Müəllif: Günel HƏSƏNOVA Bakı
Patrisiya Kaas - dahi fransız müğənnisi, tanınmış nəğməkar qadındır... Fransızca oxuyur. Avropanın bir çox xanımları üçün o, stil, fransız gözəlliyi və zəriflik ikonasıdır. Kaas - fransız-alman əsilli olsa da, əsl fransızdır. Onun atası fransız, anası alman idi. Amma Kaas ürəyi və ruhu ilə hər zaman Fransaya bağlı olub. Uşaq vaxtı heç də əzizlənməyib: o, çoxuşaqlı kasıb ailədə doğulub və bəzən ailənin qidalanmağa belə, pulu olmayıb. Amma Patrisiyanın çalışqanlığı gəncliyində onun işinə yarayıb - qızcığaz heç bir sponsoru və əlaqələri olmadan səhnəyə çıxa, sonda Fransanın ən populyar müğənnilərindən birinə çevrilə bilib. Kaas heç zaman özünü gözəl saymayıb. Bundan başqa, o, müsahibələrində mükəmməllikdən uzaq olduğunu, lakin hər zaman effektiv görünməyə çalışdığını dəfələrlə təkrarlayıb. İfaçı əmindir ki, yaşından cavan görünməsi həyata müsbət münasibətinin, çatışmazlıqlarla gündəlik mübarizə aparmasının nəticəsidir.
Heydər Əliyev Sarayında dünyaca məşhur bu fransız ifaçısının solo konserti olub. Konsert onun Qafqaza Kaas Chante Piaf turu çərçivəsində baş tutub. Şouda Patrisiya Kaas və Edit Piafın 24 mahnısı səsləndirilib.
Konsertdən bir gün əvvəl müğənni yerli KİV təmsilçilərilə görüşərək onlara qısa müsahibə də verib.
Kaas turnesini dahi fransız ifaçısı Edit Piafın vəfatının 50-ci ildönümünə həsr edib. Bu tur çərçivəsində keçirilən konsertlərdə Kaas Piafın köhnə mahnılarından müasir şou nümayiş etdirib. "Mən onun kompozisiyalarını, sadəcə, ifa etməyə bilmirəm. Çünki o da mənim kimi fransız olub və bu, mənim borcumdur. Edit Piafın həyatında çox faciəvi hadisələr yaşanıb və mən onları öz ifamla çatdırmaq istəyirəm", - deyə Patrisiya konsertdə bildirib.
- Bakıya xoş gəlmisiniz. Şəhərimiz haqqında təəssüratınız?
- Bakıda 7 il öncə olmuşdum. O vaxtdan şəhər xeyli dəyişib. Şəhərinizə və bakılılara vurulmuşam! Bacarsaydım, burada uzun müddət qalardım.
- Sizinçün musiqi nədir?
- Musiqi həyatımın əsas hissəsidir. Səhnədən kənar həyatı təsəvvür edə bilmirəm. Mən həmişə oxuyacağam. Səs Allahın verdiyi vergidir. Allaha son dərəcə minnətdaram ki, mənə bu səsi verib və onun vasitəsilə mən insanları sevindirə bilirəm. Musiqidən başqa maraqlarım da var. Ailəmlə və dostlarımla vaxt keçirməyi çox sevirəm. İnteryerlə, dekorasiya ilə məşğul olmağı da xoşlayıram. İnanmayacaqsınız, amma öz mənzilimi özüm bəzəmişəm. Evimdə hər şey mənim zövqümə əsasən qurulub.
- "Səsimin kölgəsi" avtobioqrafik kitabının müəllifisiniz. Yeni kitab yazmağı planlaşdırırsınızmı?
- Kitab yazmaq həddindən artıq çox vaxt aparır. Fransız jurnalistilə birlikdə yazdığım həmin kitabda həyatımın, uğurlarımın tarixindən danışmışam. Bunun üçün mənə bir neçə il lazım gəlib. Gələcəkdə yenidən bu işlə məşğul olacağımı düşünmürəm.
- 2002-ci ildə özünüzü Klod Leluşun "İndi isə... xanımlar və cənablar" filmində aktrisa kimi də sınamısınız. İndi hər hansı filmə çəkilirsinizmi?
- Bu yaxınlarda Fransa və Belçikada "Öldürülmüş" filmi ekranlara çıxıb. Orada baş rolu oynamışam. Filmdə qızı qətlə yetirilən ananın obrazını canlandırıram. Çox ağır rol idi. Bütün canımı qoymuşam o rola.
- Nə vaxtsa səhnədən qorxmusunuzmu?
- Xeyr, gənc yaşlarımdan səhnədəyəm və heç zaman ondan qorxmamışam. Qorxu yalnız səhnədə doğmalarımın, dostlarımın olduğunu bildikdə yaranır. Bu hissi sözlə ifadə edə bilmirəm. Həmin anda həddindən artıq həyəcanlanıram. Nəyisə düz etməyəcəyimdən qorxuram. Amma qalan vaxtlar səhnə məni heç zaman qorxutmayıb. İnsanlar konsertimə gəliblərsə, demək, mahnılarımı sevirlər. Tamaşaçımın qarşısında çıxış etməyi, yaradıcılığımı onlara verməyi sevirəm.
- Hər zaman əla görünürsünüz...
- Heç zaman artıq çəkilə bağlı ciddi problemim olmayıb. Amma yenə də hər zaman pəhriz saxlayır, az yeyirəm. Hər gün trenajorla məşğul oluram. Üstəlik, müasir rəqslər və səhnə xoreoqrafiyası. Daha bir sirr - mütləq uzun müddət yatmaqdır. Hətta qastrollarda belə, lazım olduğu qədər yuxulamağa çalışıram. Gözəllik uğrunda mübarizənin əsas silahı isə sağlam həyat tərzidir. Siqaret çəkmir, spirtli içki, demək olar ki, qəbul etmirəm. Daim hərəkətdəyəm. İçkilərdən qazsız mineral sulara üstünlük verirəm. Və bir də, qadını stressiz həyat qədər cavan saxlayan heç nə yoxdur. Hər şeyi ürəyinizə salmayın. Tanınmış şəxslər hər zaman gözəl görünməlidirlər. Axı, fotoqrafların inanılmaz təzyiqi var. Odur ki, publika qarşısına hər zaman gözəl geyimdə, makiyajla çıxıram. Bunu bəzən istəmədiyim halda belə, etməli oluram. Hər halda, bu, əmək tələb edir! Biz xanımlar gözəl olmağa məcburuq. Çünki hər şeydən əvvəl güclü cins, məhz, bizik və kişilər cazibəmizə təslim olurlarsa, demək, bu müharibəni biz uduruq! (gülür).
- Kişilərin çox zaman güclü qadından qorxduqları sirr deyil. Siz "oxatan"sınız və bu bürc altında doğulan qadınlarda əzmkarlıq və inanılmaz iradə olur.
- Həqiqətən də, oxatan bürcü altında doğulan qadınlar güclü xarakterə və iradəyə malik olurlar. Hesab edirəm ki, qadın üçün güclü olmaq vacibdir. Halbuki onun həyatında çox şey hansı ailədən çıxmasından, hansı çətinliklərlə üzləşməsindən, onun, ümumiyyətlə, həyatla "savaşmasına" ehtiyacın olub-olmamasından asılıdır. Hər zaman həyatı səninkindən ağır olan insanlar var. Hər şey, necə deyərlər, nisbidir. Qadın bəzən zəif, müdafiəsiz, zərif ola bilər. Əsas odur ki, həyata nikbinliklə baxasan və cəsarətlə irəli doğru addımlayasan.
- Milyonlarla kişi sizə heyrandır. Qadınla kişi arasında dostluğa inanırsınızmı?
- Mənim ən yaxşı dostlarım, həqiqətən də, kişilərdir. Onlarla daha asandır. Mən kişi ilə qadın arasında əsl, sadiq dostluğa inanıram və sizi əmin edirəm: kişi elə ona görə kişidir ki, hər zaman qadına qarşı hansısa istəyi olur.
- Müdriklərdən biri deyib ki, "xoşbəxt o adamdır ki, hər şey ona kifayət edir". Əksər qadınlar üçün xoşbəxtlik - "təki sevgilim yanımda olsun"dur". Patrisiya Kaasa xoşbəxtlik üçün nə lazımdır?
- Hərənin öz xoşbəxtlik meyarları var. Bəziləri üçün o, maddi zənginlikdədir, digəri üçün yeganə, əvəzolunmaz kişidə. Razıyam ki, kişi həyatda arxa, dəstəkdir. Amma kişinin yanında xoşbəxt olmayan qadınlar da çoxdur. Onların arzuları həyata keçməyib: şahzadə, əslində, şahzadə çıxmayıb. Amma bu xoşbəxtliyin sonadək olması, məhz, kişidən asılıdır. Mənim üçün xoşbəxtlik tam mənəvi harmoniya, daxili rahatlıq, sakitlikdir.
- Sizin arzularınız? Həyatdan daha hansı sürprizləri gözləyirsiniz?
- Həyatda sürprizlər çoxdur və mən onları sevirəm. Onlarsız həyat cansıxıcı olardı. Mənim bütün arzularım həyata keçib. Özümə və yaxınlarıma həsr etmək üçün daha çox vaxt istəyərdim.
MƏSLƏHƏT GÖR: