13 Mart 2025

Cümə axşamı, 15:16

BAKI AVTOMOBİL İDMANININ ŞAHZADƏSİNİ QƏBUL EDƏCƏK

"Formula-1" çempionatının bir mərhələsi 2015-ci ildə Azərbaycanda keçiriləcək

Müəllif:

27.05.2014

Azərbaycan indiyə qədər müxtəlif səpkili idman yarışlarına ev sahibliyi edib. Boks, cüdo, futzal, güləş, gimnastika və digər idman növləri üzrə Dünya və Avropa çempionatları, Qran-prilər, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışları yüksək səviyyədə təşkil etmişik. 

İndiyə qədər Bakı küçələrində GT-3 və motoyürüş yarışlarını seyr etmişik.

Gələn il isə Bakı avtoidmanın şahzadəsi adlandırılan "Formula-1" yürüşlərinin bir mərhələsini qəbul edə bilər. 

Bakıda keçiriləcək "Formula-1" yarışması ilə bağlı artıq müqavilə imzalanıb. Gənclər və İdman Nazirliyi Bakıda "Formula-1"in prezidenti Berni Ekklstoun ilə saziş imzalayıb. Bakıda keçiriləcək yarışın "Qran-pri Avropa" adlanacağı gözlənilir. Yarış 2015-ci ildə keçiriləcək və Cənubi Koreyadakı mərhələnin yerini tutacaq. Bununla Azərbaycan keçmiş SSRİ-də Rusiyadan sonra "Formula-1" yarışının "Qran-pri" mərhələsini keçirəcək ikinci ölkə olacaq. Qeyd edək ki, çempionatın təqvimi 19 mərhələdən ibarətdir. Gələcəkdə onun 22 mərhələyədək artırılacağı gözlənilir.

"Formula-1" yarışının keçirilməsi üçün avtodromun olması mütləqdir. Azərbaycan üçün "ChiZa Architectural Bureau" şirkəti lazımi avtodromun konseptual layihəsini hazırlayıb. "R+"a verilən məlumata görə, bu tip layihənin ilkin vəzifəsi yerin seçilməsidir. Bunun üçün Bakının qərb hissəsində yerləşən milli parkın yekunlaşdığı  "Sultan burnu" adlanan ərazi seçilib. Avtodroma giriş Zığ magistralından olacaq ki, bu da kompleksə tez çatmağa və yolun daha tez boşalmasına imkan verəcəkdir. Uzunluğu 5 min 160 metr və 60 dairədən ibarət, bununla da ümumi uzunluğu 309 kilometr olacaq avtodrom, "Formula-1" yarışlarının reqlamentinə tam uyğun qurulacaq. Kompleksdə park yerləri, tribunalar, pit-stop, qaraj, təmir emalatxanaları, mətbuat mərkəzi də nəzərə tutulub. Yaradılan konsepsiyada mehmanxana inşa olunacaq.

Bundan əlavə, "Sultan burnu"nun qurtaracağı yerdə layihəyə yaxt-klub əlavə olunub. Bu da su nəqliyyatının fəaliyyətinə və turnirin keçirildiyi vaxt və turnirdən kənar vaxtlarda sərnişinlərin daşınmasına imkan yaradacaq. Avtodromun yaradılması təkcə "Formula-1" deyil, həmçinin digər növ avtomobil yarışlarının keçirilməsinə imkan verəcək. Bu da öz növbəsində, bu cür yarışların istənilən fəsildə və istənilən gündə keçirilməsinə imkan yaradacaq, bundan sonra arena konstruksiya modellərinin montaj və demontaj işlərinin aparılmasına ehtiyac qalmayacaq. Eyni zamanda, şəhərin daxilində tras infrastrukturu yaradaraq, bununla da nəqliyyatın hərəkətinin, insanların və digər hərəkət edən vasitələrin ləngiməsinə mane olmayacaq.

Bakıda keçiriləcək "Formula-1" yarışının perspektivləri barədə Azərbaycanda bu sahənin mütəxəssislərindən olan Rəhim Əliyevlə danışmaq qərarına gəldik. Onun sözlərinə görə, mötəbər yarışın keçirilməsi üçün hazırlıq işləri indidən başlanmalıdır: "Stasionar trasımız olmadığı üçün, güman ki, yarış şəhər trasında baş tutacaq. Adətən, son illər bu işlə Herman Tilke məşğul olur. O, yolların harada və necə düzəldilməsini yaxşı bilir. Eşitdiyimə görə, yaxın günlərdə Bakıda olub və müəyyən yerlərə baxış keçirib. Nə qədər zamana hazırlanacağını söyləmək çətindir. Çünki zaman məsələsi işi görən insanlar və maliyyədən asılıdır. "Formula-1" tarixində 8 aya və ya 3 ilə hazırlanan traslar olub. Ola bilər, yığılıb-sökülən trasdan istifadə etsinlər. Növbəti mövsümlərdə isə stasionar tras barədə düşünmək olar. Belə traslarda 60-70 min və ya 100 min tamaşaçı tutumu olur. Amma Bakıda bu qədər tamaşaçını yerləşdirmək çətindir. "Formula"1-də təkcə oturacaq sayı əsas götürülmür. Çəmənlikdə oturub baxmaq da mümkündür".

Rəhim Əliyev Avropada "Formula-1" yarışlarının bilet qiymətlərini də açıqladı. Onun sözlərinə görə, belə yarışlarda reklam lövhələri və bilet işləri beynəlxalq təşkilata tapşırılır. Onlar təşkilatçı ölkədən bu hüququ alırlar. Biletlərin qiyməti, adətən, 50-3000 avro (istisna kimi daha baha biletlər olur) civarında dəyişir. Rəhim Əliyev mövsümün sonunda "Formula-1" yarışı keçirməyi tamaşaçı baxımından əlverişsiz hesab edir. Çünki bəzən yarışın sonuna yaxın intriqa olmur. Liderlər mövqeyini möhkəmlədir: "Biletlərə gəldikdə, Azərbaycan tərəfi istəsə, bir qədər ucuz sata bilər. Hər halda, bu yarışa ev sahibliyi ediriksə, sözümüz keçərlidir".

Rəhim Əliyevin sözlərinə görə, Azərbaycanda "Formula-1" azarkeşləri çoxdur. Ona görə belə yarışlar ölkədə avtomobil idman növünün inkişafına təkan olacaq: "Əgər ayrıca trasımız olarsa, burada eyni zamanda, Moto GT, "Ralli" və digər yarışları da keçirmək olar. Kartinqlər təşkil etmək mümkündür. Bu, ölkədə turizmin inkişafına  dəstək olacaq. Ətraf ölkələr belə yarışın keçirildiyindən xəbər tutsalar, mütləq Bakıya gələcəklər. Qonşu Rusiyada "Formula-1" həvəskarları çoxdur. Gələn il Soçidə də "Formula-1" yarışı olmalıdır. Əgər qısa fasilə ilə Bakıda da təşkil olunsa, Soçidə olan turistlər Azərbaycana gələ bilər. Etiraf edirəm ki, bahalı idmandır. Amma eyni zamanda, maraqlı və həyəcanlıdır. Hər bir ölkə belə yarışı keçirə bilməz. Dünyada cəmi 6-7 ölkədə peşəkar traslar mövcuddur. Azərbaycan da adını həmin siyahıya daxil edə bilər". 


MƏSLƏHƏT GÖR:

772