14 Mart 2025

Cümə, 21:43

“BARSA”LI MÜTƏXƏSSİS “XƏZƏR-LƏNKƏRAN”DA

Cənubluların yeni baş məşqçisi öz təyinatı barədə “R+”a danışdı

Müəllif:

01.12.2012

Yunis Hüseynovun istefasından sonra "Xəzər-Lənkəran" klubuna əcnəbi məşqçinin təyinat alacağı gözlənilirdi. Mətbuatda yazılanlar bu dəfə də təsdiqini tapdı. Azərbaycan çempionatında ilk dəfə olaraq komandaya rəhbərlik ispan məşqçiyə - 39 yaşlı Karles Martorell Bakesə tapşırıldı. 

Sözün düzü, bu təyinat futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Gənc və iddialı ispan çalışdırıcının tərcümeyi-halında indiyə qədər baş məşqçi kimi işləmədiyini oxuyanda təəccüblənməmək olmurdu. Müxtəlif klublarda inzibati işlərdə çalışan Bakesin Azərbaycan futboluna nə verəcəyi bir çox mütəxəssislərdə sual doğururdu. 

Bu kimi suallara aydınlıq gətirmək üçün Ispan çalışdırıcıyla təqdimatdan sonra əlaqə saxlamağa cəhd etdik. Əvvəlcə ona işləmək üçün zaman verilməsinin vacib olduğunu deyən legioner məşqçi müsahibədən imtina etdi. Lakin sonradan onunla yaxından tanış olmaq istədiyimizi deyərək suallarımıza cavab verməsini xahiş etdik və Bakes müsahibəyə razılaşdı.

- Təqdimatdan sonra jurnalistlərlə görüşməmisiniz. Azərbaycan azarkeşi sizi yaxşı tanımır. Maraqlıdır ölkəmizə gəlişiniz necə baş verdi?

- "Xəzər-Lənkəran" klubunun sahibi və rəhbərliyinə təşəkkür edirəm. Bildiyimə görə, baş məşqçi postuna namizədlər çox idi. Sonda məhz mənim üzərimdə dayanıblar. "Xəzər-Lənkəran"ın oyununu izləmişəm və deyə bilərəm ki, cənublular yaxşı heyətə malikdir. Təyinat yeni reallaşdığından azarkeşlərin məni tanımaması normaldır. 

- "Xəzər-Lənkəran" uzun müddətdir çempion olmur. Sanki uğursuzluq zolağına düşüb. Bu komandada işləmək sizə çətin olmayacaq ki?

- Mən bura nəticə qazanmaq üçün gəlmişəm. Komandanın son nəticələrindən xəbərim var. "Xəzər-Lənkəran"ı çempion eləyəcəyimə inanıram. Əks halda, bu məsuliyyəti üzərimə götürməzdim.

- Bizi düzgün başa düşün. Amma siz heç bir klubda baş məşqçi işləməmisiniz...

- Mən "Barselona"da çalışmışam. Bu klubun uğurları, nəticələri bütün dünya üçün nümunədir. “Barsa”dakı təcrübə mənə kifayət edəcək. Çətinlik hər bir işdə var. Çətinlikdən qorxsaydım, məşqçi olmazdım.

- Klub rəhbərliyi qarşısınızda hansı məqsədləri qoyub?

- Onlar məndən döyüşkən komanda yaratmağı tələb edib. Çempionluq barədə söhbətimiz olmayıb. Lakin bilirəm ki, Lənkəran komandası həmişə iddialı olub. Xüsusən azarkeşləri barədə məlumatım var. Cənublular güclü azarkeş dəstəyinə malikdir. 

- Azərbaycan çempionatı barədə məlumatınız varmı?

- Mayda ölkənizə səfər zamanı bəzi oyunları izləmişəm. Üstəlik, cənubluların oyunlarının disklərinə baxmışam. Çempionatda güclü komandalarınız çoxdur. "Xəzər-Lənkəran"ın potensialı rəqiblərlə mübarizə aparmağa imkan verir. 

- Komandanızdan hansı oyun üslubunu tələb edəcəksiniz?

- Mənim üçün nəticə ilə yanaşı oyun da vacibdir. Baxımlı oyun əsas meyarlardan biridir. Hücumların cinahla qurulmasını istərdim. Futbolçular gərək topla hərəkət etməyi bacarsın. Topu rəqibə vermək olmaz. Əgər top rəqibdədirsə, deməli hər an təhlükə yarana bilər. Komandam istənilən rəqibə təzyiq etməyi bacarmalıdır.

- Adətən, yeni məşqçi legionerləri öz ölkəsindən gətirir. Deməli, yaxınlarda Lənkəranda ispan legionerlər görəcəyik?

- İspaniyadan futbolçu gətirməyi planlaşdırmıram. İlk olaraq komandamın bütün üzvləriylə görüşməliyəm. Qışda heyətdə dəyişiklik olacağı dəqiqdir. Ona görə yeni oyunçular alınacaq. Amma onların İspaniyadan olması vacib deyil. Mənə hazır yüksək səviyyəli legionerlər lazım olacaq. Hansı ölkədən olması əsas deyil. Meydanda sözünü deyə bilsin, bu mənə kifayət edəcək.

- Adətən, legioner oyunçular Lənkəranda yaşamaq istəmir, onlar paytaxt Bakıda qalır. Bu məsələyə sizin münasibətinizi bilmək maraqlı olardı..

- Komanda Lənkəranda yaşayacaq. Orada hazırlıq üçün hər cür şərait var. Əgər bazamız Lənkərandadırsa, onda Bakıda niyə yaşamalıyıq? Təbii ki, vacib oyunlar ərəfəsində paytaxtda qalmaq müm-kündür. Ümumilikdə legionerlər cənub bölgəsində qalacaq.

- Lənkəran komandasıyla işləmək çox çətindir. Sizə nəticə vermək üçün nə qədər vaxt lazımdır?

- Təxribat xarakterli sual verirsiniz. Komandanı tanımalıyam, bundan sonra vaxtla bağlı suala cavab verə bilərəm. Nəticə olandan sonra mənə inanacaqsınız. Hiss edirəm ki, işimə şübhə ilə yanaşırsınız. Amma hər bir insana özünü göstərmək üçün şərait yaradılmalıdır. Bundan sonra görülən işi müzakirə etmək olar.

- Daha çox inzibati postlarda çalışmısınız. Məhz buna görə Lənkəran klubunda uğur qazanacağınıza inam azdır...

Karyeram ərzində iddialı klubda çalışmaq istəmişəm. İndi Lənkəran rəhbərliyi mənə bu şəraiti yaratdı. Özümü doğrultmaq üçün çalışmağa hazıram. Bilirəm ki, "Barselona"ya bağlılığım kömək etməyəcək. Əsas nəticədir. Mənə inanmamağınızı normal qarşılayıram. Komandam uğur qazansa, qış fasiləsindən sonra yəni yazda yenə görüşərik. Onda gördüyüm işlərdən danışmaq imkanı olacaq.


MƏSLƏHƏT GÖR:

477