
YENİ "D GÜNÜ"
Ukrayna, dünya liderlərinin Avropa görüşlərinin "menyusunda əsas punkt" olub
Müəllif: İrina XALTURİNA Bakı
2014-cü ilin əvvəli dünya siyasəti üçün gərginliyinə görə 70 il əvvəl - 1944-cü il iyunun 6-da tarixin ən nəhəng desant çıxarma əməliyyatından (156 min hərbçi, 196 min dənizçi, 7 min gəmi) - ittifaq qoşunlarının Normandiyaya çıxarıldığı dövrdən heç də geri qalmadı. "D günü" adı ilə tanınan "Overlord" əməliyyatının ilk hissəsi Qərb cəbhəsinin çoxdan gözlənilən açılışının başlanğıcı oldu. Nasist Almaniyasının ömrünün sonuna sayılı günlər qalırdı və nəhayət, onu eyni zamanda iki tərəfdən sıxmağa başlamışdılar.
Bizim dövrümüzdə "D günü" barışıq rəmzi kimi qeyd olunur. Yeri gəlmişkən, bu üzdən də həmin günlə əlaqədar keçirilən təntənəli mərasimlərdə həm antihitler koalisiyasının üzvləri, həm də Üçüncü Reyxin tərəfində vuruşanlar iştirak edib.
Amma 2014-cü ildə Avropada təşkil olunan bütün görüşlərin əsas motivi qəhrəman keçmişin xatırlanması yox, bugünün problemi, ilk növbədə, Ukraynadakı vəziyyət olub. Bu tarixə layiq olan birlik və kədərli sevinc atmosferi ilə ciddi beynəlxalq problemlər, ikinci "soyuq müharibə"nin, hətta Üçüncü Dünya müharibəsinin mümkünlüyü haqda fikirlər bir-birinə qarışıb. Vəziyyət gərgin və bir qədər sünidir - şərhçilər üçün prezidentlərin masa arxasında əyləşmə ardıcıllığına, qrup halında şəkil çəkdirən zaman kimin harada dayanmasınadək, hər şey, hər bir söz, hər bir jest vacibdir. Onlar bu vasitələrlə hadisələrin gələcək inkişafını qismən də olsa proqnozlaşdırmağa, istiqaməti təyin etməyə çalışırlar.
Əslində, Normandiyadakı əməliyyata iyunun 6-dan bir neçə gün əvvəl, daha dəqiqi, ayın 3-də Polşanın paytaxtı Varşavanın qədim hissəsində yerləşən Kral sarayına 40 xarici nümayəndə heyətinin rəhbəri toplaşarkən başlamışdı. Onlar buraya Lex Valensa adına "Həmrəylik" mükafatının təqdimatı münasibətilə təşkil edilmiş qəbula qatılmaq üçün üz tutmuşdular. Toplantıda Ağ Evin başçısı Barak Obama da iştirak edirdi. O, fürsətdən istifadə edərək, həmin anda Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonu "üzə çıxardı". Keçmiş "şokolad kralı" dünya elitasının əhatəsində kifayət qədər özünü itirmiş halda görünürdü. Ümumilikdə isə onun yeni rolunun öhdəsindən kifayət qədər uğurla gəldiyini söyləmək mümkündür.
Amerika lideri yeni həmkarını bacardığı qədər dəstəkləyir, onun simasında bütün ukraynalıları tərifləyir, onları "zorakılığı, korrupsiyanı rədd etdiklərinə, öz gələcəklərini müstəqil şəkildə müəyyənləşdirdiklərinə" görə öyürdü. Obama Poroşenkonun Ukrayna iqtisadiyyatının inkişafı yolları ilə bağlı düşüncələrinə heyran qaldığını da söyləyib.
Vaşinqton hələ ki, Kiyevə ciddi maddi dəstək vəd etmir. Bunun əvəzində o, ukraynalı hərbçilərə və polis əməkdaşlarına təlim keçməyə hazırdır. Ümumilikdə, Amerika prezidenti əmindir ki, NATO qoşunlarının Baltikyanı ölkələrdə və Polşada mövcudluğu Ukraynaya və Avro-Atlantik məkanla yaxınlaşmaq niyyətində olan digər dövlətlərə də dəstəkdir.
Deyəsən, Poroşenko Obamanın çox xoşuna gəlib. Hər halda, ABŞ prezidentinin həmkarını özü ilə Fransada keçirilən mərasimə aparmaq qərarına gəlməsi belə düşünməyə əsas verir. Məsələ ondadır ki, digər postsovet respublikaları mərasimə dəvət almayıblar - əvvəllər Yelisey sarayının təmsilçiləri yalnız Rusiyanın Sovet İttifaqının hüquqi varisi olduğunu bildirirdilər. Beləliklə, görünən odur ki, Qərb liderləri bu tədbirdən Poroşenko ilə Rusiya prezidenti Vladimir Putini "məcburən tanış etmək" üçün yararlanmaq fikrinə düşüblər. Rusiyaya qarşı yeni sanksiyalar hələ ki, qəbul olunmayıb. Amma cəza tədbirlərinin gündəlikdən çıxmadığını Moskvaya aydın şəkildə göstərirlər.
Qərb siyasətçiləri hesab edirlər ki, Rusiya Donbasdakı tərəfdarlarına silah, hərbi texnika və canlı qüvvə ilə dəstək olur. ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri Poroşenkodan Rusiyanın baş verənlərə aidiyyətini sübut edən dəlillər istəyib. Maraqlıdır ki, Kerrinin bu istəyi ilə, demək olar ki, eyni vaxtda Putin fransalı jurnalistlərə müsahibə verib və müsahibəsində deyib: "Danışmaq azdır. Sübut olmalıdır". "ABŞ dövlət katibinin BMT Təhlükəsizlik Şurasında hansısa yuyucu tozla dolu şüşəni əlində yelləyərək İraqın kütləvi qırğın silahına malik olduğunu necə sübut etdiyini görmüşük, bütün dünya görüb. Nəticədə ABŞ qoşunları İraqa girdi, Səddam Hüseyn asıldı, sonda isə məlum oldu ki, İraqın heç bir kütləvi qırğın silahı yox imiş", - deyə Putin Fransa KİV-in təmsilçiləri ilə söhbətində bildirib.
Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsi "Böyük yeddilik" sammitində də müzakirə olunub. Yeri gəlmişkən, xatırladaq ki, bu qurum cəmi bir neçə ay əvvələdək "Böyük səkkizlik" idi və onun növbəti toplantısının Soçidə keçirilməsi nəzərdə tutulurdu. Amma o, artıq "yeddilik" formatında Varşava görüşündən bir gün sonra Brüsseldə toplanıb. Rusiya Krım hadisələri və Ukraynanın cənub-şərqində yaşananlara görə, bu klubdan kənarlaşdırılıb.
Amma ABŞ, Kanada, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya və Avstraliya liderləri Putini Normandiya əməliyyatının başlanmasının 70-ci ildönümü ilə bağlı tədbirdən kənarda qoymaq istəməyiblər. Deyəsən, Qərb siyasətçiləri və KİV hələ də Putinə və onun simasında Rusiyaya yanaşma ilə bağlı yekun qərara gələ bilməyiblər. Əvvəlcə bildirildir ki, Rusiya prezidenti Fransada tam təcrid duruma salınacaq. Amma o, Parisə gələn kimi Fransa prezidenti Fransua Olland, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel və hətta ABŞ prezidenti Barak Obama ilə görüşlər keçirib. Putinin amerikalı həmkarı ilə söhbəti qeyri-formal olub və 10-15 dəqiqə davam edib. Kemeronla danışıqlar uzun çəksə də, görüş ənənəvi əl sıxma ilə başlamayıb. Putinin Ollandla görüşü isə kifayət qədər dostluq şəraitində baş tutub. Üstəlik, Kreml sahibi ilə görüşmək üçün Olland öz sağlamlığını müəyyən mənada riskə də atmalı olub - o, 2 dəfə şam etmək məcburiyyətində qalıb: Putinlə Yelisey sarayında, Obama ilə isə "sadə qaydada" adi restoranda. Bütün bunların isə bir səbəbi olub: Putinlə Obamanın nəzərdə tutulduğundan əvvəl qarşı-qarşıya gəlməməsi.
İki şam süfrəsindən hansının daha xoş olduğunu təxmin etmək mümkündür. Fransa prezidenti Obama ilə Transatlantik azad ticarət zonasının yaradılması, Fransanın BNP Paribas bankı ətrafındakı problem kimi kifayət qədər ağır mövzularda söhbət edib. Putinlə Ollandın görüşündə isə güman ki, Rusiyaya Mistral vertolyotdaşıyan gəmilərinin satışı müzakirə olunub. Yeri gəlmişkən, NATO həmin gəmilərin Rusiyaya qismət olmaması üçün onları Fransadan almağa hazırdır. Amma Parislə Moskva arasında bu haqda qüvvədə olan müqavilənin pozulması avtomatik olaraq Fransada yüzlərlə iş yerinin bağlanmasına, Parisə qarşı milyonluq sanksiyaların tətbiqinə yol açacaq. Görünən odur ki, Ollandı bu məsələdə heç Barak Obama da razılığa gətirə bilmir. Yeri gəlmişkən, Vaşinqton Moskvanın cəzalandırılmasının bir sıra digər ölkələrin iqtisadiyyatında da çətinliklər yaratdığını etiraf edib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisinin müavini Ben Rods bir sıra Avropa ölkələrinin Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlıq etdiklərini xatırladıb: Almaniya enerji sahəsində, Böyük Britaniya maliyyə, Fransa isə müdafiə sahəsində.
Deyəsən, Almaniya və Rusiya rəhbərləri arasında keçirilən görüş də maraqlı alınıb - axı Poroşenko ilə Putin arasında keçirilən 15 dəqiqəlik görüşün moderatoru rolunu məhz Almaniya kansleri öz üzərinə götürmüşdü (təşkilatçı Ollandın köməkliyi ilə). Şato-de Benvil sarayında təşkil olunmuş nahardan əvvəlki söhbət zamanı Rusiya lideri Ukrayna prezidentinin ölkənin şərq regionlarında böhranın həlli ilə bağlı fikirlərini müsbət qiymətləndirib.
Bununla yanaşı, Parisdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, təxminən, 2 aylıq fasilədən sonra, nəhayət, ABŞ-ın dövlət katibi Con Kerrini tapıb (bundan əvvəl Lavrov jurnalistlərə həmkarının "harayasa qeyb olduğunu" bildirmişdi). Sevindirici haldır ki, heç olmasa, bu iki ölkənin xarici işlər nazirləri digər beynəlxalq problemləri - İraq, Liviya, Suriya - yada salıblar. Suriya problemini sanki dünya birliyi tamamilə yaddan çıxarıb. Halbuki, orada bitmək bilməyən vətəndaş müharibəsi cəmi bir neçə ay əvvəl Cenevrədə geniş tərkibdə konfransa, müxtəlif ciddi tədbirlərdə, KİV-də səs-küylü müzakirələrə səbəb idi. Amma birdən-birə bu məsələdə elə sakitlik yaranıb ki, hətta əksər Qərb ölkəlrinin dəstəklədiyi Suriya müxalifətinin istefaya göndərməyə çalışdığı Bəşər Əsədin prezident seçkisində qalib gəlməsi belə, sanki diqqətdən kənarda qalıb.
İndi Ukrayna böhranı bütün diqqətləri üzərinə toplayıb - hər kəs çalışır ki, fasiləsiz hərbi əməliyyatların sakinlər üçün adi hadisəyə çevrildiyi Dəməşqdə yaşananlar Kiyevdə təkrarlanmasın. Ən azı, Ukraynanın cənub-şərqi eyni ssenari ilə üzləşməkdən o qədər də uzaqda deyil. Problemin dinc yolla həllinin alternativinin olmadığına dair bəyanatların səsləndirildiyi Normandiyadakı təntənəli tədbir zamanı KİV-də Slavyanskda ağır döyüşlərin getdiyinə dair xəbərlər yayılırdı. Məlumatlarda döyüşlərdə ağır texnika və aviasiyadan da istifadə olunduğu bildirilirdi. Rusiya mətbuatı isə Ukraynadan Rusiyaya minlərlə qaçqının üz tutduğunu, bölgədə ağır humanitar vəziyyətin yarandığını xəbər verir.
"Böyük yeddilik" liderləri isə Kiyevin ölkənin cənub-şərqində baş verənlərə reaksiyasını "təmkinli" adlandırıb, qanunsuz silahlı birləşmələri tərk-silah olmağa çağırıb, "Ukrayna hökumətinin insklüziv milli dialoqu davam etdirmək niyyətini" alqışlayıblar. Poroşenkonun böhranın həllinə dair səlahiyyətlərinin icrasına başlayanadək ciddi-cəhdlə gizlətdiyi planı 3 ayı əhatə edir. O, güman ki, desentralizasiyanı və geniş amnistiyanı nəzərdə tutur.
İndi bütün ümidlər bu planadır. Çünki dünyanın aparıcı dövlətlərindən problemin həlli üçün heç bir ciddi təklif gəlmir. Rusiya Ukraynada yaşananlardan ciddi şəkildə kənarlaşmağa çalışır. Putin Poroşenko ilə görüşdən sonra "Rusiyanın münaqişə tərəfi olmadığını" bəyan edib. Bundan əvvəl isə o, Fransa KİV-nə müsahibəsində "hələ ki, Poroşenkonun əllərinin qana batmadığını və onun şansının olduğunu" söyləmişdi. Bu bəyanatı Obamanın "Böyük yeddilik"in Brüsseldə keçirilən toplantısından sonra verdiyi açıqlama ilə müqayisə etmək olar: "Cənab Vladimir Putin beynəlxalq hüququn doğru məcrasına qayıda bilər. Növbəti həftə Rusiya prezidentinin hansı addımlar atacağına baxacağıq".
Belə çıxır ki, Putin Poroşenkoya şans verir, Obama isə Putinə?
Nə qədər ki, mərmilər partlayır, kimliyindən, hansı bayraq altında olmalarından, kimin ideyalarını müdafiə etmələrindən asılı olmayaraq, insanlar ölür, dünyanın siyasi elitasının əməlləri müşahidəçiləri, az qala, fal açmağa məcbur edir. Məsələn, "The New York Times" baş verənləri Putin və Obamanın şam yeməklərini (!) müqayisə etməklə anlamağa çalışıb. Jurnalistlərin fikrincə, "belə ehtimal etmək olar ki, şərəfinə "Michelin" restoranında süfrə açılmış Obamaya, prezident sarayında şam etmiş Putindən daha yaxşı "tikə" qismət olub. Axı "Yelisey sarayının yeni aşpazı var və onun hazırladığı xörəklər heç də hamının xoşuna gəlmir". Demək, Olland Putinlə müqayisədə Obamaya daha çox hörmət edir. Əla, tutalım, fransız liderinin "hiyləsi"nin üstü açıldı. Amma deyin görək, bunun Ukrayna əhalisi üçün istisi-soyuğu varmı?
Dünya fövqəldövlətlərinin müxtəlif formatda keçirdikləri Avropa görüşləri jurnalistlər üçün kifayət qədər düşündürücü məqam, ukraynalılara isə "boş boşqab" verib. Ümid edək ki, prezident Poroşenkonun planı daha aydındır. Hazırkı ağır vəziyyətdə "baş aşpaz"ın məsuliyyəti tamamilə üzərinə götürəcəyi aydın "menyu"ya ehtiyac var.
MƏSLƏHƏT GÖR: