Müəllif: Nurlanə QULİYEVA Bakı
Karbohidrogenlərin hasilatı bütün dünyada ekoloji baxımdan kifayət qədər riskli sahədir. Hasilat işlərinin aparıldığı bütün ölkələrdə hökumətlərin ətraf mühitin mühafizəsilə bağlı ciddi tələbləri olsa da, təəssüf ki, bu, hasilat prosesi boyunca baş verən qəzaların, ekoloji disbalansın pozulmasının qarşısını almaq üçün kifayət etmir. Artıq, təxminən, 2 əsrdir neftin hasil olunduğu Azərbaycanda bu problem özünü daha qabarıq şəkildə göstərir - ətraf mühitin mühafizəsilə bağlı yeni texnologiyalar tətbiq olunsa da, ötən illərin kifayət qədər ağır "miras"ının aradan qaldırılması vacibdir. Xoşbəxtlikdən yerli ekoloqlar bu prosesdə ölkənin nəhəng neft-qaz layihələri üzrə tərəfdaşlarının hərtərəfli dəstəyinə arxalana bilərlər.
Qeyd etmək lazımdır ki, neftdən çirklənmiş ərazilərin təmizlənməsi Azərbaycanın ekoloji siyasətinin prioritetidir. Ölkənin ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov hələ bir müddət əvvəl bildirmişdi ki, SSRİ dövründə hasilat sənayesi ətraf mühitə ciddi zərbə vurub. Faydalı qazıntıların işlənməsi və hasilatı ətraf mühitin mühafizəsi üzrə lazımi tədbirlər görülmədən həyata keçirilib, nəticədə, Sovet İttifaqından Azərbaycana neft tullantıları ilə çirklənmiş torpaq sahələri kimi, ağır miras qalıb.
"Nəticədə, ətraf mühitə dəymiş ciddi zərərin qısa müddətdə, məhdud vəsaitlə aradan qaldırılması mümkün deyil. SSRİ dövründə Abşeron yarımadasında və ətrafında neft hasilatı nəticəsində 35 min hektar ərazi çirklənməyə məruz qalıb. Onun 15 min hektarında vəziyyət xüsusilə ağırdır. SOCAR çirklənmiş ərazilərin təmizlənməsi üçün ciddi tədbirlər görür. Bu istiqamətdə yeni parkların salınması, neft qalıqlarının yığışdırılması və utilizasiyası kimi tədbirlər görülüb", - deyə. H. Bağırov qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycanda 2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunlarınadək ekoloji mühitin yaxşılaşdırılması istiqamətində bir neçə miqyaslı layihənin həyata keçirilməsi nəzərdə tutulub. Onların arasında neftdən çirklənmiş torpaqların təmizlənməsilə bağlı layihələr də var: "Amma qeyd olunan dövrdə bütün təmizləyici tədbirlərin həyata keçirilməsi mümkün deyil. Odur ki, bu cür tədbirlər davam etdiriləcək".
Hələ 2011-ci ildə SOCAR Bakıda neftdən çirklənmiş ərazilərin təmizlənməsi və təkrar kultivaziyası üzrə yeni zavod açıb. O, SOCAR-"Baghlan" müəssisəsilə birgə inşa edilib. Zavod sutkada 540 kubmetr torpağı təmizləmək iqtidarındadır. Bu, şirkətin sözügedən sahədə həyata keçirdiyi sonuncu və ən nəhəng layihə deyil.
SOCAR-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Rafiq Hüseynzadənin sözlərinə görə, Azərbaycan tərəfi bu sahədə ən böyük layihəni neft-qaz layihələri üzrə ən nəhəng tərəfdaşı olan BP şirkətilə birgə həyata keçirir. Bakının Qaradağ rayonunda Neft tullantılarının idarə olunması mərkəzinin yaradılması üçün investisiyanın bir hissəsini, məhz, bu şirkət ayırır. Mərkəzin bünövrəsi bir ay ərzində qoyulacaq. "Bp-nin investisiyası sayəsində Mərkəzdə bütün lazımi təmizləyici və emaledici qurğular yer alacaq", - deyə R. Hüseynzadə bildirib. Mərkəz qazma şlamının utilizasiyasını da həyata keçirəcək. Ümumilikdə, bu layihə 60-70 milyon manat dəyərində qiymətləndirilir.
Ekoloji sahədə bu iki şirkətin əməkdaşlığının növbəti və daha miqyaslı mərhələsi lay sularının emalı layihəsi olacaq. "Bu, neft hasil olunan bütün ölkələr üçün ciddi problemdir. Onu heç də hər ölkədə lazımi səviyyədə həll etmək mümkün olmayıb. SOCAR fəaliyyətini beynəlxalq standartlara uyğun qurduğundan, biz bp ilə birlikdə Azərbaycanda bu problemin həllilə ciddi şəkildə məşğul olmaq niyyətindəyik", - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib.
R.Hüseynzadənin sözlərinə görə, lay sularının təmizlənməsi ən yüksək səviyyədə həyata keçirilməlidir və onun sonradan istifadəsi üçün 3 variant var. Məsələn, həmin sudan suvarma, xüsusilə ağacların suvarılması üçün istifadə oluna bilər: "Mütəxəssislər təmizlənmiş lay sularının yenidən laylara vurulması üçün Neft daşlarına göndərilməsini də təklif edirlər. Daha bir variant bu suların təmizləndikdən sonra dənizə axıdılmasıdır. Bu 3 variantın hər biri gündəmdədir və yekun qərarın qəbul edilməsi üçün qızğın müzakirələr gedir".
SOCAR rəsmisi bildirib ki, bütün bu problemlərin həlli üçün 2 il vaxt ayrılıb. Bu dövrdə BP ilə birgə layihə qrupu yaradılacaq. Layihəyə seysmoloqlar, ekoloqlar və digər mütəxəssislər cəlb olunacaq. Bilavasitə "Azəri-Çıraq-Günəşli" yatağının blokunda işləyən şəxslərin də prosesə cəlbi nəzərdə tutulub.
Qeyd edək ki, bu layihə investisiya nöqteyi-nəzərindən ən nəhəng layihə olacaq. Bu gün onun dəyəri, təxminən, 4 milyard dollar qiymətləndirilir.
Bp şirkətinin təmsilçisi Faiq Əsgərov isə öz növbəsində bildirir ki, Meksika körfəzindəki məlum böyük qəzadan sonra Britaniyanın neft nəhəngi iştirak etdiyi bütün layihələrdə ekoloji tələblərini sərtləşdirib. "Azərbaycanda bizim kifayət qədər əlverişli şəraitimiz var. İndiyədək ətraf mühitə ciddi zərər vuran heç bir hal qeydə alınmayıb", - deyə F. Əsgərov qeyd edib. Onun sözlərinə görə, hasilat meydanlarında mütəmadi şəkildə müvafiq testlər, ekoloji vəziyyətin qiymətləndirilməsi həyata keçirilir. Bundan başqa, ISO14001 standartı əsasında sertifikatlaşdırma aparılıb, ətraf mühitə mümkün zərərlərin qarşısının alınması üçün yüksək texnologiyalardan istifadə olunur.
Azərbaycanın karbohidrogenlərin hasilatı üzrə ən böyük tərəfdaşının, eyni zamanda vacib ekoloji layihələrin investoru kimi də çıxış etməsi, əlbəttə ki, neft və qaz yataqlarının istismarı prosesində ətraf mühitin mühafizəsilə bağlı tələblərin yüksək səviyyədə olacağına dair ümidlər yaradır. Üstəlik, bu məsələ ən yüksək səviyyədə dövlətin ciddi diqqətindədir. Prezident İlham Əliyev bu yaxınlarda etdiyi çıxışlarından birində son bir neçə ildə ölkədə ekoloji sahədə böyük işlərin görüldüyünü xatırladıb. "Azərbaycanda artıq 200 ildən artıqdır ki, neft hasil olunur. Amma əvvəllər ekoloji vəziyyətə heç zaman diqqət yetirilməyib. Məsələn, bu yaxınlaradək Bibiheybət buxtası faciəvi durumda idi. Amma indi bütün bu ərazi tamamilə təmizlənib. Tezliklə orada yeni ağacların əkilməsi planlaşdırılır", - deyə dövlət başçısı qeyd edib.
Yəni ümumi diqqət sayəsində tədricən həm "tarixin səhvləri" aradan qaldırılacaq, həm də karbohidrogenlərin çıxarılması və nəqli texnologiyalarının getdikcə mürəkkəbləşməsi fonunda hazırkı platformalarda ekoloji vəziyyət təkmilləşdiriləcək.
MƏSLƏHƏT GÖR: