Qafqazı dolaşıb və ümumi ödəniş vasitəsi rolu oynayıb. Ölkənin cənubunda - Arranda və Azərbaycanda bir-birinin ardınca türkdilli sülalələrin rəhbərliyi altında Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri yaranıb, onlar isə yalnız gümüş deyil, həm də qızıl sikkələr kəsiblər. XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin yaradılması ilə orada istehsal qüvvələrinin inkişafı və mənəvi dəyərlərin formalaşması üçün obyektiv şərait yarandı. Səfəvilərin 9,4 q ağırlığında ağır çəkili gümüş vahidə əsaslanan sikkə sistemi müəyyən mənada bu dövlətin iqtisadi və siyasi gücünü əks etdirir.
Amma XVI əsrin sonlarına Qərbdə Osmanlılara və Şərqdə Şeybanilərə qarşı aparılan uzunmüddətli müharibələr Səfəvilərin gücünü zəiflədib. Çəkisi 7-8 qram olan yeni pul vahidi abbası ilə yeni sikkə sistemi qəbul edilmiş XVII əsrin birinci yarısında müəyyən canlanmaya baxmayaraq, Səfəvilər öz yerlərini Əfşarlara veriblər. Azərbaycan tarixinin sonsuz müharibələr və feodal çəkişmələri ilə yadda qalan bu narahat dövrü barədə çoxsaylı dəfinələr xəbər verir. Əsasən XVIII əsrə aid Səfəvi, Osmanlı, Əfşari və Baburi gümüş sikkələrindən ibarət olan bu dəfinələr bəzən tamamilə yeni, heç bir dövriyyə izi olmadan basdırılırdı.
Azərbaycan xalqının XVIII əsrin ikinci yarısında apardığı azadlıq mübarizəsi nəticəsində yaranmış xırda feodal dövlətlər - xanlıqlar anonim şəkildə gümüş və mis sikkələr kəsirdi ki, onların bu fəaliyyəti İranla Rusiya arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) sülh müqavilələri nəticəsində Azərbaycanın Rusiyaya birləşməsi ilə dayandı. Xanların sikkə kəsməsi dayandı və Azərbaycan ümumi Rusiya pul dövriyyəsi sisteminə daxil oldu.
MƏSLƏHƏT GÖR: