
MAESTRONUN MUSİQİSİ
Bakida VI beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Bakı yeddi günlüyə dünyanın musiqi paytaxtına çevrilib. Dekabrın 4-dən 10-na kimi paytaxtımızın ən mötəbər səhnələrində VI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçirilib. Bu günlərdə İtaliyadan, Rusiyadan, Böyük Britaniyadan, Litvadan, Azərbaycandan musiqiçilər Bakıya yığılıblar. Bakılıları və paytaxtın qonaqlarını öz parlaq çıxışları ilə italiyalı violonçelçi Enriko Dindo, rusiyalı skripkaçı Maksim Venqerov və britaniyalı Stefani Qounli, rusiyalı truba ustası Mixail Qayduk heyran qoyublar. İzləyicilər, həmçinin məşhur ingilis kamera orkestrinin, Sergey Krılovun rəhbərlik etdiyi Litva kamera orkestrinin çıxışını dinləyiblər. M.L.Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondu Festivalı çərçivəsində dinləyicilər üç məşhur tenorun - italiyalı Marko Berti və Pyero Culiaççinin, həmçinin Böyük Teatrın solisti Badri Maisuradzenin incəsənəti ilə tanış olublar. Festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, M.L.Rostropoviç Mədəniyyət və Humanitar Proqramları Fondu tərəfindən təşkil edilib.
Tədbirin Heydər Əliyev Sarayında keçirilən təntənəli açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç çıxış ediblər. Festivalın əsas məqsədi dünyanın tanınmış musiqiçilərinin Mstislav Rostropoviçin vətənində çıxış etməsidir. Hər ilin dekabr ayında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən bu beynəlxalq festival Bakıda əsl musiqi bayramı kimi təşkil edilir.
Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçin sözlərinə görə, Bakıda beynəlxalq musiqi festivalının keçirilməsi onun atasının arzusu olub. 2006-cı ildə burada böyük Dmitri Şostakoviçin anadan olmasının 100 illiyinə həsr edilmiş festival təşkil edərək o, bu gözəl ənənənin əsasını qoyub. 2007-ci ildən Bakının bütün konsert zallarında və teatrlarında keçirilən Beynəlxalq Rostropoviç festivalı dünyanın müxtəlif ölkələrindən görkəmli ifaçıları dəvət edir. Festivalın ənənələrindən biri həm də Maestronun davamçıları olan gənc istedadlı musiqiçilərin çıxışıdır.
Festivalın ikinci günü italyan violonçelçisi Enriko Dindonun möhtəşəm çıxışı ilə yadda qalıb. Onun barəsində Maestro deyib: "Bu, möhtəşəm violonçelçidir, gözəl italyan vokalı kimi axan möhtəşəm səsli əsl artistdir". Bakı konsertinin proqramına R.Şumanın, P.Çaykovskinin və D.Şostakoviçin əsərləri daxil edilib.
Litva Kamera Orkestrinin dekabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilmiş konsertində dirijor və skripaç Sergey Krılov çıxış edib. O, Moskvada musiqiçi ailəsində dünyaya gəlib. Beş yaşında skripkada çalmağı öyrənib, on yaşında isə simfonik orkestrə qatılıb, Rusiya, Çin, Finlandiya və Almaniyada çıxış edib. Gənc-liyində musiqiçi "Rodolfo Lipiser Prizi" skripkaçılar müsabiqəsində birinci mükafat qazanıb.
Sergey Krılov dünyanın ən tanınmış orkestrləri ilə əməkdaşlıq edir ki, bunların sırasında Vyana Simfonik Orkestri, Marini teatrının simfonik orkestri, Drezdenskoy Dövlət Kapellasının orkestri, İngiltərə Kamera Orkestri, Sankt-Peterburq Filarmoniyasının simfonik orkestri, Qessen radiosunun (Frankfurt) simfonik orkestri və s. yer alır. 2009-cu ildən Sergey Krılov Litva Kamera Orkestrinin baş dirijorudur. Onun yaradıcılığına Mstislav Rostropoviç böyük təsir göstərib, o, skripkaçı ilə tanış olub və dəfələrlə bir yerdə çıxış ediblər.
Festival çərçivəsində filarmoniyada Ü.Hacıbyəli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı olub. Dirijor Fuad İbrahimov, solist isə Enriko Dindo (violonçel, İtaliya) olub. Proqramda D.Şostakoviçin, R.Şumanın və P. İ.Çaykovskinin əsərləri səslənib.
Enriko Dindo İtaliyada musiqiçi ailəsində anadan olub, altı yaşından violonçeldə çalmağı öyrənib, sonra Turində Cüzeppe Verdi konservatoriyasına daxil olub. 1997-ci ildə Dindo Parisdə Mstislav Rostropoviç müsabiqəsinin birinci mükafatının laureatı olub. Müsabiqədə qələbəsindən sonra Enriko Dindo fəal konsert fəaliyyətinə başlayıb. O, "BBC"nin orkestri, Rotterdam Filarmoniya Orkestri, Fransa Milli Orkestri, Tuluzadakı Kapitoliya Milli Orkestri, La Skala Filarmoniya orkestri ilə Mstislav Rostropoviçin, Rikkardo Şayn, Aldo Çekkato və başqalarının dirijorluğu altında çıxış edib.
Dindo bir sıra festivalların iştirakçısı olub ki, bunların sırasında Budapeşt yaz festivalı, Streze musiqi həftəsini göstərmək olar. 2002-ci ilin may ayında İtaliya musiqi tənqidçilərinin milli assosiasiyası Enriko Dindonu 1996-1999-cu illər mövsümünün ən yaxşı solisti kimi Abbiati mükafatına layiq görmüşdü. 2004-cü ilin avqustunda isə o, VI Beynəlxalq "Virtual konsert zalı" müsabiqəsinin mütləq qalibi olub. Festivalın ən parlaq hadisələrindən biri üç görkəmli tenorun - italiyalı Marko Berti və Pyero Culiaççinin, həmçinin Böyük Teatrın solisti Badri Maisuradzenin dünya opera klassikasının ən parlaq fraqmentlərindən ibarət proqramla çıxışı olub.
Azərbaycan ifaçıları da ənənəvi olaraq parlaq çıxışları ilə yadda qalıb. Festival Azərbaycanın ən yaxşı pianoçularından biri olan Murad Adıgözəlzadənin və Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı ilə açılıb. Festivalın önəmli ənənələrindən biri gənc istedadlı ifaçıların iştirakı olub: bu il festivalda M.L.Rostropoviç Fondunun stipendiatları Aleksandr Malofeyev (fortepiano) və Liza Ramişvili (violonçel), həmçinin yaranma ideyası öz vaxtında məhz Mstislav Rostropoviçə məxsus olmuş Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri çıxış ediblər.
Festivalın yekun akkordları hind dirijoru Zubina Metanın rəhbərliyi altında dünyanın ən yaxşı orkestrlərindən olan "Maggio Musicale Fiorentino"nun konsertləri olub. İki gecənin proqramında L.Bethovenin, C.Verdinin, F.Şubertin, A.Dvorjakın, N.Rimski-Korsakovun, P.Hindemitin əsərləri səslənib.
Zubin Meta artıq bir dəfə festivalın iştirakçısı olub - 2010-cu ildə o, başçılıq etdiyi İsrail Filarmoniyası simfonik orkestri ilə birlikdə çıxış edib. "Dostum Slavanın şərəfinə keçirilən festivalda çıxış etmək mənim üçün nə qədər həyəcanverici olduğunu sözlərlə ifadə etmək həddindən həyəcanvericidir. Hələ həyatda olarkən o mənə demişdi ki, mən mütləq Bakıda çıxış etməliyəm və mütləq Atəşgah atəşpərəstlər məbədinə baş çəkməliyəm, oraya indiyə kimi mənim vətənim Hindistandan zəvvarlar gəlir. İki li qabaq mən onun istəyini yerinə yetirdim", - deyə Zubin Meta "R+"a bildirib.
MƏSLƏHƏT GÖR: