14 Mart 2025

Cümə, 20:48

"BÖYÜK QARDAŞ"A BOYLANMADAN

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) nəhəng siyasi-iqtisadi birliyə çevrilə bilər

Müəllif:

10.06.2014

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iyunun 4-5-də Türkiyənin Bodrum şəhərində keçirilən IV Zirvə toplantısında əsas mövzu Türk Dünyası ölkələri arasında münasibətlərin hərtərəfli möhkəmləndirilməsi olub. Sammitdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və Qırğızıstan prezidentləri iştirak ediblər.

5 il əvvəl Naxçıvanda təşkilat kimi yaradılmış bu dövlətlərarası əməkdaşlıq formatının xüsusiyyəti onun iştirakçılarının yalnız iqtisadi və mədəni inteqrasiya məqsədlərilə bir araya gəlməmələrindədir. Onların bir araya gəlməsinin səbəbləri arasında humanitar sahədə əməkdaşlıq da var. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun sammit ərəfəsində dediyi kimi, türkdilli xalqlar ayrı-ayrı dövlətlərdə yaşasalar da, əslində, bir millətdirlər. Çünki bu xalqlar bir-birlərinə ümumi dil, din, tarix, mədəniyyət və ənənələrlə bağlıdırlar.

Bodrumda keçirilən sammit Azərbaycan üçün, bir növ, hesabat yığıncağı idi. Çünki  şuranın ötən il Qəbələ şəhərində keçirilən toplantısında ona sədrlik Qırğızıstandan məhz Azərbaycana keçmişdi. Yeri gəlmişkən, Bodrumda Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib.

Sammitdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, arxada qalan ildə Azərbaycan tərəfi təşkilata üzv dövlətlər arasında birliyin möhkəmləndirilməsi üçün böyük işlər görüb. Məsələn, bu dövrdə BMT Assambleyası çərçivəsində xarici işlər nazirlərinin görüşü  keçirilib və bu, TDƏŞ-də siyasi məsələlrin həlli baxımdan vacib addım olub. Həmin görüşü üzv dövlətlərin beynəlxalq təşkilatlarda bir-birlərinə qarşılıqlı dəstək vermələri baxımından da önəmli hadisə saymaq olar. Bundan  başqa, ötən bir il ərzində biznes-forum keçirilib, diaspor təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində vacib addımlar atılıb, üzv dövlətlərin təhsil, nəqliyyat nazirləri arasında görüşlər olub. Azərbaycanın təşəbbüsü ilə Şura çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu yaradılıb. Bununla yanaşı, Bakının daha bir təşəbbüsü reallaşdırılır. Söhbət TDƏŞ üzvlərinin beynəlxalq turizm sərgilərində birgə iştirakından  gedir. Türkdilli dövlətlərin TÜRKSOY təşkilatı çərçivəsində ənənəvi mədəni əməkdaşlığı da vacib inkişaf istiqamətlərindən biridir. Lakin Azərbaycan bu ənənəvi əməkdaşlıq istiqamətləri ilə yanaşı, TDƏŞ qarşısında daha iddialı vəzifələr də qoyub. Söhbət, ilk növbədə, qurum çərçivəsində iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsindən, qarşılıqlı investisiya yatırımlarından gedir. Bundan başqa, prezident İlham Əliyev Bodrumdakı sammitdə türkdilli dövlətlərin ümumi investisiya fondunun yaradılmasına dair maraqlı ideya ilə də çıxış edib. Dövlət başçısı hesab edir ki, belə fondun olması onların üçüncü ölkələrə birgə investisiya layihələri ilə çıxmalarına yardım edərdi.

Bakıda hesab edirlər ki, türkdilli dövlətlərin inteqrasiyasını gücləndirə biləcək daha bir vacib istiqamət nəqliyyat infrastrukturudur. Söhbət, ilk növbədə, gələn il istismara verilməsi planlaşdırılan  Bakı-Tiflis-Qars dəmir yolundan gedir. İlham Əliyevin sözlərinə görə, bu, "yeni dəmir İpək yolu" layihəsinə yeni məna qazandıracaq və bu səbəbdən də onu tarixi hadisə saymaq olar. Azərbaycan prezidenti hesab edir ki, sözügedən layihə TDƏŞ üzvü olan hər bir dövlətə əlavə fayda gətirəcək. Xəzəryanı dövlətlər olan Azərbaycan, Qazaxıstan və Türkmənistanda fəaliyyət göstərən ticarət limanlarının genişləndirilməsi, yenilərinin tikintisi də eyni məqsədə qulluq edəcək və gələcəkdə yükdaşımalarının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olacaq.

Enerji  sahəsində əməkdaşlıq da vacib sahələrdəndir və bu, tamamilə qanunauyğundur - TDƏŞ üzvü olan Azərbaycan, Türkmənistan və Qazaxıstan beynəlxalq əhəmiyyətli enerji resursları istehsalçılarıdır, qurumun digər üzvü Türkiyə isə həmin enerji resurslarının Qərb istiqamətdə daşınması baxımından vacib tranzit  ölkədir.

«Həm Türkmənistanın, həm Qazaxıstanın, həm Azərbaycanın müstəqil və çoxşaxəli ixrac yolları var. Yəni, heç bir ölkə ixracla bağlı heç bir problem yaşamır. Ancaq maraqlarımızı daha dolğun şəkildə təmin etmək, birliyimizi möhkəmləndirmək üçün biz bu sahədə birgə tədbirlər görməliyik və əminəm ki, görəcəyik», - deyə İlham Əliyev qeyd edib.

Göründüyü kimi, Azərbaycan Türk Dünyasının son vaxtlara  qədər iştirakçı ölələrin mədəni birliyinə söykənən köhnə formatının qorunub-saxlanmasında maraqlı olmaqla yanaşı, həm də bu formatın Avrasiyanın cənub hissəsində nəhəng siyasi-iqtisadi inteqrasiya birliyinə çevrilməsində ciddi şəkildə iştirak etmək niyyətindədir. Bu qədər ümumi cəhətləri olan ölkələrin birliyinin yeni məna, məzmun qazandığı yeni geosiyasi reallıq bu zərurəti bir daha  meydana çıxarıb. Türk Dünyası ölkələri dünya siyasətindəki müxtəlif geosiyasi çağırışlar fonunda beynəlxalq münasibətlərdə geosiyasi  hadisələrin sürətlə dəyişdiyi şəraitdə əsas problemlərə vahid baxışın ortaya qoyulmasının vacibliyini anlayırlar. Bodrum  sammiti TDƏŞ üzvləri arasında bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin formalaşdığını bir daha təsdiqləyib. Məsələn, bu gün Azərbaycan özünü Cənubi Qafqaz regionunun vacib geostrateji oyunçusu kimi göstərir və Avropanın enerji təhlükəsizliyinin təminində vacib rol oynayır.

Bundan başqa, TDƏŞ-in imkanlarının Azərbaycanın regionun bəzi dövlətləri ilə çoxdan həllini gözləyən bir sıra problemlərinin çözümünə də müsbət təsir göstərə biləcəyini  düşünmək olar. Söhbət xüsusilə Türkmənistandan gedir. Məlum olduğu kimi, Bakı ilə Aşqabad arasında Xəzərdəki yataqların bölüşdürülməsi məsələsində prinsipial fikir ayrılıqları var. Son zamanlaradək regional  təşkilatlarda iştirakdan qaçan Türkmənistanın TDƏŞ-in fəaliyyətinə fəal şəkildə qoşulması bu ölkənin xarici siyasi prioritetlərini yenidən müəyyənləşdirməyə başladığını düşünməyə  əsas verir. Bu, özünü ölkə başçısı Qurbanqulu Berdımuhammedovun qonşuları və dünyanın aparıcı dövlətləri ilə münasibətlərində də göstərir. Güman ki, Türkmənistan prezidenti dərk edir ki, milli enerji siyasətinin diversifikasiyasına dair strateji məqsədə - türkmən enerji daşıyıcılarının Avropa bazarlarına çıxarılmasına nail olmaq, bu potensial marşrutda yerləşən türkdilli dövlətlər - Azərbaycan və Türkiyə ilə aktiv əməkdaşlıq olmadan mümkün deyil.

Bu mənada politoloq Fikrət Sadıqov Türkmənistan rəhbərliyinin "eyni qandan olan" yaxın qonşuları ilə inteqrasiya istiqamətində  atdığı addımları "irəliləyiş, qarşılıqlı münasibətlərdə yeni səhifə" hesab edir. Onun fikrincə, bu, bütün tərəflərə faydalı olacaq.

"Əlbəttə ki, Azərbaycanla Türkmənistan arasındakı bütün problemlərin çözüləcəyini əminliklə söyləmək  mümkün deyil. Amma hər halda, bu, Xəzərin hüquqi statusu da daxil olmaqla, ikitərəfli münasibətlərdəki problemli məsələlərin çözümü baxımından vacib addımdır", - deyə politoloq qeyd edib.



MƏSLƏHƏT GÖR:

618