26 Dekabr 2024

Cümə axşamı, 17:35

SEVGİNİ OXUYARKƏN

Məhəbbətlə zarafat nə ilə nəticələnə bilər, bu barədə Rus Dram Teatrının premyerasında bəhs edilir

Müəllif:

03.06.2014

İlk baxışdan elə görünür ki, teatrın yenidən məhəbbət mövzusuna qayıtmasında xüsusi nəsə var. Mövzu əbədidir və heç kimdə təəccüb doğurmur. Halbuki klassikanın səhnə versiyasının müasir tərzdə göstərilməsi də heç kimi təəccübləndirmir. Beləliklə, klassika və müasirlik: qarşılıqlı əlaqələr, təmas nöqtələri və "tineycer" yaş kateqoriyasında olan publikanın mümkün  marağıdır.

Tamaşanın quruluşu üçün Rus Dram Teatrına Moskvadan rejissor Anna Potapova dəvət olunub. O, Mark Zaxarovun tələbəsidir, Moskva, Sibir, Zauralye, Qazaxıstan teatrlarında tamaşaların və Oleq Loebskinin layihələrindəki çoxsaylı eskiz işləmlərin müəllifidir. Oleq Loebski həmin adamdır ki, Rusiyada tamaşaların eskizli variantda yaradılmasının əsl laboratoriya hərəkatını yaradıb, əski  teatr formalarının hərəkətsizliyini aradan qaldıracaq cəsarətli teatr rejissorları nəslini böyüdüb və klassik dramaturgiyanın yeni yaşam  üslubunu tapmağı bacarıb. Anna teatra Pedro Kalderon de la Barkinin üslubunda məhəbbətin əbədi mövzusunun müasir variantını təklif edib. Pyesin adı "Məhəbbətlə zarafat etməzlər"dir.

 

İstehza, zarafat, məhəbbət

Tamaşa zərif pıçıltı, zəif gülüş, Romeo və Cülyettanın Şekspirli mətnləri ilə başlayır. Bununla belə, eyvanın altında məşhur səhnəcik tam olaraq davam etmir. Yalnız qadın qəhrəman sevgilisinə onu əbədi sevəcəyinə dair and içməməyi təklif edir. Elə görünür ki, Şekspirin burada nə işi var? Kalderonun mətnləri bu mövzu üçün bəs deyilmi? Əgər tineycerlər arasında qarşılıqlı əlaqələr problemini Anna Potapovanın tamaşasında qaldırdığı problemlər rakursundan nəzərdən keçirsən, bu, kifayət deyil. 

Bu yaş kateqoriyasında olan qəhrəmanların problemləri isə demək olar ki, eynidir: məhəbbəti necə tapmaq və eyni zamanda məyusluq yaşamamaq? Sevgi hissinə oyun kimi münasibət bəslənirsə, qarşılıqlı münasibətlərin ciddiliyinə, ümumiyyətlə, ümid etməyə dəyərmi? Oyun, axı, heç nəyi məcbur etmir. O, ancaq qarşılıqlı əlaqələrin strukturunda hər ikisi üçün ovqat yaradır: "Sən bilirsən ki, mən sənin bildiyini bilirəm, amma bununla belə, biz özümüzü elə aparırıq ki, heç kimin heç nədən xəbəri yoxdur". İnessanın (Yeganə Hüseynli) iştirakı ilə Leonora (Natəvan Hacıyeva) və Xuanın (Murad Məmmədov) səhnəsi yalnız hər şeyin ehtiraslı, həqiqi, ölümcül olduğu Şekspirin məşhur səhnəsinin parafrazıdır. 

Burada yalnız məhəbbət oyunu var. Məhəbbət yoxdur, axı! Gənclik, bahar, məhəbbət üçün həsrət və onun bənzəri ilə dəyişdirilməsi cəhdi. Bizim praqmatik əsrdə dostlar, tanışlar tərəfindən lağa qoyulmadan məhəbbət hisslərini mədh etmək, onlara nail olmaq qəbul edilmir. Hesab olunur ki, sevmək, kiməsə görə "ölmək" - utandırıcı və gülünc sayılır!

Ona görə də Leonora gülməkdən boğularaq Xuana deyir ki, o, sevir və sevgidən ötrü ölür. Amma o, sevirmi? Bəli! Yalnız ilk dəfə sevəndə olduğu kimi: iztirablı və ehtiraslı. Amma bir əmma var! O, lağa qoyulmaqdan qorxur. Gülməli, qeyri-müasir görünmək istəmir, Xuanın gözündə belə! Xuan eyvanın altındakı səhnə haqda dostlara danışsa nə olacaq, bəs? Ona söylədiyi sözlər  haqda? Hamı gülməyə başlayacaq, axı o, sevgi hissini ağlın, ruhun və xasiyyətin zəiflik əlaməti kimi düşünən həmyaşıdlarının gözlərində çox gülməli görünəcək. Ona görə etirafını istehza ilə gizlətmək və hər şeyi zarafata çevirmək ona rahatdır! Bəs, onun haqqında sevgisini etiraf edən qız kimi danışsalar necə olacaq? O zaman o sadəcə deyə bilər ki, bu, bir zarafat idi! Xuan bu "hiyləgərlik" oyunlarını anlamır.

O, sadəlöhvdür və buna görə də Moskatel (Teymur Rəhimov) və Alonso (Oleq Əmirbəyov) fonunda bir qədər sərsəm görünür. Bu cütlüyün artıq hər şeyi baş verib: həm sevgi həzzi, həm də sevgi həyəcanları... Moskatel İnessanı sevir və öz hisslərini gizlətmir. Amma! O da ətrafdakıların ümumi məzəmmətindən sığortalanmayıb: aşiq olmusansa, deməli, zəifsən! Ona görə də, o, İnessaya qarşı əsl hisslərini və münasibətini, İnessanı bəyənən Alonsodan qısqanclığını və sevgi həyəcanını gizlədərək, sadəcə çox mənanı ifadə edərək gülümsəyir. O, münasibətləri barədə konkret olaraq heç nə demək istəməyən adamın istehza-iltifatlı maskası arxasında gizlənir. 

Moskatel Xuan kimi infantil deyil. O, çoxdan qadın sevgisinin nə olduğunu və böyük cazibələr dünyasında bu hisslərin necə də zərif olduğunu bilir! Onun qıza ürəyindən başqa təklif edəcəyi bir şeyi yoxdur, axı. İnessa onun məhəbbətini qəbul etməsinə və ona qarşılıq verməsinə baxmayaraq, o hələ də əmin deyil ki, sabah o, ürəyinin əvəzinə qızıl sırğaları təklif edəcək, Alonsoya getməyəcək!

 

"Mən qadınam"

Alonso ürəyini məhəbbətdən qorumağa üstünlük verən istehzalı arvadbazdır. Bu cür dostların ürəklərinin qırıldığı dünyada "sağ qalmaq" daha asandır. O, qadınlara etibar etmir və həqiqətən, sevmədən məhəbbət oyununu aparmağa üstünlük verir. Nəyə görə? Hər şey onsuz da yaxşıdır. Sadəcə, görüşdülər, sadəcə heç bir öhdəliksiz olmadan vaxtlarını yaxşı keçirdilər! Amerika kinematoqrafı tərəfindən dünyanın vadar olduğu müasir əlaqələrin bu üslubu, cinslərin münasibətlərinin qəbul edilməsinin stereotipinə çevrilib. Bu əlaqələrin azadlığı, əslində, bir insanın digərinin qarşısında qorxudan başqa bir şey deyil. Qızlar aldadılmış və tərk edilmiş olmaqdan qorxurlar, gənc oğlanlar da eləcə. Bir-birinə inanmaq asan deyilmi? Axı, əsl məhəbbəti hamı arzulayır: arsızlar da, liriklər də. Bu hissi yaşamaq - böyük xoşbəxtlikdir. Ancaq qorxmaq lazım deyil. Nə özündən, nə də ürəyi yatan insandan. Sadəcə, sevmək və inanmaq lazımdır. Elə bu haqda tineycerlərin auditoriyası ilə də quruluşçu rejissor danışmaq  istəyir. 

Tamaşanın gedişində qadın xətti də teatrın gənc aktrisalarının oyunu ilə rəngarəng şəkildə nəzərə çarpır. Leonora zəkaca elə qızdır ki, Xuana qarşı keçirdiyi hisslərin həqiqiliyi haqda heç vaxt və heç kimə danışmayacaq. Buna görə də o, hamını aldadacaq - bacısı Beatrisi, atasını və hətta hər şeyi görən və hər şeyi bilən İnessanı da. İnessa Moskateli sevir və Alonso kimi digər kişilərlə əlaqələrə girməz. Amma hər bir qadın kimi, o da, öz sevdiyi kişini qıcıqlandırmaqdan imtina etməzdi: qoy, bir az qısqansın! Burada pis heç bir şey yoxdur, axı? Qısqanclıq onun sevgisini ancaq möhkəmləndirəcək!

İnessa bu cür fikirləşir. Ona görə də Alonso ilə qucaqlaşma - onun oyunun bir hissəsidir. Moskatelin ona qarşı məhəbbətini İnessanın fikrincə, daha da gücləndirən bir oyun. Təəssüf!  Bu cür bir çoxları düşünür. Bu fəndi iki nəfərin münasibətlərinin dağılmasının başlanğıcına səbəb ola biləcəyi haqda düşünmədən istifadə edirlər. Ona görə ki, nazlanmaq adlı günahsız oyun sonra da pis ada gətirib çıxaracaq. Şayiələr isə sürətlə yayılacaq. 

İnessa kişilər arasında onun haqda yanlış fikir yarandığına görə ağlayır. O, başqalarının kefi üçün kukla və abırsız əmzik deyil. O, sadəcə qadındır və Moskateli sevir. "Mən qadınam" ifadəsini sonradan Leonoranın böyük bacısı Beatris də təkrarlayacaq. Təkrar edəcək və dediyinə sanki  təəccüblənəcək.  Elə bil ki, ilk dəfə bunu eşidib və eşidərək anlayacaq ki, o, ilk öncə qadındır. Deməli, onun taleyi ağıllı kitabları oxumaqdan və orada yazılanlara əsasən dünyanı dərk etməkdən ibarət deyil. Yaşamaqdan qorxmursansa, hər şey asandır. Yaşamaq da, hiss etmək də, duymaq da, lazım gələrsə, ağlamaq da.

 

"Məhəbbətlə zarafat etməyin!"

Mariya Dubovitskaya hisslər üçün hələ də oyanmayan Beatrisi oynayır. Fəlsəfə kitabı ona məhəbbət haqda nə deyə bilər? Onun bacısı Leonora, nə isə oxuyursa, bu ancaq sevgi haqda romanlardır. Şekspir də, yəqin ki, həmin maraq dairəsindəndir. Ona görə də Leonora ona sarsaq və boşbeyin görünür. Beatrisin ağlı elmlərə yatır və ürəyi də elədir. Hissləri də. Onun üçün kişilərin dünyası - günah və əxlaqsızlıq yoludur. Və onun üçün orada heç nə cəlbedici yoxdur. O, hissləri axtarmır. Hisslər özü onu tapır. Alonso obrazında. İstehzalı arsız adam - o da dostları ilə sadəcə zarafat etmək, aşiq olmuş kimi görünmək istədiyi hisslərin tələsinə düşür. Zarafat bu dəfə xoşbəxtliyə çevrilir. Başqalardan gizlətmək lazım olmadığı məhəbbətə. Məhəbbətlə zarafat etməyin! - deyə, tamaşanın sonunda Alonso deyəcək. Məhəbbətlə zarafatlar təhlükəlidir. Ağlınızla yaşadığınız kimi, ürəyinizlə də yaşayın. O zaman həyatınızda daha çox harmoniya olacaq, çünki sadiqliyi, məhəbbəti və sədaqəti heç kim qadağan etməyib! Bir-birinizə etibar edin, hisslərinizdən qorxmayın və dünya daha da təkmilləşmiş olacaq. Çünki bu dünya - həyatdır. Məhəbbət kimi sonsuz və əbədidir. 

Bir-birinin qucağında Leonora və Xuan olacaq. Ayrılmadan bir-birinə Beatris və Alonsoya baxacaq. Onların bir-birini tanıma prosesi hələ qabaqdadır. Lakin onlar dəqiq anlayırlar ki, aralarında üçüncü yalnız məhəbbət ola bilər. İşıq səhnəni bürüyəcək və tağlar arasından görünən qraffitləri yunan sütunlarının bəyazlığı ilə kölgəyə salacaq. Və hər şey zamanların oxunmamış əlaqəsinin bədii obrazında tamamlayacaq: barokko, İntibah, anderqraund. Hansı oyunlar uydurmasına və hansı qorxular arxasında gizlənməsindən asılı olmayaraq, insanlar həmişə insan olaraq qalırlar.



MƏSLƏHƏT GÖR:

574