Müəllif: Samirə KAZIMOVA Bakı
Bu laboratoriyada Azərbaycanın musiqi alətləri dünyaya gəlir. Onların hər biri canlıdır. Hər birinin adı və ruhu var. İnsanlar onlara bu ruha səs vermək üçün lazımdır. Musiqi alətlərinin necə yarandığı, necə bərpa olunduğu və təkmilləşdirildiyi haqqında "R+"a Azərbaycan milli musiqi alətlərinin təkmilləşdirilməsi üzrə elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli MƏMMƏDOV danışıb.
- Milli musiqi alətlərimizin hazırlanması ilə nə vaxtdan məşğul olursunuz? Bu, ailədən gələn işdir, yoxsa sənəti özünüz seçmisiniz?
- Mən Salyanda doğulmuşam. Ailəmizdə musiqiçi olmayıb, lakin evimizdə hər zaman milli musiqi səslənib. 10 yaşım olarkən müstəqil şəkildə tarda, sazda və gitarada ifa etməyi öyrənmişəm. Tanış musiqiləri asanlıqla qavrayır və doğmalarımın, dostlarımın qarşısında ifa edirdim. Orta məktəbi bitirdikdən sonra, Bakıya yollandım və Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil oldum. Gündüzlər işləyir, axşamlar oxuyurdum. Azərbaycan SSR Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda işləmiş, sonradan Yanacaq Komitəsinə keçmişəm. Gəncliyimdə çox fəal olmuşam, komsomol təşkilatının sədri idim. Ali məktəblərin müxtəlif tələbə ansambllarında çıxış edirdim. O zaman Politexnik İnstitutunun ansamblı var idi və ona Nəriman Əzimov rəhbərlik edirdi. Mən gitara çalırdım, sonradan məşhur müğənniyə çevrilən, Azərbaycanın əməkdar artisti adını alan Cavanşir Məmmədov isə qarmonda ifa edirdi. Konsertlər verir, işləməklə yanaşı, musiqi ilə də məşğul olurduq. Planlarımız çox idi. Təəssüf ki, onları həyata keçirə bilmədik. 90-cı illərin əvvəllərindəki məlum hadisələr və SSRİ-nin dağılması mənim karyeramı da məhv etdi. Sənəti atmalı oldum. Ailəmi dolandıra bilmək üçün biznes qurmaq qərarına gəldim. Kiçik bir obyekti icarəyə götürdüm, orada köhnə musiqi alətlərini təmir etməyə, yenilərini hazırlamağa başladım. O vaxtdan hobbim peşəmə çevrildi. Kiçik yaşlarımda tarda ifa edərkən bu aləti öyrənmişdim - onu necə hazırlayırlar, quruluşu nədən ibarətdir, səsin təmiz, dərin olması üçün nə etmək gərəkdir və s. Bu biliklərim sonralar işimə çox yaradı. Amma fəaliyyət sahəmi genişləndirmək, vətənim üçün çalışmaq istəyirdim. Dəstək üçün Heydər Əliyev Fonduna müraciət edim və Fond öz növbəsində, Mədəniyyət Nazirliyinə mənə köməklik göstərilməsi üçün müraciət etdi. Nazirlik işləməyim üçün bütün şəraiti yaratdı və buna görə onlara minnətdaram. Beləliklə, ümummilli lider Heydər Əliyev tərəfindən 14 il əvvəl yaradılmış və Azərbaycanın müstəqillik illərində fəaliyyətə başlamış ali təhsil ocaqlarından biri olan Azərbaycan Milli Konservatoriyasına gedib çıxdım. Təhsillə elmin bir araya gətirilməsi məqsədilə Milli Konservatoriyada "Milli musiqinin tətbiqi" və "Milli musiqi alətlərinin öyrənilməsi" laboratoriyaları yaradıldı. Bu laboratoriyalarda əsas diqqət qədim xalq musiqi alətlərinin bərpasına, təkmilləşdirilməsinə və tədrisinə yönəldilir. Elmi-praktiki fəaliyyətdə ən ciddi istiqamətlərdən biri xalq musiqisi nümunələrinin toplanılması, tərtibatı, not yazısı və onların tədris prosesində istifadəsidir. Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kərimi tədris prosesinin ən yüksək səviyyədə təşkili üçün bütün şəraiti yaradıb. Onun dəstəyi və iştirakı sayəsində laboratoriyamız qədim xalq musiqi alətlərinin bərpası, təkmilləşdirilməsi, istifadəyə hazırlanması və tədrisi işində lazım olan xüsusi avadanlıqlarla, bütün lazımi materiallarla tam təmin olunub. Bu işdə bizə Heydər Əliyev Fondu, Mədəniyyət və Təhsil nazirlikləri də son dərəcə böyük dəstək və yardım göstərir. Qeyd edim ki, Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycan mədəniyyətinin inkişafında vacib rol oynayır, milli musiqimizi və muğamı geniş şəkildə təbliğ edir.
- İlk hazırladığınız alət hansı olub?
- Klassik gitara. Onu hələ də emalatxanamda saxlayıram.
- Tar üzərində işlərin mərhələləri haqqında danışın. Bu musiqi alətinin hazırlanmasında müəyyən sistem mövcuddurmu?
- Tarın çanağının hazırlanmasında bir qayda olaraq, tut ağacından istifadə olunur. Kəllə üçün qoz ağacı, aşıqlar üçün qoz və ya armud ağacı lazımdır. Tarın küpunü isə tut, ərik və ya qoz ağacından hazırlamaq olar. İç qol şam ağacından olur. Simlərin səsinin uzanmasına məhz o kömək edir. İranın "Şirazi tarı"nda bu, yoxdur. Mənim tarımın simlərinə barmaq toxundurduqda səs uzun müddət kəsilmir. Tarın açıq hissəsinə, yəni üzünə qaramalın (camış istisna olmaqla) ürəyinin pərdəsi çəkilir. Azərbaycan tarı müəyyən ölçülərdə kötüklərin oyulması yolu ilə hazırlanır. Həmin kötüyün içərisi oyulur, bayırdan isə müəyyən qalınlığa qədər yonulur və hamarlanır. Oyma zamanı seçilmiş ağac növünün hansı mövsümdə kəsildiyinə diqqət yetirmək lazımdır. Çanaq üçün nəzərdə tutulmuş ağac yanvar-fevral aylarında kəsilməlidir. Çünki həmin vaxt onun tərkibindəki qatran minimuma enir, bu isə çanağın quruyan zaman çatlamasının, deformasiyaya uğramasının qarşısını alır. Çanaq yonulduqdan sonra qaranlıq və qapalı yerdə 2-3 il müddətində təbii üsulla qurudulur və bu, xüsusi temperaturda həyata keçirilməlidir. Ağacdan kəsilmiş gövdə yarı bölünür, özəyi çıxarılır. Hissələrin üz tərəfi cilalanır. Bundan sonra onun üzərində hazırlanması nəzərdə tutulan alətin konturları cızılır, yarı bölünmüş hissənin hər birinin içərisi oyulur.
Tar üçün simlər metaldan, kaprondan və ya ipəkdən hazırlanır. Ən güclü və təmiz səs metal simlərdən çıxır. Amma ifa zamanı pərdəyə basılan barmaqlar üçün onlar daha sərtdir. Tarda müxtəlif qalınlıqda 11 metal sim olur. Qədim tarın 4-6 simi olub. XVIII əsrin sonlarında dahi tar ifaçısı, sonralar tarın atası adlandırılan Sadıqcan simlərin sayını 11-ə yüksəldib. Əvvəllər tarın ölçüsü də böyük olub və onu ifa zamanı diz üzərində tutublar. Sadıqcan onu kiçildib və nəticədə tarı sinəyə basaraq ifa etmək mümkün olub.
- Bildiyimizə görə, sizin emalatxananızda tamamilə yeni, qeyri-adi musiqi alətləri də "doğulur"...
- Bəli. Yeni, orijinal nəsə hazırlamağı sevirəm. Alətləri müasirləşdirməyə çalışdım və eletrotar hazırladım - onu elektrogitara ilə eyni prinsiplə hazırlamışam. Müasir musiqiçilər onu bəyəniblər. Laboratoriyada dünyaya gəlmiş yeni alətlər arasında 2 qollu gitara və 2 üzlü kamança da var. Onları eyni vaxtda 2 ahəngdə kökləmək olur və bu, ansambldakı ifaçıların sayını azaltmağa imkan verir. Bundan başqa, bizə məlum olan milli alətləri əsas götürərək, yeni musiqi alətləri də hazırlamışam. Onların istər xarici görünüşündə, istərsə də səsində dəyişikliklər var. Yeni alətlərin belə bir xüsusiyyəti var: simi vurduqda barmaqla çalınan digər alətlərdə olduğu kimi, səs uzun müddət kəsilmir. Buna texnikanın təkmilləşdirilməsi hesabına nail olmuşam. Buna xeyli vaxt gedib. Kolleksiyamda 17 adda qeyri-adi musiqi aləti də var. Onların hər birini patentləşdirmişəm. Müəlliflik hüququnun mənə məxsus oldluğunu təsdiqləyən sənədlərə də malikəm. "Qarabağ" kamanı, "Mən" udu, "Həsa" adlandırdığım ikikameralı musiqi aləti, "İrs" elektron musiqi aləti, "Sevgililər" adlı ikiqollu ud, "Azərbaycan" adlı qeyri-adi elektron bas-tar, "K+A", "Rəmiş", "Tac", "Zəng", "Ay-Ulduz" elektrokamanları, 6 simli, 2 kameralı kamança, bərpa edilmiş tar və kamança bunlara misaldır.
- "Rəmiş" adlı musiqi aləti məşhur gitara ustasının şərəfinə belə adlandırılıb? Maraqlıdır, Rəmiş müəllimin buna reaksiyası necə olub?
- Çox yaxşı və xoş. O, emalatxanama baş çəkərək həmin alətdə ifa da edib. Səsinə görə bu alət elektrogitaranı əvəzləyə bilər.
- Hansı məşhur musiqiçilər sizin hazırladığınız alətləri alıblar?
- Xalq artistləri Ramiz Quliyev, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Vaqif Əbdülqasımov, Milli Konservatoriyanın tələbələri, müxtəlif orkestr və ansambllardan olan xalq musiqiçiləri. Mənim əl işlərim Dövlət Musiqi Mədəniyyəti Muzeyində və Heydər Əliyev Fondunda saxlanılır.
- Ermənilər tarixi kütləvi şəkildə saxtalaşdıraraq, Azərbaycan musiqisini, musiqi alətlərimizi də öz adlarına çıxırlar. Bununla necə mübarizə aparmaq olar?
- Azərbaycan hər dəfə bu məsələni beynəlxalq səviyyədə qaldırmalı, lazımi sənədlərin qəbuluna nail olmalıdır. Gələcəkdə erməni oğurluğunun qarşısını almaq üçün bizim milli alətlərə hüququmuzu qanuniləşdirmək lazımdır. Obrazlı şəkildə ifadə etsək, onlara görə müəllif hüquqları əldə olunmalıdır. Vaxtilə Azərbaycan muğamının, tar ifaçılığının və aşıqlarının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi kimi.
- Hansı aləti hazırlamaq daha qəlizdir?
- Bu suala cavab vermək çətindir. İstənilən alətin hazırlanmasına çoxlu qüvvə, enerji və vaxt sərf olunur. Onların hər birini hazırlamaq çətin, amma eyni zamanda maraqlıdır. Gözəllik üçün ağacdan suvenir deyil, əsl peşəkar alət hazırlayıramsa, hansı mərhələdə onun istədiyim kimi alınmamasından asılı olmayaraq, işə yenidən başlayıram. Odur ki, bu, kifayət qədər uzun prosesdir. Hər bir alət öz ağacından hazırlanır. Məsələn, kamança və çanaq hissə qozdan, tar tutdan. Əcdadlarımızın etdikləri kimi. Milli alət elə səslənməlidir ki, ilk andaca insanın ruhuna xüsusi hisslər yayılsın. Bu, ana laylası kimidir. Uşaq olarkən sənin üçün layla sadəcə "ananın mahnısı"dır. Böyüdükdə isə həmin tanış səsi eşitdikdə qeyri-adi hisslər keçirirsən. Kökünə qayıtdığını anlayırsan. Bir dəfə Habil Əliyev kamançada ifa edərkən Böyük Vətən müharibəsində qardaşını itirmiş anam ağlamağa başladı. Çünki kamançanın səsi onu keçmişə, qardaşının sağ vaxtına, uşaqlığa qaytarmışdı. Bu musiqi bizim qanımızda, genimizdədir. Ona olan sevgimizi, xatirəmizi gələcək nəsillərə ötürməliyik. Mənim vəzifəm, missiyam məhz budur.
MƏSLƏHƏT GÖR: