Müəllif: Nadir XOSROVOĞLU Bakı
Qadın voleybolçular arasında Belçika və Hollandiyada keçiriləcək Avropa Çempionatının 2-ci təsnifat mərhələsi gözlədiyimiz nəticəylə başa çatmadı. Püşkə əsasən, D qrupunda Bolqarıstan, Yunanıstan və Portuqaliyayla qarşılaşacağımızı öyrənəndə çətinlik çəkmədən proqnoz vermək olurdu. Amma ümidlərimiz ilk oyundaca puç oldu. Heç kim gözləməzdi ki, tarixboyu voleybolda adından söz etdirməyən Portuqaliya komandamıza qalib gələr. Az qala yunanlar da bizi büdrədəcəkdi. Onlar üzərində 3:1 hesablı qələbə qazanan Faiq Qarayevin yetirmələrinin 3-cü turda Sofiyada Bolqarıstanı 3:2 məğlub etməsi gözlənilməz oldu. Belədə yenidən qrup lideri olmaq ümidlərimiz artdı. Düşündük ki, Bakıda doğma meydan amili və azarkeş dəstəyindən yararlanıb istəyimizə çatacağıq. Yunanları set vermədən üstələsək də, portuqaliyalılar yenə əsəblərimizlə oynadı. Bolqarıstanla son duel isə son AÇ-dəki fiaskonu xatırlatdı...
Seçmə mərhələni 2-ci pillədə başa vuran Azərbaycan millisi Avropa Çempionatına olan yeganə vəsiqəni Bolqarıstana hədiyyə etdi. İddiasız Portuqaliya və Yunanıstan turnirlə vidalaşdı. Faiq Qarayevin yetirmələri pley-offda gücünü sınayacaq. Avro-2015-ə yollanmaq üçün voleybolçularımız gələn il Slovakiya ilə dueldən qalib ayrılmalıdır.
Son zamanlar yığma qatıldığı beynəlxalq turnirlərdə optimal heyətlə oynamır. Hər dəfə kimsə hansısa səbəbdən komandada yer almır. Bu dəfə də istisna olmadı. Müxtəlif səbəblərdən Valeriya Məmmədova (Korotenko) və Odina Bayramova (Əliyeva) millidən kənarda qaldı. Onların yoxluğunda onsuz da bərbad olan topun qəbulunda vəziyyətimiz daha da ağırlaşdı. Müdafiədən də danışmağa dəyməz. Portuqaliyaya məğlubiyyət də top qəbulundan qaynaqlandı, Bolqarıstan qarşısındakı acizlik də. Lakin optimal heyətin olmaması bəhanə sayıla bilməz.
Millinin son illər geriləməsini anlamaq çətindir. Güclü ölkə çempionatı olmayanda bundan daha yaxşı nəticələrə imza atırdıq. Düzdür, bir çoxları legioner limitinin tətbiq edilməməsini səbəb göstərə bilər. Amma unutmayaq ki, hazırkı milli üzvləri heç də çıxış etdiyi komandalarda ehtiyatda qalmır. Yəni onların oyun praktikasının azlığından gileylənmək kimi bir bəhanəsi ola bilməz. Yığmanın dünya çempionatına vəsiqə qazanmasına da aldanmaq olmaz. Səhvlər tez bir zamanda aradan qaldırılmalıdır. Çünki gələn il Bakıda keçiriləcək Avropa Oyunlarında qitənin 11 güclü komandasıyla rəqabət aparacayıq.
İslahatlara gəldikdə Yelena Parxomenkonun yığmada oynaması başadüşülən deyil. Təcrübəli blokçu seçmə mərhələ boyunca bir dəfə belə meydana çıxmadı. 32 yaşlı voleybolçu oynamaq fürsəti əldə etməyəcəkdisə, onda niyə heyətə cəlb olunurdu? Əvəzində hansısa gənc oyunçunu heyətə götürüb, ən azı millidəki mühitlə tanış olmasına fürsət yaratmaq daha məntiqəuyğun olardı.
Avro-2015-in Bakıda keçirilən seçmə görüşlərini Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer də izlədi. Təşkilatçılığı yüksək qiymətləndirən qonaq yığmamızın çıxışından təəccübləndiyini gizlətmədi: "Təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycan millisinin çıxışı da yaxşıdır. Voleybolçularınız final mərhələsinə yüksək səviyyədə hazırlaşıb. Bakıda voleybol ab-havası hər zaman olub. Bu məni sevindirir. Komandanızın Avro-2015-ə Bakıda vəsiqə qazanacağını gözləyənlər çox idi. Bununla belə, yaxşı milliniz var. Sadəcə, bəzən idmanda istədiyimiz alınmır. İdmanın gözəlliyi də budur. Ona görə həvəsdən düşməyə dəyməz. Gələn il keçiriləcək həlledici görüşdə qalib gəlib Avropa Çempionatına yollanmaq şansınız var. Sevindirici haldır ki, Azərbaycanın güclü voleybol çempionatı var. Avropanın məşhur voleybolçuları sizin çempionatda oynamaqla turnirin səviyyəsini artırır."
Təbii ki, ali qonağın paytaxtımıza səfəri təkcə seçmə mərhələnin görüşləri ilə əlaqədar deyildi. Onun sözlərinə görə qarşıdakı aylarda Bakıya tez-tez gələcək. Çünki, voleybol Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına daxil edilib: "Səfərimdə əsas məqsəd Avropa Oyunlarıyla bağlı müzakirələr aparmaqdır. 2015-ci ildə keçiriləcək mötəbər turnir həm Azərbaycan, həm də Avropa üçün çox vacibdir. Voleybolun oyunların proqramına daxil edilməsi idmanın bu növünün təbliğinə və turnirə olan marağın artmasına kömək olacaq. Ona görə səfərlərim tez-tez olacaq. Biz yarışların reqlamenti, keçirilmə şəraitiylə tanış oluruq. İstəyirik, hər şey yüksək səviyyədə olsun."
Andre Meyer yaxın aylarda Bakıda voleybol üzrə beynəlxalq yarışın keçiriləcəyini dedi. Bu turnir Avropa Oyunlarına test xarakteri daşıyacaq: "Hazırda müzakirələr gedir. Çimərlik voleybolu və qadın voleybolçular arasında test xarakterli yarışların olması vacibdir. Bu turnirdə Avropanın bir neçə ölkəsinin iştirakı gözlənilir. Fikrimcə, Avropa Oyunlarında voleybol yarışlarında problem olmaması üçün turnirlərin keçirilməsi mütləqdir. Biz texniki məsələləri həll etməliyik."
2017-ci ildə Bakıda qadınlar arasında Avropa Çempionatı keçirilə bilər. Bu açıqlamanı da "R+"a Meyer verdi: "Bakı 2017-ci ildə qadınlar arasında Avropa Çempionatını qəbul etmək istəyir. Azərbaycan Voleybol Federasiyası iddiasını açıqlayıb. Biz bunu normal qəbul etmişik. Çünki Bakı hər zaman yüksək təşkilatçılıqla fərqlənib. Qitə birinciliyini Azərbaycan Gürcüstanla birgə keçirmək fikrindədir. Digər namizədlər haqda danışmaq istəməzdim. Amma Azərbaycan Gürcüstanla birgə ən iddialı namizəddir. Rəqibləriniz sizinlə mübarizəyə hazır olmalıdır. Ölkəniz yüksək standartlara cavab yarış keçirməkdə peşəkardır."
Andre Meyer Bakının çox inkişaf etdiyini və artıq Avropada idman paytaxtlarından birinə çevrildiyini bildirdi. Onun sözlərinə görə Azərbaycan istənilən mötəbər yarışı yüksək səviyyədə keçirmək iqtidarındadır: "Bakı voleybolda hər hansı yarışı keçirmək istəyəndə biz rahat bu barədə düşünə bilirik. Çünki siz artıq bu sahədə peşəkarsınız."
Qeyd edək ki, Bakının Tiflislə Avro-2017-yə şərikli iddiasına 2 rəqib namizəd var. Hələlik onların adları açıqlanmır. Bununla belə, 2017-ci ildə keçiriləcək Avropa Çempionatının paytaxtımızda baş tutma şansları yüksəkdir.
MƏSLƏHƏT GÖR: