
QAFQAZDA "SÜVEYŞ TORPAĞI"
Növbəti "Üçlər ittifaqı"nın yaradılmasında yalnız iqtisadi deyil, konkret siyasi oriyentirlər də var
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
"Azərbaycan, Türkiyə və Türkmənistan bir-birlərinin müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı şəkildə dəstəklərini bəyan edirlər", - deyə bu ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilmiş üçtərəfli görüşünün yekununda qəbul edilmiş bəyannamədə bildirilir.
Sənəd sözügedən 3 ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Rəşid Meredovun mayın 26-da Bakıda apardıqları danışıqların yekununda qəbul edilib. Bu, Azərbaycan, Türkiyə və Türkmənistan arasında XİN başçıları formatında baş tutmuş ilk görüşdür.
Sənəddə 3 ölkənin əməkdaşlığının regional və beynəlxalq təhlükəsizliyə, sabitliyə, iqtisadi inkişafa və firavanlığa töhfəsi də qeyd olunur.
Enerji və nəqliyyat layihələrinin vacibliyini qeyd edən XİN başçıları bu sahədə əlaqələrin genişləndirilməsi və enerji təhlükəsizliyinin, şaxələndirmənin təmini məqsədilə irimiqyaslı layihələrdə birgə iştirakın əhəmiyyətini vurğulayıblar.
Tərəflər siyasi dialoq, koordinasiya, o cümlədən regional və beynəlxalq məsələlərdə əməkdaşlığın gücləndirilməsi üçün müntəzəm şəkildə üçtərəfli görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.
Qeyd edək ki, söhbət artıq Azərbaycan və Türkiyənin iştirakı ilə sayca 3-cü üçtərəfli regional əməkdaşlıq formatının təsdiqlənməsindən gedir. Bunadək Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-İran formatları təsdiqlənmişdi.
Göründüyü kimi, Bakı ilə Ankara regional siyasətlərinin sinxronlaşdırılması üçün üçtərəfli formatda görüşlər keçirməklə, uğurlu səylər göstərirlər. Bu ölkələrin xarici siyasətindəki fərqlərə rəğmən, onların iqtisadi maraqları bir çox məsələlərdə üst-üstə düşür. Azərbaycan-Türkiyə-Gürcüstan formatı regionda nəhəng enerji və nəqliyyat layihələrinin reallaşdırılması istiqamətində çoxdan və uğurla işləyir. İranın nüvə proqramı ilə bağlı problemin həlli prosesi və nəticədə, Tehrana beynəlxalq təzyiqlərin tədricən azalması islam respublikasına daha geniş əməkdaşlığa can atmaq imkanı verir. Bu məsələdə İran, əlbəttə ki, əməkdaşlığı, ilk növbədə, bilavasitə qonşu olduğu ölkələrin iştirakı ilə genişləndirməyi düşünür. Türkmənistanın da bu əməkdaşlığa qoşulması bu ölkənin Cənubi Qafqaz dövlətləri və Türkiyənin tranzit imkanlarına marağı kimi başa düşülə bilər. Bu imkanlar Türkmənistanın diqqətini öz məhsullarını Avropa və Yaxın Şərq bazarlarına çıxarmaq baxımından cəlb edir. Bundan başqa, Aşqabadın Azərbaycan və Türkiyə ilə əməkdaşlığa marağı onun artıq sözügedən ölkələrdə mövcud olan enerji layihələrinə qoşulmaq istəyilə də bağlıdır. Tərəflər arasında Xəzərin hüquqi statusu və dənizdəki enerji yataqlarının istifadəsilə bağlı fikir ayrılıqları olsa da, Aşqabadda Azərbaycan və Türkiyənin türkmən qazının Avropaya nəqlində böyük rol oynaya biləcəklərini yaxşı anlayırlar.
Bundan başqa, sadalanan üçtərəfli əməkdaşlıq formatlarının bütün iştirakçıları bu əməkdaşlığa müxtəlif mal və silah qaçaqmalçılığından tutmuş, separatçılıq və terrorçuluğadək bir çox təhlükələrin olduğu regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün ən effektiv vasitə kimi baxırlar. Bu səbəbdən də, üçtərəfli formatların zamanla Azərbaycan-Türkiyə-İran-Türkmənistan-Gürcüstan formatında nəhəng regional inteqrasiya birliyinə çevriləcəyi istisna deyil.
Xarici tərəfdaşlarla iki və ya üçtərəfli formatda münasibətlər qurmaq heç bir bloka qoşulmayan Bakının rəsmi xarici siyasi kursuna uyğundur. Azərbaycan Prezidenti İlham Əliyevin 28 May - Respublika günü münasibətilə keçirilən mərasimdə bu üçtərəfli formatların hamısının vacibliyini vurğulaması da heç də təsadüf deyildi. "Regional təhlükəsizlik, əməkdaşlıq, siyasi və iqtisadi maraqlarımızın təminatı üçün bu formatlar çox böyük məna daşıyır. Biz gələcəkdə bu üçtərəfli görüşləri, əlbəttə ki, davam etdirəcəyik. Bu, artıq mütəmadi xarakter alıb", - deyə dövlət başçısı qeyd edib.
