14 Mart 2025

Cümə, 22:46

KÖHNƏ QVARDİYANIN YENİ PREZİDENTİ

Misirin hərbi elitası itirilmiş mövqelərini geri qaytarır

Müəllif:

03.06.2014

Misirdə keçirilən növbədənkənar prezident seçkisində heç bir sürpriz qeydə alınmadı. İlkin məlumata görə, səsverməyə qatılmış seçicilərin 93%-dən çoxu hərbi elitanın təmsilçisi, feldmarşal Abdel Fəttah əs-Sisini dəstəkləyiblər. Misir ictimaiyyəti, məhz, onu sabitliyin qarantı sayırdı. Feldmarşalın yeganə opponenti, sosialist Hamdin Sabahiyə, təxminən, 3% seçici səs verib. Beləliklə, seçkinin rəsmi nəticələrinin elan olunmasından sonra ölkədə vəziyyətin ciddi şəkildə dəyişməyəcəyi aydındır. Bu mənada əs-Sisi və Qahirə küçələrində onun qələbəsini bayram edən tərəfdarları heç bir sürpriz gözləmir.

Bununla yanaşı, seçkiyə maraq göstərməyən seçiciləri onlar üçün kifayət qədər pis sürpriz saymaq olar. Misir Ali Seçki Komissiyasının (ASK) məlumatına görə, ölkədə səsvermə hüququ olan 54 milyon vətəndaşın yalnız 25 milyonu seçkiyə qatılıb. Bu, seçicilərin, təxminən, 47%-i deməkdir. Səsvermədən əvvəl ASK-nin seçici fəallığını artırmaq üçün atdığı görünməmiş addımlar belə, nəticə verməyib. Məsələn, hökumət mayın 27-ni (səsvermənin 2-ci günü) dövlət qurumları üçün qeyri-iş günü elan etmiş, ictimai nəqliyyatda hərəkəti pulsuz etmişdi. ASK-nin qərarı ilə isə səsvermə prosesi daha 1 gün uzadılmışdı. Bundan başqa, səsverməyə qatılmayacaq vətəndaşları, təxminən, 71 dollar cərimə gözlədiyi də açıqlanmış, bu, Misirin seçki qanunvericiliyilə əsaslandırılmışdı. ASK seçicilərin səsverməyə bu qədər laqeyd münasibətini günorta saatlarında havanın çox isti olması, əyalətlərdən paytaxta üz tutmuş yüz minlərlə vətəndaşın uçotdan çıxma sənədinin olmaması ilə izah edir. "Al-Vafd" internet portalının apardığı sorğuya görə isə, seçici fəallığının aşağı olmasının əsas səbəbi misirlilərdə son bir neçə ildə ölkədə sayı-hesabı bilinməyən seçki və referenduma qarşı apatiyanın yaranmasıdır. Üstəlik, əksər seçicilərdə seçkinin nəticəsinin əvvəldən bəlli olduğuna, Sabahinin prosesə qatılmasının sadəcə alternativli seçki görüntüsü yaratmaq məqsədi güddüyünə dair fikir formalaşmışdı. Maraqlıdır ki, hər iki namizədin seçki qərargahının nümayəndələri ASK-nin səsvermənin vaxtının daha 1 gün uzadılması haqda qərarını etirazla qarşılamışdılar. H.Sabahinin tərəfdarları komissiyanın bu qərarını seçicilərə təzyiq, seçkinin nəticələrinin saxtalaşdırılması cəhdi kimi qiymətləndiriblər. Onlar hakimiyyəti müşahidəçilərin seçki məntəqələrində işləməsinə mane olmaqda da ittiham edib, bəzi məntəqələrdə tərəfdarlarının həbs olunduğunu bildiriblər.

Yeri gəlmişkən, səsvermənin gedişini, təxminən, 80 yerli qeyri-hökumət təşkilatı və Avropa İttifaqını təmsil edən 150 müşahidəçi izləyib.

Seçkinin 1 gün uzadılması qərarına əs-Sisinin seçki qərargahı da etiraz edib. Amma ASK etirazlara məhəl qoymayaraq, qərarını dəyişməyib.

Beləliklə, Misir köhnə orduda bişib-düşmüş yeni prezident əldə etdi. Bu, ərəb dünyasının əhalisi ən sıx olan ölkəsində böyük populyarlığa malik feldmarşal A.F.əs-Sisidir.

Amma əs-Sisinin əleyhdarları, ilk növbədə, "Müsəlman qardaşlar" hərəkatı onu dövlət çevrilişində, terrorçuluqda günahlandırırlar, məhz bunun nəticəsində minədək silahdaşlarının həlak olduğunu, əvvəlki islamçı rəhbərliyin isə həbsə atıldığını bildirirlər. İslamçıların mövqelərinə daha bir ciddi zərbə Misirin Əl-Minya əyalət məhkəməsinin qərarıdır. Məhkəmə aprelin sonlarında "Müsəlman qardaşlar"ın 683 tərəfdarı haqqında ölüm hökmü çıxarıb. Hərbi hakimiyyət islamçıların mövqelərinin tam sarsıdılması və məhvi məqsədilə bu ilin yanvarında qəbul edilmiş Konstitusiyanın müvafiq bəndinə əsasən, "Müsəlman qardaşlar"ın fəaliyyətini qadağan edib, hərəkat terrorçu təşkilat kimi tanınıb. "Qardaşlar" haqqında eyni qərar, hətta bir neçə həmsərhəd ərəb dövlətində və Rusiyada da qəbul olunub.

Bundan başqa, əs-Sisi seçkiqabağı kampaniya zamanı Misirin dövlət telekanalına verdiyi müsahibədə prezident seçiləcəyi təqdirdə, "Müsəlman qardaşlar"ın bir də təşkilat kimi bərpa olunmayacağı vədini verib. Maraqlıdır ki, onun rəqibi H.Sabahi də radikal islamçılarla bağlı eyni mövqe nümayiş etdirirdi. Feldmarşalın əsas seçkiqabağı vədi isə son illərdə, sanki, burulğana düşmüş ölkədə tezliklə sabitliyin bərpası idi. Xatırladaq ki, son illərdə Misirdə baş verən qanlı toqquşmalar və iğtişaşlar minlərlə insanın həyatına son qoyub.

Bəzi ekspertlər hesab edirlər ki, əs-Sisi daxili siyasi sabitliyi bərpa etmək üçün sərt siyasətlə yanaşı, "pryanik" siyasətinə də əl atacaq və bununla müxtəlif siyasi qüvvələr arasında barışıq əldə etməyə çalışacaq. Bu yanaşmanın sabiq prezident Məhəmməd Mursinin tərəfdarlarına da şamil olunacağı istisna deyil. Məsələn, mayın 21-də Misir məhkəməsi 155 islamçı haqqında həbs qərarı çıxarmış, onların 50-si ölüm hökmünə layiq görülmüşdü. Lakin ondan 1 gün əvvəl Misir Femidası Mursinin 169 tərəfdarına bəraət verib. Onlar ötən ilin avqustunda Qahirədə baş vermiş iğtişaşlarda iştirakda təqsirli bilinirdilər.

Feldmarşala və komandasına olan inamın doğrulması üçün onun cəbhəsində olan şəxslər iqtisadi sahədə son dərəcə ciddi işlər görməlidirlər. Çünki "ərəb baharı"ndan sonra Misirin o qədər də varlı olmayan beynəlxalq ehtiyatları 2 dəfə azalıb, ölkə iqtisadiyyatı tənəzzül yaşayır. Dövlət büdcəsindəki kəsir ÜDM-in 14%-nə bərabərdir, xarici borc 45,8 milyard dollara çatır. Vəziyyətin qaydaya salınması üçün hökumət iqtisadiyyata, təxminən, 5 milyard dollar buraxmalıdır. Bu məbləği Misirə Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ayırmağa hazırdır. Bu, Misirdə islamçıların hakimiyyətdən kənarlaşdırılmasından sonra Qahirəyə verilən ikinci "stimullaşdırıcı paket" olacaq.

Qahirənin xarici siyasi kursuna gəlincə, əs-Sisinin də təmsil olunduğu hərbi elita "bütün yumurtaları bir səbətə qoymaq" siyasətindən imtina edir. Qahirə ilə Moskva arasında əlaqələrin intensivləşməsi buna bariz nümunədir. Feldmarşal müdafiə naziri postunda ilk xarici səfərini, məhz, Rusiya paytaxtına etmişdi. Səfər çərçivəsində hərbi-texniki əməkdaşlıq sahəsində ən azı 3 milyard dollar dəyərində müqavilələr imzalanmışdı. Bundan başqa, Misir Rusiyanın ən nəhəng dənli bitki idxalçılarından biridir. Məsələn, ötən il Rusiya bu ölkəyə 700 min tondan artıq buğda ixrac etmişdi. Qahirənin Moskva tərəfə bu cür dönüşü həm də Misirin ənənəvi müttəfiqi olan ABŞ-ın ona daimi hərbi yardımı dayandırması ilə bağlıdır. Xatırladaq ki, Vaşinqton Misirə göstərdiyi bu yardımı (ildə 1,3 milyard dollar) Qahirəyə siyasi təzyiq məqsədilə dondurub. Görünən isə odur ki, Misir bundan sonra tamamilə Ağ Evin və amerikalı konqresmenlərin əhvalından asılı vəziyyətdə olmaq istəmir. Amma bu, əs-Sisinin Vaşinqtonla münasibətlərdə bütün körpüləri yandırmaq fikrində olması anlamına da gəlmir. Durmadan Misirin hərbi hakimiyyətini tənqid edən ABŞ isə öz növbəsində, artıq bu ölkəyə 10 hərbi "Apaçi" vertolyotu vermək qərarına gəlib.

Birləşmiş Ştatların Qahirəyə illik hərbi-maliyyə yardımını tam bərpa edəcəyi də istisna deyil. O, bunu mövqelərini Moskvaya güzəştə getməmək üçün edə bilər. Üstəlik, ABŞ-ın strateji tərəfdaşı olan İsrailin maraqları da bunu tələb edir. Bu arada Fələstin Muxtariyyətinin 2 aparıcı siyasi partiyası olan HƏMAS və FƏTH-in Qəzzadakı qarşıdurmalar fonunda səylərini birləşdirmək qərarına gəlməsi Təl-Əviv üçün ciddi zərbə sayıla bilər. Bu mənada 1979-cu ildə Vaşinqtonda Misirin o zamankı prezidenti Ənvər Sadat tərəfindən (yeri gəlmişkən, o da hərbi elitanı təmsil edirdi) imzalanmış Misir-İsrail sülh müqaviləsindən imtina etməyən Qahirə ABŞ və İsrail üçün xüsusi əhəmiyyət daşıyır - hətta əs-Sisi əhalinin yarıdan azının dəstəyilə qalib gəlmiş olsa  belə...



MƏSLƏHƏT GÖR:

559