14 Mart 2025

Cümə, 20:50

SONSUZ MƏSAFƏDƏ 20-Cİ DÖVRƏ

Milli olimpiya komitəsı yubileyini hansı nailiyyətlərlə qarşıladı

Müəllif:

15.11.2012

2012-ci il Azərbaycan üçün idmançılarımızın London Olimpiya oyunlarındakı uğurlu çıxışı, qızlar arasında  FİFA-U-17 dünya çempionatının keçirilməsi, "İdman ili"nin qeyd olunması və, nəhayət, Milli Olimpiya Komitəsinin yubileyi ilə yadda qalacaq. Azərbaycan idmanının inkişafında əsas rolu oynayan Milli Olimpiya Komitəsi 20 illiyini böyük uğurlar və tarixdə qalacaq qələbələrlə qarşıladı. 

Milli Olimpiya Komitəsinin tarixi müstəqilliyimizin tarixi ilə təxminən üst-üstə düşür. Komitə müstəqilliyin bərpasından bir il sonra yaradılıb. Hələ Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində komitə barədə belə demişdi: "Azərbaycanın Milli Olimpiya Komitəsinin yaradılması Azərbaycanın müstəqilliyinin atributlarından biri, ölkənin suverenliyi ilə bağlıdır". 

Yeri gəlmişkən, bu il həm də ölkə başçımız İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməsinin 15-ci ili tamam olur. Sirr deyil ki, ölkəmizdə idmanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması da məhz onun komitəyə prezident seçildiyi 1997-ci ilə təsadüf edir. 

Bu illər ərzində ölkəmizi tərk etmiş tanınmış idmançılar, məşqçilər, idman mütəxəssisləri Vətənə qaytarıldı. Boksçu Ağası Məmmədov, yunan-Roma güləşi üzrə məşqçi Elçin Cəfərov, voleybol mütəxəssisi Faiq Qarayev Türki-yədəki işini dayandıraraq karyerasını Azərbaycanda davam etdirməyə qərar verdi. Təcrübəli mütəxəssisləri Vətənə qaytarmaqla yanaşı, təlim-məşq prosesi üçün şərait yaradıldı. Azərbaycan komandaları xarici legionerlərin sevimli yerinə çevrildi. 

Ölkədə idmanin inkişafı üçün konkret addımlar atıldı, federasiyaların rəhbərliyi gücləndirildi. Nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, idman cəmiyyətləri və klublar vahid orqanizm kimi fəaliyyətə başladı. Artıq heç bir federasiya ilə idman klubu və ya cəmiyyət arasında problem yarana bilməzdi. Dövlət başçısı İham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, onun üçün olimpiya və ya qeyri-olimpiya idman növləri məfhumu yoxdur. Prezident Azərbaycanda olan bütün idman növlərinin inkişafına çalışıb və onlara dəstək göstərib. 

Nəticədə Azərbaycan idman dövləti kimi dünyada böyük nüfuz qazanmaqla qarşıya qoyulan hədəflərə nail olub. 20 il ərzində Azərbaycan beynəlxalq federasiyaların dəstəyi ilə çoxsaylı idman yarışları, o cümlədən Avropa və dünya çempionatları keçirib. Son illər Azərbaycanda dünya və Avropa çempionatları, məsələn Dünya boks çempionatı, oğlanlar arasında qılıncoynatma üzrə Dünya Çempionatı, Gimnastika üzrə Dünya Kuboku, Avropa Güləş Çempionatı və Dünya Güləş Çempionatı təşkil olunub. Cari ilin sentyabr ayında isə Bakıda və Lənkaranda qadınlardan ibarət futbol komandaları arasında FİFA-U-17 Dünya Kuboku keçirilib. 

Bu gün Azərbaycanda idmanın 64 növü inkişaf edir. Ölkədə 53 idman federasiyası, 66 idman təşkilatı, 60 idman klubu və 170 idman məktəbi var. Ölkə üzrə 18 Olimpiya və 9 000 idman obyekti var. 35 regional olimpiya kompleksi istifadəyə verilib, daha 8-i isə tikilməkdədir. Azərbaycan idmançıları son 22 il ərzində Avropa çempionatlarında və Dünya Kuboku yarışlarında 897 qızıl, 705 gümüş və 1013 bürünc medal qazanıblar. 

"Biz idmanın inkişafına geniş prizmadan yanaşırıq və kompleks tədbirlər görürük. Əlbəttə, ilk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır. Dövlət siyasətinin nəticəsidir ki, bu gün biz Azərbaycanı dünya birliyinə idman dövləti kimi təqdim edə bilirik. Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda "İdman ili" elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir", - deyə prezident MOK-un 20 illik yubileyinə həsr olunmuş mərasimdə bildirib.

Hər zaman mötəbər yarışlar, o cümlədən Olimpiya Oyunlarında komandamızın yanında olan İlham Əliyev idmançılara dəstək olur. Qalib olanlar yüksək səviyyədə mükafatlar alır, onların bütün sosial-məişət problemləri həll olunur, mənzillər verilir. Xüsusi fərqlənən idmançılara fərdi təqaüd də ayrılır. 

Dövlət siyasəti idmanın təbliği, idmanla məşğul olmaq üçün şəraitin yaradılması, maarifləndirmə, gənc nəslin yetişdirilməsi kimi mühüm sahələri əhatə edir. Əsas məqsədlərdən biri isə idmanda kütləviliyin yaranmasıdır. Bu gün Azərbaycanda hər bir ailə öz uşağının idmanla məşğul olması üçün çalışır. Çünki idmançı olmaq şərəflidir. Ölkədə idmançıların adı həmişə uca tutulur. Olimpiya, dünya, Avropa çempionları isə gənclər üçün nümunə sayıılır. Eyni zamanda ölkədə yalnız sağlamlıq üçün idmanla məşğul olanların da sayı çoxdur. Bununla belə prezident İlham Əliyev çıxışında idmanın kütləviliyinin daha da artması, qeyri-ənənəvi növlərin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. 

Azərbaycanda idmanın inkişafı ilə bağlı ən real mənzərəni Olimpiya oyunlarında qazandığımız nəticələrin dinamikası göstərir: 1996-cı ildəki 1 medaldan 2012-ci ildə 10 medaladək. Komanda hesabında isə ölkəmizin Londonda 30-cu yerə layiq görülməsi Olimpiyada miqyasında yetərincə yaxşı göstərici sayılır. 

İdman meydançalarındakı uğurlarımızla yanaşı ölkədə idman infrastrukturunun inkişafına xüsusi diqqət yetirilir. Bakıda bölgənin ən böyük və müasir arenası - 70 minlik Olimpiya stadionu, Gimnastika Sarayı, Su İdman Növləri Sarayı, Boks Evinin inşası artıq başlanıb. Yaxınlarda Şahmat sarayının, eləcə də daha bir neçə idman obyektinin bünövrəsi qoyulacaq. "Eurovision" beynəlxalq musiqi yarışmasının keçirildiyi "Crystall Hall"da ən mötəbər idman yarışlarını qəbul etməyə hazırdır. 

"Ən önəmlisi ondan ibarətdir ki, bütün yarışlarda iştirak edən idmançılar üçün çox gözəl şərait yaradılır. Həm gözəl idman infrastrukturumuz, Olimpiya kompleksləri vardır, eyni zamanda, Bakı şəhəri gözəlləşir, abadlaşır və Bakıya gələn qonaqların sayı artır"- deyə ölkə başçısı vurğulayıb. 

Bütün bu nailiyyətlər və bu illər ərzində əldə edilmiş təcrübə qarşıya daha böyük hədəflər çıxarır. 2016-cı ildə Bakıda şahmat üzrə olimpiada keçiriləcək. Yaxın illərdə Azərbaycanda futbol üzrə yeniyetmələrin Avropa çempionatı, müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları baş tutacaq. Bakı artıq iki dəfə Yay Olimpiya Oyunlarını keçirməyə namizəd olub. Bu isə ölkəmizin beynəlxalq idman arenasında böyük iddialarından xəbər verir və 20 illik təcrübə göstərir ki, bu iddialar əsassız deyil.



MƏSLƏHƏT GÖR:

539