26 Dekabr 2024

Cümə axşamı, 17:04

ƏLAHƏZRƏT FUTBOL!

Braziliyada 32 komanda yaxın 4 il üçün dünyanın ən yaxşı millisi adı uğrunda mübarizəyə qoşulacaq

Müəllif:

10.06.2014

Dünya ilin ən böyük idman hadisəsinin başlanmasını gözləyir. Bir neçə saatdan sonra Braziliyada keçiriləcək futbol üzrə XX Dünya Çempionatına start veriləcək. Bir ay ərzində bütün dünya ölkələri 32 komandanın iştirak etdiyi mundialdan danışacaq. Futbol idmanın şahı olduğu üçün bu idman növündə Dünya Çempionatı da adi turnir sayılmır. Tarixdə Dünya Çempionatına görə ölkələr arasında narazılıqların yarandığı və ya əksinə sülhün imzalandığı faktlar olub. 

Yaxın keçmişdə FİFA-nın Dünya Çempionatını keçirməyi Braziliyaya həvalə etməsi yerli əhalinin sevincinə səbəb olmuşdu. Lakin indi turnirin startı yaxınlaşdıqca, braziliyalıların narazılığı çoxalır. Ümumiyyətlə, bəzi veteran futbolçular mundialın Pelenin Vətənində keçirilməsini yanlış qərar sayır. Səbəblər çoxdur. Yüksək standartlara cavab verməyən stadionlar, cinayətkarlığın artması, braziliyalıların yarışı istəməməsi, hazırlıq işlərinin sürətlə getməməsi buna misal ola bilər. Təsəvvür edin ki, Dünya Çempionatının açılış matçının keçiriləcəyi stadion turnirin başlanmasından  36 saat əvvəl hazır olub. 

Braziliya Dünya Çempionatı tarixində ikinci dəfə mundiala ev sahibliyi edəcək. İkinci Dünya müharibəsinə görə 1938-ci ildən 1950-ci ilə qədər dünya kubokunda fasilə yarandı. 1950-ci ildə isə çempionat Braziliyada keçirildi. 

Finalda Uruqvay Braziliyaya 2-1 hesabıyla qalib gələrək çempion oldu. 64 il sonra Braziliya yenidən mundiala ev sahibliyi edir və dünya yenə əvvəlki çempionatlar kimi rahat deyil. Hamıya məlumdur ki, hazırda Braziliyada futbol ab-havası hökm sürmür. Hər gün nümayişlərin, etirazların baş tutması dünya ölkələrinu də narahat edir. Bununla belə Braziliyadakı vəziyyət milyardlarla tamaşaçını ekran qarşısına yığacaq futbol bayramının həyəcanını azaltmır. Sadəcə olaraq turnirin favoriti Braziliya millisinə təzyiq artır. Beşqat dünya çempionları altıcı titulu qazanmaqla mundialın Vətəndə keçirildiyinin lazım olduğunu sübut edə bilər. Uğursuzluq olacağı təqdirdə isə fəhlələrin etirazına azarkeşlərin də qoşulmaq ehtimalı var. 

 

A qrupu

Braziliya, Xorvatiya, Meksika və Kamerun

Qrupunun aşkar favoriti mundialın sahibləridir. Statistikaya görə, 1978-ci il Dünya Çempionatından indiyə qədər Braziliya millisi nəinki qrupdan çıxıb, hamısında qrup qalib olub. Amma onun indiki rəqiblərini də siyahıdan silmək olmaz. Məsələn, Braziliya yığması Kameruna  2003-il  Konfederasiyalar kubokunun qrup mərhələsində məğlub olub. Elə Meksika da dəfələrlə beşqat dünya çempionlarına qalib gələ bilib, o cümlədən də 2012-ci ilin iyununda ABŞ-da keçirilən yoldaşlıq görüşündə. Əvvəlki 14 mundial ərzində ən yaxşı halda 1/4 finala qədər irəliləyən meksikalılar istənilən çempionatın bəzəyi hesab oluna bilərlər. Meksikalılar Braziliya millisinə bənzəmək istəsələr də, heç vaxt məhz ulduz  futbolçusunun olmaması səbəbindən irəli gedə bilməyiblər. Pley-offa çıxmağa  daha bir iddialı  Xorvatiya millisidir.  Rəylərə görə, xorvatların qrupda 2-ci yeri tutmaq şansı daha yüksəkdir. Afrikanın mundilada beş təmsilçisindən biri olan Kamerun sürpriz etmək imkanına malikdir. Dünya Çempionatının iştirakçıları arasında FİFA reytinqində ən zəif komanda da Kamerundur. 6 mundialda iştirak edən Kamerun millisi yalnız 1990-cı ildə qrup mərhələsini adlamağa nail olub. 1/4 final mərhələsində isə afrikalıların qarşısını İngiltərə millisi kəsib.

