14 Mart 2025

Cümə, 19:13

QİTƏ OYUNLARI BAKIDA

Dünya idmaninin tarixində ilk dəfə keçirilən Arvopa olimpiadasına Azərbaycan ev sahibliyi edəcək

Müəllif:

15.12.2012

Avropa Olimpiya Komitəsi 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsiylə bağlı qərar qəbul edib. Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki mötəbər oyunların Bakıda yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu bildirib. 

Səsvermə nəticəsində Avropa Olimpiya Komitəsinin Baş Assambleyası tarixdə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Səsvermədə iştirak etmiş 48 iştirakçıdan 38-i qərarın lehinə, 8-i əleyhinə səs verib, 2 nəfər bitərəf qalıb. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər. Yeri gəlmişkən, artıq rəsmi Bakı Avropa Oyunlarında iştirak edəcək Ermənistan idmançılarının təhlükəsizliyinə zəmanət verəcəyini də bildirib. 

 

Niyə məhz Bakı?

Avropa Olimpiya Komitəsinın Bakının namizədliyi üzərində dayanması təsadüfi deyil. Birincisi, son illər mütəmadi olaraq dünya, Avropa çempionatları, olimpiya təsnifat turnirlərinə ev sahibliyi edən Azərbaycanın artıq bu sahədə böyük təcrübəsi var. Ölkədə idmana dövlət tərəfindən göstərilən diqqət nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Seçimi şərtləndirən vacib amillərdən biri də Azərbaycanda Olimpiya hərəkatına dövlət başçısı İlham Əliyevin şəxsən rəhbərlik etməsidir. Prezident idmanın bütün növlərinin inkişafında maraqlı olduğunu açıq söyləyir.  

Bu il Yay Olimpiya Oyunlarında 10 medal qazanmaqla dünya miqyasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülmüşük. Olimpiya miqyasında bu, yetərincə yaxşı göstərici sayılır. Xüsusən də ölkənin olimpiya hərəkatında gənc olduğunu nəzərə alsaq. 

AOK-un seçiminə təsir edən başlıca şərtlərdən biri də Azərbaycanda olan siyasi sabitlik və iqtisadi inkişafdır. Adətən, beynəlxalq qurumlar bu iki amilə böyük önəm verir. İqtisadi inkişaf sayəsində Azərbaycan AOK qarşısında turnirin keçirilməsində maddi problemin olmayacağına zəmanət verib.

 

Avropa Oyunları bizənə verəcək?

Nəzərə almaq lazımdır ki, söhbət dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarından gedir və bu mötəbər yarışa ev sahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması gənc müstəqil dövlətimiz üçün böyük önəm daşıyır. Bu, ölkənin beynəlxalq münasibətlər sistemindəki nüfuzundan xəbər verir.  

Oyunlar zamanı paytaxtımıza 4000-dən çox qonağın, idmançının, məşqçinin, rəsmi şəxslərin gələcəyi gözlənilir. Çünki turnirdə 50-yə yaxın ölkənin təmsil olunacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, Olimpiada günlərində Avropanın eləcə də dünuyanın aparıcı telekanalları Bakıdan xəbər verəcək. Paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək.

Bununla yanaşı maddi qazancımız da az olmayacaq. Oyunların bütün yayım hüquqlarının satışından gəliri Azərbaycan əldə edəcək. Eyni zamanda, brendlər və bilet satışı hüququ da ölkəmizə verilib. İlkin hesablamalara görə, büdcəmizə ən azı, 100 milyon avro vəsait daxil ola bilər. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin də inkişafına böyük təkan verəcək.

 

İndidən hazırlaşırıq

Bakının mövcud idman infrastrukturu oyunların keçirilməsində problem olmayacağından xəbər verir. Sadəcə, bəzi idman növləri üçün müvəqqəti idman qurğuları inşa ediləcək. Bundan başqa, həmin vaxtadək oyunların açılış mərasiminin təşkili üçün 65 min nəfərlik Olimpiya stadionu hazır olacaq. Eyni zamanda, Su İdmanı Mərkəzi və Gimnastika Kompleksinin də 2015-ci ilədək istifadəyə verilməsi gözlənilir. Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, şəhərdəki digər idman mərkəzləri müxtəlif idman növləri üzrə yarışların təşkilinə istifadə olunacaq. 

Əsas məsələ Olimpiya kəndinin inşasıdır ki, bunun üçün də artıq mümkün variantlar var. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, hazırda mövcud olan idman qurğularından, çoxfunksiyalı komplekslərindən, məsələn, "Baku Expo Center"dən istifadə edə bilərik. Olimpiya Kəndi üçün isə təklif olunub ki, Heydər Əliyev prospektində yeni tikilən binalar təmir olunsun, müvəqqəti infrastruktur yaradılsın və qonaqlar orada yerləşdirilsinlər. Olimpiya şəhərciyinin salınması böyük vəsait tələb edir. Bu xərcləri azaltmaq üçün "Koroğlu" metro stansiyasının yaxınlığında yeni inşa olunan binaları tikən şirkətlə müqavilə imzalanacağı gözlənilir. Orada müvəqqəti yeməkxana, trenajor zalı, poliklinika və digər zəruri infrastruktur yaradılacaq və yarışda iştirak edəcək idmançılar orada yaşayacaq. Bütün bu məsələlər yaxın vaxtlarda həllini tapacaq. 

 

Avroolimpiya növləri

İdman növlərinə gəldikdə, hələlik 13 növ - həndbol, voleybol, reqbi, boks, cüdo, taekvondo, triatlon, atçılıq, badminton, kamandan oxatma, qılıncoynatma, kanoe və stolüstü tennis üzrə yarışların keçiriləcəyi dəqiqləşib. Daha 2 növün qeyri-olimpiya növü üzrə olması nəzərdə tutulub. 

Ev sahibi kimi Azərbaycan bütün idman növlərində təmsil olunacaq. Amma siyahıda elə idman növləri var ki, hazırda ölkəmizdə bu sahələr üzrə komandalar yoxdur. Qarşıdan gələn iki il ərzində həmin idman növlərinin yaradılması və inkişaf etdirilməsi lazım olacaq. 

Avropa Oyunlarıyla əlaqədar Beynəlxalq Olimpiya Komitəsiylə bəzi məsələlərlə bağlı müzakirələr aparılacaq. Ölkəmiz keçirəcəyi yarışda bəzi idman növlərində 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Olimpiadasına lisenziyaların oynanılmasını istəyir. Bu məsələdə həlledici qərar BOK tərəfindən qəbul ediləcək. 

 

Vizit kartı

Avropa Oyunları gələcəkdə digər mötəbər yarışlara da təşkilatçılıq etməyimizə kömək edəcək. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının Bakıda keçiriləcəyi gözlənilir. Bu məlumat yayda rəsmiləşdirilməlidir. Ölkəmiz 2016-cı ildə 20 yaşadək futbolçular arasında Avropa çempionatının təşkili üçün də namizədliyini irəli sürüb. Bütün bunlarla yanaşı, 2019-cu ildə Universiada, 2020-ci ildə isə futbol üzrə böyüklər arasında Avropa çempionatının oyunlarından bir neçəsinin paytaxtımızda təşkili gözlənilir. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaq. 



MƏSLƏHƏT GÖR:

746