14 Mart 2025

Cümə, 13:18

İMPERATORSAYAĞI ÇAY DƏSGAHI

İndi Azərbaycanda farfor sənətinin sərrafları imperator farfor zavodunun məhsullarını ala bilərlər

Müəllif:

15.12.2012

Uzun illərdir ki, farfordan olan zərif məhsulların populyarlığı sönmür, onlara olan sevgi tükənmək bilmir. Çini məhsulların əsl sərrafları və aşiqləri kolleksiyalar toplayır və  anlayırlar ki, illər keçdikcə bu əşyaların qiymətləri artmaqla yanaşı, həm də əsl ailə əmanətinə çevrilirlər. Və bu da son deyil. 

Qarşıdan Yeni  İl gəlir. Çox tezliklə bizim hər birimiz bir məsələ qarşısında qalacağıq: yaxınlarımıza və dostlarımıza nə bağışlayaq? Seçiminizi farfordan olan məmulatlarda saxlasanız, yanılmarsınız. Özü də indi çini hədiyyələr və suvenirlər bağışlamaq çox dəbdədir. Zərif çini məmulatlar gələcək sahibini öz xətlərinin gözəlliyi, naxışlarının möhtəşəmliyi, incəliyi və xüsusi cazibəsi ilə sevindirir. 

Farforu həm hansısa əlamətdar hadisə münasibətilə, həm də elə-belə - səbəbsiz bağışlamaq olar. Bunun üçün istənilən hadisə və istənilən təntənə yarayar. Siz yubileyə, toya, buraxılış gecəsinə və s.-ə tələsən zaman belə hədiyyə idealdır.  Əgər siz belə orijinal və qiymətli hədiyyə vermək qərarına gəlmisinizsə, ideal variant kimi, Sankt-Peterburq İmperator Farfor Zavodunun məhsullarını seçə bilərsiniz. 

 

Tarix 

Sankt-Peterburq İmperator Farfor Zavodunun çinisi nə deməkdir? Bu yalnız uzun tarix demək deyil, həm də zəriflik və gözəllikdir. Bu, çini üzərində gözəlliklər yaradan rəsm ustalarının yüksək incəsənətinin ifadəsidir. İmperator farforu Rusiya rəssamlıq mədəniyyətinin  fenomenal hadisəsidir. Çini qabların parlaq təbii ifadəliliyi, sənətkarlığın gözəl ənənələri, zərif və alicənab rəsmlər İmperator Zavodunun bədii farforunun fərqləndirici cəhətləridir. 1744-cü ildə Sankt-Peterburqda Böyük Pyotrun qızı imperatriça Yelizavetanın əmri ilə yaradılmış zavod Rusiyanın birinci, Avropanın isə üçüncü çini müəssisəsi olub. 

Məhz burada istedadlı rus alimi D.İ.Vinoqradov (1720-1758) "ağ qızıl"ın hazırlanmasının sirrini açıb. O, keramika tarixində ilk dəfə çini istehsalının yeni keramika kimyasına yaxın elmi təsvirini tərtib edib. Vinoqradov tərəfindən hazırlanmış farfor keyfiyyətinə görə sakson məhsulundan geri qalmayıb, yerli xammaldan hazırlanmış kütlə tərkibinə görə isə Çin çinisinə yaxınlaşıb. 

1779-cu ildə isə zavodun modelmeysteri vəzifəsinə fransız mütəxəssis Jan-Dominik Raşet dəvət edilib (Rusiyada ona Yakov İvanoviç Raşet adı verilib). Burada 25 il işləyən  Y.İ.Raşet təsviri çini istehsalının inkişafına böyük töhfə verib. O, özü məşhur "Rusiya dövlətinin xalqları" (1780-ci illər) fiqurlar  seriyası ilə məşhurlaşmışdı. Seriya böyük tarixi-etnoqrafik və bədii dəyərə malikdir. Raşetin modelləri üzrə, həmçinin "Arabesk servizi" (1784-ci il) və Rusiya çini sənayesinin başqa nümunələri (o cümlədən II Yekaterinanın 27 santimetrlik büstü) hazırlanıb. 

İlk başdan zavod İmperator farfor manufakturası statusuna malik olub və Peterbuqun 10 verstliyində yerləşib. Hazırda isə o, şəhər daxilindədir. 1832-ci ildə onun direktoru Valerian Yemelyanoviç Qalyamin (1794-1855) təyin edilir. Buna qədər Topoqrafiya məktəbinə rəhbərlik edən Qalyamin imperatriçaya öz akvarellərinin iki albomunu təqdim etmişdi. "Əla rəsm ustasıdır", - deyə sarayda onun haqqında danışırmışlar. Bəlkə də bu, onun bu zərif zavodun başına gətirilməsində rol oynamayıb, amma onun gözəl zövqü müəssisənin məhsullarında öz izini buraxıb. Qalyaminin vaxtında müəssisədə A.Voronixin, S.Pimenov kimi rəssam-ustalar işləməyə başlayıblar. Lazaret, aptek, əlillər evi tikilib. Bürünc emalatxanası, dulusçuluq emalatxanası yaradılıb. Zavod işçilərinin uşaqları üçün məktəb və farfor üzrə yerli usta-rəssamlıq məktəbi yaradılıb. İstehsalatın 100 illiyinə muzey yaradılıb və orada məhsul nümunələri nümayiş etdirilib. Bir sözlə, 16 illik gərgin işi sayəsində Qalyamin zavodun tarixinə ən yaxşı direktor kimi düşüb. 

XIX əsrin sonlarında imperator III Aleksandr sərəncam verib ki, imperator ailəsinin bütün sifarişləri zavodda iki nümunədə yerinə yetirilsin - biri zavodun muzeyində qalmalı idi. Zavod muzeyinin doldurulması ənənəsi XX əsrdə, o cümlədən sovet dövründə də qorunub. Muzeyin kolleksiyası iki dəfə evakuasiya edilib; birinci dəfə bu, 1917-ci ilin payızında olub, onda kolleksiyanı Petrozavodska aparıbmışlar (1918-ci ilə qədər orada qalıb). İkinci dəfə 1941-ci ildə eksponatlar İrbitə (Ural) aparılıb. 1920-ci illərdə zavodda tanınmış rəssam - suprematistlər  - Kazimir Maleviç, İlya Çaşnik, Nikolay Suetin işləyiblər.

Bu zavodda tanınmış alim Nikolay Nikolayeviç Kaçalov (20 iyun 1883-cü il, Sankt-Peterburq - 19 iyun 1961-ci il, Leninqrad) işləyib. Kimyaçı-texnoloq və optik şüşə sahəsində mütəxəssis olan alim onun qaynağının ilk ixtiraçılarından biri və soyuq işlənməsinin (cilalanmasının və pardaxlanmasının) banisidir, təsviri şüşəçilik elminin və istehsalatının təşkilatçısıdır. İkinci dərəcə Stalin mükafatı laureatı (1947) olan alim SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1933) seçilib. 

60 ildən çox müddət ərzində zavodda rus ənənəvi üslubunun virtuozu Aleksey Vorobyovski işləyir. 2002-ci ildən zavod  "Uralsib"in başçısı Nikolay Tsvetkovun mülkiyyətindədir. 2005-ci ildə isə səhmdarların qərarı ilə zavod yenidən İmperator Farfor Zavodu adlandırılmağa başlanıb. 

 

"Kobalt toru"  

Farforun çox sayda dekorları və çeşidli naxışları sırasında ən məşhuru və tanınanı "kobalt toru"dur. Farforu ilk dəfə 1945-ci ildə bəzəmiş bu naxış artıq dekorativ incəsənətin klassikasına və Lomonosov Farfor Zavodunun (LFZ) (İmperator Farfor Zavodu) fərqləndirici firma nişanına çevrilib. Məşhur naxışı elə həmin zavodun rəssamı Anna Yatskeviç düşünüb. Düzdür, əvvəlcə o, kobalt yox, qızıl olub. LFZ-nin belə naxışlı servizləri 1945-ci ildə müharibədən dərhal sonra buraxılmağa başlanıb. Bir il sonra isə Yatskeviç öz naxışını bir qədər də dəyişdirib və qızıl tordan bu məşhur kobalt toru yaradıb. O, bu naxışla ilk dəfə Serafima Yakovlevanın "Tülpan" formalı çay servizinə rəsm çəkib.  1958-ci ildə "kobalt toru" - bu sadə və cazibədar naxış dünyanı fəth edib. Həmin ildə Brüsseldə dünya sərgisi keçirilib və Lomonosov farfor zavodu orada özünün ən yaxşı məhsullarını, o cümlədən bu naxışla bəzədilmiş əşyaları təqdim edib. "Kobalt tor"lu  serviz sərgi üçün xüsusi olaraq hazırlanmayıb, o, sadəcə zavodun çeşidi sırasına daxil olub və mükafat LFZ üçün gözlənilməz olub, o, naxışa və servizin formasına görə qızıl medala layiq görülüb. 

Anna Adamovna Yatskeviçin (1904-1952) özü Leninqrad Rəssamlıq-Sənaye Texnikumunun məzunudur (1930). LFZ-də 1932-ci ildən 1952-ci ilə kimi işləyib. Farforun bəzəldilməsi üzrə rəssamdır. Məşhur "kobalt toru"nun yaradıcısı kimi onun şöhrəti yalnız ölümündən sonra yayılıb. Öz naxışının Brüsseldəki qələbəsindən, çox təəssüf ki, o, xəbərsiz oldu. 

Servizin yaradılmasının tarixi rəssam Anna Yatskeviçin öz məşhur naxışını çini üzərinə çəkdiyi kobalt karandaşdan başlayır. Təbii ki, karandaş "Sakko və Vansetti" fabrikində düzəldilmiş sadə karandaş olub, amma onun milində  farfor boyası varmış. Zavodun rəssamlarına karandaş xoş gəlməyib, amma Anna Yatskeviç yeniliyi sınamaq qərarına gəlib və "kobalt toru"nun ilk nümunəsini onunla çəkib. Nə cür olubsa, həmin nümunə indi Rus muzeyinin ekspozisiyasındadır. Mütəxəssislər hesab edir ki, "Kobalt toru" naxışı "Tülpan" formalı servizdə çox dəbdəbəli görünür, o, uğurla farforu bürüyərək ona möhtəşəmlik verir. Daha sonra bu naxışla LFZ-də (İFZ) başqa məhsulları da - qəhvə və süfrə servizləri, fincanları, vazaları və suvenirləri də bəzəməyə başlayıblar. Yeri gəlmişkən, Anna Yatskeviçin farfor zavodunun inkişafına başqa töhfəsi də var - o, LFZ-nin məşhur loqotipinin (1936) müəllifidir və o, müəssisənin bütün məhsullarında rəsm edilir. 

 

İmperator farforu Bakıda 

Azərbaycanda İmperator Farfor Zavodunun nümayəndəliyi "Imperial Baku" 2012-ci ildə açılıb və ona Lüdmila Popova rəhbərlik edir. Bu xanım gəncliyindən gözəl, möhtəşəm və zərif olan hər şeyə aşiqdir. Bohema həyatı - təsviri və konseptual incəsənət sərgiləri onu həmişə cəlb edir. Farfor, qobelen və interyer dizaynı  onun həyat prioritetlərinin ilk sırasındadır. "R+"la söhbətində Lüdmila xanım vurğulayıb ki, azərbaycanlılar bədii dəyəri olan və insanlar üçün sevgilə hazırlanmış əşyaların əhatəsində yaşamağa layiqdirlər. "İmperator Farfor Zavodunun bütün məhsulları əl işidir. Bu ali incəsənət fabrikində yüksək səviyyəli rəssamlar işləyir və hər bir məhsulda bu gözəl ustaların ürəyi duyulur. İmperator fincanlarında adi çayiçmə belə xüsusi gözəlliyə və xoş atmosferə malik özəl bir hadisəyə çevrilə bilər. Ola bilər ki, məhz buna görə yüksək farfor pərəstişkarları arasında bizim fabrikin məhsulları böyük populyarlığa malikdir", -  deyə İFZ-nin Azərbaycandakı təmsilçisi bildirir. 

İmperator Farfor Zavodunun bütün dünya üzrə çox sayda pərəstişkarı var. Çini məhsullar bu şöhrətə layiqdirlər - onlar keyfiyyəti, zərifliyi və çoxçeşidli olması ilə seçilirlər. Sankt-Peterburqdakı İmperator Zavodunun çini məhsulları məşhur adamların - artistlərin, SSRİ-nin və Rusiyanın birinci şəxslərinin diqqətindən heç zaman kənarda qalmayıb. Leonid Brejnev xarici qonaqlara üzərində öz portreti olan farfor bağışlamağı çox sevirdi. Farfor hədiyyələri SSRİ-nin tanınmış diplomatı və dövlət xadimi Andrey Qromıko da xoşlayırdı. 

"İmperator farforu - bu sizin evin zəriflik və dəbdəbə rəmzi, sizin təkrarsız üslubunuzun əksidir. O, zövqü şübhə doğurmayan şəxslərin evlərinin interyerini bəzəyir. Bunların sırasında ABŞ-ın keçmiş birinci xanımı Lora Buşu, Malayziya kraliçası Tenqku Fauzia Abdul Raşidi, Şeri Bleri, məşhur fransız müğənnisi Mirey Matyeni, yunan aktrisa Kostas Vustası göstərmək olar. Zavodun ilk məhsullarını satın almaq mümkün deyil: I Pyotrun qızı hökmdar Yekaterina, daha sonra imperatriça II Yelizaveta üçün buraxılmış ilk servizlər dünyanın ən tanınmış muzeylərində saxlanılır. Bunlar tək nüsxədə buraxılmış əsərlər olub. Buna görə də bütün dünyanın kolleksionerləri daha sonrakı dövrlərin məhsullarını,  inqilabdan əvvəlki məhsulları və sovet dövrünün məmulatlarını alırlar. Bunların hamısı nəcibliyi, misilsizliyi və xüsusi yüksək üslubu ilə seçilir. Çar Rusiyasında da, sovet dövründə də Leninqrad farforu əvəzsiz və mükəmməl formasına görə etalon sayılırdı. O, bəyazlığı, elementlərinin yüngüllüyü və rəsmlərinin təmkini ilə seçilir. 

"Böyük Pyotrun qızı imperatriça Yelizavetanın sərəncamı ilə əsası qoyulmuş İmperator Farfor Zavodu uzun müddət yalnız imperator ailəsi və diplomatik hədiyyələr üçün servizlər və kiçik zərif əşyalar istehsal edib. Bu əşyalar dəbdəbəli sayılırdı və əlçatmaz idi. Hazırda isə zavodun çeşidi geniş və müxtəlifdir - yemək, çay və qəhvə dəstləri, çaydanlar, müxtəlif süfrə predmetləri, heykəllər var. Bu gün onlara hamının əli çatır, istənilən bayramı bəzəyirlər və ən tələbkar zövqü belə oxşayırlar", - deyə Lüdmila xanım vurğulayır. 

Azərbaycanda İFZ-nin nümayəndəliyi tərəfdaşlıq müqaviləsi çərçivəsində fəaliyyət göstərir, bunun əsasında "Imperial Baku" şirkəti bu farfor zavodunun məhsullarını təqdim edir. Bütün dünyada olduğu kimi, İFZ Azərbaycanda da fərdi və korporativ sifarişlər qəbul edir. İFZ öz müştəriləri üçün çini məhsulları təşkilatın korporativ üslubunda onun loqotipi ilə tərtib edə bilər. Zavod müştəriləri arasında Rusiyanın iri hökumət və kommersiya qurumları var. Bunların sırasında Rusiya prezidentinin işlər idarəsi, Rusiya Əmanət Bankı, "Uralsib" FK, "LUKoyl", "Qazprom", "Transaero", "Koka-Kola", "Rusiya Dəmir Yolları" şirkətləri, "Zenit" FK və s. var. Təşkilatın loqotipini sümük farforundan  düzəldilmiş çay və ya qəhvə cütünün, dekorativ qabların  və boşqabların, süfrə servizlərinin  və vazaların üzərinə əl yazısı və ya ipək qrafikası ilə çəkmək olar. 

İFZ fərdi layihələr əsasında eksklüziv çini məhsulların hazırlanması üzrə sifarişləri də yerinə yetirir. Müştərinin seçdiyi klassik bərk və nazik  sümük farforundan olan məmulatı  monoqram, venzel, ailə gerbi, tarixi replika, fərdi dizayn ilə bəzəmək mümkündür. Əsərlər bahalı metalların işlədilməsi ilə şirəüstü və şirəaltı yazılarla da bəzədilə bilər. 

İmperator Farfor Zavodu məşhur imperator vazalarının, heykəllərinin və servizlərinin də formasında məhsul yaradır. Dünya incilərinin sürətləri qabaqcıl meyilləri çoxəsrlik istehsal ənənəsi ilə uzlaşdıran orijinal texnologiyalarla hazırlanır.   

İmperator Farfor Zavodunun çini məhsulları zərif və təkrarsızdır. Farforn ağappaq səthi üzərində Pyotr barokkosu üslubunda portretlər, parıltılı fonlu qablar incəsənətin Peterburq üslubunun cazibədarlığını əks etdirir. Bütün bu unikal işlər təsəvvürlərdə gözəl, zərif və işıqlı dünyanın təsvirini yaradır. 

 

 

BU MARAQLIDIR 

 

İmperator Farfor Zavodu ilkin çağlar "Porselin manufakturası", 1765-ci ildən İmperator Farfor Zavodu,  1917-ci ildən Dövlət Farfor Zavodu adlandırılıb (məhsullar DFZ damğası ilə buraxılıb). 1925-ci ildə Rusiya Elmlər Akademiyasının 200 illiyi ilə bağlı ona M.V.Lomonosovun adı verilib; müəssisənin rəsmi adı M.V.Lomonosov adına Leninqrad Farfor Zavodu olub. Qısa formada isə Lomonosov Farfor Zavodu (LFZ  həm də Leninqrad Farfor Zavodunun abbreviaturası kimi işlədilib) adlandırılıb. Və 2005-ci ilə kimi bu ad altında fəaliyyət göstərib.



MƏSLƏHƏT GÖR:

689