14 Mart 2025

Cümə, 22:41

DİQQƏT: UŞAQLAR!

Uşaqların problemləri böyüklərin gözü ilə

Müəllif:

03.06.2014

Uşaqların müdafiəyə ehtiyacı var. Onlar gücsüz olduqlarından zorakılığa, istismara məruz qala, laqeyd münasibətlə üzləşə bilərlər. Böyüklər onları istədikləri kimi yapıb özlərinə oxşada, sonra isə dünyada bu qədər qəddarlığın haradan peyda olduğuna təəccüblənə bilərlər. Nəticə üçün isə uzağa getməyə ehtiyac yoxdur...

Uşaq təbəssümü. Uşağın səmimi, ürəkdən, təbii gülümsəməsi üçün yaxşıca çalışmaq lazımdır. Bundan başqa, böyüklər uşaqla eyni dildə danışırsa, uşağın sevgisini qazanmaq daha  asandır. Birdən anlamağa başlayırsan ki, uşaq məmnuniyyətlə sənə qarşılıq verir - əgər onu başdan eləmirsənsə, onunla böyük kimi rəftar edirsən, söhbətləşirsənsə, o da böyüklər kimi danışmağa başlayır.

Uşaqlar heç vaxt qınamırlar, halbuki bəzən onlar sağ qalmaq uğrunda çarpışırlar.  Onlar hər şeyi olduğu kimi qəbul edirlər və hər zaman düzünü danışırlar. Bəzən onlar bizi cavabın orijinallığı ilə deyil, onun həqiqiliyi və doğruluğu ilə çaşdırırlar. Uşaqların dəfələrlə verdikləri doğru proqnozlara baxdıqca, onların intuisiyasına bir daha əmin olursan.

Uşaqlar bizim, bizim həyatımızın gələcəyidirlər. İnsanın yaşamının bütün mənası da bundadır. Sağlam gələcək istəyirik? Demək, böyüklər uşaqların hisslərinə - sevincinə və kədərinə diqqətlə yanaşmağı, onların dərdinə şərik çıxmağı bacarmalıdır.

Biz uşaqların göz yaşlarına dözə bilmir, onun qarşısını alaraq körpə acısını, sanki, "hər şeyin yaxşı olacağı" gələcəyə daşıyırıq. Nədənsə düşünürük ki, uşaqların kiçik problemlərini onlarla birgə yaşamamalıyıq. Amma bu problemlər sadəcə kənardan kiçik görünür. Öz uşaqlığınızı yada salın. Balaca dostunuzla - küçük və ya pişiklə oynamağa icazə verilməyəndə, bunu "boş şey" sayırdınızmı? Xatırlayırsınız?

Uşaq təsəvvürünə görə onların həyatında əsl böyük acılar yaşanır: sevimli pişiyin ölümü, ən çox sevdiyi oyuncağın sınması, dostunun onu tərk etməsi...  Amma uşağa ağlamaq, sözünü demək, acısını paylaşmaq, danışmaq imkanı verilməlidir. Bir tanışım danışırdı ki, o ağlamağa başlayan kimi nənəsi onu qucaqlayaraq deyirmiş: "Yazıq nəvəm. Necə də böyük dərdin var. Ağla, ağla". Göz yaşı tezliklə quruyur, həyatın üzərindəki buludlar yoxa  çıxırdı.

Uşaqlıq görməyən uşaqlar da var. Onlar münaqişələri müşahidə eləmək, zorla yerlərini dəyişmək məcburiyyətində qalırlar. BMT-nin acınacaqlı statistikasına əsasən, hər il dünyada ən azı 1 milyon uşaq seksual  istismara məruz qalır və ya ticarət subyektinə çevrilir. Hər il 10 mindən artıq uşaq piyada əleyhinə minaların partlaması nəticəsində həlak olur, yaxud əlilə çevrilir. Hər gün evdə, məktəbdə, ətrafındakıların əhatəsində sərt davranışa, diqqətsizliyə və istismara məruz qalan uşaqların sayı bilinmir. Ailələrin getdikcə artan iqtisadi və digər çətinliklərə sinə gərməsi üçün uşaqlara qarşı belə davranışları nadir hadisə deyil. Bütün bunların günahkarı isə bizik - böyüklər !

Uşaqların müdafiəyə ehtiyacı var. Və biz bu haqda yalnız 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə danışmaq istəyirik. Özünüzü onların yerinə qoyun, valideynlərinin hədsiz danlağını götürən, internat və uşaq evlərində yaşayan, yalnız atası və ya anası olan, uşaqlığı hansısa ucqar yerdə keçən körpələrin vəziyyətini təsəvvür edin. Bu, heç də asan deyil.

Bu problemlər müzakirə olunmalı, yüksək tribunalardan bəyan edilməli, onların həlli üçün dövlət əlindən gələni əsirgəməməlidir. Çünki bizim ölkənin azyaşlı əhalisi üzərindəki bugünkü əksimiz gələcəyin əksinə çevriləcək. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaqların həllini gözləyən çoxlu sayda problemləri var: azyaşlı qızların nikaha məcbur edilməsi; uşaq əməyindən istifadə; zorakılıq; uşaqların satılması; uşaq cinayətkarlığı və yuvenal ədliyyə sisteminin yoxluğu; deinstitusializasiya və alternativ qəyyumluq proqramının başa çatdırılmaması; internat uşaqlarının cəmiyyətə inteqrasiyası problemləri; ağır xəstə uşaqların müalicəsi üzrə proqramların təkmilləşdirilməsi və s. Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə bu yaxınlarda ölkə parlamentində "Azərbaycanda uşaqların problemləri: reallıqlar və perspektivlər" mövzusunda keçirilmiş dinləmələrdə onların bir çoxu qeyd edilib. Uşaq Hüquqları üzrə QHT Alyansı isə ciddi şəkildə baxılmasına və müzakirəsinə ehtiyac olan bir sıra məsələləri qaldırıb: kimsəsiz uşaqlar problemi; çətin həyati vəziyyətlərdə uşaqların qorunması, əhalinin müdafiəsiz təbəqəsinə aid uşaqlara sosial xidmətlərin göstərilməsi, həmçinin bütün ölkə ərazisində uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün sosial xidmətlərin yaradılması.

Toplantıda Azərbaycanda uşaq və yeniyetmələrin sabit emosional durumunun qorunub saxlanılması, sağlam şəxsiyyətin formalaşması üçün mümkün olan bütün işlərin görüldüyü də vurğulanıb. Son 10 ildə ölkədə uşaqların hüquqlarının qorunması sahəsində 41 sənəd imzalanıb, 22 qanun qəbul edilib. 1992-ci ildə isə Azərbaycan Uşaq Hüquqları Konvensiyasına qoşulub. Bu gün parlamentin gündəliyində bu sahə ilə bağlı bir sıra yeni qanun layihələri də var: uşaqların hüquqları, asudə vaxtı, 3 yaşadak uşaqların diaqnostikası ilə bağlı layihələr. Bütün bunlar uşaqlarımızın, deməli, bütünlükdə Azərbaycanın xoşbəxt gələcəyinin əsasını qoymaq üçün lazımdır.

Uşaqlarınızın yaxınlığında yox, yanında olun. Onlara nikbinlik aşılayın, onlarla birlikdə fantaziyalara qapılın, uşaqla dostluq etməyi bacarın. Nəhayət, başqasının uşaqlarının acısını da diqqətdən kənarda qoymayın. Ola bilsin ki, onlar özlərini çox pis hiss edir, lakin bu haqda valideynlərinə heç nə deyə bilmirlər. Uşaqların acısına qarşı həssas olun.



MƏSLƏHƏT GÖR:

615