14 Mart 2025

Cümə, 20:53

KLİÇKONUN MƏŞQÇİSİ AZƏRBAYCAN MİLLİSİNDƏ İŞLƏYƏCƏK

Vladimir Zolotaryov: “Azərbaycan boksunda ciddi dəyişikliyə ehtiyac yoxdur”

Müəllif:

01.12.2012

London Yay Olimpiya Oyunlarından sonra Azərbaycanda bəzi idman növlərində məşqçi dəyişikliyi baş verdi. Cüdo, güləş, ağır atletikanın ardınca boksda da millinin sükanı əcnəbi mütəxəssisə tapşırıldı. Boks millimizin yeni baş məşqçisi dünyada daha çox peşəkar boksçular Vladimir və Vitali Kliçkoların şəxsi məşqçisi kimi tanınan Vladimir Zolotaryov oldu. 

Maraqlıdır ki, Azərbaycan Boks Federasiyası ukraynalı məşqçiylə ilk olaraq 6 aylıq razılaşma əldə edib. Federasiya məşqçidən Bakıda keçiriləcək tələbələrin dünya çempionatı, eləcə də gələn il keçiriləcək Avropa çempionatında uğulu çıxış etməyi tələb edib. Millimiz bu turnirlərdə yaxşı mənada özünü göstərə bilsə, Zolotaryovla uzun müddətli müqavilə imzalanacaq. Artıq iki aydır boksçularımıza məşq keçən Zolotaryov "R+"a müsahibəsində millidəki problemlərdən, eləcə də Kliçko qardaşlarından danışıb.

- Azərbaycana gəlişiniz sirr saxlanılırdı. Yalnız son anda federasiya sizinlə razılaşma əldə etdiyini təsdiqlədi. Bilmək olarmı, millidə işləmək təklifi sizə nə vaxt edilib?

- Azərbaycan millisində işləyəcəyimi 7 ay əvvəldən bilirdim. Yaz aylarında mənə yığma komandanızda işləmək təklif edildi. Əlbəttə, London Olimpiadasına 2-3 ay qaldığı müddətdə razılaşmaq düzgün olmazdı. Çünki olimpiada ərəfəsində dəyişiklik yaxşı hal deyil. Londonda Azərbaycan boksçularının çıxışını diqqətdə saxlayardım. Olimpiadadan sonra isə Bakıya gələrək federasiya rəhbərliyi ilə görüşdüm. Qərara alındı ki, mənə 6 ay sınaq müddəti verilsin. Boksçular qarşıdakı yarışlarda özünü doğrultsa rəsmi müqavilə imzalayacayıq.

- Bizdə olan məlumata görə, siz Olimpiadaya qədər boksçularımızın hazırlığıyla məşğul olmusunuz...

- Karyeramda daha çox ağır çəkili boksçularla hazırlaşmışam. Ona görə olimpiada ərəfəsində Teymur Məmmədov və Məhəmmədrəsul Məcidova məşq keçmişəm. Hər iki idmançı Olimpiadada bürünc medal qazanmaqla ümidləri doğrultdu. Amma bu, o demək deyil ki, mən sizin bütün boksçuları tanıyıram. Hər bir yeni işdə uğur qazanmaq üçün vaxt gərəkdir. Ilin sonunda biz Azərbaycan çempionatını keçirməyi planlaşdırmışıq. Orada bütün boksçular, o cümlədən yığma üzvləri də iştirak edəcək. Çempionatın nəticələrinə əsasən hazırlıq planı tərtib olunacaq. Bundan sonra komandanın heyətini formalaşdırmağa başlayacayıq. 

- Ümumilikdə, Olimpiadanı Azərbaycan boksu üçün necə qiymətləndirirsiniz?

- Londonda boksçular Azərbaycanı layiqincə təmsil etdi. Amma hiss olunurdu ki, hazırlıqda nəsə çatışmır. Problemlər barədə mətbuata danışmağı sevmirəm. Əgər problem olmasaydı, onda məşqçiyə ehtiyac olmazdı. Lakin sizin perspektivli idmançılarınızın çox olduğunu deməliyəm. Azərbaycan boksunda ciddi dəyişikliyə ehtiyac yoxdur. Sadəcə, problemləri aradan qaldırmaq lazımdır.

- Olimpiadada medalı ağırçəkili boksçular qazandı. Amma Azərbaycanda həmişə ağır çəkilərlə bağlı problem mövcud olub...

- Müəyyən çəkilərdə rəqabəti artırmaq lazımdır. Sadəcə, indidən nəsə söyləmək çətindir. Azərbaycan çempionatı başa çatandan sonra konkret fikir bildirmək mümkün olacaq. Orada kimin nəyə qadir olduğu görünəcək.

- Azərbaycan və Ukrayna boksunun hazırkı vəziyyətini müqayisə edə bilərsinizmi?

- Boks bütün MDB ölkələrində sevilir. Ukrayna boksu son illər böyük uğurlar qazanıb. Orada edilən dəyişikliklər öz bəhrəsini verdi. Həm olimpiada, həm dünya, Avropa çempionatlarından idmançılar vətənə medalla qayıdır. Azərbaycanda da vəziyyət normaldır. Sizdə yaxınlarda millidə gəncləşdirmə siyasəti aparıldı. Ona görə dərhal uğur tələb etmək düzgün deyil. Son Avropa və dünya çempionatında qazandığınız qələbələr göstərir ki, inkişafdasınız. Sadəcə plan üzrə işləmək və uğurlu çıxışı davam etdirmək lazımdır.

- Siz daha çox Kliçko qardaşlarının ilk məşqçisi kimi tanınırsınız. Yetirmələrinizlə əlaqə saxlayırsınızmı?

- Əlbəttə, Kliçko qardaşları Ukraynanın fəxridir. Vladimir uğurlu karyerasını davam etdirir. Kliçkonun hər qələbəsi vətəndə böyük çoşğuyla qarşılanır. Digər qardaş siyasətlə məşğul olur. Onların idmana gəlişi indiyə qədər gözümün qabağımdadır. Kliçko qardaşları adlarını dünya boksuna qızıl hərflərlə yazıblar.

- Vaxtilə Kliçko qardaşları da həvəskar boksda iştirak edib və böyük uğurlar qazanıb. Azərbaycanda Kliçko kimi boksçu hazırlamaq mümkündümü?

- (Gülür) İdmanda hər şey mümkündür. Sadəcə işləmək lazımdır. Böyük idman böyük məşqlər tələb edir. Hazırda ölkənizdə gənclərin hazırlığı barədə məlumatım yoxdur. Dəqiq nəsə söyləmək çətindir. Amma Kliçko kimi dünya səviyyəli boksçu hazırlamaq realdır. Çox istərdim ki, Azərbaycanın öz Kliçkosu olsun. Məhz bu məqsədlə ölkənizə gəlmişəm. Çempionatdan sonra yığmaya yeni boksçular dəvət edəcəyəm. Mənim üçün əsas idmançının döyüşkən ruhlu olmasıdır. Ola bilər boksçu fiziki cəhətdən hazır olmasın. Bu və digər problemləri həll edə bilərəm. Milli komandanı formalaşdırandan sonra Kliçko kimi boksçu yetişdirmək barədə düşünmək olar.


MƏSLƏHƏT GÖR:

600