
BORCLARI QAYTARMAĞIN VAXTIDIR
Dünyanın geosiyasi qütblərinin Ermənistana etibarı tükənmək üzrədir
Müəllif: Sahil İSGƏNDƏROV Bakı
Noyabrda İrəvanda partiyalararası məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Rusiya prezidenti Vladimir Putinin hələ prezident seçkisi kampaniyası zamanı irəli sürdüyü Avrasiya İttifaqının yaradılması ideyası ətrafında müzakirələr aparılıb. Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan və Ermənistanın hakim partiyalarının nüma-yəndə heyətləri, Belarus parlamentinin nümayəndələri və Ermənistanın "Çiçəklənən Ermənistan" partiyasının təmsilçiləri iştirak ediblər. Məsləhətləşmələrin sonunda Ermənistan, Rusiya, Qazaxıstan və Ukraynanın siyasi partiyaları (tədbir iştirakçıları) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəddə tərəflər Avrasiya İttifaqının yaradılması proqram ı çərçivəsində dialoqu davam etdirməyə hazır olduqlarını bildirir.
Partiyalararası məsləhətləşmələrin keçirildiyi Ermənistanda ölkənin Avrasiya İttifaqına üzvlüyü perspektivinə yanaşma birmənalı deyil. Erməni siyasətçilər və ekspertlər hesab edir ki, bu təşkilata üzvlük ölkəyə iqtisadi dividentlər gətirə bilər, amma bu, İrəvanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin pozulmasına səbəb olacaq. Bununla yanaşı, bəzi erməni analitiklər Avrasiya İttifaqının yaradılması ideyasının özünü əsassız sayır, Ermənistanın bu təşkilata üzvlüyünü yolverilməz hesab edirlər. Qafqaz İnstitutu direktorunun müavini Sergey Minasyan əmindir ki, Avrasiya İttifaqı ideya olaraq siyasi reallıqdan daha çox informasiya məkanında mövcuddur. Onun fikrincə, hətta Rusiyanın özündə söhbətin nədən getdiyini anlamaqda çətinlik çəkənlər var. Ermənistanın Avrasiya İttifaqı layihəsində iştirakının iqtisadi tərəfi də kifayət qədər şübhəlidir. Çünki bu zaman İrəvandan Rusiyaya kifayət qədər geniş iqtisadi və maliyyə transferləri tələb olunacaq. Ermənistan isə buna çətin ki, hazır olsun.
Politoloq Aleksandr Markarov isə məsləhətləşmələrin iştirakçılarına müraciət edərək bildirib ki, Avrasiya İttifaqı ideyasının konkret mahiyyəti bəlli olmadan bu mövzuda aparılan bütün diskussiyalar elə diskussiya olaraq qalacaq. O bildirib ki, hazırda Avrasiya İttifaqı ideyası müəyyən mənada abstrakt təsir bağışlayır, onunla bağlı daha dolğun, ətraflı və konkret təkliflərin irəli sürülməsinə ehtiyac var.
Hətta İrəvan memorandumunu imzalamış "Respublika Partiyası"nın rəhbərliyində də hesab edirlər ki, hələlik Ermənistanın Avrasiya İttifaqına üzvlüyü perspektivləri haqda danışmaq bir qədər tezdir, çünki bu dövlətlərarası layihə hələ ki, təsdiqlənməyib.
Beləliklə, Rusiya ilə Qərb arasında çapalayan Ermənistan seçim etməkdə ciddi çətinlik çəkir. O, ənənəsinə uyğun şəkildə özü üçün daha yaxşı şərtlər əldə etmək üçün vaxtı uzatdıqca, daha ciddi xarici təzyiqlərlə üzləşir.
Qərb apriori V.Putinin Kremlə qayıdışından və onun postsovet məkanında Rusiya, Belarus və Qazaxıstandan ibarət Gömrük İttifaqı əsasında Avrasiya İttifaqı yaratmaq ideyasından məmnun deyil. Moskva isə bu layihənin reallaşdırılmasına ilk növbədə Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərini cəlb etməyə çalışır. Bu üzdən tamamilə Moskvanın siyasi iradəsindən asılı olan Ermənistan üçün Avrasiya İttifaqına qoşulmaq ən aktual məsələlərdən birinə çevrilib.
Bəzi erməni ekspertlər bu məsələdə məşhur erməni taktikasından - həm bizimkilərə, həm sizinkilərə-taktikasından istifadəni təklif edir. "Avrasiyaya inteqrasiya prosesi İrəvanın Aİ ilə yaxınlaşması cəhdlərinə mane olmayacaq. Unutmaq olmaz ki, Rusiya da, Ermənistan da ÜTT-nin üzvləridir. Bu, Ermənistana postsovet məkanındakı bütün inteqrasiya proseslərində iştirak imkanı verir", - deyə məşhur erməni iqtisadçısı, "Alternativ" analitik mərkəzinin rəhbəri Tatul Manaseryan bildirir.
Bununla yanaşı, Ermənistanın hakim rejimi MDB-nin azad ticarət zonası çərçivəsindəki inteqrasiyanı dəstəkləsə də, Avrasiya İttifaqı ilə bağlı mövqeyini açıqlamağa tələsmir. Bu məsələdə İrəvanı başa düşmək mümkündür.
Bu yaxınlarda Almaniyanın Ermənistandakı səfiri Rayner Morel İrəvanın Avropa İttifaqı ilə azad ticarət zonasına dair apardığı danışıqları şərh edərkən bildirib ki, Rusiyanın təklif etdiyi Gömrük İttifaqının əsasları Avropa İttifaqındakı azad ticarət prinsiplərindən fərqlənir. Onun sözlərinə görə, İrəvan Rusiya yolunu seçərsə, "başqa formatda münasibətlər" qurmaq çətin olacaq. Başqa sözlə, İrəvanın Avrasiya İttifaqına üzvlüyü Aİ ilə viza rejiminin yüngcülləşdirilməsinə dair danışıqların dayandırılması ilə nəticələnəcək. Bu halda İrəvan Aİ-nin hələ bir müddət ayırmaqdan onsuz da imtina etdiyi 1,5 milyard avroluq kreditidə yaddan çıxarmalı olacaq.
Belə siqnallar isə təbii ki, İrəvanı qeyri-populyar addımlardan çəkindirməyə çalışan Moskvanın diqqətindən kənarda qalmır. Ermənistan hakimiyyətinin ünvanına belə xəbərdarlıqlardan biri Kremlə yaxınlığı ilə tanınan məşhur rusiyalı teleaparıcı, "Odnoko" jurnalının baş redaktoru Mixail Leontyev tərəfindən səsləndirilib: "Əslində Ermənistan da Qırğızıstan və ya Moldova kimi, ideal "baş tutmamış"dövlət nümunəsi ola bilərdi. Rusiya olmasaydı. Güman ki, o, ümumiyyətlə xəritədə olmazdı. Ermənistan hazırkı formasında yalnız Rusiyanın hesabına mövcuddur və mövcudluğunu davam etdirir. Ermənistanın BVF mütəxəssisləri tərəfindən danlaqla qarşılanan Rusiya qazından və transferlərindən total şəkildə asılılığı, üstəlik, güc çətiri buna ən bariz misaldır".
Ermənistanın iqtisadiyyatın liberallaşdırılması və xarici investisiyaların cəlbi üçün əlindən gələni etməsinə də toxunan Leontyev bildirib ki, İrəvan üçün heç bir investisiya bumu mövcud deyil və heç görünmür də. Bütün dünyada, həmçinin Avropa və ABŞ-dakı güclü erməni diasporu da Ermənistan iqtisadiyyatının inkişafına ciddi köməklik göstərməyib. Əksinə, o, daha çox erməninin ölkədən qaçmasına imkan yaradıb. Bu baxımdan L.Leontyev İrəvanın ikiüzlü mövqeyini anlaya bilmir. "Bunların fonunda məhz Ermənistanda "Avropa seçimi", Almaniya səfirinin İrəvanın Avrasiyanın intqerasiya layihəsində iştirak edəcəyi təqdirdə təhlükənin yaranacağına dair bəyanatlar eşitmək təəccüblüdür. Erməni siyasətinin komplimentar yırğalanmasımüəyyən dərəcədə Rusiyanın zaman-zaman bir çox tərəfdaşını vaxtaşırı ehtiyat aerodromlar axtarmağa vadar edən mövqeyilə bağlamaq olar. Problem ondadır ki, Ermənistan üçün belə aerodrom yoxdur. Avrasiyaya inteqrasiyaya gəlincə, o, illərin fəsil dəyişikliyi qədər qaçılmazdır", - deyə rusiyalı jurnalist qeyd edib. Bir sözlə, Moskva Leontyevin dililə İrəvana Avrasiya İttifaqına üzvlükdən başqa yolunun olmadığına eyham vurur.
Rusiya prezidenti V.Putinin özü də Ermənistana rəsmi səfərini iki dəfə təxirə salmaqla faktiki olaraq İrəvana sözünü deyib: Avrasiya İttifaqına üzvlüklə bağlı müsbət cavab alınmasa, bu səfər baş tutmaya bilər. Eyni zamanda Moskvanın Ermənistana 2 milyard dollar həcmində növbəti kredit tranşını ayırmaqdan imtina etməsi də mümkündür. Aydındır ki, Rusiya rəsmi İrəvana Ermənistanda gələn ilin fevralında keçiriləcək prezident seçkisi ərəfəsində təzyiqləri artıracaq.
Maraqlıdır ki, ermənilərin M.Leontyevə qəzəbli cavabından sonra Almaniyanın Ermənistandakı səfiri R.Morel ölkənin müdafiə naziri Seyran Ohanyanla görüşdə Berlinin İrəvanı etibarlı tərəfdaş saydığını, ikitərəfli münasibətləiri daha da dərinləşdirməyə hazır olduğunu söyləyib. Amma ABŞ-ın Ermənistandakı səfiri Heffern noyabrın əvvəllərində İrəvana üstüörtülü şəkildə xəbərdarlıq edib: Morelin komplementar ritorikası nikbinlik üçün əsas deyil. "Ermənistan çətin geosiyasi vəziyyətdədir. Ölkənin iki sərhədi bağlıdır və bu üzdən o, geosiyasi mövqeyini şaxələndirməlidir. Ermənistan Qərb dəyərlərilə həmfikir olmaqla bundan iqtisadi, maddi qazanc əldə edə bilər", - deyə amerikalı səfir qeyd edib. Başqa sözlə, Vaşinqton demək istəyir ki, İrəvanın Moskvanın əsarətini zəiflədərək Qərbə tərəf meyillənməsinin vaxtı çoxdan çatıb.
Polşanın Ermənistandakı səfiri Z.Raçinskinin bəyanatı da qərbli həmkarlarının fikirlərindən ciddi nə iləsə fərqlənməyib: "Bir tərəfdən Avropa ilə geniş inteqrasiya - mən bunu anlayıram. Əgər prezident və xarici işlər nazirinin sözlərini düz başa düşürəmsə, Ermənistanın xarici siyasətində hədəf məhz budur. Bəs digər tərəf - Avrasiya İttifaqı ilə nə işimiz var? Avrasiya İttifaqı nədir? Belə təşkilat varmı? Nə vaxt belə təşkilat olacaq, o zaman kimlərin, nələrin arasında seçim edilməsi haqda danışarıq. Seçim real olmalıdır axı. Axı Avrasiya İttifaqı yoxdur", - deyə polşalı diplomat bildirib.
"Demək istəyirsiniz ki, Ermənistanın seçimi yoxdur?" sualına cavabında səfir İrəvana diplomatikcəsinə xəbərdarlıq edib: "Yox, seçim həmişə var, seçin. Heç kim erməni xalqının əvəzinə seçim edə bilməz. Bunu ermənilərin özləri, siz seçirsiniz. Amma nə arasında seçim etdiyinizi gö-zünüzlə görmək üçün bir Avropaya gedin".
Bütün bunlar onu göstərir ki, dünyanın geosiyasi qütblərinin Ermənistana etibarı bitmək üzrədir və İrəvanın borcları qaytarmalı olacağı gün uzaqda deyil. Amma siyasi bankrot olan İrəvana bunu, onsuz da yarımçıq olan müstəqilliyini qoruyub-saxlamaqla nail olacağı inandırıcı deyil.
Tanınmış amerikalı alim N.Psaykmen dövlətin geosiyasi qüdrətini göstərən on meyarı belə müəyyənləşdirib: ərazi, sərhədlərin quruluşu, əhalinin həcmi, faydalı qazıntıların mövcudluğu və ya yoxluğu, iqtisadi və texnoloji inkişaf, maddi güc, etnik eynilik, sosial inteqrasiyanın səviyyəsi, siyasi sabitlik, mili ruh. Bu meyarlar üzrə dövlətin siyasi imkanları məhtuddursa, o, suverenliyinin bir hissəsini itirməyə məhkumdur. Monoetnik dövlətə çevrilmiş Ermənistan bu meyarlardan yalnız etnik eyniliklə öyünə bilər. Dövlətlərinin gələcəyilə bağlı nəticə çıxarmaq isə erməni xalqının öz işidir...
MƏSLƏHƏT GÖR: