5 Dekabr 2025

Cümə, 19:08

UZAQ ŞƏRQ YAXIN OLUR

Azərbaycan Cənub-Şərqi Asiyadakı əlaqələrini genişləndirmək niyyətini ortaya qoydu

Müəllif:

27.05.2014

Azərbaycan Prezidenti İlham Əliyevin Asiya turnesi Vyetnamdan başladı. Düşünmək olardı ki, bizi minlərlə kilometr aralıda,  Cənub-Şərqi Asiyada yerləşən bu ölkə ilə çox az şey bağlayır. Amma Azərbaycan-Vyetnam münasibətlərinin yalnız müasir deyil, həm də tarixi konteksti var.

Hələ uzaq 1959-cu ildə Vyetnam Kommunist Partiyasının banisi, Vyetnam xalqının lideri Ho Şi Min Bakıya səfər etmişdi. İllər ərzində minlərlə vyetnamlı tələbə Azərbaycanda təhsil alıb, azərbaycanlı mütəxəssislər bu ölkənin neft sənayesinin inkişafına böyük töhfələr veriblər. Müasir dövrdə isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Petro Vietnam" 3,5 milyon barrel yüksək keyfiyyətli Xəzər neftinin   tədarükünə dair layihə həyata keçirirlər. Layihə çərçivəsində neft emalının yaxşılaşdırılması üçün Xəzər nefti yerli neftlə qarışdırılır. Azərbaycanla Vyetnam arasında iqtisadi əlaqələrin səviyyəsi 400 milyon dollara çatıb.

Azərbaycan prezidentinin Vyetnama səfərinə yüksək dövlət səfəri statusu verilmişdi. Rəsmi qarşılanma mərasimindən sonra, prezidentlər İlham Əliyevlə Çıonq Tan Şanq arasında əvvəl təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş oldu. İki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Görüşdə beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsi, enerji, elm, təhsil, turizm, investisiya qoyuluşları və s. sahələrdə əməkdaşlıq məsələləri də müzakirə edildi. İşgüzar atmosferdə keçən görüşə Vyetnam prezidenti Çıonq Tan Şanqın vaxtilə SSRİ dövründə etdiyi səfərlə bağlı xatirələri xüsusi hərarət gətirdi. Həmin dövrdə Heydər Əliyevin sovet hökuməti başçısının müavini olduğunu xatırladan Vyetnamın dövlət başçısının sözlərinə görə, o dövrdə Heydər Əliyev Vyetnamla bağlı məsələlərə xüsusi diqqət  ayırırmış.

Danışıqların sonunda Azərbaycanla Vyetnam arasında 2 sənəd imzalandı: "Ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq haqqında Saziş" və "Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya".

Səfər  çərçivəsində Azərbaycan prezidentinin və xanımının şərəfinə verilən dövlət ziyafətində prezidentlər çıxış etdilər. İlham Əliyev göstərilən qonaqpərvərliyə görə həmkarına minnətdarlıq etdi və onu arzuladığı vaxt Azərbaycana rəsmi səfərə  dəvət etdi.

İlham Əliyev Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Nquyen Sinh Hanq və ölkənin baş naziri Nquyen Tan Zunq ilə də görüşdü.

Protokola əsasən, Azərbaycan prezidenti səfər çərçivəsində Milli Qəhrəman və Şəhid Monumentini, o cümlədən Hanoyda sabiq prezident Ho Şi Minin mavzoleyini ziyarət etdi, oraya əklil qoydu.

Səfər çərçivəsində təşkil olunmuş biznes-forumda Azərbaycanı təmsil edən 50-dən artıq şirkətin nümayəndəsi də iştirak edirdi. Onların Vyetnama marağı aydındır. 90 milyondan artıq əhalisi olan bu ölkə müstəqillik və birlik uğrunda uzun illər davam etmiş müharibədən ciddi zədə alsa da, indi sürətlə inkişaf edir. Vyetnamın neftə və qaza böyük tələbatı var. Azərbaycan isə bu karbohidrogenlərin tədarükçüsüdür. Bununla yanaşı, Vyetnam şelfdə öz perspektiv karbohidrogen yataqlarına da malikdir. Demək, iki ölkə arasında həmin yataqların işlənməsində də əməkdaşlıq qurula bilər. Üstəlik, Vyetnamın neft və qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsindəki bir çox mütəxəssisi vaxtilə məhz Bakıda təhsil alıb.

Prezident  İlham Əliyev Vyetnama səfəri zamanı Azərbaycan ali məktəblərinin məzunları olan vyetnamlılardan ibarət qrupla da görüşüb. Emosional, mehriban şəraitdə keçən bu görüşdə Azərbaycanda təhsil almış Vyetnam vətəndaşlarının hazırda iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində vacib rol oynadıqları vurğulanıb.

İ. Əliyevin Vyetnama səfəri Azərbaycanın Cənub-Şərqi Asiyadakı iqtisadi, mədəni və siyasi əlaqələrini daha da genişləndirmək niyyətini açıq şəkildə nümayiş etdirib. Bununla da, artıq Azərbaycanın sözügedən regiondakı ənənəvi tərəfdaşları olan Cənubi Koreya, İndoneziya və Malayziyanın cərgəsinə Vyetnamı da əlavə etmək olar.

Azərbaycan prezidentinin xarici siyasi turnesi Şanxayla davam etdi. Mayın 19-da İlham Əliyev Çin Xalq Respublikasına işgüzar səfərə yollandı. Məqsəd Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək idi. Toplantıda dünyanın 40-dan artıq dövlətinin və beynəlxalq təşkilatın nümayəndələri (əsasən, birinci şəxslər) iştirak edirdilər. 

Sammit  ərəfəsində İlham Əliyev Çin sədri Si Cinpinlə görüşdü. Görüşdə enerji, yüksək texnologiyalar, infrastruktur layihələri, ticarət dövriyyəsinin yüksəldilməsi, humanitar sahələrdə ikitərəfli münasibətlər müzakirə olundu, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, beynəlxalq problemlərə dair fikir mübadiləsi də aparıldı.

Azərbaycan liderini salamlayan Çin sədri dedi: "Çin tərəfi Azərbaycanın yaxşı dostu və etibarlı tərəfdaşı kimi, son illərdə iqtisadiyyatın və cəmiyyətin inkişafında qazanılmış uğurlara ürəkdən sevinir. Əminəm ki, Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi ilə böyük milli dirçəliş və tərəqqi işində daim yeni uğurlar qazanacaq".

"Azərbaycanlılar həmişə deyirlər ki, bərabərlik olmayan yerdə dostluq da yoxdur. Ölkələrimiz 22 il ərzində bərabərlik, qarşılıqlı fayda və hörmət ruhunda dostluğu və əməkdaşlığı daim inkişaf etdirir. Hazırda bizdə siyasi münasibətlərin çox möhkəm təməli, qarşılıqlı etimadın yüksək səviyyəsi formalaşmışdır, praktiki əməkdaşlığın böyük nəticələri göz qabağındadır. Sizin atanızı ayrıca xatırlamaq istəyirəm. Çin xalqı ona dərin hörmət bəsləyir. Hörmətli Prezident Heydər Əliyev haqqında kitab, habelə "Çin azərbaycanlıların gözü ilə" məcmuəsi artıq hər iki ölkədə çapdan çıxıb və geniş müsbət ictimai rəy doğurub", - deyə Si Cinpin  qeyd  etdi.

Çin sədri bildirdi ki, ölkəsi Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir: "Sintszyan və Tibet kimi mühüm məsələlər barədə sizin qətiyyətli dəstəyinizi təqdir edir və buna görə sizə təşəkkür edirik. Biz bundan sonra da Azərbaycan xalqının milli xüsusiyyətlərinə müvafiq inkişaf yolunda seçimini dəstəkləyəcəyik. Biz Sizin suverenliyin, müstəqilliyin qorunmasına və iqtisadi inkişafa yönəlmiş səylərinizi dəstəkləyirik. Biz, əvvəllər olduğu kimi yenə azərbaycanlı tərəfdaşlarımızla birlikdə Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın davamlı inkişafını stimullaşdırmağa hazırıq".

Prezident İlham Əliyev öz növbəsində, Azərbaycan haqqında xoş sözlərinə, xalqlarımız və dövlətlərimiz arasındakı münasibətlərə verdiyi yüksək qiymətə görə, həmkarına təşəkkür edib: "Mənə və bizim nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Sizin gözəl ölkənizə yenidən səfər etməyimə və Çin Xalq Respublikasının quruculuq və tərəqqi yolu ilə sürətli inkişafının bir daha şahidi olduğuma görə çox şadam. Mən 9 il bundan əvvəl də Şanxayda olmaq imkanı qazanmışdım. Bu şəhər o vaxt da çox güclü təsir bağışlamışdı. Bu gün isə Şanxay buraya gələn hər bir insanı özünün inkişafı, Çin xalqının son illərdə nail olduğu dəyişikliyin möhtəşəmliyi və miqyası ilə valeh edir". Dövlət başçısı Azərbaycanın Çinlə bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətinə sadiq olduğunu  söyləyib.

Mayın 20-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısı öz işinə başladı. Çin sədri toplantıya qatılmış nümayəndə heyətlərinin rəhbərlərini salamladı, bütün dünyada təhlükəsizliyin təmininin vacibliyinə diqqət çəkdi, bunun dialoq və çoxtərəfli əməkdaşlıq sayəsində mümkün olduğunu bildirdi. Si Cinpin toplantının bunadək Türkiyənin sədrliyilə uğurlu yol keçdiyini dedi, bildirdi ki, sammitdə əsas müzakirə mövzusu regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələləridir.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də çıxış etdi. Terrorla mübarizənin, regional, enerji, nəqliyyat və informasiya təhlükəsizliyinin təmininin, dondurulmuş münaqişələrin həllinin vacibliyini vurğulayan prezident toplantı iştirakçılarının diqqətini erməni terror təşkilatlarının fəaliyyətinə çəkdi. O, həmin təşkilatların Ermənistanın dövlət strukturlarının rəhbərliyi altında Azərbaycana qarşı 30-dan artıq terror aktı törətdiklərini, nəticədə 2 mindən çox incanın həlak olduğunu xatırlatdı. İlham Əliyev Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik 7 rayonun işğal edildiyini də bildirdi, bu işğalın 20 ildən artıqdır davam etdiyini söylədi. İlham Əliyevin sözlərinə görə, həmin ərazilərdə ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılıb, 1 milyonadək insan qaçqın və məcburi köçkünə çevrilib. Prezident ATƏT-in Minsk qrupunun bu problemin həlli istiqamətində apardığı vasitəçilik missiyasının nəticə vermədiyini bildirdi, və Bakının problemin həllilə bağlı mövqeyini bir daha dilə gətirdi. Dövlət başçısı bildirdi ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında çözülməlidir.

Azərbaycanın enerji sahəsindəki rolundan da danışan İlham Əliyev eyni zamanda, onun tarixi İpək yolunun bərpasında oynadığı rolu qeyd etdi, Ələtdə inşa olunan müasir limanın bu yolun bir hissəsi olacağını, gələn ilin əvvəlindən Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsinin planlaşdırıldığını söylədi.

Azərbaycan prezidentinin toplantıdakı çıxışı diqqətlə qarşılandı, onun səsləndirdiyi fikirlər isə sammitin sonunda qəbul edilən bəyannamədə də öz əksini tapdı. Bəyannaməyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 3.5 saylı xüsusi bənd də əlavə olundu. Bənddə deyilir: "Ermənistanla Azərbaycan arasındakı münaqişənin həll olunmamış qalması, onun beynəlxalq və regional təhlükəsizliyə təhtid kimi davam etməsi bizi narahat edir. Biz münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə, bu çərçivədə qəbul edilmiş qərarlar və sənədlərə əsasən həllini dəstəkləyirik. Bu məqsədlə ATƏT-in Minsk qrupunu münaqişənin həlli üçün səyləri artırmağa  çağırırıq".

Bəyannamənin 1.4 saylı bəndində isə birbaşa deyilir ki, "BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən, bir daha bir-birimizin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin toxunulmazlığına hörmət edəcəyimizi bir daha bəyan edirik". Daha sonra 2.4 saylı bənddə deyilir: "Bəyan edirik ki, separatçılıq və ekstremizm suverenliyə, birliyə, ərazi bütövlüyünə, təhlükəsizliyə və dövlətlərin sabitliyinə təhlükədir. Biz heç bir separatçı hərəkatı, üzv dövlətlərdən hər hansının ərazisindəki separatçı strukturu dəstəkləməyəcəyik. Qəti şəkildə bəyan edirik ki, ərazilərimizdən hər hansı separatçı hərəkatın və ya strukturun istifadəsinə imkan verilməyəcək. Separatçılarla heç bir əlaqə və münasibət qurmayacağıq".

Sənəddə yer almış fikirlər çətin ki, ermənilərin və onlara himayədarlıq edən qüvvələrin ürəyincə olsun. Üstəlik, az qala, Yer kürəsi əhalisinin yarısını özündə birləşdirən onlarla dövlətin fikrinə saymazlıq göstərmək də mümkün deyil. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin formatı genişlənir. 4-cü sammitdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev onun ATƏT-in Asiya analoquna çevrilməsi haqqında düşünməyi də təklif edib. Bu, gələcəyin işidir. Nəzərə alsaq ki, 2016-cı ilədək birliyə sədrliyi dünyanın əhalisinə görə ən böyük ölkəsi, tezliklə isə iqtisadi baxımdan da ən qüdrətli dövlətinə çeriləcək Çin həyata keçirəcək, təhlükəsizliyin, inamın və əməkdaşlığın güclənməsinə yönəlmiş bir sıra təşəbbüslər gözləniləndir. 



MƏSLƏHƏT GÖR:

580