13 Mart 2025

Cümə axşamı, 20:57

AZƏRBAYCANDA İLK DƏFƏ

Bakıya bir dəfə gəlirlər ki, sonra dəfələrlə bura qayitsinlar

Müəllif:

01.01.2013

Hələ bir il əvvəl bəlli idi ki, 2012-ci il Azərbaycanda keçiriləcək müxtəlif beynəlxalq forumlar, mədəni tədbirlər və idman turnirləri  ilə zəngin olacaq. Onların arasında Bakı Beynəlxalq Humanitar Forumu kimi ənənəvi tədbirlə yanaşı, Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi tədbirlər də var idi.

 

Bakıda "Eurovision": bayram baş tutdu!

Azərbaycanda ilk dəfə təşkil olunmuş ən möhtəşəm beynəlxalq miqyaslı tədbir, əlbəttə ki, bu il Light your fire - "Öz məşəlini alovlandır!" şüarı ilə keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi oldu.

Rəsmi reytinq göstərir ki, "Eurovision-2012"ni əvvəlki 2-3 ildəkindən daha çox insan izləyib. "France Presse" agentliyi bununla bağlı yazırdı: "Eurovision-2012" mahnı müsabiqəsi neftlə zəngin Azərbaycanın paytaxtı olan Bakının məşhurlaşması üçün yaxşı imkan yaratdı. 100 milyondan artıq tamaşaçının izlədiyi müsabiqədə bu ölkə öz mədəni orijinallığını ən yüksək səviyyədə nümayiş etdirdi".

Agentlik "Azərbaycan paytaxtı Bakeının çox gözəl şəhər olmasına" xüsusi diqqət çəkirdi: "Kiminsə Bakının dəbə olan sevgisinə şübhəsi varsa, qoy o, geri çevrilsin və başı səmalara dəyən Flame Towers-ə baxsın. Bakı "Eurovision-2012" mahnı müsabiqəsinə əla hazırlaşmışdı".

Amerikanın "The Washington Post" qəzeti  isə Bakının zülmət içində olan sənaye şəhəri imicindən qurtulduğunu, özündə "Köhnə Dünya"nın İstanbul füsunkarlığı və Dubayın memarlıq nailiyyətlərini birləşdirən işgüzar həyatın fəal mərkəzinə çevrildiyini yazırdı.

Avropa sayca 57-ci müsabiqə olan "Eurovision-2012"nin qalibinin adını mayın 27-si gecə bildi. Bu adı yarışa "Euphoria" mahnısı ilə qatılmış 28 yaşlı mərakeş-bərbər əsilli isveçli müğənni Lorin qazandı. İkinci yeri Rusiyanı təmsil edən "Buranov nənələri", üçüncü pilləni isə Serbiya təmsilçisi Jelko Yoksimoviç tutdular.

"Eurovision-2012"nin yekununda Odlar Diyarı həm də müsabiqə tarixinin ən uğurlu debütantı statusunu qazandı. Azərbaycan bu müsabiqəyə ilk dəfə 2008-ci ildə qatılaraq 8-ci yeri tutub. O, yarışda iştirak etdiyi 5 ildə finalda bir dəfə də olsun "Top-10"dan aşağı düşməyib (son 4 ildə isə "Top-5"də təmsil olunub). Düsseldorfdakı unudulmaz qələbə isə hər kəsin yaddaşındadır. 5 ildə bu cür nəticəni müsabiqənin heç bir iştirakçısı göstərməyib.

Azərbaycan "Eurovision" müsabiqəsinə ev sahibliyi etmək hüququnu Ell & Nikki (Eldar Qasımov və Nigar Camal) duetinin 2011-ci ildə Düsseldorfda keçirilmiş yarışdakı möhtəşəm çıxışı sayəsində əldə etmişdi. Azərbaycanlı cütlüyün sevgi nağılına Avropa dərhal inanmışdı. Amma Ell&Nikki cütlüyünün qələbəsindən sonra heç də hamı postsovet məkanının yeni müstəqillik qazanmış ölkəsinin nüfuzlu turniri lazımi səviyyədə təşkil edə biləcəyinə əmin deyildi. Lakin çox məhdud zaman kəsiyində Azərbaycan son illər qazandığı etibarlı tərəfdaş və qonaqpərvər ev sahibi imicini bir daha əminliklə təsdiqlədi. Rekord dərəcədə qısa müddət ərzində Baku Crystal Hall konsert-idman kompleksinin inşası nəyə desən dəyərdi. Müsabiqənin təşkili, eyni şou və qonaqların qəbulu da öz yerində.

Baku Crystal Hall-ın divarları "Eurovision-2012"dən sonra özünə gəlməyə macal tapmamış, dünya şou-biznesinin ulduzları Cennifer Lopez və Şakiranın konsertlərinə hazırlıq başlandı. Onların konserti payıza - Azərbaycanda FIFA-nın qızlar arasında Avrasiyada təşkil etdiyi ilk  U-17 çempionatının keçiriləcəyi vaxta təyin olunmuşdu.

 

Futbol üzrə birinci, lakin sonuncu olmayan Dünya çempionatı

Bu, Azərbaycanın ev sahibliyi etdiyi ilk nəhəng futbol turniri idi. O, sayca üçüncü dəfə keçirilirdi. 17 yaşadək olan qızlar arasında Dünya çempionatının Bakıda keçirilməsi haqda qərar FIFA İcraiyyə Komitəsində hələ 2010-cu ilin martında qəbul olunmuşdu.

"Qızlar arasında U-17 dünya çempionatı Azərbaycanda yüksək səviyyədə, nəqliyyat, rabitə və idman infrastrukturu dünya standartlarına tam uyğun təşkil olunmuşdu", - deyə Dünya çempionatının Təşkilat Komitəsinin üzvü Anastasiya Siklas turnirin bağlanış mərasimi  ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin çempionatın açılış mərasimində iştirakının dövlətin Azərbaycanda idmanın inkişafına göstərdiyi qayğının bariz nümunəsi olduğunu söyləyib.

Çempionatın təşkilinə görə Azərbaycan rəhbərliyinə FIFA prezidenti  Yozef Blatter də minnətdarlıq edib. O bildirib ki, indi Azərbaycan digər nüfuzlu futbol turnirlərinə də ev sahibliyi etməyə hazırdır. Blatter dünya birinciliyinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə iştirak edib. Turniri UEFA prezidenti Mişel Platini bağlayıb.

Gənclər arasında Dünya çempionatının açılışı 125 ölkədə canlı yayımlanıb. Şouya məşhur "Cirque du Soleil" sirkinin məhz bu mərasim üçün hazırladığı xüsusi proqram və əlbəttə ki, Bakı arenasında dünya səviyyəli pop ulduz Cennifer Lopezin çoxdan gözlənilən çıxışı xüsusi rəng qatıb. Çempionata ondan heç də az məşhur olmayan Şakiranın konserti ilə yekun vurulub.

Artıq 2016-cı ildə 17 yaşadək gənclər arasında Avropa çempionatının da Azərbaycanda keçiriləcəyi bəllidir. Amma onadək 2015-ci ildə Bakı ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bu haqda qərar dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının Romada keçirilmiş toplantısında qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev bunu "tarixi qərar" və "Olimpiya hərəkatında dönüş nöqtəsi" adlandırıb.

2020-ci ildə isə Azərbaycan Gürcüstanla birlikdə artıq futbol üzrə "yaşlı" Avropa çempionatına ev sahibliyi etmək niyyətindədir. UEFA Bakı ilə Tiflisin bu təklifini qəbul etməsə, Azərbaycan 2026-cı ildə keçiriləcək Dünya çempionatına Türkiyə ilə birlikdə ev sahibliyi etmək təklifini irəli sürəcək.

 

Krans Montana Forumu 

Mədəniyyətlərarası Dialoqun mərkəzində

"Eurovision" mahnı müsabiqəsi və qızlar arasında futbol üzrə Dünya çempionatı 2012-ci ildə Bakıda ilk dəfə keçirilmiş yeganə nəhəng beynəlxalq tədbir deyil. Onların sırasında müasir dünyanın nadir memarlıq qurğularından olan Heydər Əliyev Mərkəzində ilk dəfə təşkil olunmuş böyük beynəlxalq tədbir - Krans Montana Forumu da var. Orijinal xarici görünüşü olan çoxfunksiyalı bina dünyaca məşhur memar Zaha Hadid tərəfindən layihələndirilib. Bina möhtəşəmliyi və nəfisliyi  ilə qonaqları valeh edib, onların Azərbaycan paytaxtında şahidlik etdikləri inkişafla bağlı fikirlərini daha da möhkəmləndirib. Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi şahzadə Füceyra Şeyx Məhəmməd bin Hamad bin Məhəmməd əl Şarki jurnalımıza müsahibəsində Bakının onu öz gözəlliyi və inkişafı ilə təəccübləndirdiyini demişdi. Paytaxta heyranlıqlarını digər qonaqlar da gizlətmirdilər.

Sayca 23-cü Krans Montana Forumunun əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Mədəniyyətlərarası Dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılmas idi. Bu da təsadüfi deyildi.

Mədəniyyətlər arasında dialoq təşəbbüsü ilə çıxış edən Azərbaycan debatlar və müzakirələrlə kifayətlənmir, müxtəlif mədəniyyətlərə aid tarixi irsin bərpası və qorunması üçün ayrı-ayrı layihələr həyata keçirir. Məsələn, iyunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Müqəddəs taxt-tac  arasında "Roma katakombalarının bərpası haqqında" razılaşma imzalanıb. Sənədi Romada Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can-Franko Ravazi imzalayıblar. Kardinal Ravazi bu sənədin imzalanmasını dinlər və mədəniyyətlər arasında dialoqun parlaq nümunəsi adlandırıb.

Krans Montana Forumunun Bakı toplantısında Azərbaycan, Gür-cüstan, keçmiş Yuqoslaviya respublikaları olan Makedoniya və Montoneqro prezidentləri, müxtəlif ölkələri təmsil edən ictimai xadimlər, parlamentarilər, ziyalılar və biznes adamları da iştirak ediblər.

 

Regionun lideri

Dünyanın hökumət və biznes dairələrinin diqqəti bir də Bakıya burada - VII İnternet idarəçilik Forumu IGF-2012 keçirilən zaman yönəldi. Tədbir BMT və Azərbaycan hökuməti tərəfindən birgə təşkil olunmuşdu. Yeri gəlmişkən, bu da Azərbaycanda ilk dəfə keçirilən tədbirlərdən idi.

Azərbaycan hökumətinin təşəbbüsü   və BMT-nin dəstəyi  ilə təşkil olunmuş foruma 1500-dən artıq insan qatılmışdı. Onların arasında hökumət nümayəndələri, aparıcı beynəlxalq qurumların təmsilçiləri (BMT və ITU kimi), dünyanın 100-dən artıq ölkəsindən olan vətəndaş cəmiyyəti, internet ictimaiyyəti və özəl şirkət nümayəndələri var idi.

Forumun əsas mövzuları davamlı insan, iqtisadi və sosial inkişaf üçün İnternetin idarə olunması, həmçinin İnternetin dövlət tənzimlənməsi mövzusunda beynəlxalq və milli strukturlar, özəl sektor və vətəndaş cəmiyyəti arasında dialoqun aparılması idi.

Azərbaycan yuxarıda qeyd olunan bütün mövqelər, ilk növbədə, tənzimləmənin şəffaflığı, internet resurslarına çıxışın sadəliyi və əhatə dairəsinin genişliyi üzrə yaxşı nəticələr nümayiş etdirib. Bu gün Azərbaycanda İnternet-radio və televiziya, elektron qəzet və jurnallar, xarici və yerli sosial şəbəkələr geniş yayılıb, minlərlə blogger Azərbaycanın İnternet məkanında sərbəst fəaliyyət göstərir. Ölkə əhalisinin 65%-i İnternetə daimi çıxışa malikdir. Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi miqyaslı işlər Qlobal Forum iştirakçıları tərəfindən də yüksək qiymətləndirilib. Forumda çıxış edən ITU baş katibi Hamadun Ture planetdə yaşayan bütün insanların keyfiyyətli və ucuz İnternetə çıxış əldə edə bilməsi üçün hər kəsi birgə işləməyə çağırıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan artıq uzun illərdir, postsovet məkanında informasiya-kommunikasiya sektorunun inkişafına görə ilk yerlərdən birini tutur. Ötən onillikdə dövlətin bu sahədə xidmətdən əldə etdiyi ümumi gəlir 100 dəfə artaraq ilk hesablamalara görə, 1,5 milyard dolları ötüb.

Yaxın 10 ildə Azərbaycan hökuməti müxtəlif  İKT layihələrinə 3,5 milyard dollar investisiya qoymaq niyyətindədir.

Bu gün Beynəlxalq Telekommunikasiya İttifaqı Azərbaycanın, əhalinin daha çox hissəsinin mobil rabitə və İnternetlə təmini sahəsində yüksək templərlə irəliləyən ilk 10 ölkə sırasına daxil edilməsini mümkün sayır. Beləliklə, bu gün Azərbaycan BMT-nin 2003-cü ildə şəbəkə hazırlığına dair irəli sürdüyü tələblərə, müəyyən mənada, cavab verən ölkə kimi,  öncül dövlətlərin sırasına daxil oluna bilər.

 

Əsas problem

Azərbaycanın hələ ki, aşa bilmədiyi yeganə problem Dağlıq Qarabağ münaqişəsinin çözülməz olaraq qalmasıdır. Bu problem yenə də Azərbaycanda ilk dəfə təşkil olunmuş Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasının bəyannaməsində də öz əksini tapıb.

Baş Assambleyanın işində, Ermənistan da daxil olmaqla, 35 ölkədən təxminən 200 nümayəndə iştirak edib. Amma bu dəfə də Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş dövlətin nümayəndəsi konstruktivliyilə fərqlənməyib. Üstəlik "İrs" partiyasının lideri, Ermənistanın sabiq xarici işlər naziri Raffi Ovannisyan forum iştirakçılarının yadında yekun bəyannamənin qəbulu zamanı saldığı qalmaqalla qalıb. Ermənistanın sabiq XİN başçısını sənəddə ICAPP tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, BMT TŞ-nin Ermənistanın işğalı altında olan ərazilərlə bağlı qəbul etdiyi qətnamələrə dəstək verməsi narazı salmışdı.

Sənədin qəbuluna etiraz edən Ovannisyan tribunaya çıxaraq iradlar səsləndirməyə başlayıb. Buna cavab olaraq iclası aparanlar əllərini masaya vuraraq onun "çıxışını" yarımçıq kəsib və bununla da Ovannisyana etirazının əsassız olduğunu nümayiş etdiriblər. R.Ovannisyan ICAPP bəyannaməsinin obyektivliyinə kölgə salmaq cəhdi  ilə yanaşı, "erməni torpaqlarının böyük hissəsi Türkiyə və Azərbaycanın işğalı altındadır" və ya "Ermənistan-Azərbaycan münaqişəsinin səbəbi Azərbaycanın Qarabağ sakinlərinə qarşı təcavüzüdür" kimi təxribatçı bəyanatlarla da yadda qalıb. Amma hətta bu bəyanatlarına rəğmən, erməni nümayəndənin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunub.

Qeyd edək ki,  Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 2013-cü ilin ilk yarısına planlaşdırdığı gənclər forumunu da Bakıda keçirmək qərarına gəlib.

 

Və sonda

2012-ci ilin yekunlarına nəzər salarkən yalnız Azərbaycanda keçirilmiş bir neçə beynəlxalq tədbirin üzərində dayandıq. Onların hamısı burada ilk dəfə keçirilirdi və bu, Azərbaycanın beynəlxalq arenada artan rolunun daha bir göstəricisidir. Amma Azərbaycanda keçirilən tədbirlərin coğrafi ərazisi də genişlənir. Bundan başqa, Azərbaycan ildən-ilə sivilizasiyalararası dialoqun mərkəzi, idman ölkəsi, qlobal gündəmdə olan ən müxtəlif məsələlərin müzakirəsi üçün əlverişli məkan statusunu daha da möhkəmləndirir.

Digər yandan, bu tədbirlər qonaqların yaddaşında Azərbaycanla bağlı böyük xatirələr qoyur. Turistlərin etiraf etdiyi kimi, Azərbaycan onları gözəlliyi və nəfisliyilə valeh edir. Paytaxt Bakını çox tez-tez dünyanın digər möhtəşəm şəhərlərilə müqayisə edirlər, bəziləri onu "Şərqin Parisi", digərləri Neapol, bir başqaları isə Xəzər sahilindəki Genuya adlandırır.

Bakı təzadlar şəhəridir. Burada Şərqlə Qərb kəsişir. Qədim abidələr - Qobustan qayası üzərindəki şəkillər, İçəri Şəhərin qala divarları, Qız Qalası, məscid minarələri və Qərb memarlığının digər nümunələri müasir göydələnlərlə, dəbdəbəli fəvvarələrin quraşdırıldığı meydanlar və parklarla çox uğurlu ahəng təşkil edir. Azərbaycanın qədim tarixi və müasir inkişafını bundan yaxşı təqdim etmək olmaz.

Amma yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Xalq arasındakı bir deyim də heç də əbəs yerə meydana gəlməyib: "Bakıya bir dəfə gəlirlər ki, sonradan bura dəfələrlə qayıtsınlar".



MƏSLƏHƏT GÖR:

634