Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Əgər qeydiyyat yeri üzrə poliklinikanın sahə həkimi birdən uşağın sağlamlıq durumu barədə tibbi arayış verməkdən imtina edərsə, nə etməli? Bu, doğum şəhadətnaməsi almaq üçün yaşayış yeri üzrə qeydiyyat şöbəsinə müraciət etməyə lazım olur. Maraqlıdır ki, həkimin bu durumda imtinaya əsas kimi göstərdiyi başlıca səbəb uşağa plan üzrə peyvəndlərin edilməməsi idi, yəni buna görə də tibbi arayış verilə bilməz. Amma valideynlər bildirirdilər ki, peyvəndi özəl klinikada da etdirməyə və həm də bunun üçün ən əlverişli vaxtı seçməyə də icazələri var. Ancaq şəhadətnamə almaq üçün müvafiq quruma müəyyən zaman aralığında riayət eləmək lazımdır - uşağın doğulmasından keçən 30 gün ərzində müraciət eləmək daha doğru olar. Gecikməyə görə 10 manat cərimə nəzərdə tutulur.
Özü də heç kim uşağının xəstələnməyəcəyindən sığorta olunmayıb: hətta yüngülcə xəstələnmiş uşağı peyvənd etdirmək olmaz. Ancaq həkim qəti şəkildə təkid etməkdə davam edib ki, peyvənd olmadan poliklinika uşağın sağlamlıq durumu barədə tibbi arayış verə bilməz (hadisə bizim jurnalın oxucularından birinin başına gəlib - müəllif).
Bu hadisədə həkimin əməli heç cür məntiqə sığışmır. Əgər valideynlər özəl klinikaya müraciət etmək niyyətindədirsə, uşağa peyvənd etməkdə inad göstərməyin nə mənası var? Təbii ki, sağlam düşüncəli insanlar uşağı peyvənd etdirmək məsələsində tərəddüd etmirlər, həkimin bu məsələ ilə bağlı şübhəli narahatlığı yersiz idi və müəyyən gümanlar doğururdu. Bundan başqa, əgər doğum şəhadətnaməsi 30 gün ərzində alınmalıdırsa, poliklinika həkimi heç bir vəchlə uşağın sağlamlıq durumu barədə arayış verilməsinə mane ola bilməz.
Uşaq sözügedən həkim tərəfindən iki dəfə müayinə edilib. Birinci dəfə bu, qadın doğum evindən evə yazıldıqdan iki gün keçdikdən sonra evə çağırılma zamanı baş verib. İkinci dəfə isə valideynlər uşağı poliklinikaya aparıblar. Bununla belə, sahə həkimi hər iki dəfə inadla tibbi arayış verməkdən imtina edib və bildirib ki, bu, yalnız peyvənddən sonra mümkündür. Baş həkimə şikayət etməklə bağlı təhdid belə sarsılmaz sahə həkimini yola gətirməyib. O, əminliklə bildirib ki, baş həkim də eyni sözü deyəcək, çünki bütün Azərbaycanda qayda belədir. Doğum şəhadətnaməsi almağa gecikmiş valideynlərin getməkdən başqa əlacları qalmayıb, çünki uşaqlarına poliklinikada peyvənd etdirmək fikirləri olmayıb. Həmçinin, bu münaqişənin qəhrəmanları mübahisə etməzdən əvvəl kimin doğru olduğunu araşdırmaq lazım gəlirdi. Ona görə də körpənin valideynləri "R+"un redaksiyasına müraciət ediblər.
Ədliyyə Nazirliyi yanında Bakı şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsində bildiriblər ki, doğum şəhadətnaməsi almaq üçün yaşayış yeri üzrə qeydiyyat şöbəsinə müraciət etmək və aşağıdakı sənədləri təqdim etmək lazımdır: doğum evindən arayış, hər iki valideynin şəxsiyyət vəsiqəsinin surəti; hər iki valideynin doğum şəhadətnamələrinin surəti; nikah şəhadətnaməsinin surəti.
Doğum şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu nəzərdə tutulmayıb, amma doğum şəhadətnaməsinin əldə edilməsi üçün sənədləri siz uşağın doğulmasından keçən 30 gün ərzində təqdim etməlisiniz. Əgər siz sənəd təqdimatını doğum şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş vaxt ərzində çatdıra bilmirsinizsə, onda bunun üçün 10 manat məbləğində cərimə ödəməlisiniz.
Yuxarıda sadalanan sənədlər arasında qeydiyyat yeri üzrə poliklinikadan uşağın sağlamlığı haqqında tibbi arayış da olmalıdır. Amma sənəddə bu müddət ərzində uşağa hansı peyvəndlərin edilməsini göstərmək heç də vacib deyil, çünki yeni doğulan uşağa plan üzrə birinci və ikinci peyvəndi doğum evində edirlər. Növbəti peyvəndlər isə uşağın iki ayı tamam olduqdan sonra təyin edilir. Və bu, heç cür uşağa doğum şəhadətnaməsi almaq üçün müəyyən edilmiş vaxtla bağlı deyil. Bunu "R+"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də təsdiq ediblər və bildiriblər ki, uşağı peyvənd etmədən sağlamlıq barədə arayış verməyin qeyri-mümkünlüyünü iddia edən həkim qanunsuz əməllə məşğuldur. Səhiyyə Nazirliyində valideynlərə məsləhət görüblər ki, yenidən həmin həkimin yanına getsinlər və oradan qurumun "Qaynar xətt"inə" - (012) 495-40-15-ə zəng edərək, vəzifəsindən sui-istifadə edən tibb işçisinin şəxsiyyətini göstərsinlər.
Valideynlər belə də ediblər, amma poliklinikaya növbəti "hücum" öncəsi Səhiyyə Nazirliyinə müraciət ediblər. Qurumda məsələni araşdırmağa söz veriblər və uşağın anası növbəti dəfə poliklinikaya çatanda sahə həkimi mehribanlıqla bildirib ki, uşağa sağlamlıq barədə arayış yazmaq üçün onu müayinəyə gətirmək lazımdır. Beləliklə, problem həll edilib.
Başqa valideynlər isə yaranmış problemi belə uzun və yorucu üsulla həll etmək istəməyiblər, işi hamıya bəlli olan yolla bağlayıblar. Bu məsələdə tibb işçilərinin onların hüquqlarını bu cür kobud pozması ilə barışmayan insanlar xüsusi ehtirama layiqdir. "R+"un daha öncəki saylarında biz dəfələrlə hüquqların pozulmasına qarşı mübarizə ilə bağlı vətəndaş mövqeyi probleminə toxunmuşuq və bu hüquqları pozanlara boyun əyməməyə çağırmışıq. Öz hüquqlarınızı qoruyun, müvafiq instansiyalara müraciət edin, ən başlıcası isə onları savadlı müdafiə edin!
MƏSLƏHƏT GÖR: