Müəllif: Məhərrəm ZEYNALOV Bakı
Bu il Azərbaycanın görkəmli aktyoru Məlik Dadaşovun 90 illik yubileyi qeyd olunur. O, milli kino pərəstişkarlarına yaxşı tanışdır. Məlik Dadaşovun bədii filmlərdə canlandırdığı rolların heç biri baş rol olmayıb. Amma onların sayı kifayət qədər çoxdur. "Koroğlu", "Dəli Kür", "Yaramaz", "Təhminə" onun çəkildiyi filmlərin yalnız bir neçəsidir. Amma Məlik Dadaşovun bu filmlərdə canlandırdığı ikinci plan rolları o qədər təsirli olub ki, onları yadda saxlamamaq mümkün deyil. Məlik Dadaşov haqqında "R+"a mərhum aktyorun qızı Gülnarə Dadaşova danışdı. O, atasını böyük məhəbbətlə, səmimiliklə xatırlayır. Bununla yanaşı, aktyorun bioqrafiyasından və aktyorluq həyatından olan faktlar özü-özlüyündə hər şeyi deyir və onlara bəzək-düzək verilməsinə heç bir ehtiyac yoxdur.
Ailədə
"Bütün həyatımı onun yanında keçirmişəm. Onun teatr və kino fəaliyyətinin şahidi və eyni zamanda pərəstişkarı olmuşam", - deyə Gülnarə xanım söhbətə başlayır. - "Onu ilk növbədə, çox gözəl ata, xeyirxah insan, ailəcanlı kişi, anam üçün əla həyat yoldaşı kimi qiymətləndirirəm. Doğrudur, tamaşaçılar canlandırdığı rollara əsasən onu sərt insan kimi tanıyıblar. Amma həyatda o, məlahətli, mehriban, hər kəsə, xüsusilə qarşı cinsin nümayəndələrinə münasibətdə son dərəcə nəzakətli adam idi. Bu nəzakəti kiçikdən-böyüyə, hər kəs hiss edə bilərdi. Hətta məktəb rəfiqələrim bizə qonaq gələndə, atam onların əlini öpməklə qarşılayırdı".
Gülnarə xanım Məlik Dadaşovun üçüncü nikahdan olan ən kiçik qızıdır. Onun sözlərinə görə, mərhum aktyor inanılmaz dərəcədə ünsiyyətcil, ailə dəyərlərini hər şeydən üstün tutan şəxs olub. O, bütün övladlarını başına toplayır, qohumları ilə sıx əlaqə saxlayır, uşaqları bir-birilə tanış edir, nəsil və şəcərə haqda onları məlumatlandırırdı. "Atam bizi birlikdə saxlayan bağlayıcı bənd, sement idi. 1996-cı ildə onun dünyasını dəyişməsindən sonra çox əlaqələr qopdu. İndi hamımızın bir yerə toplaşmağımız çətindir", - deyə mərhum aktyorun qızı bildirir. Gülnarə xanım özü ilə atası arasında mövcud olmuş qəribə enerji bağlılığından da bəhs edir: "Onun bütün premyeralarında və tamaşalarında olmuşam. Mənim fikrim atam üçün hər zaman çox vacib olub".
Kinoda
Məlik Dadaşovun əsas qiyməti onun həqiqətən nadir dəyişmək, yeni sima almaq istedadı idi. Onun ifa etdiyi rolları real şəxsiyyətilə əlaqələndirmək məhz bu baxımdan çətindir. Məlum olduğu kimi, Məlik Dadaşovun canlandırdığı obrazların əksəriyyəti mənfi qəhrəmanlardır. Mənfi obrazı canlandırmaq isə müsbət qəhrəmanın rolunu oynamaqdan qat-qat çətin hesab olunur. Çünki "yaxşı" qəhrəmanlar nə qədər pozitiv olsalar da, onları canlandırarkən daxili konfliktlər, daxili mübarizələr tələb olunmur. Mənfi obrazlarda isə bu daimi tələbatdır, çünki bu obrazlar çoxplanlı və mürəkkəb olur. Məlik Dadaşov bu işin öhdəsindən əla gəlirdi. Aktyor bunu o qədər ustalıqla həyata keçirirdi ki, günlərin birində Moskvada "Axırıncı aşırım" filminin premyerasında Məlik bəylə tanış olmaq istəyən məşhur kino tənqidçilərindən birinin xanımı həyat yoldaşı ilə yanaşı dayanmış aktyora yaxınlaşarkən gözlərinə inanmayıb. O, "Qəmlo" rolunun Məlik Dadaşov tərəfindən oynandığını ağlına belə, gətirmirmiş: "Yəni o yaramazı siz oynayırdınız? İnana bilmirəm! Axı, siz həyatda çox məlahətli insansınız!". Dadaşovun həmin rolunun əla alındığını Qəmlonun real nəvəsinin premyeradan sonra aktyora yaxınlaşaraq dediyi fikirlər də təsdiqləyir: "Axı, siz babamı tanımamısınız. Onu bu cür dəqiqliklə canlandırmağı necə bacardınız?"
Qeyri-adi rəqqas
O dövrün əksər aktyorlarında olduğu kimi, Məlik Dadaşovun da karyerası rəqqaslıqla başlayıb. O, Əminə Dilbazi, Leyla Bədirbəyli və dövrün digər məşhurları kimi, peşəkar rəqqas olub. "Əminə xanım Dilbazi ilə bağlı maraqlı bir hadisə baş vermişdi", - deyə Gülnarə Dadaşova nəql edir: "Yayda hamımış birlikdə Zuğulbada istirahət edirdik. Orada məşhur mədəniyyət və incəsənət xadimlərinə rast gəlmək mümkün idi. Atam anamla birlikdə küçədə gəzişən zaman Əminə xanımla rastlaşanda, anam dərhal onlardan uzaqlaşırdı. Çünki Məlik bəylə Əminə xanım səs-küylə salamlaşan kimi küçənin ortasında rəqsə başlayırdılar".
Aktyorluq Məlik Dadaşovun əsas seçimi olsa da, o, karyerasına bu sənətlə başlamayıb. Tibb Universitetinin 1-ci kursundan o, Böyük Vətən müharibəsinə yollanıb. Cəbhədə Varşavayadək gedib çıxan Dadaşov kontuziya aldığından ordudan tərxis edilib. Geri qayıtdıqdan sonra İncəsənət İnstitutunda Adil İsgəndərovun kursuna qəbul olunub. Onlar dəfələrlə birlikdə səhnəyə də çıxıblar. Məlik Dadaşovun incəsənət sahəsindəki karyerası Dövlət Rəqs Ansambla olub. O, dövrün görkəmli rəqqasları ilə birlikdə dəfələrlə filmlərdəki rəqs səhnələrində çəkilib.
Teatrda
Məlik Dadaşovun ən yaddaqalan rollarından biri İsaak Babelin "Qürub" tamaşasındakı Mendel Krik obrazıdır. Cənnət Səlimova tərəfindən Rus Dram Teatrında səhnələşdirilmiş bu tamaşada Dadaşov səhnəyə dövrün görkəmli aktyorları Rahil Qinzburq (Mendel Krikin həyat yoldaşı), Aleksandr Şarovski və Səfa Mirzəhəsənov (oğulları), Natalya Bağırova-Tağıyeva (qızı Vera) ilə birlikdə çıxıb. Tamaşa bir yəhudi ailəsindən, onların uğursuzluq və çətinliklərlə dolu həyatından bəhs edir. Bu ailədə ata bir tərəfdən çalışqan, digər tərəfdənsə içki düşgünü və gəzəyən, uşaqlar isə istehlakçılardı. Tamaşada ən dramatik obraz Mendel Krik, ən faciəvi səhnə isə finaldır: ailə məclislərinin birində qoca Krikin uşaqları ilə növbəti qalmaqalı başlayır, övladların təzyiqinə dözməyən ata insult keçirir. Nəticədə, ata nitqini itirsə də, hələ sağ qalır, amma artıq övladlar mülk davasına başlayırlar. Bütün bunlara dözməyən Mendel Krik sonda dünyasını dəyişir.
Bu möhtəşəm dramatik əsərə musiqini Leonid Vaynşteyn yazmışdı; musiqi müşayiətinin effekti səhnədə yaşananları daha da təsirli edirdi. Qeyd edək ki, bu tamaşa nəinki Azərbaycan teatrlarında tam anşlaqla keçirdi, həm də Odessa, Sankt-Peterburq kimi şəhərlərə uğurlu qastrol səfərlərinə yollanmışdı. "Odessaya qastrolumuz qısa idi. Amma tamaşa o qədər böyük uğur qazandı ki, qastrolun müddəti uzadıldı. Peterburqda isə atamı küçədə tanıyırdılar...//", - deyə Gülnarə xanım danışır. Tovstonoqov Məlik Dadaşovu ən yaxşı Mendel Krik adlandırırdı.
Çox təəssüf ki, son dərəcə uğurla, təxminən, 200 dəfə səhnəyə qoyulmuş bu tamaşa bizim arxivimizdə yoxdur. Onun yeganə lent yazısı Peterburq Kral arxivində saxlanılır. Müvafiq instansiyalara dəfələrlə müraciət etsək, üz tutsaq da, son dərəcə dəyərli bu yazını əldə edə bilməmişik. Onun ölkəmizin yaradıcılıq və mədəni irsinə daxil olacağı şübhə doğurmur.
Məlik Dadaşov aktyorluqla yanaşı, özünü rejissor kimi də sınayıb. O, Sabit Rəhmanın "Nişanlı qız" əsərini səhnələşdirib. Tamaşada Amaliya Pənahova, Siyavuş Aslan, Məlik bəyin oğlu Rəfael Dadaşov, Zemfira Nərimanova kimi aktyorlar rol alıblar. Tamaşa böyük uğur qazanmışdı və Məlik Dadaşovu onun ardınca "Arşın mal alan"ı da səhnələşdirməyi planlaşdırırdı. Amma məlum olmayan səbəblərdən bu işdə ona bir sıra maneələr yaradıldı və sonda Dadaşovun istəyi baş tutmadı.
Məlik Dadaşovun aktyor kimi ən böyük arzusu Kral Liri oynamaq idi. Bunadək Şekspirin qəhrəmanlarından Makbeti oynasa da, karyerasınnda dahi yazarın ən güclü və dramatik əsərlərindən birində də yer almaq istəyirdi.
Məlik Dadaşov Hollivudda çəkilmək təklifi almış ilk Azərbaycan aktyorudur. O, sınaqlardan da uğurla keçmişdi. Lakin onun parlaq həyat ulduzu gözlənilmədən söndü...
MƏSLƏHƏT GÖR: