
“FƏLƏSTİN ÖZ MÜSTƏQİLLİYİNƏ HAZIRDIR”
Fələstinin Azərbaycandakı səfiri Nasir Abdel Kərimin "R+"a eksklüziv müsahibəsi
Müəllif: Almaz MAHMUD Baki
-İsrail-Fələstin münaqişəsi zonasında ötən ay yaşanan gərginlikdən sonra tərəflər arasında danışıqlara start verildi. Danışıqlardan hansı nəticəni gözləyirsiniz və ümumiyyətlə indiki durumda bu nəticənin əldə olunacağına inamınız nə qədərdir? Hərbi hücumların yenidən təkrarlanması ehtimalı qalırmı?
- Biz İsrailin hücumlarının dayandırılmasını alqışlayırıq. Bu, blokadada olan Fələstin xalqı üçün böyük köməkdir. Ümid edirik ki, bu davam edəcək. Hərbi toqquşmanın yenidən bərpa olunub-olunmayacağını söyləmək çətindir. Bu, İsrail rəhbərliyinin seçimindən asılıdır ki, onlar Fələstin daxilində qanunsuz qəsəbələrin inşasını dayandırmaqla, Fələstin xalqının mühasirəsini aradan qaldırmaqla, eləcə də BMT qətnamələri və beynəlxalq hüquqa söykənən sülh prosesinə ciddi yanaşmaqla sülh istəyirmi? Yoxsa regionda sülhün və təhlükəsizliyin əleyhinə olan hazırkı siyasətini yürüdəcəkmi?
- 1947-ci ildə BMT Baş Assambleyası Fələstin ərazisində ərəb və yəhudi dövlətinin yaradılmasına dair qətnamə qəbul edib. Müfaviq olaraq, 1948-ci il mayın 14-də müstəqil İsrail Dövlətinin yaradılması elan olundu. Lakin Fələstin hələ də özünün müstəqil dövlətini yarada bilməyib. Bunun səbəbi nədir?
- 1948-ci il müharibəsinin nəticəsi olaraq, İsrail tarixi Fələstin torpaqlarının 22%-ni işğal etdi ki, bu da 1947-ci il BMT-nin bölünmə qətnaməsinə uyğun olaraq Fələstin ərazisinin 56%-i deməkdir. Beləliklə də fələstinlilərə həmin qətnaməyə uyğun olaraq Fələstin dövlətinin yaradılması nəzərdə tutulan ərazinin 44%-i qaldı. Tarixi nöqteyi-nəzərdən fələstinlilər və ərəb ölkələri tərəfindən BMT-nin sözügedən qətnaməsi ədalətsiz hesab olunurdu. Belə ki, bu qərar zamanı üstün demoqrafik vəziyyət və torpaq sahibliyi reallığını nəzərdə tutan formula nəzərə alınmadı. Həmin dövrdə yəhudilər ümumi əhalinin 32%-ni təşkil edirdi və tarixi Fələstin torpaqlarının 9%-dən də az bir hissəsinə sahib idi. Müharibədən sonra hakim kəsilən beynəlxalq və regional şərait fələstinlilərə Fələstinin digər ərazilərini əldə saxlamaqda çətinlik yaratdı. Qeyd etmək vacibdir ki, Fələstin xalqının yeganə legitim nümayəndəsi olan Fələstin Azadlıq Təşkilatı birlikdə sülh içində yaşama naminə Qəzza və Qərb sahili, eləcə də Şərqi Yerusəlim (torpaqların 22%-i də daxil olmaqla, 1967-ci il iyunun 5-də qəbul olunmuş yaşıl xətt hüdudlarında suveren və müstəqil Fələstin dövlətinin sülh prosesi yolu ilə yaradılmasına çağırır və qalan 78% hüdudlarında İsrail dövlətini tanıyır.
- Sizcə, hazırkı Fələstin hökumətinin Fələstin dövlətinin yaradılması istiqamətində yürütdüyü siyasət qənaətbəxşdirmi?
- Fələstin prezidenti və rəhbərliyi sülh prosesində tərəqqiyə nail olmaq, İsraillə yanaşı sülh içində yaşayan suveren Fələstin dövlətinin yaradılması üçün əlindən gələni edir və bütün BVF, Dünya Bankı, BMT və s. kimi müvafiq beynəlxalq təşkilatlarla dövlət institutlarının yaradılması istiqamətində uğurlu iş apara bilmişik. Bununla da Fələstin öz müstəqilliyinə hazırdır. Başa düşmək lazımdır ki, sülh təkcə fələstinlilərə yox, İsrailə də lazımdır. Sülhə nail olmaq üçün bütün tərəflər vicdanla işləməlidir. Təəssüf doğuran reallıq ondan ibarətdir ki, cənab Netanyahunun başçılıq etdiyi və İsrailin siyasi spektrində cənab Liberman kimi aşırı sağçı siyasətçilərin qatıldığı, sərt siyasətin tərəfdarı olan hökumət üç ildən artıqdır ki, hakimiyyətdədir. Bu hökumət özünün dar ideoloji baxışının məngənəsində sıxılıb qalır və bunun nəticəsidir ki, onun hökuməti işğal olunmuş Fələstin ərazilərində qanunsuz qəsəbələrin salınması kimi bir sıra birtərəfli qərarlar qəbul edib ki, bu aksiya bu günə qədər də davam edir. Bununla yanaşı, artıq müəyyən olunmuş və beynəlxalq hüquqa, BMT qətnamələrinə, Yol Xəritəsinə söykənən prosesə zidd olan yeni şərtlər irəli sürür. Bütün bu hərəkətlər beynəlxalq liderlərin, həmçinin bəzi İsrail siyasətçilərinin səyi nəticəsində ərsəyə gəlmiş sülh prosesinin ruhu və mahiyyətini zərbə altında qoyur.
- İsrail-Fələstin münaqişəsi nə zaman sona çatacaq? Dünyanın ən qaynar nöqtələrindən biri hesab olunan Yaxın Şərqdə sülh nə zaman tam bərqərar olunacaq? Ümumiyyətlə, sülhün işartılarını görmək mümkündürmü?
- İroniya ondadır ki, Fələstin və İsrail xalqının əksəriyyəti iki qonşu kimi sülh içində yaşamaq istəyir. İdeologiyanın məhdudiyyətindən azad olan ciddi İsrail siyasətçiləri bunun hər iki xalqın indiki və gələcək nəsillərinin, eləcə də qalan dünyanın uzunmüddətli marağına cavab verdiyini anladığı zaman dərhal və hərtərəfli sülhə nail olmaq mümkün olacaq. Hesab edirəm ki, sülhə nail olmaq mümkündür və Prezident Abbasın dediyi kimi, Netanyahunu hakimiyyətə gətirən gözlənilməz seçkilər olmasaydı, iki xalq razılaşmaya çox yaxın idi.
- Necə düşünürsünüz, Liviya, Suriya və Misir kimi qonşu ölkələrdə baş verən proseslər Fələstinin daxili siyasətinə təsir edəcəkmi və bu, Fələstinin həmin ölkələrlə əlaqələrinə necə təsir edə bilər?
- Fələstinlilər başqa ölkələrin, xüsusən qardaş və dost ölkələrin daxili işlərinə qarışmamaq siyasətini qəbul edib. Müəyyən mənada "ərəb baharı" adlanan hadisələr beynəlxalq ictimaiyyətin diqqqətini özünə çəkdi və gündəmdə olan məsələlərlə məş-ğul olmaqla Fələstin məsələsi və sülh müvəqqəti olaraq nəzər nöqtəsdindən yayındı. Lakin bu yanlış olaraq Fələstin məsələsinin həmin ölkələrin gündəmindən çıxarılması kimi qəbul olunmamalıdır. Əksinə, bütün həmin ölkələrlə münasibətlər yaxşı olaraq qalır.
- Fələstin prezidenti Mahmud Abbasın Azərbaycana ilk rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrdə nə kimi dəyişiklikəır var?
- Azərbaycanla Fələstin arasında əlaqələrin tarixi keçmişi var və bir neçə nəsil keçmişə qayıdır. İki qardaş xalqlarımız arasında çoxşaxəli tarixi və mədəni bağlar var. Lakin daha müasir dövrün kontekstində baxsaq, bu il iki ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümüdür. Bakıda Fələstin səfirliyi Prezident İlham Əliyev və Azərbaycan hökumətinin mehriban və dost dəvətindən sonra, 2011-ci ilin fevralında açılıb. Bu, Azərbaycanın Fələstinə verdiyi dəyərli dəstəyinə sübutdur. Üç ay sonra Prezident Mahmud Abbas səfərə gəldi və bu səfər zamanı hər iki tərəf bir-biriylə həmrəylik nümayiş etdirdi və Prezident İlham Əliyev qətiyyətlə Azərbaycanın Şərqi Yerusəlim paytaxt olmasqla müstəqil Fələstin dövlətini dəstəklədiyini bə-yan etdi. Biz bunu dəyərləndirir və yüksək qiymətləndiririk. Həmin səfər siyasi əməkdaşlıq, mədəniyyət, təhsil, ticarət və fələstinlilər üçün treyninq proqramları vasitəsi ilə bacarıqların mükəmməlləşdirilməsi sahələrində yeni bir eranın başlanğıcı oldu.
- Qüds müqəddəs şəhər hesab olunur. Amma bu şəhər çoxdandır ki, sülhə qovuşa bilmir. Demək istəyirəm ki, bu şəhər uğrunda mübarizə onun sakitliyinə və ruhuna xələl gətirirmi?
- Yerusəlim (əl-Qüds) unikal şəhərdir, təxminən, miladdan 3 min il əvvəl Fələstində məskunlaşan bugünkü fələstinlilərin əcdadı, Kanaan tayfalarından biri olan Jabusitlər tərəfindən tikilib. Ona görə unikaldır ki, hər üç din nümayəndələri üçün xüsusi statusa malikdir, tarixboyu onu dağıtmaq üçün 24 cəhd olsa da, sülh şəhəri adlanır. Doğrudur, əl-Qüds sülhə nail olmaq üçün keçiləcək prinsipial nöqtədir və sülh içində birgəyaşamanın şəksiz simvoludur. Lakin təəssüflər olsun ki, bunun əvəzində cənab Netanyahunun İsrail hökuməti özünün ideologiyasından gözləri tutulduğundan, şəhərin sülh üçün verdiyi imkanları görə bilmir və qanunsuz torpaq qəsbkarlığı və Şərqi Yerusəlimdə və ətrafında qəsəbələr tikmək kimi ağılsızlığa gedir, onun Qərb sahilini təbii Fələstin mühitindən qoparmağa çalışır və bununla da sülh prosesini zərbə altında qoyur.
MƏSLƏHƏT GÖR: