Müəllif: Sara EMİLQIZI BAKI
Keçən ilin əsas intriqası - Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin əsas biznes tərəfdaşı - "bp" neft şirkətinin fəaliyyəti ilə bağlı narazılığı "happy-end"lə başa çatdı.
Şirkətin başçısı Robert Dadli Bakıya səfər etdi və bu artıq ondan xəbər verir ki, tərəflər razılığa gəliblər. "Prezident İ.Əliyevlə görüşdə Azərbaycanla "bp" şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, Azərbaycanda işlənilən yataqlar, o cümlədən "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" yataqlarında birgə layihələrin işlənilməsi istiqamətində səmərəli nəticələrin əldə olunduğu vurğulandı, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı". Rəsmi KİV-də yer almış bu qısa xəbəri yaranmış arzuolunmaz duruma müəyyən nöqtə də saymaq olar.
Beləliklə, son bir neçə ayda BP-nin başı üzərini getdikcə daha çox qara buludlar alırdı, özü də təkcə Azərbaycanda deyil. 2010-cu ildə Meksika körfəzində neft dağılması üzündən "bp" və onun törəmə şirkətləri müvəqqəti olaraq ABŞ hökuməti ilə yeni sazişlərin bağlanmasından kənarlaşdırılmışdı. Bu qərar Britaniya şirkətinin ABŞ Ədliyyə Nazirliyi tərəfindən irəli sürülmüş 11 bəndlik ittihamı qəbul edərək, rəsmi səviyyədə özünü günahkar saymasından sonra verilmişdi. Bu, şirkətin işgüzar imicinə yetərincə ciddi zərbə idi və təbii ki, böyük maliyyə itkiləri demək idi. Bəzi skeptiklər, hətta istisna etmirlər ki, "bp"nin dəyərinin və səhmlərin bazar qiymətlərinin kəskin düşməsi şirkəti qınaq obyektinə çevirə bilər.
Aydındır ki, belə şəraitdə Azərbaycanla da münasibətləri korlamaq şirkət üçün həddindən artıq əlverişsiz idi. Bununla yanaşı, bir sıra ekspertlər də bu fikirdədirlər ki, Azərbaycan prezidentinin "bp"yə işarə etdiyi məsələ, yəni "Azəri-Çıraq-Günəşli" blokunda neft hasilatının düşməsi də ABŞ-dakı qəzanın nəticəsidir. Belə ki, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə hesab edir ki, "AÇG"nin hasilatında bu cür kəskin azalma olmamalı idi, çünki indiyə kimi yatağın ehtiyatının yalnız üçdəbiri çıxarılıb. Onun sözlərinə görə, blokda hasilatın düşməsinin əsas səbəblərindən biri, Meksika körfəzində yaranmış problemlərdən sonra yatağın operatoru olan "bp" şirkəti tərəfindən risklərin xəbərdarlıq edilməsi və qarşısının alınması siyasətinin gücləndirilməsi, həmçinin sığorta edilməsi üzrə görülən işlərdir. "Təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üçün yataqda platformanın işi dayandırılırdı, boş-dayanmalar müşahidə edilirdi ki, bu da Xəzərdə qəzalardan və çətinliklərdən qaçmaq baxımından özünü doğruldur", - deyə vitse-prezident bildirib.
O əmin edib ki, hazırda "bp" bütün lazımi işləri görür ki, 2013-cü ildə sabit hasilat həcmini təmin etsin. Misal üçün, X.Yusifzadənin sözlərinə görə, 2012-ci ildə "bp" şirkəti səkkiz yeni quyu qazmalı idi, amma nəticədə yalnız iki quyunun qazılması başa çatdırıldı. "Uyğun olaraq, "AÇG"də sabit neft hasilatı həcmlərinin təmin edilməsi üçün yeni quyuların qazılması və artıq olanların istismarının davam etdirilməsi vacibdir", - deyə o vurğulayıb.
Bundan başqa, ARDNŞ-lə "bp"nin müzakirələrinin davam etməsi "AÇG"nin məhsuldarlığının müfəssəl təhlilini başa çatdırıb. Təhlilin məqsədi 2013-cü ildə blokdan məhsul göndərilməsi planlarının analizi və texniki problemlərə reaksiya verilməsi imkanlarının üzə çıxarılması olub. Təhlil "bp"nin layların geologiyası üzrə bölmənin başçısı Yan Kavananın rəhbərlik edilən mütəxəssis qrupu tərəfindən gerçəkləşdirilib.
"Bizim diqqətimiz 2013-cü ildə və ondan sonrakı illərdə neft hasilatının əsaslandırılması üçün həyati vacib məsələlərə yönəldilib. Biz plan hazırlamışıq və lay təzyiqinin idarə edilməsi, quyularda hasilatın azaldılması, sistemin optimallaşdırılması, qumun nəzarətdə saxlanması üzrə dünya təcrübəsinə çıxış üçün fəaliyyəti razılaşdırmışıq", - deyə Y.Kavana bildirib.
Bildirmək gərəkdir ki, "bp"nin rəsmi Bakı ilə münasibətlərin yaxşılaşmasına yönələn addımlar atdığını göstərən bu cür xəbərlər keçən ilin sonuncu aylarında çox tez-tez peyda olurdu. Yerli ofis rəhbərliyinin dəyişdirilməsi barədə xəbəri də bunun üstünə gələndə qeyd etmək olar ki, şirkət məqsədli şəkildə Azərbaycanla barışmağa çalışıb və sonucda buna nail da ola bilib.
Robert Dadlinin dekabr ayında gerçəkləşdirilmiş səfəri hər şeyə nöqtə qoydu, amma qeyd edək ki, onun səfəri ilə bağlı çox sayda şübhələr var idi. İstənilən halda, "bp"nin başçısı Bakıya gəldi və ARDNŞ başçısı Rövnəq Abdullayev ilə bir sıra önəmli məsələləri müzakirə etdi.
Rəsmən bildirilmişdi ki, görüşün gedişində R.Abdullayev "AÇG"nin işlənməsi üzrə rəhbər komitənin qərarı ilə blokun qısamüddətli və uzunmüddətli işlənməsi planlarının hazırlanması və effektiv tədbirlər keçirilməsi üçün yaradılmış alt komitənin məhsuldar işini bəyənib. Həmçinin qeyd edilib ki, ARDNŞ, "bp" və layihənin başqa iştirakçıları tərəfindən birgə görülən işlər qısa müddətdə layihədə sabitliyin əldə ediləcəyinə inam yaradır. R. Dadli isə öz növbəsində son üç ayda "AÇG"nin hasilat həcmlərinin sabitləşdirilməsi çərçivəsində görülən işləri yüksək qiymətləndirib, həmçinin Azərbaycan tərəfinə göstərilən yardıma və dəstəyə görə təşəkkür edib.
Aydındır ki, Azərbaycan və "bp" bir-birlərinə lazımdırlar. Və bizə də "AÇG"nin işlənməsinin indiki mərhələsində tərəfdaşımızı, özü də boru kəməri layihələri və əsas qaz layihəsi "Şahdəniz" üzrə operator olan bir tərəfdaşı itirmək fayda verməz. "bp" üçün də indiyə kimi tərəfdaşları ilə birlikdə $40 mlrd sərmayə yatırdığı Azərbaycanı itirmək faydasız olardı.
Beləliklə, "bp" ilə münasibətlərdə tufan sovuşub. Halbuki, sakitlik ötərgi də ola bilər və bu, şirkətin öz vədlərini hansı ardıcıllıqla yerinə yetirməsindən asılı olacaq. Necə deyərlər, zaman göstərəcək.
İLK MƏNBƏDƏN
"Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan bp şirkəti bu fikirlərə, bu iradlara çox böyük məsuliyyətlə yanaşmışdır. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır".
Azərbaycan Prezidenti İlham Əliyev
MƏSLƏHƏT GÖR: