14 Mart 2025

Cümə, 21:43

AZƏRBAYCANLI OSKARÇI

Kinorejissor Elmar İmanov "Tabutçunun yelləncəkləri" filmində əldə etdiyi uğurun sirlərini "R+"la bölüşüb

Müəllif:

01.12.2012

Almaniyada yaşayan gənc azərbaycanlı rejissor Elmar İmanov qısametrajlı "Tabutçunun yelləncəkləri" filminə görə "Ən yaxşı xarici film" nominasiyasında Amerika Kinoakademiyasının gənc kinematoqrafçılar üçün mükafatına (tələbə "Oskar"ına) layiq görülüb. Onun işi bu yaxınlarda Almaniya Kinotənqidçiləri İttifaqı tərəfindən də qiymətləndirilib. "Tabutçunun yelləncəkləri" filmi "İlin ən yaxşı qısametrajlı filmi" nominasiyasında birinci yeri tutub. Elmar İmanov öz uğuru, filmin fəlsəfəsi və kinematoqrafa baxışları barədə fikirlərini "R+"la bölüşüb.

- Dünyanın ən prestijli kinoakademiyasının yarışmasına öz filminizi göndərməyə çəkinmirdiniz ki? 

- Həmin vaxt mən qələbə barədə düşünmürdüm. Xəbər verəndə ki, bizim filmi tələbə "Oskar"ına göndəriblər, biz ilk üçlüyə düşəcəyimizə inanmırdıq. Bizdən ötrü başlıca məsələ bu kinomüsabiqədə iştirak idi. Dünya Kino Məktəbləri İttifaqına daxil olan məktəblər ildə bir dəfə öz filmlərindən birini tələbə "Oskar"ına göndərmək hüququna malikdir. Adətən, onlar festival mövsümü keçirirlər ki, hansı filmi ABŞ-a göndərməyə layiq olduğunu anlaya bilsinlər. Bizdə Almaniyada festival mövsümü olmadı, çünki bizim kino məktəbi kiçikdir - o, hər iki ildə bir dəfə tələbə buraxır, uyğun olaraq hər iki ildən bir diplom işləri çəkilir. 

- "Tabutçunun yelləncəkləri" nə barədədir? Sizcə, nəyə görə "Ən yaxşı xarici film" nominasiyasında ona bürünc medal veriblər? 

- "Tabutçunun yelləncəkləri" ata və oğulun münasibətləri barədə əhvalatdır. Tabutçu Yaqub arvadının ölümündən sonra öz əqli cəhətdən zəif oğlu Musa ilə çox pis rəftar edir. Amma oğlu ölümcül xəstələnəndən sonra, Yaqub özünə məxsus şəkildə olsa da, oğlu ilə münasibətlərinə yenidən baxır. Mənə elə gəlir ki, mənim əsərimi ona görə seçiblər ki, bu əhvalat yetərincə universaldır. Dünyanın istənilən ölkəsində ona baxıblarsa, hamı üçün aydın olub. 

- Siz yalnız filmin rejissoru deyil, həm də ssenari müəllifisiniz. Bu "atalar və oğullar" mövzusu necə yaranıb və ssenarinin ideyası nəyə əsaslanır?

- Mən öz filmlərimin hamısının ssenarisinin hazırlanmasında iştirak etmişəm. Onların ikisində mən ssenaristlərlə həm müəllif kimi çıxış etmişdim, qalanlarını, o cümlədən diplom işimi də  özüm yazmışam. Mövzu seçiminə gəldikdə isə bu, adi həll mexanizmlərinə tamamilə tabe olmayan məsələdir. Gözlənilmədən nəsə ruha yaxın olur və elə bir hiss yaranır ki, hansısa mövcud olmayan səhnəni görməyə həvəslə can atırsan. Məsələn, tabutçunun əhvalatına məni Çexovun "Rotşildin skripkası" əsəri həvəsləndirmişdi.

- Çəkiliş neçə keçib? Aktyorları necə yığdınız? Tərk edilmiş evi necə tapdınız?

- Biz, az qala bütün ölkəni gəzmişik: Bakıdan Zaqatalaya və Astaraya qədər. Nəhayət, onu Bakıdan 50 kilometr aralıda, Qobustan rayonunun Cəngi kəndində tapdıq. Aktyorlara gəldikdə isə Şamil Süleymanlı ilə biz başqa kinolayihələrdə də birlikdə işləmişik. Mən bilirdim ki, o, ata rolunu oynaya bilər. Və yanılmadım. Oğul rolunu etibar etdiyimiz Rasim Cəfərovu isə  mən  inişilki "Berlinale" festivalında - "İtkin düşmüş" filmində görmüşdüm. Onunla əlaqə saxladım. O da öz növbəsində mənə Qurban İsmayılovu və Zülfiyyə Qurbanovanı məsləhət gördü və yanılmadıq. Emin Səmədzadə  isə bizim ailə dostumuzdur. Mən filmimdə çəkilmiş bütün aktyorlarla həvəslə bir daha yenidən işlədim. Bu əla insanlarla işləmək və ünsiyyətdə olmaq çox xoşdur. Filmin prodüseri Eva Blondio dili bilməsə də, çəkilişi elə təşkil etmişdi ki, hətta Almaniyadan kənarda çəkiliş apardığımızı hiss etmirdim. Altı nəfər - operator və assistent, səs operatoru və işıq ustası, qrimçi mənimlə birlikdə Almaniyadan gəlmişdi. Biz montajı, səsləndirməni və rəng korreksiyasını da orada etdik. 

- Məişət zorakılığı mövzusu son illərdə dünyada aktuallıq kəsb edir. Sizcə, bu məsələ ilə mübarizə aparmaq mümkün-dürmü?

- Yalnız qanun vasitəsilə. Həmişə məişət zorakılığını açmaq çətin olub. Çünki insan qohumluq "maneə"lərini aşmalıdır və polisə müraciət etməlidir. İnsanlar yalnız onda anlayarlar ki, zorakılıq qanunla cəzalandırılır. Əlbəttə, gedib ərinin, qardaşının və ya oğlunun onun döyməsini demək çox çətindir. Özü də insanların çoxu mübahisənin evdən kənara çıxmasını sevmir. 

- Siz Almaniyada yaşayıb-işləyirsiniz. Ora necə gedibsiniz? Öz ailəniz barədə danışın. Özünüzü orada necə hiss edirsiniz: doğma, yoxsa yad kimi? 

- Mən özümü belə də, elə də hiss edirəm. Almaniya həyatının mənə heç təsir göstərmədiyini demək çox çətindir, halbuki uzun müddət mənə elə gəlirdi ki, bu, belədir. Düşünürəm ki, sənin azərbaycanlı və ya alman olmağının heç bir önəmi yoxdur. İnsan həmişə və hər yerdə özü olmalıdır. Bəli, "özününkülərə" və yadlara bu cür bölünmə mənim üçün əlverişli deyil. Ailəmizə gəldikdə isə, valideynlərim memardır. Almaniyaya gəlmək qərarını da onlar veriblər. Anam Ofeliya İmanova həm də rəssamdır. Məktəbə bu ölkəyə gələndən sonra getmişəm. Qardaşım ədəbiyyat institutunda işləyir. Bakıda biz ulu babamızın Məmmədəliyev küçəsindəki evində yaşayırdıq. Əgər xatırlayırsınızsa, bizim şəhərdə nə vaxtsa, atlantlı bina vardı, indi yoxdur, təəssüf ki, bir daha olmayacaq. 

- Niyə rejissor olmağa qərar verdiniz? Hər şey nədən başladı?

- Uşaqlıqda heç rejissor olmağı arzu da etmirdim. Köln gimnaziyasında biologiya ilə maraqlanırdım, olimpiadada iştirak etmişdim. Mənim biologiya müəllimim həvəskar filmlər çəkirdi. Bir dəfə o, məni epizodik rola dəvət etdi və yalnız onda gördüm ki, kino çəkmək çox maraqlı işdir. Amma rejissorluq fakültəsinə girməyi heç ağlıma da gətirmirdim, orada dəhşətli müsabiqə var idi. Beləliklə, biofaka daxil oldum və bu xoş xəbərlə biologiya müəlliminin yanına gələndə, o dedi: "Lazım deyil, get rejissorluğa daxil ol". Bu sözlər  həyatımda dönüş yaratdı, mən risk etdim və daxil oldum. Daha sonra isə mürəkkəb müsabiqə keçirildi və IFS-ə  - Kölndəki beynəlxalq kinematoqrafiya məktəbinə daxil oldum. 

- Sizin dünya kinematoqrafında kumiriniz varmı? Uşaqlıqda hansı filmlərə baxmağı sevirdiniz?

- Sevdiyim filmlər çoxdur, ona görə də hansınısa seçmək elə də sadə deyil. Azərbaycan kinosundan "Şərikli çörək" çox xoşuma gəlir, mən bu filmə mütəmadi olaraq yenidən baxıram. Kino məndən ötrü ilham mənbəyidir... əgər film yaxşıdırsa, deməli, çoxdan belədir. 

- Yaradıcılıq planlarınız barədə... Rejissor kimi ideyalarınız varmı?

- Ümumiyyətlə, ideyalar yetərincədir, amma hələ ki, onların heç biri dəqiq formalaşmayıb. Almaniyada debütantların tam keyfiyyətli film çəkməyə real imkanarı var - bunun üçün büdcədən ayrılan xüsusi qrantlar mövcuddur. Düşünürəm, bu məsələdə bəzi dövlət telekanalları da yardım edə bilər. 



MƏSLƏHƏT GÖR:

603