 

B qrupu

İspaniya, Hollandiya, Çili və Avstraliya 

İspaniya son dünya çempionu, FİFA-nın reytinqində lider olan komandadır. İspanlar statuslarına görə, qrup mərhələsini qalib kimi tamamlamağa məcburdurlar. Kifayət qədər ulduz oyunçuların toplandığı "Furiya Roxa"nın  ("Qırmızı Qəzəb" - İspaniya  komandasının ləqəbi) heyətlə bağlı problemləri var. İlk növbədə hücum xəttində liderin olmaması İspaniya millisinə çətin vəziyyətə sala bilər. Fernando Torres ("Çelsi") və David Vilya ("Atletiko") son illər zəif  çıxış edirlər. Komandanın əsas qapıçısı İker Kasilyas ("Real") da əvvəlki kimi inamlı görünmür. Braziliyada keçiriləcək mundial komandanın bəzi aparıcı üzvləri üçün sonuncu böyük turnir olacaq. Söhbət Xavi, Puyol, Vilya və Alonsodan gedir. Bu siyahıya ehtimal olaraq Kasilyasla Torresin də adını əlavə etmək olar. Doqquz dəfə Dünya Çempionatının həyəcanını yaşayan Hollandiya millisi "bəxtsiz komanda" hesab olunur. İştirak etdiyi çempionatlarda adətən, stabil oyun nümayiş etdirən "holland zanbağı" sonluğu gətirə bilmir. Üç dəfə mundialın finalınadək irəliləyən hollandlar hər üç görüşdə uğursuzluğa düçar olub. 

 

C qrupu

Kolumbiya, Yunanıstan, Fil Dişi Sahili və Yaponiya

Məlumatlara görə, Kolumbiya mafiyası artıq milli komandanın oyunçularına xəbərdarlıq göndərib. Onlar bildirib ki, Kolumbiya dünya kubokunda layiqli çıxış etməlidir. Əks halda futbolçular cəzalana bilər. Bu xəbərdarlığı ciddiyə almaq üçün səbəb var. 1994-cü ildə keçirilən çempionatda ABŞ-la görüşdə bütün çempionat müddəti çox yaxşı oyun nümayiş etdirən Andres Eskobar talesiz bir avtoqola imza atdı. Turnirdən bir neçə gün sonra Eskobar küçədə odlu silahla öldürüldü. Sonrakı illərdə də mafiya bir neçə futbolçunun qanını bu kimi səbəblərdə töküb. Ona görə də bir qayda olaraq əcnəbi məşqçilər Kolumbiya millisində işləmək istəmir. Komandanı həmişə yerli mütəxəssis idarə edib. Yunanıstan millisi Dünya Çempionatında üçüncü dəfə gücünü sınayacaq.  1994-cü ildə ABŞ-da, 2010-cu ildə CAR-da keçirilən mundialda yunanlar ciddi nəticə göstərə bilməyib. Fil Dişi Sahili yığması "Qalatasaray"ın keçmiş futbolçusu Didye Droqba ilə tanınır. Bu ölkə də üçüncü dəfədir ki, mundiala qatılır. 2006 və 2010-cu illərdə mübarizəni elə qrup mərhələsində dayandırıb. Yaponiya artıq son dörd mundiala ardıcıl olaraq qatılır. Dördqat Asiya çempionu olan Yaponiya millisindən sürpriz gözləmək mümkündür. Çempionluğa iddialı sayılmasa da, komanda mümkün qədər irəli getməyə çalışacaq. 

 

D qrupu

İtaliya, İngiltərə, Uruqvay və Kosta-Rika 

İtaliya və İngiltərə ümumilikdə yarışın favoritləri sırasındadır. 

Dörd dəfə Dunya Kubokuna sahib çıxan "Skuadra Adzura" ("Mavi Komanda" İtaliya) bu göstəricidə braziliyalara çatmaq istəyir. 

Statistikaya inananlar İngiltərənin çempion olacağını söyləyir. Çünki ingilislərin 1966-cı ildə ilk çempionluğu dönəmində əldə olunan nəticələr 2014-cü ildə də təkrarlanıb. Yəni, Madrid "Atletiko"su həmin il olduğu kimi yenə İspaniya çempionu oldu, "Real" Çempionlar Liqasında qalib gəldi, "Avroviziya" mahnı müsabiqəsində Avstriya təmsilçisi 1-ci yeri tutdu. Tarixin təkrarlanması üçün yalnız İngiltərənin Dünya Çempionatında qələbəsinə ehtiyac var. 

E qrupu

İsveçrə, Fransa, Ekvador və Honduras 

Avropanı təmsil edən millilərin pley-offda mübarizəni davam etdirəcəyi proqnozlaşdırılır. Tarixində bir dəfə 1998-ci il çempionatında dünya çempionu olan Fransa, sonuncu mundialda  hec qrupdan da cıxa bilməmişdi. Bu DÇ-də fransızlar azarkeşlərə o dəhşəti unutdurmaq istəyir. 

 

F qrupu

Argentina, Bosniya, İran və Nigeriya 

Qrupun favoriti Lionel Messinin oynadığı Argentina komandasıdır. Digər komandalar 2-ci vəsiqəni qazanmağa çalışacaq.

 

G qrupu

Portuqaliya, Almaniya, ABŞ və Qana 

Güclü heyətə malik Almaniya turnirin əsas favoritlərindəndir. Portuqaliya da finala qədər irəliləmək imkanına malikdir. Üçqat dünya çempionu Almaniya sonuncu titulunu 1990-cı ildə qazanıb. Son üç birincilikdə isə mükafatçılar sırasında olub - 2002-ci ildə ikinci yer, 2006 və 2010-cu illərdə - üçüncü yer. 

ABŞ və Qananın perspektivi uzaq görünmür. 

 

H qrupu

Rusiya, Belçika, Əlcəzair və Cənubi Koreya 

Fabio Kapellonun rəhbərlik etdiyi Rusiya pley-offa çıxmaq şansına malikdir. Bu məsələdə ruslara Belçika və Cənubi Koreya problem yarada bilər. Istənilən halda gələcəyin dünya çempionu bu qrupdan olmayacaq. Qeyd edək ki, soydaşımız Aleksandr Səmədov Rusiyanın heyətində Dünya Çempionatında iştirak edəcək azərbaycanlı kimi tarixə düşəcək. 

Müxtəlif səbəbdən azarkeşlər futbol bayramında bir sıra ulduz oyunçuları görə bilməyəcək. Rikardo Montolivo, Xesus Navas, Rafael van der Vart, Fernando Lorente, Alvaro Neqredo, Falkao, Samir Nasri, Karlos Teves, İsko,  Mario Qomes, Eşli Koul, Françesko Totti, Kaka, Frank Riberi və digərləri zədə və məşqçilərin qərarına görə mundialda olmayacaq. 

Braziliyada başlanacaq futbol üzrə Dünya Çempionatının ən yaşlı və ən gənc komandası müəyyənləşib. Argentina millisinin oyunçularının orta yaş həddi bütün komandalardan yüskəkdir - 28 yaş. Ən gənc komandası isə Qana millisidir. Afrika təmsilçisinin futbolçularının orta yaş həddi 25 yaş təşkil edir.

Azərbaycan azarkeşləri Dünya Çempionatında yuxuyla mübarizə aparacaq. Braziliya ilə saat fərqinin çox olması səbəbindən bəzi oyunlar səhər saat 3-4 radələrində başlayacaq. Digər oyunlar əsl azarkeşlərə bayram yaşadacaq.

Futbol bayramınız mübarək!

 

 

DÜNYA ÇEMPİONATLARININ STATİSTİKASI

İndiyədək keçirilən 19 dünya çempionatını cəmi 8 milli qazanıb. 5 dəfə Braziliya, 4 dəfə İtaliya, 3 dəfə Almaniya; hərəyə iki dəfə - Uruqvay və Argentina və hərəyə bir dəfə - İngiltərə, Fransa və İspaniya milliləri Dünya Kubokunu başı üzərinə  qaldırıb. 

 

"BRAZUKA" TOPU

Dünya Çempionatının rəsmi topu "Brazuka" "Adidas" şirkəti tərəfindən təqdim olunub. Pakistanın Sialkot şəhərindəki "Forvard Sport" fabrikində bu topları qadınlar hazırlayır.160 dollara satılan Dünya Çempionatının toplarını düzəldən işçilər isə ayda 100 dollar maaş alır. Fabrikdə saatda 100 top hazırlamaq mümkündür.

 

YENİ ORAKUL

Çinlilər proqnoz vermək üçün pandalardan istifadə edəcək. 2010-cu il CAR-da keçirilən Dünya Çempionatında oyunların nəticələrini düzgün tapan Paul ləqəbli ilbizin çinliləri yanıltmaması onları yenidən bu işə vadar edib. Çinin Siçuan əyalətindəki zooparkdan seçiləcək pandalara qələbə, bərabərlik və məğlubiyyəti təmsil edəcək 3 qab yemək veriləcək və onlardan birini seçməsi istəniləcək. Braziliyadakı mundialda yarımfinal, final kimi həlledici mərhələrdə isə pandalardan komandaların bayraqlarıyla bəzənmiş ağaclardan birinə çıxmaq tələb olunacaq.

 

FUTBOLÇULARIN İSTƏKLƏRİ

Portuqaliya: Futbolçuların qalacağı otelin hər bir otağında  "Playstation" oyun aparatı olmalıdır. Bundan başqa, futbolçuların qaldığı otelin mərtəbəsində təhlükəsizliyi  24 saat qorumaq üçün altı mühafizəçi tələb edilib. Bu mühafizəçilərdən ikisi komandanın lideri Kriştiano Ronaldonu qoruyacaq.

Fransa: Otaqlarda iki fərqli duru sabununun olması istənilib. Sabunların biri ilə oyunçular əllərini yuyacaq, digərindən isə duşda istifadə edəcək. Fransa Futbol Federasiyası, həmçinin futbolçuların qalacağı bütün otaqların eyni rəngdə olmasını istəyib.

Uruqvay: Yeganə istəkləri otel otaqlarında səssiz işləyən havalandırma sisteminin olmasıdır.

Əlcəzair: Futbolçuların qaldığı hər otaqda "Qurani-Kərim" olmalıdır.

Ekvador: Ölkənin futbol federasiyası futbolçuların dincəlməsi üçün xüsusi otaq tələb etməklə yanaşı, oyunçuların otaqlarında hər gün Ekvadordan gətirilən bananlardan ibarət səbətin yer almasını istəyib.

İngiltərə: Yalnız onlara xidmət edəcək üç fərqli restoran istəyib. Başqa tələb içində üç televizor olmaqla xüsusi videooyun otağının hazırlanmasıdır. Hovuz, idman salonu və otaqların balkonunun olması da istəklər sırasında yer alıb.

Honduras: Otaqların ikisi Honduras və  6-sı İspaniya kanalını göstərən televizorlarla təmin olunması istənilib.

Yaponiya: Yeganə istək hər otaqda cakuzinin olmasıdır.

Avstraliya: Oyunçuların otaqlarında iki ədəd böyük qəhvə hazırlayan aparatın olmalıdır.  Dünyanın ən məşhur qəzetləri hər gün otaqlara gətirilməlidir. Bundan başqa, onlar üçün Braziliyada kəsilən təzə ət, balıq və toyuqdan yeməyin hazırlanması istənilib. Yeməklər buxarda bişirilməlidir.

Bosniya və Herseqovina: Oyunçular və məşqçilərin danışıqlarının bir-birinə qarışmaması üçün restoranın akustikası yaxşı olmalıdır.



MƏSLƏHƏT GÖR:

714