
DİNİ FAKTOR, YOXSA DƏYƏRLƏRİN MÜDAXİLƏSİ?
"Ərəb dünyası tarixi inkişafin yeni və proqnozlaşdırılmasi çətin olan mərhələsindədir"
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
-Fərid Mustafayeviç, Azərbaycanda bir çox insanları sizinlə böyük bir tarixi dövr bağlayır. Siz bütün "Əl-Cəzirə"nin işini təkbaşına yerinə yetirən jurnalist olmusunız. Adi sovet tamaşaçısı üçün ərəb dünyasının reallıqlarını məhz siz açmısınız...
- Azərbaycan mənə çox yaxın ölkədir. Son dəfə Bakıda 2007-ci ildə olmuşam. Oraya Azərbaycan Dövlət Teleradio Şirkətinin dəvəti ilə gəlmişdim və o zaman Bakı Dövlət Universitetində tələbələr qarşısında çıxış etdim, çoxlu sayda alimlərlə, politoloqlarla görüşdüm. Heydər Əliyevi yaxşı tanıyırdım. 1983-cü ildə Suriyaya səfəri zamanı onu müşayiət etmişdim. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi olduqda mən Bakıda keçirilən müxtəlif konfranslara tez-tez gəlirdim. Heydər Əliyev çox hörmət etdiyim dövlət xadimidir. Yeri gəlmişkən, sovet televiziyasında mən İran azərbaycanlıları haqqında reportaj da hazırlamışdım.
- Bu gün, demək olar ki, bütün ərəb dünyası qaynar nöqtədir: Suriya, Misir, Liviya, Fələstin və fasiləsiz olaraq Tunis, daxili münaqişələrin daim davam etdiyi Bəhreyn, Livan. Şimali Afrika və Yaxın Şərq ərazilərində nə baş verir?
- Düşünürəm ki, baş verənlər bu regionun inkişafındakı növbəti mərhələdir. Belə ki, yeni mərhələ İkinci Dünya müharibəsindən sonra da yaşanmışdı. O zaman müstəmləkəçiliyə qarşı hərəkat baş qaldırmışdı. Yeni müstəqil dövlətlərin yaradılması prosesi gedirdi. Siyasi elitalar və təşkilatların işi siyasi, iqtisadi müstəqilliyin möhkəmlənməsi idi. O zaman din, məzhəb faktorları xüsusi rola malik deyildi. Təəssüf ki, son 50 ildə bu regionda ciddi inkişaf baş vermədi. Qamal Abdel Naser və sair kimi görkəmli xadimlərin səylərinə baxmayaraq, ərəb dünyasında nəzərəçarpacaq inkişaf olmadı.
İndi dünyanın Sovet İttifaqının dağılması, iki fövqəldövlət arasında qarşıdurmanın sona çatması, vahid qlobal siyasət yürüdən ABŞ-ın simasında birqütblü dünyanın yaranmasından sonra dünyada, xüsusilə də Yaxın Şərqdə vəziyyət dəyişməyə başlayıb. ABŞ-ın bu regiona müdaxiləsi, İraq və Əfqanıstana girməsi, Liviya və Suriyanın işlərinə qarışması, eyni zamanda "Əl-Qaidə" ilə müharibə aparması ilə dini faktor ön plana çıxıb. ABŞ isə bununla bacarmır. Sanki onlar dinə qarşı olan qüvvələri dəstəkləmək istəyirdilər. Amma hər şey elə amerikalıların özləri üçün tam tərsinə alındı. İndi məhz din regionda siyasəti və sosial vəziyyəti tənzimləyən birinci faktora çevrilib. Şübhəsiz ki, bu, yeni tarixi mərhələdir.
Bu proseslərdə Rusiya heç bir praktiki rola malik deyil. Nə vaxtsa Moskva regionun sovetpərəst, sosialistpərəst qüvvələrini dəstəkləyirdi. Amma bu, heç bir müsbət nəticə vermədi. Bu ölkələrin əksəriyyəti Rusiyaya qarşıdır.
- Bütün bunların nə ilə bitəcəyini praqnozlaşdırmaq olarmı? "Ərəb baharı"nın sivilizasiyalar-arası müharibəyə səbəb olma ehtimalı nə qədərdir?
- Ümumilikdə, Şimali Afrika və Yaxın Şərqdəki hadisələrin necə inkişaf edəcəyini bilmək mümkün deyil. Əsasən burada radikal islamçılarla Qərbin, xüsusilə ABŞ və müttəfiqlərinin nüfuzu arasında mübarizə gedir. Yeri gəlmişkən, bu, əvvəllər də olub. Mən Fars körfəzi ölkələrini çox gəzmişəm və orada tez-tez Qərb dəyərlərinin, mədəniyyətinin bu dövlətlərin ənənəvi dünyasına zorla soxulmasından şikayətlər eşitmişəm. İndi bu, bütün cəbhələrdə qarşıdurmalara çevrilib. Üstəlik, Qərbdəki antiislamçı qüvvələr islamdakı müqəddəs dəyərlərə qarşı biabırçı təxribatçılığa yol verirlər. Bütün bunlar regionda vəziyyəti müntəzəm olaraq gərginləşdirir.
MƏSLƏHƏT GÖR: