14 Mart 2025

Cümə, 20:53

GAH NALA, GAH MIXA…

Müəllif:

01.12.2012

Noyabrın son ongünlüyündə Bakıda iki nüfuzlu beynəlxalq tədbir keçirildi - Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏT PM) 40-cı plenar sessiyası.

Təşkilatçıların sözlərinə görə, hər iki tədbir səmərəli keçib, müzakirəyə çıxarılmış məsələlərlə bağlı konkret qərarlar qəbul edilib. Amma Ermənistanın Azərbaycanda keçirilmiş bu və ya digər tədbirin, orada qəbul olunmuş qərarların siyasi çəkisini azaltmağa cəhd göstərməməsi təəccüblü olardı.

Ermənistanın nümayəndə heyəti QİƏT PM-in 40-cı plenar sessiyasına qatılmadı və bunu Azərbaycana dəvət almamaları, Bakının onların təhlükəsizliyinə yazılı zəmanət verməməsilə izah etdi. Daha gülünc olanı isə İrəvanın QİƏT PM-in Bakı sessiyasında iştirakla bağlı dəvətin Ermənistan parlamentinin spikerinə məxsus dəftərxanada itməsi  ilə bağlı açıqlamasıdır.

Amma sonradan bəlli oldu ki, erməni tərəfinə dəvət hələ avqustda göndərilibmiş. QİƏT  PM-in baş katibi Kirill Tretyakın bildirdiyi kimi, İrəvan dəvəti aldığını təsdiq də edibmiş. Bundan başqa, QİƏT PM sədrinin müavini Asəf Hacıyev bildirib ki, dəvətdə erməni nümayəndə heyətinin təhlükəsizliyinin təmini məsələsində heç bir problemin olmadığı da qeyd olunub.

"Lakin bir həftə əvvəl Ermənistan parlamentinin spikeri qəfildən heç bir dəvət almadıqlarını bəyan etdi", - deyə Hacıyev bildirib. Tədbirin başlanmasına bir gün qalmış isə erməni tərəfi sessiyada iştirak etmək niyyətində olduğunu açıqladı, bunun üçün Azərbaycanda olacaqları dövr üçün təhlükəsizliklərinə yazılı zəmanət istədi.

"Azərbaycan bütün iştirakçıların təhlükəsizliyini təmin edir. Kimsə qapılarımızın ermənilərin üzünə bağlı olduğunu düşünürsə, ötən həftə Ermənistanın "İrs" partiyasının sədrinin Bakıda keçirilən Asiya Siyasi Partiyalarının forumunda iştirakını yada salsın", - deyə azərbaycanlı parlamentari qeyd edib.

"İrs" sədri, Ermənistanın sabiq xarici işlər naziri Raffi Ovannisyan isə nəinki Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının işində iştirak edib, hələ orada qalmaqal salmağa da macal tapıb. Ermənistan XİN-in sabiq rəhbərini konfransda qəbul edilmiş Bakı bəyannaməsi qane etməyib. Çünki orada ICAPP-nin Azərbaycanın ərazi bütövlüyü və BMT TŞ-də işğal edilmiş ərazilərə dair qəbul edilmiş qətnamələri dəstəklədiyi qeyd olunub.

Etiraz etmək istəyən R.Ovannisyan tribunaya qalxaraq iradlarını səsləndirməyə başlayıb. Nəticədə iclasın aparıcıları Ovannisyanın "çıxış"ını yarımçıq kəsiblər, yumruqlarını masaya vuraraq, etirazın əsassız olduğunu göstəriblər. R.Ovannisyan isə ICAPP-nin bəyannaməsinin obyektivliyinə kölgə salmaq cəhdilə yanaşı, "erməni torpaqlarının böyük bir hissəsi Türkiyə və Azərbaycanın işğalı altındadır", yaxud "Ermənistan-Azərbaycan münaqişəsinin səbəbi Azərbaycanın Qarabağ sakinlərinə qarşı təcavüzüdür" kimi təxribatçı bəyanatlarla da yadda qalıb. Bu cür düşməncəsinə edilən çıxışlara rəğmən, erməni nümayəndənin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olundu.

Elə həmin günlərdə erməni KİV-də Ermənistan boks federasiyası prezidentinin müavini Derenik Qabrielyanın bu konteksdə kifayət qədər nümunəvi bəyanatı dərc olunub. "Biz Azərbaycanda olarkən təhlükəstzliymizin təmini üçün hər şey edilmişdi. Biz də eyni cür davranmalı, onların təhlükəsizliyini təmin etməliyik", - deyə o, Yerevanda keçirilən gənclər arasında dünya çempionatı ərəfəsində verdiyi açıqlamada bildirib.

Beləliklə, fakt göz qarşısındadır. Erməni nümayəndələrin Bakıda keçirilən tədbirlərdə iştirakdan imtinaları sadəcə Azərbaycanda ermənifobiyanın olduğunu göstərmək, yaxud Bakının erməni nümayəndə heyətini qəbul etmək istəmədiyinə dair fikir yaratmaq cəhdindən başqa bir şey deyil. Bu cür davranış Ermənistanın bütünlükdə Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı siyasətinə xas olmasaydı, dərd yarı idi.

BMT  TŞ və digər beynəlxalq təşkilatların qətnamələrinə əməl etməkdən boyun qaçıran Ermənistan bununla yanaşı, öz destruktivliyini pərdələmək üçün də yeni bəhanələr uydurur. Bu gün İrəvandan ötrü  belə bir bəhanə "Azərbaycandakı hərbiləşmə və hərbi ritorika", həmçinin Budapeştdə Azərbaycan bayrağının təhqir olunmasına dözməyərək affekt vəziyyətdə erməni zabitini qətlə yetirmiş Azərbaycanlı zabitlə bağlı vəziyyət - "Səfərov məsələsi"dir. Xatırladaq ki, Ramil Səfərov, təxminən, 10 il həbsdə saxlanıldıqdan sonra bu il Macarıstan hökuməti tərəfindən vətəninə ekstradisiya olunub və burada Azərbaycan Prezidenti İlham Əliyev onu əfv edib.

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri haqda reportajlara diqqət yetirsək görərik ki, vasitəçilərin Ermənistan və işğal altındakı Dağlıq Qarabağda görüşdükləri, demək olar ki, hər kəs Azərbaycanda "qəhrəmana çevrilmiş" "Səfərov məsələsi"nə toxunub, bunun guya tərəflər arasında inam atmosferinin yaradılmasına olan cüzi ümidləri də yox etdiyini bildirib. İrəvanda unudurlar ki, R. Səfərov erməni təcavüzü nəticəsində doğmalarını və yaxınlarını, həmçinin ev-eşiyini itirmiş bir şəxsdir. Üstəlik, o, dinc sakini yox, zabit şərəfini təhqir etmiş erməni hərbçisini öldürüb. Ermənistana isə dinc azərbaycanlıların - qadınların, uşaqların və qocaların qətliamında şəxsən iştirakını boynuna almış şəxs rəhbərlik edir. Beynəlxalq səviyyədə terrorçu kimi tanınmış Monte Melkonyan, azərbaycanlı uşağın və digərlərinin baş dərisini soyduğunu fəxrlə xatırladan Zori Balayan kimi insanların Ermənistanda qəhrəman elan edilməsindən danışmaq isə artıqdır.

Bütün bunlar rəsmi Bakının sülhə nail olunması üçün İrəvanla danışıqlar aparmasına mane olmur. Halbuki, Azərbaycanın öz torpaqlarını işğaldan hərbi yolla azad etməyə suveren hüququ və bütün imkanları var.

Beləliklə, Ermənistan-Azərbaycan məsələsində konstruktivlə destruktivliyin sərhədləri son dərəcə aydındır. Nə qədər ki, hər şey öz adı ilə çağırılmayacaq, Ermənistan bütünlükdə dünya, ilk növbədə isə region üçün qəbuledilməz olan status-kvonu uzadaraq gah nala, gah mıxa vurmaqda davam edəcək.

Hələliksə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun qeyd etdiyi kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistanda apardıqları noyabr danışıqları nikbinliyə heç bir əsas vermir.


MƏSLƏHƏT GÖR:

403