14 Mart 2025

Cümə, 21:00

RƏQS DÖYÜNTÜSÜ

Azərbaycanın xalq artisti Təranə Muradova: "Bizim sənətin öz sualtı daşları var"

Müəllif:

15.11.2012

"Rəqs sənin nəbzin, ürək döyüntün, sənin nəfəsindir. Bu sənin həyatının ritmidir. Bu, zamanla ifadə və hərəkətdə, xoşbəxtlikdə, sevincdə, kədərdə ifadədir", - deyə bir zamanlar tanınmış amerikalı rəqqas Jak d'Ambuaz bildirmişdi. Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və baletmeysteri, "Odlar Yurdu" ansamblının rəhbəri, Avstriya-Azərbaycan Xeyriyyə Cəmiyyətinin prezidenti, İncəsənət Gimnaziyasının xoreoqrafiya kafedrasının müdiri Təranə Muradova erkən uşaqlıq yaşlarından rəqs etməyə başlayıb. Təranə Muradova "R+"un əməkdaşı ilə söhbətində hər şeyin necə başlaması, Azərbaycan rəqsinin gözəlliyi və bu incəsənətin gələcəyi barədə fikirlərini bölüşüb. 

-  Rəqsə belə sevgi haradandır?

- Dörd yaşım olanda məndən 15 yaş böyük olan bacım rəqs etməyin xoşuma gəldiyini görüb, anama məni rəsq dərnəyinə verməyi təklif edib. Fiziki göstəricilərim də buna imkan verirdi:  arıq, incə  bir qız idim. Rəqs etməyi çox sevirdim. Yaşıdlarım nağıllara və cizgi filmlərinə həvəslə baxan zaman məni yalnız balet maraqlandırdı. Əlbəttə, valideynlərim məni dərnəyə apardılar, amma düşündülər ki, bu, sadəcə, hobbidir. Onlar istəmirdilər ki, bütün həyatımı rəqsə bağlayım. Birinci sinifdə oxuyanda bacıma balet məktəbinə getməyi arzuladığımı dedim. Hər işdə məni dəstəkləyən bacım dərhal valideynlərimlə danışdı. Anam bunun əleyhinə idi. O istəyirdi ki, mən hüquqşünas olum. Uzun müddət onu dilə tutmalı oldum və o, axırda razılaşdı. Beləcə, balet məktəbinin klassik qrupuna daxil oldum. Balerina olmaq üçün göstəricilərim yetərli deyildi və ilyarımdan sonra mənə elə bu məktəbdə xalq şöbəsinə keçməyi təklif etdilər. Bundan sonra İncəsənət İnstitutuna girdim. 

- Bildiyimə görə, siz ananızın istəyini də yerinə yetirmisiniz. Hüquq fakültəsini bitirmisiniz... 

- Hə, ikinci ali təhsil almışam. Br neçə il qabaq qiyabi şəkildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Təəssüf ki, anam bu günlərimi görmədi. On doqquz yaşım olanda o, dünyasını dəyişdi. Həyat yoldaşım hüquqşünasdır, həmişə istəyirdi ki, ikinci sənət alım. O əmin idi ki, hüquqşünas təhsilim gələcəkdə mənə lazım olacaq. 

- Lazım gəldi?

- Hüquqşünaslıq mənim peşəm olmadı, amma qanunları bilmək işimə çox yaradı. Həm də  Yaradanın işini bilmək olmaz, mümkündür ki, bir neçə ildən sonra hüquqşünas işləməli oldum. 

- Siz "Səyyah" uşaq ansamblına rəhbərlik edirsiniz, şagirdləriniz çoxdurmu?  İndi rəqsə getmək dəbdədirmi?

- İndi rəqs öyrənmək istəyənlər artıb, özəlliklə yetkinlər arasında da. İnsanlar nəhayət anlayıblar ki, rəqsə başlamaq heç bir yaşda gec deyil. Gənc cütlüklər toy ərəfəsində gəlirlər ki, Azərbaycan rəqslərini gözəl ifa etməyi öyrənsinlər. Arzu ediləndir ki, bu sənətə daha peşəkar yanaşılsın, çünki milli rəqs sənəti Azərbaycanın sifətidir və istərdik ki, təmsilçilərimiz beynəlxalq festivallarda ən yüksək səviyyədə çıxış etsinlər. 

Sevindiricidir ki, bu gün yaradıcılığa başqa cür yanaşmağa başlayıblar. Əvvəllər belə şey yox idi, hətta bizim valideynlər bu peşəni seçməyin əleyhinə idilər, onu hobbi kimi bir şey, qeyri-ciddi iş sayırdılar. Mən öz peşəmi çox sevirəm və təkrar etməkdən yorulmuram: yenidən doğulsaydım, yenə də rəqqasə olardım. Əlbəttə, bu peşənin öz sualtı daşları var. Balet məktəbini qurtardıqdan sonra işə düzəlməklə bağlı çətinlik yaranır: rəqs kollektivlərində boş yerlər azdır. Yeri gəlmişkən, pensiyaya rəqqaslar pensiya yaşından çox tez gedirlər. Yaşamaq, başqalarından geri qalmamaq üçün bəziləri işləməyə məcbur olur, bəziləri evdə oturub pensiya yaşını gözləyir. Təbii ki, indiki gənclər öz gələcəyi barədə düşünməyə başlayıb və bunun nəticəsidir ki, xoreoqrafiya məktəbinə axın kəskin azalıb. 

- Sizcə, nə etmək lazımdır ki, rəqs bir incəsənət növü kimi bizim ölkədə daha populyar olsun? 

- Düşünürəm ki, rəqsin tarixi barədə xüsusi verilişlər lazımdır, rəqs dərnəklərinin sayını daha da artırmaq gərəkdir. Azərbaycan rəqsi çox gözəl və cazibəlidir. O gələcək nəsillər üçün qorunub-saxlanmalıdır. Axı bu bizim tarixdir!

Mən tez-tez Türkiyə toylarında oluram və görürəm ki, onlar öz folklorlarına böyük sevgi ilə yanaşırlar. Nə vaxt "Yallı" oynayırlarsa, hamısı müvafiq hərəkətləri bilir, elə bil ki, lap erkən yaşlarından rəqsə gediblər. İstərdim ki, bizdə də insanlar belə gözəl oynasınlar. 

- Tədris üçün nə qədər vaxt gedir?

- Əgər insanın musiqi duyumu və ritm hissi varsa, o, iki-üç aya rəqs etməyi öyrənə bilər. Əgər peşəkar rəqs etmək istəyirsənsə, bunun üçün illər lazımdır. 

- Uşaqlıqda siz balet arzulayırdınız, amma öz həyatınızı xalq rəqsləri ilə bağladınız. Balet üçün darıxırsınızmı?

- Hə, arzu edirdim ki, balerina olam, amma Yaradan elə etdi ki, özümü milli rəqslərə həsr elədim. Amma baletdən əl götürmədim, tez-tez müxtəlif balet tamaşalarında iştirak edirəm. Məsələn,  "Qız Qalası" tamaşasında gürcü qızının, "Məhəbbət və ölümdə" kraliçalardan birinin rəqsini ifa edirəm.  Baletdə  kumirlərim Leyla Vəkilova, Qəmər Almaszadə, Mayya Plisetskayadır. Onların yaradı-cılığı mənim  üçün məktəb olub. Mənim izləyicilərimin çoxu görür ki, rəqslərimdə klassika elementləri var. Yəqin ki, baleti sevdiyimə görə bu belədir. 

- Bəs övladlarınız sizin yolunuzla gedirmi? 

- Yox. Oğlum da, qızım da mənim uşaq kollektivim "Səy-yah"da məşğul olublar. Onlar çox məşğul olurdular və gəzirdilər, amma onlarda bu incəsənətə sevgi görmədim, sonda özlərinə başqa yol seçdilər. Zeynəb hüquqşünas oldu. Teymur əvvəlcə futbolu seçdi, sonra könüllü şəkildə Əfqanıstandakı sülhməramlı qüvvələrin sırasında xidmət etdi. Bir ana kimi uşaqlarımı elə ruhda böyüt-müşəm ki, 16 yaşlarından sonra özləri müstəqil qərar verə bilsinlər. 

- Daim hərəkətdəsiniz, işdəsiniz. Sərbəst vaxtınızı necə keçirirsiniz?

- Belə vaxtım azdır. Mənim çox sayda şagirdlərim var, İncəsənət Gimnaziyasında xoreoqrafiya kafedrasının müdiriyəm, "Səyyah" kollektivinə rəhbərlik edirəm. Hər günüm dəqiqələrinədək yazılır. Ancaq əgər sərbəst saat yaranırsa, onu öz ailəmlə keçirirəm. Yeri gəlmişkən, ansamblım "Səyyah" bu yaxınlarda öz rəsmi adını dəyişib. İndi ansamblın adı "Odlar Yurdu"dur. Bu kollektivə müxtəlif yaşlardan olan 70 rəqqas daxildir. 

- Siz həmişə gözəl formadasınız.  Rəqslərdən başqa həmişə həm də trenajor zalında məşq edirsiniz...

- Yox. Yalnız rəqslərlə məşğul oluram. 16 yaşımdan özümü bir "rels"ə qoymuşam və indiyə kimi belə davam edir. Fiquram, demək olar ki. dəyişməyib. Mənim sirrim mənim hərəkətimdədir. Nadir hallarda yerimdə otururam. Gündə iki dəfə rəqslərlə məşğul oluram, işləyirəm, dərs keçirəm. 

 - Siz xoşbəxtsiniz?

- Şəksiz. Mən xoşbəxt adamam. Çünki nəyi arzulamışdım, hamısı çin oldu. Lazımi qapıların hamısı qarşımda açıldı. Elə insanlarla tanış oldum ki, gəncliyimdə onları yalnız teleekranda görə bilirdim və onlarla dostlaşmağı arzulayırdım. Həyatımı rəqslərlə bağlamaq istəyirdim və bunu elədim. İki uşağım və mehriban ailəmin olmasını istəyirdim, buna da nail oldum. Həyat yoldaşım məni anlayır, qiymətləndirir və həmişə dəstəkləyir. Bu gün məndən ötrü ən önəmli olan uşaqlarımın xoşbəxtiliyi və əlbəttə ki, yaradıcılığımdır. Yaradıcılığımın çiçəklənməsi və inkişafı üçün çox ürək vermişəm. Vətənpərvərəm və istərdim ki, hər kəs öz peşəsində ilk öncə öz ölkəsini təqdim etsin. Nə vaxtsa uşaqlığımda anama söz vermişdim ki, bizim soyadımız yaşayacaq və bütün dünyada məşhur olacaq; öz vədimi yerinə yetirdim. Heç nəyə görə təəssüf etmirəm. Həyatda çox sayda çətinliklərim olub, amma mənə qalsa idi, heç nəyi dəyişməzdim. Əgər yenidən doğulsaydım, eyni həyatı yaşayardım.



MƏSLƏHƏT GÖR:

560