26 Dekabr 2024

Cümə axşamı, 17:28

"LAND OF FIRE"İN UĞURU

Arda Turan: "Formamızda "Azərbaycan" yazısı bizə düşərli oldu"

Müəllif:

03.06.2014

Futbol üzrə İspaniya çempionatının son qalibi Madridin "Atletiko" klubu öz uğurunu Azərbaycan azarkeşləri ilə bölüşüb. 

Klubun futbolçuları Arda Turan və Qabi ağır mövsümdən sonra Bakıya təşrif buyurublar. Çempionlar Liqasının finalçıları şəhərimizə La Liqa çempionluq kubokunu da gətirməklə Azərbaycan azarkeşlərinə ehtiramlarını bildiriblər. Qısamüddətli səfər zamanı "R+" jurnalı Türkiyə yığmasının liderlərindən olan Arda Turanla danışmaq imkanı qazanıb.  Maraq üçün qeyd edək ki, "Atletiko" klubunun qaydalarına əsasən futbolçular yalnız mətbuat konfransında suallara cavab verə bilər. Fərdi qaydada müsahibə yalnız klubun əməkdaşlıq etdiyi ispan nəşrlərinin jurnalistlərinə verilir. Bununla belə, "Atletiko" rəsmiləri istisna edərək türk futbolçuya müsahibə üçün razılıq verdi.

- Sizi yenidən Bakıda görməyə şad olduq. Səfəriniz qısa müddətlidir, deyəsən...

- Ağır mövsümdən sonra bir qədər dincəlmək qərarına gəldik. "Bakı" klubunun dəvətini qəbul edərək Azərbaycana səfər etməklə Respublika gününüzdə birgə olmaq istədik. Bildiyiniz kimi, iyunda Braziliyada Dünya Çempionatı keçiriləcək. Klubumuzun digər futbolçuları mötəbər yarışa hazırlaşır. Ona görə Bakıya mənlə yalnız Qabi gəldi. Amma biz hədiyyəsiz gəlməmişik. Özümüzlə İspaniya Çempionluq Kubokunu da gətirmişik.

- Başa çatan mövsüm "Atletiko" üçün çox uğurlu oldu. Uğurun sirrini necə izah edərsiniz?

- İlk öncə biz komanda kimi mübarizə apardıq. Təcrübəli məşqçimiz və yaxşı heyətimiz var. İspaniya çempionatı dünyanın ən güclü futbol turnirlərindən biridir. Orada qızıl medal qazanmaq asan deyil. Çempionlar Liqasında finala qədər irəlilədik. İspaniya Kubokunda sona yaxın mübarizəni dayandırdıq. Üstəlik, çempion kimi İspaniya Super kubok görüşündə iştirak edəcəyik. 

- Eyni zamanda Azərbaycanla əməkdaşlıqdan sonra uğurlarınız başladı. Formada "Odlar Yurdu Azərbaycan" yazılandan etibarən "Atletiko" qələbələri sıraladı. Sanki, ölkəmizin adı sizə düşərli oldu.

- İlk öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür etmək istərdim. Onun "Atletiko"ya dəstəyi bizim üçün çox vacibdir. Cənab Prezidenti hər zaman komandamızın yanında hiss edirik. Azərbaycan Prezidenti həm də Türkiyəni tək qoymur. İştirak etdiyi hər bir konfrans və ya digər tədbirlərdə Türkiyənin yanındadır. Buna görə də cənab Əliyevə "çox sağ olun" deyirəm. Azərbaycan Türkiyə bir millət iki dövlətdir. Biz qardaş ölkələrik. Hər zaman demişəm özümü Bakıda İstanbulda olduğu kimi hiss edirəm. Meydana çıxarkən formamda Azərbaycan yazıldığına görə qürurluyam. Azərbaycan adı bizə düşərli oldu. Həm də ölkənizdə komandamızın azarkeşlərinin sayı artdı. Biz özümüzü Azərbaycan elçiləri sayırıq. Həm idmanda, həm də digər sahələrdə Azərbaycanı təbliğ edirik. 

- Azərbaycan Prezidenti İlham Əliyevlə ötən il baş tutan görüşdə Siz ona "Atletiko" formasını bağışladınız. Sanki, cənab Əliyev də komandanızın üzvünə  çevrildi...