Azərbaycanın artıq öz enerji təhlükəsizliyini təmin etdiyini, indi tərəfdaşlarına bu işdə köməklik göstərdiyini söyləyən prezidentin sözlərinə görə, buna görə də ölkədə diqqət qeyri-neft sektoruna yönəldiləcək. İ.Əliyev 2020-ci ilədək Azərbaycanda bütün infrastruktur layihələrinin reallaşdırılmasının başa çatdırılmalı olduğunu bildirib. Dövlət başçısının sözlərindən məlum olur ki, İran və Türkmənistanla birgə layihələrdə iştiraka dair razılaşmalar xüsusilə vacibdir. Bakı, Ankara və Tiflisin regional enerji layihələrinin gerçəkləşdirilməsində əsas fiqur kimi özlərini təsdiqləmələrindən sonra bu uğurlu əməkdaşlığın digər sahələrdə də uğurla davam etdirilməsi üçün bütün şərtlər mövcuddur. Söhbət, ilk növbədə, iqtisadi-ticari və nəqliyyat sahələrindən gedir.
Üstəlik, dünyanın əsas hegemon dövlətləri arasında qarşıdurmanın qızışması Asiyanın əhəmiyyətini xeyli artırıb. İndi o, Asiya məhsullarının Avropa bazarlarına, Avropa məhsullarının Asiyaya daşınacağı yolun üzərində yerləşən ölkələr üçün çox perspektivli istiqamətə çevrilir. Bu mənada Azərbaycanın öz tranzit potensialından tam istifadə etməsi üçün bütün imkanları var. Bakıda Heydər Əliyev Aeroportunun yeni terminalı, Ələtdə Xəzər regionunun ən nəhəng ticarət limanı, Asiya ilə Avropanı birləşdirməyə yönəlmiş Bakı-Tiflis-Qars dəmir yolu kimi nəhəng nəqliyyat bəndlərinin inşası (onların bəziləri artıq hazırdır, bəzilərinin inşası isə yaxın gələcəkdə başa çatdırılmalıdır) Azərbaycana regional ən nəhəng logistik mərkəzinə çevrilmək imkanı verir. Bu layihənin reallaşdırılması nəinki Asiya ilə Avropa arasında ən qısa nəqliyyat əlaqəsini təmin edəcək, hər iki qitənin ölkələri arasında iqtisadi-ticari münasibətlərin daha effektiv, səmərəli olmasına şərait yaradacaq, perspektivdə nəhəng gəlirlər gətirəcək. Çünki enerji resursları hasilatının azalmağa başladığı vaxtda davamlı inkişaf və çiçəklənməni, məhz, Azərbaycan üçün prioritet olmalı olan bu istiqamət təmin edəcək.
Üstəlik, sözügedən layihələrin əhəmiyyətini anlamağa başlayan xarici tərəfdaşlar artıq Azərbaycana onların reallaşdırılmasında bütün mümkün dəstəyi verməyə hazır olduqlarını bildirirlər. "Beləliklə, Azərbaycan Qafqazda Süveyş kimi dünya əhəmiyyətli logistika mərkəzinə çevrilə bilər. Bu ideya heç kimə qarşı yönəlməyib və o, hamının işinə yarıyacaq. Bundan istər Rusiya faydalanacaq, istər Çin, Hindistan, Avropa, Türkiyə və digərləri", - deyə Amerikanın Con Hopkins Universitetinin professoru, Böyük İpək Yolu ilə bağlı araşdırmaları ilə tanınmış Fredrik Starr bildirib.
Amerikalı ekspertin sözlərinə görə, qitələrarası ticarət-nəqliyyat dəhlizinin inkişafı Qafqazı, xüsusilə Azərbaycanı ikinci "Suveyş torpağı"na çevirəcək: "Bilirsiniz ki, Süveyş kanalından istifadə edənlərin hamısı onu bütün mümkün təhlükələrdən qorumağa çalışır. Eyni statusu Azərbaycan da əldə edə bilər".
Beləliklə, regionda ticarət və kommunikasiya layihələrinin inkişafı regional problemlərin həllinin açarına çevrilə bilər və bu, əlbəttə ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı problemə də aiddir.
Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçıları arasında Aşqabadda keçirilməsi razılaşdırılmış növbəti görüşünün daha məzmunlu olacağını, konkret layihələrin reallaşdırılmasına aparıb çıxaracağını gözləmək üçün bütün əsaslar var.
İLK MƏNBƏDƏN
"Regional təhlükəsizlik, əməkdaşlıq, siyasi və iqtisadi maraqlarımızın təminatı üçün bu formatlar çox böyük məna daşıyır. Biz gələcəkdə bu üçtərəfli görüşləri, əlbəttə ki, davam etdirəcəyik. Bu, artıq mütəmadi xarakter alıb".
İlham Əliyev, Azərbaycan Prezidenti
MƏSLƏHƏT GÖR: