14 Mart 2025

Cümə, 21:43

O, HƏYATI TƏRK ETDİ

“Axırıncı reysimdir, Qurban dayı!” - deyə Yaşar Nurinin canlandırdığı qəhrəman bizi güldürürdü. bu dəfə o, hamını ağlatdı...

Müəllif:

01.12.2012

Kinoda, teatrda o qədər iş-gücü var idi. Bir tərəfdən də bizim sorğu-suallarımıza cavab verməli olurdu. Aktyorun razılığını alıb, həmin gün, ən geci səhəri gün ondan müsahibə almalıydım. İş yerində hamımızdan daha təcrübəli həmkarımız məni arxayınlaşdırdı. Amma yenə tərəddüdlə zəng etdim. "Sizinlə atanız - aktyor Məmmədsadıq Nuriyev barəsində söhbət etmək istəyirəm" deyəndə, bircə cavabı oldu: "Gəl". Çətini bu idi. Yaşar Nurinin evini hansımız tanımırdıq?!

Həmin müsahibədə məşhur aktyorumuzu sanki yenidən tanıdım. Hazırcavab, özünəməxsus zarafatları, duzlu-məzəli söhbətləri və bir də ötkəmliyi ilə hamımıza tanış olan Yaşar Nurini həm şad, həm də kövrəlmiş gördüm o gün. Atasından minnətdarlıqla danışır: "O, məndən böyük akyor idi" - deyirdi. Söhbət əsnasında öz uşaqlıq illərini də yad edirdi.  

Tanınmış aktyor Məmmədsadıq Nuriyevin dörd övladının biri idi Yaşar Nuri. 1951-ci ilin 3 sentyabrında Bakıda dünyaya göz açmışdı. Deyirdi ki, "Bakının məşhur "Sovetski" məhəlləsində, çox darısqal bir evdə, aktyor Vücudun (o da atası Məmmədsadıq Nuriyevi belə adlandırırdı - Z.F.) ailəsində doğulub-böyümüşəm".

Uşaqlığından danışanda o məhəlləni tez-tez xatırlayırdı. "Sovetski"nin dolanbac küçələrində tay-tuşları ilə futbol, bakılıların təbirincə desək, kos-kos oynamalarını, qonşu həyətdəki evin damına qalxıb məhəlləni seyr etmələrini yada saldıqca gülümsəyirdi. Danışdıqca dəcəl bir uşağın obrazını gözlərimin önündə canlandırırdı. Amma bu uşaq həm də böyük-kiçik yeri bilən idi. Ora - qədim Bakının o köhnə məhəlləsi həm də ədəb-ərkan məktəbi idi. "Mənim uşaqlığım çox maraqlı keçib", - deyirdi Yaşar Nuri: "Bu gün sənətdə az-çox tanınıramsa, buna görə uşaqlığıma, atama, məhəlləmizin ağsaqqal və ağbirçəklərinə borcluyam".  

O, Bakıdakı 173 saylı orta məktəbdə təhsil aldı. Əlaçı şagird olduğundan üç dəfə Krımdakı "Artek" pioner düşərgəsinə göndərildiyini də məmnunluqla vurğulayırdı.

Səhnəyə ilk dəfə on bir yaşında çıxdı. Yaşar Nurinin xatirələrində o gün belə qalırdı: "Atamla keçmiş "26-lar bağı"nda (indiki "Sahil" bağı - Z.F.) Ordubadi adına yay teatrına getmişdik. Oturub aktyorların məşqinə baxırdım. "Toy kimindir?" operettasında Qoşunun oğlunu oynayan aktyor xəstələnmişdi. Teatrın aktyoru Şünasi atamın razılığını aldıqdan sonra məni səhnəyə çağırdı. Diqqətlə baxdıqdan sonra sevincək dedi: "Vücud, bu, hazır aktyordur, mən ölüm...". Şünasi masanın arxasına keçib atamın bazarlıq edib yanına qoyduğu kağız torbanın üstünə oynayacağım rolun sözlərini yazdı. Qoşa Qala qapısından evə gələnədək rolumu əzbərlədim. Axşam yenə teatra getdim və deyilənlərə görə, rolu pis oynamadım. Çox keçməmiş, "Hacı Qara"da Hacı Qaranın oğlu Bədəl rolunu mənə verdilər". 

Məktəb illərində televiziya verilişləri və tamaşalarında müntəzəm iştirak edirdi. Fitri istedadını elə o zaman da danmaq, görməmək mümkünsüz idi. Aydın tələffüzlü, xoşagəlimli, çevik balaca aktyor səhnədə seçilirdi. Və artıq onu da aktyor kimi tanıyanlar var idi. Amma buna görə nə məktəbdə, nə də məhəllədə qürrələnmirdi. Aldığı məvacibdən isə qardaşına və bacılarına da xərcik verirdi.

Televiziyada, səhnədə sərbəst rollarını oynayan, şeirlər deyən balaca aktyor məktəbdə yalnız ifadəli oxudan dörd alırdı. Qalan fənnlərdən qiymətləri beş idi. Sinifdə aktyorluq eləməyə utanırdı. Şeir deməmək üçün hətta son zəngdə iştirak etməkdən də boyun qaçırdı. "Adama deyən gərəkdir ki, televiziyada ifadəli şeir deyirsən, doğmaca məktəb yoldaşlarının qarşısına çıxa bilmirsən?", yarızarafat, yarıgerçək özünü qınayırdı. 

Evdar qadın olan anası Rəfıqə xanım, atası-tanınmış aktyor Məmmədsadıq Nuriyev övladlarını cəmiyyətin yaramaz alışqanlıqlarından qoruya-qoruya böyüdürdülər. Sənət seçimində valideynlərindən heç bir təzyiq görmədilər. Aktyor olmasını gen məsələsi ilə bağlayırdı Yaşar Nuri. Deyirdi: "Bir dəfə səhnəyə çıxırsan, daha ondan ayrıla bilmirsən".

Bu istəklə 1968-ci ildə Bakıdakı 173 saylı orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun (hazırda Mədəniyyət və İncəsənət Universiteti - Z.F.) dram və kino aktyorluğu fakültəsinə daxil oldu. Orada tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrəndi.

Atasının xasiyyəti beləydi. Kimsəyə ağız açmağı, xahiş etməyi sevməzdi. Amma gənc tələbənin də ata kölgəsində oxumağa ehtiyacı yox idi. İnstituta yeni qəbul olunduğu günlərin birində rektor Rahib Hüseynov onu yanına çağırıb demişdi: "Bəsdir də, institutu bitirməmisən, radionu açıram sən, televizoru açıram sən, o gün də soyuducunu açıram, görürəm, oradan da səsin gəlir". 

Tanınmış tələbə institutda bəzən müəllimlərin qoyduğu qaydalara əməl eləmirdi. Hərdən buna görə problemləri yaranırdı. Amma institutun zəhminə görə çəkindikləri, eyni zamanda, çox sevdikləri rektoru Rahib Hüseynov onun rəsmi şəkildə qovulmasına imkan vermirdi. O günləri yada salır, gülürdü Yaşar Nuri: "On gün, beş gün, gəlib institutun qabağında dayanırdım. Rahib müəllim də baxıb görürdü bütün günü sanki fəxri qarovulda durmuşam, ürəyi yumşalırdı. Deyirdi ki, çağırın onu bura...".

1974-cü ilin sonunda Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olundu. Deyirdi: "Atam aktyor olmağımda maraqlı deyildi. Bir gün teatra gəldi, tamaşaya baxdı. Dedi ki, hə, aktyor ola bilərsən".

Akademik Milli Dram Teatrında ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul") komediyasının tamaşasında Silva rolu oldu. Sonralar bir çox başqa rollarda sənhəyə çıxdı.

Bütün fəxri adlarını, təntənəli sözləri bir kənara qoyaraq onun sənətdəki adını, yerini yalnız bu cür ifadə edə bilərik: Aktyor. Yaşar Nuri aktyor idi. Onun hər gəlişi səhnəni canlandırırdı. Tamaşa zamanı improvizəsi ilə yalnız öz rolunu deyil, bütün tamaşanı maraqlı edə bilirdi. Buna görə tamaşaçı alqışlarından daha çox ona pay düşürdü.  

Yaşar Nuri təkcə teatr aktyoru deyildi, həm də kino aktyoru idi. Əlliyə yaxın bədii filmə çəkildi. Yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəcikdə çıxış etdi. "Yollar görüşəndə...", "Ömrün yolları", "Qatarda", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, "Göz həkimi", "Ac həriflər" və digər televiziya tamaşalarını baxımlı, unudulmaz edən həm də Yaşar Nurinin ifasıdır.

Onun Azərbaycan kino sənətindəki yolu kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd bazar günü" filmində yaratdığı Seyran obrazı ilə başladı, "Əzablı Yollar"da kiçik div, "Yol Əhvalatı"nda Makintoş, "Bəyin oğurlanması”nda İsrafil, "Hər şey yaxşılığa doğru”da Əbdülqəni, "Pəncərə"də Nəsib və başqa rollarla davam etdi. Özünü həm kinoda, həm də teatrda rejissor kimi də sınadı. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş verdi, kinoda "Spasibo" filmini çəkdi.

Onun üçün rolun böyük-kiçiyi yox idi. Arzuladığı rolu bəzən başqasına verirdilər. Həm də Yaşar Nurinin onu daha yaxşı oynayacağını bilə-bilə... Qüssələnirdi: "Cılızlaşıb hər şey", - deyirdi: "Hamı bir-birinə badalaq vurmaqla məşğuldur. O qədər badalaq vuranlarım olub ki, sayını itirmişəm. Mənimsə paxıllıq eləməyə vaxtım yoxdur".

İstedadına, sənətdə gördüyü işlərə görə fəxri adlar, mükafatlar aldı. 1981-ci ildən Azərbaycanın Əməkdar artisti, 1989-cu ildən Xalq artisti adına layiq görüldü. Son mükafatları 2011-ci ildə təltif edildiyi "Şöhrət" ordeni və 2012-ci ildə aldığı Milli Kino Mükafatı oldu.

Yarızarafat, yarıciddi sevgilərindən də danışırdı. Orta məktəbdə ikən sinif yoldaşı və artıq "adını unutmuşam" dediyi qıza, 6-7 siniflərdə oxuyanda müəlliməsinə vurulduğunu deyirdi. 

Valideynləri Konservatoriyanın tələbəsi olan qohumları Rəhimə xanımla evlənməyini məsləhət bilmişdilər. "Ata-anam ona elçi gedəndə mən başqa bir qızla görüşə tələsirdim", - deyirdi. 1975-ci ilin 28 noyabrında valideynlərinin istəyi ilə qurulan ailə həyatından razılıq edirdi Yaşar Nuri. "Hər halda, mənim kimi adama dözmək çətindir. Hələ ki dözür...", - deyirdi. Bilirdi ki, sevilən aktyorun həyat yoldaşı olmaq asan deyil. İllərlə ona gələn sevgi məktublarının ardı-arası kəsilməyib. Hələ o məşhur üçhissəli tamaşadakı Elçin-Gülnar məhəbbəti dillərə düşəndən sonra nə qədər məktublar gəlib Yaşar Nurinin ünvanına/.

Yaşar Nuri kiçik yaşlarından mətbuatın, radio və televiziyamızın diqqət göstərdiyi sənət adamlarından biri oldu. Uzun illər onun barəsində təqdim olunan hər xəbər tamaşaçılara, dinləyicilərə yeni bir rolun sevincini çatdırdı. 2008-ci ildə isə aktyor barədə yayılan məlumat hamını sarsıtdı. Yaşar Nuri İstanbul klinikasında qaraciyərindən əməliyyat olundu. O vaxtdan xəstəliklə mücadilə etdi.

Xəstəlikdən aram tapanda yenə sənəti barədə düşünürdü. Sevindirirdi sevənlərini. Ancaq xəstəliyi də inad edir, aparılan müalicələrə baxmayaraq, geri çəkilmirdi. 2011-ci ilin noyabrında aktyor yenidən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildi. Sonra Türkiyəyə aparıldı. 

Son aylar onun barəsində yayılan məlumatları hər kəs həyəcanla izləyirdi. Və bu da ümidimizin sonuncu şöləsini söndürən xəbər: Yaşar Nuri noyabrın 22-də səhər saatlarında dünyadan köçdü... Onun nekroloquna: "Uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat etdi", yazıldı. Amma Yaşar Nuri sənətinin ömrü Azərbaycan kino və teatr sənətinə qovuşaraq əbədiyyətə yol aldı.



MƏSLƏHƏT GÖR:

670