- İlham Əliyev idmanı çox sevir. Futbola özəl marağı var. Görüş zamanı "Atletiko"nun oyunlarını izlədiyini və komandamızın uğurlarına sevindiyini dedi. Bu sözlər bizim üçün böyük məna kəsb edir. "Atletiko"nun uğurlarında Azərbaycanın da öz payı var. Sözsüz ki, cənab prezidentin bizə inanması futbolçulara əlavə motivasiyadır. 

- 26 fevral Xocalı günüylə əlaqədar meydana qara sarğıyla çıxdınız. Üstəlik, Sizinlə yanaşı, bir neçə futbolçu xüsusi videoçarxda Azərbaycan xalqına başsağlığı verdiniz. Mətbuatda yazılırdı ki, bundan sonra ermənilər tərəfindən Sizə təzyiq  olub...

- Çox dərinə getmək istəməzdim. Mən hər zaman Azərbaycanın yanındayam. Fikrimi açıq söyləyirəm. Sizin kədəriniz mənim kədərimdir. "Atletiko"da təkcə Türkiyə deyil, özümü həm də Azərbaycan təmsilçisi sayıram.

- Deyilənə görə "Atletiko"nu tərk edirsiz. "Barselona", "Mançester Yunayted"dən təklifin olması həqiqətdirmi?

- Belə suallara cavab verə bilmərik. 2017-ci ilə qədər "Atletiko" ilə müqaviləm var. Burada özümü ailəmdə olduğu kimi hiss edirəm. 

-  Həmin klublar daha çox pul təklif etsə, iş yerini dəyişmək istəməzsiz?

- Futbolda pul vacibdir, amma əsas amil deyil. Bu gün mən "Atletiko"nu, "Atletiko" da məni başa düşür. Biz birgə xoşbəxtik. Ən vacib futbolçunun özünü rahat hiss etdirməsidir. 

- Çempionlar Liqasının finalında hansı hissləri yaşadınız? Sona 3 dəqiqə qalarkən qol buraxdınız və sonda kubok əldən çıxdı...

- Bəxtimiz gətirmədi. Çox yaxşı başlamışdıq. "Real" ilə oyun əsəb gərginliyi, həyəcanla dolu idi. Finalda uduzmaq adama təsir edir. O, hissləri sözlə demək mümkün deyil. Özümə yer tapa bilmirdim. Gələcəkdə bu turnirdə qələbə qazanmağa çalışacayıq.

- Final matçında iştirak etməməyinizlə bağlı söz-söhbət yayıldı. Deyilənə görə, özünüz iştirak etmək istəməmisiz...

- Klubda qərarlar birgə qəbul olunur. Məşqçilər korpusu elə hesab etdi ki, oynamasam yaxşıdır. Zədəm tam sağalmayıb. Ağrılar hiss olunur. 

- İspaniya Super Kubok matçında "Real"dan intiqam almaq olar. Revanş barədə düşünürsünüzmü?

- Bizə qələbə lazımdır. Super Kubok matçında mükafat qazanmaq istəyirik. Revanş barədə düşünmək bizə yaraşmaz. Qələbə lazımdır. Ona görə sona qədər mübarizə aparmağa  gücümüz çatacaq. 

- Futbol klublarımızda Mustafa Dənizli kimi tanınmış türk məşqçi işlədi. Amma uğur qazana bilmədi. Niyə Azərbaycanda çalışa bilmirlər?

- Mustafa Dənizli Türkiyədə və Avropada tanınmış mütəxəssisdir. Onun işini bir klubda göstərdiyi nəticəylə qiymətləndirmək olmaz. Türkiyə çempionu olub. Uğurları az deyil. Futbolda hər şey olur. Yəqin, ölkənizdə uğurlu çıxış etmək qismətində olmayıb.

- Paytaxtda ən çox haranı bəyəndiniz?

- Bakı çox gözəldir. Bütün şəhəri bəyəndim. Dənizkənarı çox gözəldir. Orada xüsusi qayıqla dənizi gəzdik. Gecə Bakı daha da qəşəngləşir. İnsanlarınız da çox isti münasibətdədir. Azərbaycanı hər zaman sevmişəm. Qəlbimdə qardaş ölkəyə ancaq yaxşı düşüncələr olub. 


MƏSLƏHƏT GÖR:

672