14 Mart 2025

Cümə, 22:36

"MƏQSƏD İRƏLİ GETMƏKDİR"

"Neftçi" elə nəticə göstərməlidir ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı kölgədə qalsın "

Müəllif:

03.06.2014

Azərbaycanda futbol mövsümünə ənənəyə uyğun olaraq ölkə kubokunun final matçıyla yekun vuruldu. Turnirin həlledici görüşündə Azərbaycan Kubokunun son qalibi "Neftçi" və tarixində ilk dəfə finalda oynayan "Qəbələ" mübarizə apardı. Matçın əsas vaxtı 1-1 hesabıyla başa çatdığından komandalar əlavə yarımsaatda bacarığını göstərdi. 120 dəqiqənin yekundan hesab bərabər olduğundan penalti zərbələri qaçılmaz oldu. 11 metrlik zərbələrdə daha dəqiq olan "Neftçi" futbolçuları tarixində 6-cı dəfə Azərbaycan Kubokunu başı üzərinə qaldırdı. 

Son illər "Neftçi"nin uğurlarında, bir qayda olaraq, baş məşqçi Böyükağa Hacıyevin rolu xüsusi qeyd edilir. Ardıcıl 3 il kubokun finalına vəsiqə qazanan ağ-qaralar təcrübəli məşqçiylə 2 dəfə Azərbaycan Kuboku, ölkə çempionluğu və Superkuboku qazanıb. Ən böyük nəticə isə "Neftçi"nin 2 il əvvəl Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması olub. Cari mövsümü dəyərləndirmək üçün Böyükağa Hacıyevlə danışmaq qərarına gəldik. Məşqçi hər zaman olduğu kimi "R+"un suallarına da səmimi cavab verdi.

- Sizi "Neftçi" ilə Azərbaycan Kubokunu qazanmanız münasibətiylə təbrik edirəm. Bu mükafat ağ-qaralar üçün mövsümü xilas etdi...

- Çempionat başlayanda desəydiniz ki, "Neftçi" medal qazanmayacaq inanmazdım. Amma indi turnir başa çatdı. "Qarabağ" çempion oldu. "İnter"lə "Qəbələ" gümüş və bürünc medallar qazandı. Biz çempionatda medal qazana bilmədik. Əvəzində Azərbaycan Kubokunu əldə etdik. Bu uğuru tək qazanmamışam. Klubun prezidenti Sadıx Sadıxov başda olmaqla, "Neftçi"də çalışan hər kəsin qələbədə payı var. Sualınıza gəldikdə sizinlə razıyam. Kuboku qazanmasaydıq, mövsümü mükafatsız başa vura bilərdik. Bu "Neftçi"yə yaraşmazdı.

- Son turda "Simurq"a qalib gəlsəydiniz, çempionatın bürünc medalını qazanırdınız. Amma siz Zaqatalaya əsas futbolçuları aparmamaqla medalı əldən verdiniz...

- Bürünc medalı özümüz istəmədik. Düzünü deyim ki, bürüncü Azərbaycan Kubokuna qurban verdik. Zaqataladakı oyundan 5 gün sonra kubokun finalı keçirilirdi. Futbolçularım zədələnə bilərdi. Onlarla risk etmək istəmədim. "Neftçi" üçün çempionatda 2-ci yerlə 10-cu yerin fərqi yoxdur. Bizə yalnız çempionluq yaraşır. Ona görə bu addımı atdıq. 

- Kubokun finalındakı qələbədən sonra Yuri Syomin "Qəbələ"nin baş məşqçi postundan getdi. Siz, bir qayda olaraq, əcnəbi məşqçilərə qarşı xüsusi motivasiya ilə çıxış edirsiniz...

- Mən hər zaman əcnəbi məşqçilərə qarşı olmuşam. Bunu gizlətmirəm. Onlarla mübarizədə qalib gəlməklə Azərbaycan məşqçilərinin zəif olmadığını göstərmək istəyirəm. Bu gün təcrübəli məşqçilərimizin işsiz olması mənə təsir edir. Ona görə əcnəbi məşqçilərin Azərbaycanda özünü yuxarıdan aparmaqlarına imkan verə bilmərəm. Syominə məğlub olsaydım özümü bağışlamazdım. 

- "Neftçi" cari mövsüm Avropa Liqasında mübarizə aparacaq. Komandadan nə gözləmək olar?

- Biz hər zaman irəliyə baxırıq. Elə nəticə göstərməliyik ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımız kölgədə qalsın. Mən bilmirəm biz bunu bacaracayıq, ya yox. Lakin məqsəd mümkün qədər irəli getməkdir. Artıq qrup mərhələsinə düşmək belə bizi razı salmayacaq. 

- Mətbuatda sizin hər zaman özündən razı açıqlamalarla çıxış etdiyiniz deyilir. Bu fikrə necə münasibət bəsləyirsiniz?

- Etiraf edim ki, bu gün azərbaycanlı məşqçilər bir-birinin paxıllığını çəkir. Mən hər zaman həmkarlarımı dəstəkləmişəm. Amma onlar mənə qarşı daim tənqidi mövqeylə yanaşır. Normal tənqidi qəbul edirəm. Qərəzli fikirləri heç vaxt qəbul etmərəm. Mən açıq danışmağı sevirəm. Yalandan gülmürəm. Ürəyimdə nədir, dilimdə də odur. Bəlkə də, ən böyük problemim budur.

- Son zamanlar "Qarabağ"ın uğurları artmaqdadır. Cari mövsüm bu komandanın çempion olmasını gözləyirdinizmi?

- "Qarabağ" yaxşı mövsüm keçirdi. Bir daha onları təbrik edirəm. Sona yaxın artıq "Qarabağ"ın çempion olacağı hiss olunurdu. Əksər rəqiblərinə qalib gəldilər. Qurban Qurbanovu təbrik edirəm. Onu özümə qardaş hesab edirəm. Yaxşı insan olmaqla yanaşı, həm də yaxşı məşqçidir. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. 

- Niyə hər zaman sizi Qurban Qurbanovla müqayisə edirlər?

- Azərbaycan çempionu "Qarabağ" oldu. Onun baş məşqçisi Qurbandır. Kuboku "Neftçi" qazandı. Orada da mən işləyirəm. İki mükafatı Azərbaycan məşqçiləri əldə etdi. Deməli, indi ən yaxşını seçməliyik. Superkubokda "Neftçi" ilə "Qarabağ" mübarizə aparacaq. Səbirsizliklə həmin görüşü gözləyirəm. Qurbanı çox istəyirəm. Amma meydanda mənim üçün bütün rəqiblər eynidir. 

- Siz hər zaman Berti Foqtsu tənqid edirsiniz. Maraqlıdır, alman məşqçi niyə yığmada uğur qazana bilmir?

- Azərbaycan millisində öz məşqçimiz işləməlidir. Bizim futbolçuları bizdən yaxşı tanıyan olmaz. Öz mentalitetimizi biz yaxşı bilirik. Foqts haqda daha danışmayacam. Qoy, rahat işləsin. Sonda görəcəksiniz, kim haqlı idi. Sadəcə olaraq, çox vaxt o mənim haqqımda danışır. Bir dəfə oyundan sonra mətbuata dedi ki, "Neftçi" zəif oynadı. Bu mənə çox pis təsir etdi. Komandam haqda belə danışmağı qəbul etmirəm. Mən də dedim ki, qoy Foqts yığmasını götürsün və mənim "Neftçi"mə qarşı oynasın. Görək, kim güclüdür, kim zəif.

- Siz mövsümün sonunda komandadan gedəcəyinizi demişdiniz. Fikrinizdə qətisiniz?

- Sözün düzü, rəhbərliklə görüşməliyəm. Əgər yeni müqavilə təklif olunsa, "Neftçi"də qalacam. Get desələr, gedəcəm. İşimizi yarımçıq qoymaq istəməzdim. Mən hələ "Neftçi"də sözümü deməmişəm. Hər oyuna qələbə üçün çıxıram. Kənardakılar, bəlkə, bilmir. Amma bu komandada işləmək çox çətindir. Həm çətindir, həm məsuliyyətlidir. "Neftçi" hər zaman çempionluğa oynayıb. Bizim üçün gümüş medal uğur sayılmayıb. Elə bilirsiniz, belə komandada hər məşqçi işləyə bilər. 

- Son olaraq, Azərbaycan azarkeşlərinə sözünüz...

- "Neftçi" azarkeşlərinə təşəkkür edirəm. Bizi mövsüm ərzində tək qoymadılar. Məğlub olanda belə komandanı dəstəklədilər. Şükürlər olsun ki, biz də onları sevindirə bildik. Bütün komandaların azarkeşlərinə uğurlar arzulayıram. Avropada Azərbaycanı təmsil edəcək klublarımıza dəstək olmaq istərdim. Beynəlxalq arenada hamı Azərbaycanı təmsil edir. Ona görə onlara qələbə arzulayıram. Əlbəttə ki, "Neftçi" başda olmaqla. 


MƏSLƏHƏT GÖR:

563