26 Dekabr 2024

Cümə axşamı, 17:16

BAKI SIÇRAYIŞI

Azərbaycanda keçirilən bədii gimnastika üzrə Avropa Çempionatı bir sıra maraqlı nailiyyətlərlə yadda qaldı

Müəllif:

17.06.2014

Bədii gimnastika üzrə Avropa Çempionatına ev sahibliyi edən Azərbaycan bir neçə gün ərzində Avropanın diqqət mərkəzində oldu. 30-cu Qitə birinciliyini yüksək səviyyədə keçirən Azərbaycan Gimnastika Federasiyası bununla ölkə idmanı tarixində yeni səhifə açdı. Yüksək təşkilatçılıqla yanaşı, Avropa Çempionatı gimnastlarımızın uğurlu nəticələriylə yadda qaldı. 

Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə apardı. Onlar 9 medal dəsti uğrunda yarışdılar. 

Azərbaycan yuniorların komanda birinciliyində üçüncü yerə layiq görüldü. Ölkəmiz, ümumilikdə, 94.364 bal toplamaqla fəxri kürsünün üçüncü pilləsinə yüksəldi. Rusiya birinci yeri, Belarus isə ikinci yerdə qərarlaşdı. 

Gimnastikamızın adına digər uğuru Jalə Piriyeva qazandı. Təmsilçimiz halqa ilə fərdi yarışda hakimlərdən 16.300 bal alaraq ikinci yeri tutdu. Yarışın qalibi adını rusiyalı gimnast Yuliya Bravikova qazandı. Bürünc medala isə belaruslu Anastasiya Rıbakova sahib çıxdı.

Avropa Çempionatının son günündə azarkeşlərimizi qrup hərəkətləri üzrə yığmamız sevindirdi. Azərbaycan yığması 3 top və 2 lentlə qrup tapşırıqlarında ikinci yeri tutdu. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndirdilər. Gimnastlarımızın Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında kompozisiyası tamaşaçıların alqışıyla qarşılandı. Qızıl medala rusiyalı idmançılar, üçüncü yerə isə Bolqarıstan komandası layiq görüldü. Bu, Azərbaycan gimnastlarının qazandığı 3-cü medal oldu.

3 gün davam edən Avropa Çempionatına möhtəşəm qala konsertlə yekun vuruldu. Qala-konsertdə yubiley çempionatda iştirak edən bir sıra komandaların gimnastları çıxış etdi. Onlar rəngarəng və yaddaqalan şou təqdim etdilər. Azərbaycan gimnastları milli musiqinin sədaları altında mürəkkəb və rəngarəng kompozisiya nümayiş etdirdi. İdmançılarımızın çıxışı zamanı "Sarı gəlin" və Müslüm Maqomayevin "Azərbaycan" mahnısından parçalar səsləndi. Qala-konsertdən sonra Avropa Gimnastika İttifaqının bayrağının Azərbaycan tərəfindən növbəti Avropa Çempionatının keçiriləcəyi Belarusa təqdim edilməsi mərasimi oldu. 

Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva "R+"a açıqlamasında gimnastlarımızın çıxışından razı qaldığını dedi: "Əsas medal qazanmaq deyil, medalların qızları daha çox çalışmalarını stimullaşdırmasıdır. Əgər medal qazanmasaydılar, yenə də gimnastlarımın çıxışlarından razı qalardım. Çünki hər yeni turnirdən-turnirə onların nəticələri və səviyyələri göstərilən tapşırıqlarda yüksəlir. Bugünkü nəticə məni sevindirir və düşünürəm ki, bütün Azərbaycan sevinir. Yuniorlardan və qrup komandasından çox razıyam. Marina Durundanın çıxışını qeyd etmək istərdim. O, 6-cı yeri tutsa da, öz potensialını və yüksəlişini nümayiş etdirdi. Gənc Gülsüm Şəfizadənin çıxışını isə ayrıca vurğulamaq istəyirəm. O, iyirmincilər arasında ən gənc idmançıdır, cəmi 15 yaşı var. İspaniyadan olan iştirakçılar arasında isə, məsələn, 27 yaşlı idmançı var idi. Bu gimnastlar arasında hansı təcrübə fərqinin olduğunu təsəvvür etmək mümkündür. Lakin mən çox şadam ki, fonoqramdakı pozuntu səbəbindən lentlə tapşırığı iki dəfə yerinə yetirməyə məcbur olan Gülsüm azərbaycanlı xarakteri - sonadək mübarizə aparmaq və heç vaxt təslim olmamaq - göstərərək çox yaxşı çıxış etdi".

Onun sözlərinə görə, gimnastları bir həftəlik istirahət gözləyir, bundan sonra isə məşqlər bərpa olunacaq: "Biz İzmirdəki Dünya Çempionatına hazırlaşacağıq. 2015-ci ildə isə Avropa Oyunlarını qəbul edəcəyik və ən yaxşı nəticələrə ümid edərək ciddi şəkildə hazırlaşacağıq".

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Qitə birinciliyinin təşkilatçılığını yüksək qiymətləndirib: "Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti olmağıyla yanaşı, 2015-ci ildə Bakıda keçiriləcək bizim ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə başçılıq etməsi Avropa Olimpiya Komitəsi üçün böyük şərəfdir. Düz bir ildən sonra 19 idman növü üzrə Avropanın 6 mindən artıq idmançısının ilk dəfə keçirilən Avropa Oyunlarında iştirak etmək məqsədilə Bakıda toplaşması tarixi bir hadisəyə çevriləcək. Gimnastika arenasının vaxtında hazır olub ərsəyə gəlməsində əməyi olan hər bir kəsi təbrik edirəm. Fikrimcə, bu yarışda iştirak edəcək 250-yə yaxın idmançı özlərinə məxsus bacarıqlarını nümayiş etdirmək üçün bundan yaxşı məkan düşünə bilməzdi."

2015-ci ildə bədii gimnastika üzrə Avropa Çempionatına ev sahibliyi edəcək Belarus Gimnastika Assosiasiyasının prezidenti Vladimir Karpoviç "R+"a açıqlamasında ölkəmizin digər dövlətlərə nümunə olacaq yarış keçirdiyini deyib: "Biz estafeti - Avropa Çempionatının bayrağını bizim həmkarlarımızdan qəbul etməyə şadıq. Bütün təşkilatçıları bu möhtəşəm və gözəl gimnastika bayramı münasibətilə təbrik etmək istəyirəm. Minsk şəhəri növbəti Avropa Çempionatını qəbul edəcək paytaxt olacaq. Bakıdakı Avropa Çempionatının təşkilatçılığı məni heyran etdi. Arena çox unikaldır, ona görə ki, bədii gimnastika üzrə yarışların keçirilməsi üçün xüsusi tikilib. Mən əminəm ki, bütün idmançılar, məhz, burada çıxışlardan xüsusi həzz alırdılar. Biz gimnastların gözəl çıxışlarını və nəticələrini gördük. Bu Azərbaycanda bədii gimnastika məktəbinin inkişafı üçün yaxşı başlanğıcdır." 

Avropa Çempionatının bağlanış mərasimindən sonra "R+"a müsahibə verən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov turnirlə bağlı danışdı: "Avropa Çempionatı gimnastika həvəskarları üçün əsl bayram oldu. Biz çox sevinirik ki, çempionatı yüksək səviyyədə keçirməyə nail olduq. Bunun üçün çalışan insanlar əməyinin bəhrəsini gördülər. Gimnastlarmızın çıxışı haqda xüsusilə danışmaq olar. 3 medal qazanmaqla federasiyanın düzgün yolda olduğunu sübut etdilər. Bir müddət əvvəl biz heyəti gəncləşdirməyə başladıq. İndi həmin gənclər Azərbaycan yığmasına medal qazandırdı. Qrup hərəkətləri üzrə yığmamız da gözəl çıxış etdi. Milli Gimnastika Arenasının yüksək zövqlə inşasını əcnəbi idmançılar da qeyd etdi. Bu bizim yeni arenada ilk beynəlxalq yarışımız idi. Artıq arenaya öyrəşmişik. Gələcəkdə bu arenada Avropa Oyunlarının gimnastika yarışlarını keçirəcəyik. "

Altay Həsənov Avropa Oyunları və 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq barədə də məlumat verdi: "Gələn il Bakı ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Biz bu yarışa hazırlaşacayıq. Əlbəttə, gənc gimnastlarımızın hər birinə ümid çox böyükdür. Bu gün gimnastlar arasında sağlam rəqabət mövcuddur. Ümid edirəm ki, həm Avropa Oyunları, həm də Yay Olimpiya Oyunlarında gimnastlarımız Azərbaycanı layiqincə təmsil edəcək. Avropa Çempionatı günlərində idmançılarımıza dəstək olan azarkeşlərə təşəkkür etmək istərdim."

Beləliklə, 30-cu yubiley Avropa Çempionatı tarixə qovuşdu. Möhtəşəm turnirlə Bakı bütün növbəti dəfə Avropaya yüksək təşkilatçılıq, qonaqpərvərlik qabiliyyətini göstərdi. İdmançılarımız isə yeni  zirvələri fəth etməyə hazır olduqlarını  sübut etdilər. 



MƏSLƏHƏT GÖR:

762