14 Mart 2025

Cümə, 21:00

DIRNAQ ÜZƏRİNDƏ İNCƏSƏNƏT

Dırnaqlar nədən danışa bilər? Azərbaycanda yeni təsviri incəsənət növü inkişaf edir

Müəllif:

15.11.2012

İncəsənətdən zövq almaq yalnız muzeylə və ya rəsm sərgisi ilə məhdudlaşmır. Neyl-art dırnaqların naxışlarla, zərlərlə, torlarla, daşlarla və başqa materiallarla bəzədilməsidir. Sən demə, maraqlı naxışlar, ulduzlar, nağılvarı çiçəklər və quşlar - bütün bunların hamısını dırnaqlara çəkmək olar. Bunu isə yalnız öz peşəsinin mahir bilicisi edə bilər.  

Neyl-artı manikürdə ən yüksək zirvə sayırlar. Bu, yeni bəzəkvurma sənəti dırnaqlarda müxtəlif bəzək və rəsmlərin istifadəsinə əsaslanır. Dırnaq lövhələrinin bədii tərtibatı dekorativ manikür sənətində ayrıca bir istiqamətdir. Neyl-art yenidən dirçəlişi ilə bağlı, necə deyərlər, kosmetologiyada akril dövrünə borcludur. Dırnaqları bəzəməyə və bərpa etməyə imkan verən yeni texnologiyalar manikür ustaları və bu istiqamətdə işləyən dizaynerlər üçün yeni geniş fantaziya üfüqləri açıb. 

Bu təkrarsız incəsənət "Baku Creative Center"də neyl-art ustası Ülviyyə Musayevanın "Nail & Art Jewellery" sərgisində təqdim edilmişdi. Burada həm klassik neyl-art nümunələri, həm də yeni texnologiyaların tətbiqi ilə yerinə yetirilmiş  çağdaş manikür nümayiş etdirilib. Manikür inciləri həm də installyasiyalarda, fotoşəkillərdə, videoçarxlarda və kitablarda da təqdim edilib. Daha vizual qavranma üçün neyl-art ustasının hər bir işini Elliya Urucevanın foto işləri zənginləşdirirdi. Modellərin sifətini Ülviyyə Musayeva tərəfindən yerinə yetirilmiş qeyri-adi feys-art bəzəyirdi. 

Ülviyyənin sözlərinə görə, o, sənətini çox sevir və daim öz üzərində işləyir. İxtisasca Ülviyyə iqtisadçıdır, amma rəqəmlərin, hesabların və qiymətlərin quru dünyası onu elə də cəlb etməyib. Qızın ruhuna yaradıcılıq, incəsənət və  fantaziya uçuşu yaxın idi. İlk başlanğıc üçün yarıqiymətli daşlarla öz bijuteriyasını -sırğalarını və boyunbağısını bəzəməyə qərar verib. İnanılmaz gözəl, kreativ və stilli alınmışdı. Sonra Ülviyyə dırnaqlara keçib və həmin rəsmləri manikürə tətbiq edib. Beləliklə, dırnaqlarda çəkilmiş və bəzəklərə yapışdırılan rəsmlərdən ibarət bütöv  bədii kompozisiyalar peyda olub. Qız bu cür bir neçə kolleksiya yaratmaq barədə düşünüb və xüsusi dırnaq maketləri - tipslər  və yarıqiymətli daşlardan, taxtadan və plasmasdan olan bəzəklər üzərində işləməyə başlayıb. 

Ülviyyənin Bakı moda həvəskarlarına təqdim etdiyi əfsanəvi kompozisiyalar belə yaranıb. Rəssam qız hər bir kompozisiyada öz nağıllarını - "Qıza aşiq olmuş əjdaha", "Yaşdolu göz", "Alov maskası" və s.-ni uydurmuşdu. 

Ülviyyə sərgini bu layihənin fotoqrafı və fotoredaktoru olan  Elliə Orucova ilə birlikdə tərtib edib. Sponsor və yaradıcı dəstəkçi isə "Aneksi Design" şirkəti və onun sahibi, istedadlı rəssam Fəridə Süleymanova olub. Sərgidə simvolik qiymətə bir neçə kompozisiya almaq mümkün idi ki, əldə olunan  vəsaitlər uşaq evlərindən birinə yönəldiləcəkdi. 

Maraqlıdır ki, dünya üzrə ilk "dırnaq sirlərinin biliciləri və ustaları" qədim Misirin fironlar sülaləsinə daxil olmuş Niankxanım və Xanumxotep olublar. Kleopatra da uzun dırnaqlarını bəzəməyi çox sevirmiş. O, dırnaqlarını həna ilə boyayırmış. 

Bu gün dırnaqları yalnız bir rəngə boyamaqla kifayətlənmirlər - onların üzərində rəsm çəkirlər, özü də dizaynın yaradılması üçün ancaq boyalardan deyil, həm də müxtəlif bəzəklərdən istifadə edirlər. 

Neyl-art dırnaqların müxtəlif texnika və üsullarla naxışlanmasını nəzərdə tutur. Məsələn, akvarium dizaynı mövcuddur. Bunun belə adlanmasının əsas səbəbi onunla bağlıdır ki, dizaynının bərkidilən elementlərinin üzəri şəffaf və qalın gellə örtülür və adama şüşə arxasına qoyulmuş şəkil təsiri bağışlayır. Bunu bir qayda olaraq, uzadılmış dırnaqlar üzərində yerinə yetirirlər və bəzək üçün hər cür elementdən istifadə edirlər. Bunlar zər də, quru çiçək qırıntıları da, folqa da, rəngli saplar da və kiçik plastik fiqurlar da ola bilər. Bu zaman dırnaq tamamilə hamar qalır, rəsm isə çox-çox uzun olur. Əgər dırnaqlarınızdakı "akvarium"a baxmaq sizi bezdirirsə, üzərini sevdiyiniz "lak"la rahatca örtə bilərsiniz. Daha sonra onu silməklə yenidən ilkin varianta qayıtmaq olar. Sizin manipulyasiyalarınızdan rəsmə heç bir zərər gəlməz. 

Salonlarda neyl-artı ya incə fırça və itiləşdirilmiş çubuqlardan istifadə etməklə əllə yerinə yetirirlər, ya da dırnaqlar üçün xüsusi hazırlanmış boyanı aeroqrafla çəkirlər və bu zaman trafaretdən istifadə edirlər. Həm də xüsusi pudradan (məsələn, "Nail Creative Design" pudrasından) və akrildən istifadə olunur. Lazımi rəngi əldə etmək üçün pudraya ənlik və rəngli kölgələr də əlavə edilir. Üstdən isə neyl-art xüsusi yapışqanla (seal) və ya şəffaf üst örtüyü ilə bərkidilir. 

Neyl-art ruhunda bəzəkvurmanın daha bir variantı isə həcmli dizayndır. Müxtəlif rəngli akril pudralarının və gellərinin yardımı ilə müxtəlif cür fiqurlar düzəldirlər. Bunlar çiçəklər, kəpənəklər və hətta nağıl personajları ola bilər. Həcmli dizayn çox orijinal görünür, amma öz mənfilikləri də var. Onların vasitəsilə hansısa işi yerinə yetirmək çox əlverişlidir. Beləliklə, əgər siz istəsəniz ki, dırnaqlarınızı qızılgüllər və ya ulduz çiçəkləri bəzəsin, bu istəyinizi yaxın bayrama qədər saxlayın. Onda bayram masasının arxasında oturaraq, siz şəksiz ki, kişilərin diqqətini cəlb edəcək və bütün qadınların həsəd obyektinə çevriləcəksiniz. 

Klassik işlənmədə neyl-art cürbəcür fırçaların, çubuqların və iynələrin yardımı ilə dırnaq lövhələrinin akril boyaları və "lak"larla bədii rəsmidir. Rəsmi həm yapışdırma, həm də təbii dırnaqların üzərində yerinə yetirirlər. Naxışlara gəldikdə isə bu, yalnız ustanın və ya sizin özünüzün fantaziyasından asılıdır.  Ümumiyyətlə, dırnaqların bəzədilməsi üçün çox sayda müxtəlif üsullar və detallar istifadə edilir. Belə ki, dırnaqlarda yalnız xüsusi boyalarla deyil, həm də adi gel qələmlərlə və hətta flomasterlərlə rəsm çəkmək mümkündür. Əsas məsələ, əldə edilmiş nəticənin üzərini rəngsiz laklarla örtməyi unutmayın. 

Rəsm üçün alətlərlə yanaşı, çox sayda bəzəklər və dekor aksessuarları var ki, onların istifadə edilməsi dırnaqlara doğrudan da heyranedici görkəm verə bilər. Nə qədər qəribə və qeyri-adi görünsə də, dırnaqlara, hətta krujeva və gözəl parçaların hissələri də yapışdırılır. Tez-tez rəngli saplar, zərlər, parlaq tozlar, muncuqlar və daşlardan istifadə edilir. Piton adlandırılan xüsusi laklar da dırnaqlarda çox gözəl görünür. Onlar köhnəlmiş kətanın təkrarsız effektini yaradırlar. Bu lakların özəlliyi ondadır ki, onları dırnaq üzərinə çəkəndə özünəməxsus çatlar yaranır. Piton lakı başqa parlaq lakın üzərinə çəkəndə xüsusi effektli görünür, çünki çatlardan məhz həmin altlıq gözə dəyir. Möhkəm və qulluq edilmiş olduğundan qırılmayan və laylanmayan dırnaqları çox vaxt pirsinqlə bəzəyirlər. Dırnaqda üzüklə işləmək əllə daha rahatdır, amma çox cazibədar və qeyri-adi görünür. 

Neyl-artda bu gün ən dəbdə olan meyillərdən biri də donun və ya bijuteriyanın rəsminin dırnaqlarda təkrarlanmasıdır. Peşəkarlar bu faktı da nəzərə alırlar ki, gözəl qadınlar tez-tez öz geyimlərini dəyişirlər, buna görə də universal həll təqdim edirlər: dırnaqların art-dizaynı qarderoblardan olan əşyalara ahəngdar olan bir neçə rənglə yerinə yetirilir. Belə manikür təbii  və orijinal görünəcək, obrazın yeganəliyini və təkmilliyini vurğulayacaq. 



MƏSLƏHƏT GÖR:

709