
"ƏRƏB BAHARI" YERİNİ PAYIZA VERDİ
Misirdəki yeni kütləvi təlatümlər nə ilə nəticələnəcək?
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Misirdə sanki yenidən inqilab yaşanır. Yeni rəhbərliyini bu yaxınlarda seçmiş ölkə sanki Hüsnü Mübarək rejiminin tam yaddan çıxması ilə rahat nəfəs almağa başlamışdı. Amma ölkə yenidən etiraz dalğasına bürünüb. Düzdür, bu dəfə misirlilərin hakimiyyət əleyhinə enerjisi o qədər də miqyaslı deyil. Çünki onların böyük hissəsi prezident Məhəmməd Mursini dəstəkləyir. Məhz bu səbəbdən müxalifət ümumxalq etiraz koalisiyasını formalaşdıra bilmir.
"Piramidalar ölkəsi"ndəki nisbi sabitliyi dövlət başçısının səlahiyyətlərini ciddi şəkildə artırmaq qərarı pozub. Mursinin noyabrın 22-də təsdiqlədiyi "Konstitusiya bəyannaməsi" məhkəmələrdən prezidentin qərarları ilə razılaşmamaq səlahiyyətinin alınmasını nəzərdə tutur. Müxalifət hesab edir ki, bununla hakimiyyətin müxtəlif qanadları arasında balans pozulur, prezident isə əslində əlində diktator səlahiyyətlərini cəmləşdirir.
Hakimiyyətin dekabrın 15-də yeni Konstitusiyanın qəbuluna dair referendum keçirmək istəyi insanları daha da coşdurub. Liberal müxalifət hazırki prezidentin təmsil etdiyi "Müsəlman qardaşlar"ın Misir dövləti haqda öz baxışlarını cəmiyyətə qəbul etdirməyə çalışmasından narazıdır. Onlar xüsusilə yeni Konstitusiyadakı hakimiyyətin "Misir cəmiyyətinin əsl təbiətini" və onun mənəvi dəyərlərini qorumaq" haqda öhdəliyinə dair postulatlarını qəbul etmir. Müxalifət hesab edir ki, bu, "Müsəlman qardaşlar"ın senzuranın sərtləşdirilməsi, fərqli düşüncə sahiblərinə qarşı təqiblərin gücləndirilməsi niyyətlərindən xəbər verir. Prezident Musrinin əleyhdarlarını narahat edən daha bir məqam yalanın yolverilməzliyinə dair maddədir. Onların firkrincə, bu maddədən müstəqil jurnalistlərin əleyhinə istifadə oluna bilər. Nəhayət, islamçı prezidentin tənqidçiləri yeni Konstitusiyanın mətnindən qadınlara qarşı ayrı-seçkiliyin yolverilməz olduğuna dair fikrin çıxarılmasını etirazla qarşılayıb. Müxalifətçilər hesab edir ki, butün qeyd olunanlar prezident Musri və komandasının Misirin dünyəvi dövlət quruluşuna son qoymaq, onun əvəzində klerikal dövlət qurmaq niyyətlərindən xəbər verir.
Konstitusiya layihəsi açıqlandıqdan dərhal sonra müxalifət liderlərindən biri, MAQATE-nin keçmiş rəhbəri Məhəmməd əl-Baradeyi sənədin tezliklə "siyasi folklorun bir hissəsinə çevriləcəyini və tarixin zibilliyinə atılacağını" bəyan edib. Bununla yanaşı, o, ölkənin demokratik inkişaf yoluna tərəfdar olanları küçələrə çıxmağa çağırıb. Ənənəyə uyğun olaraq, etiraz aksiyalarının mərkəzi bu dəfə də Qahirənin mərkəzindəki Təhrir meydanı olub.
Liberallar "İnqilabın xilası Milli cəbhəsi" yaradaraq Konstitusiya referendumunun ləğvini tələb etməyə başlayıblar. Etiraz dalğasını prezident Məhəmməd Musrinin milli dialoqa başlamaq çağırışı da yatırmayıb. Müxalifətçilərin Prezident iqamətgahına tərəf başladıqları yürüş "Müsəlman qardaşlar"ın tərəfdarlarını Musri hakimiyyətini qorumaq üçün küçələrə çıxmağa çağırmasından sonra toqquşmalarla əvəzlənib. Yalnız rəsmi məlumata görə, toqquşmalarda 6 nəfər həlak olub, 700-dən artıq insan yaralanıb.
Misirin baş naziri Hişam Kandil tərəfləri "ağıllı olmağa, əl saxlamağa, qardaş qanı axıtmamağa və dialoqa başlamağa" çağırıb. Lakin qarşı-qarşıya duran qüvvələr hesab edirlər ki, onların dialoq aparacaqları mövzu yoxdur, çünki onlar strateji perspektivdə Misirin taleyini həll edəcək məsələlərlə bağlı tam əks fikirdəlirlər.
Misir ictimaiyyətinin dünyəvi, liberal baxışlı hissəsinin prezident Musri və onun arxasında dayanan "Müsəlman qardaşlar"ın ölkədə yeni diktatura qurmaqda olduğunu düşünmələri üçün bütün əsaslar var. Söhbət əhalinin yalnız bir hissəsinin istəyinə əsasən, misirlilərin şəriət qanunları ilə yaşamalı olduğunu nəzərdə tutan islam diktaturasından gedir. Bu mənada tərəfdarlarını "Biz mübarizəni Musri uğrunda yox, Peyğəmbərin vəsiyyətləri uğrunda, allahsızlığa və liberallara qarşı aparırıq" şüarı ilə səfərbər edən islamçı siyasətçilərin çağırışları nümunəvi sayıla bilər.
Amma məhz Məhəmməd Musrinin əhalinin böyük bir hissəsinin dəstəyinə arxalanması hazırkı vəziyyəti liberallarla islamçıların Mübarək diktaturasını devirmək üçün çiyin-çiyinə mübarizə apardığı Misir inqilabı dövründən ciddi şəkildə fərqləndirir. Mübarək hakimiyyətinin son dövrlərində sosial dəstəyini, demək olar ki, tamamilə itirmişdi. Musrini isə ölkə parlamentində yerlərin 60-%-dən çoxunu tutmuş nüfuzlu siyasi qüvvələr (yalnız "Müsəlman qardaşlar" yox, həm də sələfilər) dəstəkləyir.
Mübarək dönəmindəki aparıcı amil olan ordu, şübhəsiz ki, hansısa səviyyədə indi də mövcuddur. Ordu Misirdə dünyavi dövlət quruluşunun əsas dayağı olaraq qalır. Amma nəzərə almaq lazımdır ki, Məhəmməd musri son aylar ərzində ölkənin hərbi rəhbərliyinə öz adamlarını yerləşdirə bilib. Düz 3 ay əvvəl prezident ordu rəhbərliyində görünməmiş "təmizləmə" əməliyyatı aparıb. O, müdafiə naziri feldmarşal Məhəmməd Hüseyn Tantauni və bir neçə generalı istefaya göndərib. Onların yerinə prezident tərəfindən islamçılara daha loyal olan hərbçilər təyin olunub. Bununla da Musri öz siyasi mövqelərini kifayət qədər möhkəmləndirib. Misirin real olaraq vətəndaş müharibəsi təhlükəsilə üz-üzə qaldığı hazırkı şəraitdə isə hələ də dəqiq aydın deyil ki, ordu sonda liberal, dünyavi baxışlı qüvvələrin gözlədiyi kimi, onları dəstəkləyəcək, ya yox. Onlar üçün daha bir mənfi məqam kimi Musrinin orduya polis səlahiyyətləri verməsini göstərmək olar. İndi hərbçilər təhlükəsizliyin təmini və dövlət qurumlarının mühafizəsi məqsədilə mülki şəxsləri həbs edə bilər. Ordunun bu səlahiyyəti Konstitusiya referendumunun nəticələri elan olunanadək qüvvədə qalacaq.
Bu yolla öz təhlükəsizliyini təmin edən, həmçinin göründüyü kimi, vəziyyəti daha da qəlizləşdirmək istəməyən prezident Musri dekabrın 9-da səlahiyyətlərinin genişləndirilməsinə dair bəyannaməni ləğv etmək qərarına gəlib. Onun qəbul etdiyi yeni Konstitusiya bəyannaməsi Konstitusiya komissiyasına birbaşa seçkinin keçirilməsini nəzərdə tutur. Misirlilər yeni Konstitusiyanın qəbulu ilə bağlı dekabrın 15-də keçiriləcək referendumda məsələyə mənfi münasibət bildirərlərsə, yeni qanun layihəsini məhz həmin komissiya hazırlamalıdır.
Amma prezident müxalifətə yalnız bu məsələdə güzəştə getdi. Narazılıq yaradan əsas məsələ - Konstitusiya ireferendumunun keçirilməsi məsələsində Musri geri çəkilmir. Baş nazir Kandil "prezident və ölkənin siyasi qüvvələrinin referendumun təxirə salınmasının qanuni yollarını müzakirə etdiklərini bildirsə də, dövlət başçısı özü istənilən vasitə ilə referendumun təyin olunduğu tarixdə keçirilməsinə tərəfdar olduğunu nümayiş etdirməyə çalışır. Məhz bu səbəbdən liberal müxalifət yeni Konstitusiya bəyannaməsini də rədd edərək bütün dünyavi qüvvələri kütləvi nümayişlərin davamına səsləyib. "Cəbhə" qəbul edilmiş bəyannaməni rədd edir və yeni Konstitusiyanın qəbulu məqsədilə referendumun keçirilməsini yolverilməz sayır. Onlar bu fikirlərini yeni Konstitusiya layihəsinin "birtərəfli şəkildə hazırlanması, ölkənin bütün siyasi qüvvələrilə, sosial təbəqələrlə razılaşdırılmaması, Misir xalqının maraqlarına cavab verməməsi" ilə əsaslandırır.
Qarşı-qarşıya dayanmış qüv-vələr arasında yeni qurbanlara səbəb olan qarşıdurmanın dərinləşdiyi bir vaxtda Misirə daha bir real təhlükə yaranıb. Söhbət onun ərazisinin siyasi prinsiplər əsasında bölünməsindən gedir. Müxalifət Aleksandriya əyalətini "islamçı rejimdən" müstəqil elan edib. Bundan başqa, Qahirənin şimalında yerləşən Əl-Məhəllət-əl-Kübra və Əl-Mənsur şəhərləri də "islamçılardan azad" elan olunub. Yeri gəlmişkən, Əl-Məhəllət-əl-Kübra Misir inqilabının beşiyi sayılır: 2009-cu ildə müxalifətin "6 aprel hərəkatı"nın əsası məhz orada qoyulub və ilk miqyaslı antihökumət nümayişləri həmin şəhərdə keçirilib.
Bütün bu proseslər Misir inqilabının əsl məqsədləri haqda bir sıra suallar qoyur. Milyonlarla insanın istəyinə rəğmən, "ərəb baharı"nın tərkib hissəsi olan və öz potensialına görə İslam dünyasının ən qüdrətli dövlətlərindən birində baş vermiş bu inqilab, insanlara yaxın perspektivdə ləyaqətli həyat yaşamaq üçün real perspektiv açmayıb.
Üstəlik bir məsələ hələ də açıq qalır: Misir inqilabı kimi hadisələr daha çox ərəb reallığından doğub, yoxsa Misir və digər ərəb ölkələrinin dövlət kimi cüclənməsinə yol verməmək və xaos yaratmaq istəyən qüvvələr tərəfindən süni şəkildə xaricdən hazırlanıb? Bu sualın cavabını tapmaq çox vacibdir. Çünki bu hadisələr müasir qlobal dünyana öz yerini axtaran və bunun yolunu, hələlik, yalnız diktaturaları yıxmaqda görən xalqların gələcəyini müəyyən edəcək. Hələliksə, devrilən diktaturaların yerinə, total hakimiyyət əldə etmək istəyən kifayət qədər ambisiyalı yeni qüvvələr gəlməkdədir.
MƏSLƏHƏT GÖR: