25 Noyabr 2024

Bazar ertəsi, 00:49

SİYASƏTSİZ BİZNES

Azərbaycan Rusiya ilə əməkdaşlığı Aİİ-yə üzv olmadan inkişaf etdirmək niyyətindədir

Müəllif:

10.06.2014

Rusiya əlaqələrinin intensivləşdirilməsi baxımından özünəməxsus siqnal oldu. Bu, yalnız siyasi deyil, həm də iqtisadi sahəyə aiddir. Həmin səfərin üstündən 1 ildən də az vaxt keçir, amma biz artıq iki ölkənin dövlət strukturları, Azərbaycan və Rusiya şirkətləri, o cümlədən, iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələrin artdığının şahidiyik.

Ümumilikdə arxada qalan 4 ildə Azərbaycan və Rusiyanın işgüzar dairələrinin iştirakı ilə 23 tədbir keçirilib. Yalnız son 3 ayda 3 Azərbaycan-Rusiya biznes-forumu olub. 2014-cü ilin əvvəlindən indiyədək Ulyanovsk, Sverdlovsk, Kaluqa vilayətlərinin, Stavropolun, Moskva və Udmurtiyanın rəhbərliyi və həmin bölgələrdən olan sahibkarlar Azərbaycana səfərlər ediblər. Bundan başqa, iyunun sonunda Qəbələdə ənənəvi Azərbaycan-Rusiya regional forumu təşkil olunacaq. Onun çərçivəsində biznes-forum da keçiriləcək.

Ötən həftə isə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Azərbaycana səfər edib. Qeyd edək ki, bu, Rusiyanın iqtisadi inkişaf nazirinin Bakıya son 8 ildə ilk müstəqil səfəridir. Son dəfə Azərbaycana bu cür səfərə 2006-cı ilin oktyabrında Rusiyanın ozamankı iqtisadi inkişaf və ticarət naziri German Qref də gəlmişdi.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dediyinə görə, hazırda Azərbaycanda Rusiya kapitalına məxsus 570 şirkət fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatına qoyulmuş Rusiya investisiyasının həcmi 1,8 milyard dollardır. Azərbaycan şirkətlərinin Rusiya iqtisadiyyatına yatırdıqları birbaşa investisiyalar isə 1 milyard dollar təşkil edir.

A. Ulyukayev Azərbaycana səfəri zamanı Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bundan başqa, tərəflər "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında", Ümumrusiya Sərgi Mərkəzinin  ərazisində Azərbaycan Ticarət-Sərgi mərkəzinin yaradılması haqqında" hökumətlərarası razılaşmaların imzalanmasını da planlaşdırırlar. 

"İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması" razılaşmasının iyulda imzalanması nəzərdə tutulub.

Bakıda imzalanmış memoranduma əsasən, tərəflər təsərrüfat subyektlərinin dövlətlərin qanunvericiliyinə uyğun olaraq, qarşılıqlı anlaşma, hörmət və inam prinsipləri əsasında uzunmüddətli, hərtərəfli iqtisadi əlaqələrinin inkişafına yardım göstərməyi planlaşdırırlar. Bundan başqa, nazirliklər səlahiyyətləri çərçivəsində əlverişli şəraitin yaradılmasına da çalışacaqlar: dövlətlər arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması; sahibkarlıq və birbaşa istehsalat əlaqələri sahələrində əməkdaşlığın inkişafı; qarşılıqlı maraq doğuran digər sahələr...

Təsərrüfat subyektləri arasında ticarət əlaqələrinin təşviqi, ticarət və investisiya imkanlarının araşdırılması, qarşılıqlı maraq doğuran məsələlərə dair təcrübə mübadiləsinin aparılması üçün Azərbaycan və Rusiya tərəfi biznes-forumlar, sərgilər və yarmarkalar, işçi görüşlər, məsləhətləşmələr və danışıqlar aparmaq niyyətindədir.

Rusiya və Azərbaycan Rusiya Birbaşa İnvestisiyalar Fondu və Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə birgə investisiya fondu da yarada bilərlər. Bu, hər iki tərəfə faydalı olan layihələrin birgə maliyyələşdirilməsinə imkan açardı. "Aqrar sənaye kompleksi, qida sənayesi, logistika, nəqliyyat sistemləri kimi qarşılıqlı investisiyaların, ticarət dövriyyəsinin artmasını stimullaşdıran sahələrə investisiyaların yatırılması vacibdir", - deyə A.Ulyukayev bildirib.

İki ölkə arasında strateji hədəf 2016-cı ilədək qarşılıqlı ticarət dövriyyəsinin həcminin 4 milyard dollaradək artırılmasıdır. Rusiya statistikasına əsasən, ötən ilin yekunlarına görə, qarşılıqlı ticarət dövriyyəsi 3,6 milyard dollar təşkil edib. Bu, 2012-ci ilin göstəricisilə müqayisədə 5% çox deməkdir. Rusiyadan Azərbaycana ixrac da 2,9 milyard dollaradək (3,4%) artıb. Azərbaycandan Rusiyaya ixracda artım 636 milyon dollar (12,8%) olub. Göründüyü kimi, qarşıdakı 2 ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin daha 400 milyon dollar artırılması mövcud iqtisadi əlaqələr fonunda o qədər də çətin vəzifə deyil. Amma digər tərəfdən, bu məqsədə nail olmaq üçün yeni təmas nöqtələri tapılmalıdır.

Rusiyalı nazirin fikrincə, iki ölkə arasında ticarət əlaqələrinin inkişafını əngəlləyən əsas amillər logistik məhdudiyyətlər və hüquqi bazanın təkmil olmamasıdır. Bununla yanaşı, Rusiya və Azərbaycan iki ölkə ərazisində logistika mərkəzlərinin inşasını, avtomobil və dəmir yolu vasitəsilə tranzit daşımalarının inkişafını əməkdaşlıq üçün yeni istiqamətlər sayırlar.

İqtisadi-ticari əlaqələrin genişləndirilməsində ayrı-ayrı şirkətlərdən və Rusiyanın regionları ilə əməkdaşlıqdan çox şey asılı olacaq. Qeyd etmək lazımdır ki, Rusiya regionları Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırdır. Bu sahədə əsas istiqamətlər kənd təsərrüfatı, inşaat və sənayedə əməkdaşlıq, o cümlədən birgə müəssisələrin yaradılmasıdır.

Məsələn, Stavropol bölgəsi Azərbaycan şirkətləri ilə kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanılması və ilkin emalı üçün birgə müəssisələrin yaradılmasında maraqlıdır. Bölgə nümayəndələri 2014-cü ilin yazında Bakıya səfərləri zamanı 10 təkliflə çıxış etmişdilər. Təkliflər arasında sanatoriya-kurort kompleksinin birgə inşası, kənd təsərrüfatı məhsullarının idxal və ixracı, heyvandarlığın, turizmin inkişafı kimi məsələlər var idi. Azərbaycan isə öz növbəsində Stavropoldan 1 milyon ton buğda idxal etməyi, 15-20 min ton  taxıl və paxlalı bitki toxumları almağı planlaşdırır.

İyunda isə Ulyanovsk vilayətində yeni razılaşmanın imzalanması planlaşdırılır. Əməkdaşlıq prioritetləri arasında sənaye və innovasiyaların inkişafı, aqrar-sənaye kompleksi, digər xidmətlər və loqistika sahələri var. Bundan başqa, Azərbaycan maşınqayırma sahəsində Ulyanovskdan idxalın həyata keçirilməsində də maraqlıdır. Söhbət Ulyanovskda və Dimitrovqradda buraxılan avtomobillərdən, onların təchizatından gedir. Rusiya tərəfi regionlara Azərbaycanın iri inşaat şirkətlərinin gəlişində də maraqlıdır. Məqsəd bu yolla yaşayış mənzillərinin renovasiya proqramının reallaşdırılması, mehmanxanaların tikintisidir.

Udmurtiya Azərbaycana avtomobil istehsalı, aviakosmik sənaye, informasiya kommunikasiya texnologiyaları sahələrində birgə müəssisələrin yaradılmasını, müasir tikinti materiallarının istehsalını təklif edir. Udmurtiya Azərbaycan şirkətlərinin yeni istehsalat proseslərində, onun peşə sənayesi kompleksinin inkişafı sahəsində məhsul çeşidlərinin artırılmasında, aqrar sənaye kompleksinin müxtəlif sahələrinin inkişafında iştirak edəcəyinə də ümidlidir.

Dağıstanda fəaliyyət göstərən "Xəzər lay şüşələr zavodu" Azərbaycana ildə, təxminən, 100 min ton şüşə ixrac etməyi planlaşdırır. Zavod 2014-cü ilin martında Azərbaycanın şüşə sənayesi bazarının nəhəng oyunçuları olan "Glass House" və "Azer Glass" ilə niyyət protokolları imzalayıb.

Azərbaycanla Leninqrad vilayəti də əlaqələr qurmaq niyyətindədir. Vilayət təmsilçiləri 2014-cü ilin sonlarında Bakıya səfər etməyə hazırlaşırlar. Səfər çərçivəsində əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır. Gələcək əməkdaşlıqda ən cəlbedici sahə kənd təsərrüfatı məhsullarının tədarük və ümumilikdə aqrar sənaye kompleksinin inkişafı, turizm, mədəniyyət və təhsil sahələri ola bilər.

Azərbaycan şirkətləri öz növbələrində, Rusiya bazarlarını cəlbedici sayır. Məsələn, Azərbaycanın "Daimoni" şirkətinin istehsal etdiyi ayaqqabıların İnquşetiyaya ixracı planlaşdırılır. Bundan başqa, "Matanat-A" şirkəti Tatarıstandakı "Çistopol" sənaye parkı ərazisində quru inşaat materiallarının istehsalı ilə məşğul olacaq zavod tikməyi düşünür. "AAC" şirkəti isə İnquşetiyaya uşaq bağçalarının tikintisi üçün qaz-beton blokları ixrac etməyi nəzərdə tutub. Bunadək "Azersun Holding" artıq Krasnodar vilayətində fəaliyyətə başlayıb.

Əlaqələrin, o cümlədən, işgüzar əlaqələrin artırılması üçün Azərbaycan Rusiyanın regionları ilə birbaşa aviaəlaqələri genişləndirir. 2014-cü ilin mayından "Azərbaycan Hava Yolları" QSÇ (AZAL) Bakı-Moskva reysi ilə uçuşların sayını həftədə 4 dəfəyə yüksəldib, bundan başqa, Kazana, Nijnı Novqoroda, Rostova, Permə həftədə 2 dəfə olmaqla, yeni reyslər açılıb. İyunun 22-dən etibarən isə AZAL Gəncə-Mineralnıe Vodı-Gəncə, iyulun 4-dən Bakı-Krasnoyarsk-Bakı reysləri üzrə müntəzəm reyslər həyata keçirəcək.

A.Ulyukayevin səfəri zamanı, əlbəttə ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük dəvəti də alıb. Xatırladaq ki, yeni ittifaqın yaradılmasına dair müqavilə Rusiya, Qazaxıstan və Belarus prezidentləri tərəfindən mayın sonunda imzalanıb.

"Fikrimcə, Azərbaycanın bu razılaşmalarda iştirakı məntiqli və doğru olardı. Azərbaycan MDB-nin azad ticarət rejimindən istifadə edir. Bu mexanizm əla işləyir. Bu istiqamətdə irəliləmək lazımdır. Aİİ yalnız azad əmtəə bazarı deyil, həm də xidmətlər, investisiyalar bazarı, işçi qüvvə verir. Bu, biznesin, əməyin qorunmasıdır", - deyə rusiyalı nazir Bakıya səfəri zamanı bildirmişdi.

Onun fikrincə, Aİİ nəhəng iqtisadi üstünlükdür. Amma A.Ulyukayev məlum siyasi problemin mövcud olduğunu da xatırladıb.

Ş.Mustafayev isə Azərbaycan rəhbərliyinin mövqeyini bir daha ortaya qoyaraq, Bakının tərəfdaşları ilə münasibətlərini heç bir ittifaqa qoşulmadan inkişaf etdirmək niyyətində olduğunu söyləyib. "Azərbaycan müxtəlif ittifaqlara, o cümlədən Avrasiya İqtisadi İttifaqına qoşulmağı düşünmür. Çünki bu layihələr yalnız iqtisadi məqsəd daşımır və onlarda siyasi məqamlar da var", - deyə  Ş. Mustafayev qeyd edib.

Nazir Azərbaycanın Rusiya ilə ticarət rejimində problem olmadığını, iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün əlverişli şəraitin yaradıldığını söyləyib.

Eyni zamanda, rəsmi Bakı eyni mövqeyi bütün digər xarici iqtisadi tərəfdaşları ilə münasibətdə nümayiş etdirir. Bu, xüsusilə qonşu regionlara aiddir. Azərbaycanın özünü təmin etməsi və balanslaşdırılmış xarici siyasəti Bakıya, demək olar ki, beynəlxalq iqtisadi münasibətlərin bütün subyektləri ilə bərabərhüquqlu, qarşılıqlı səmərəli əməkdaşlığa əsaslanan praqmatik kurs yürütməyə imkan verir. Rusiya nümayəndə heyətinin ölkəyə son səfəri bunun daha bir təsdiqi sayıla bilər.



MƏSLƏHƏT GÖR:

638