
MOSKVANIN SON XƏBƏRDARLIĞI
Qaz məsələsi Rusiya ilə Amerikanın Ukraynadakı qarşıdurmasında həlledici döyüşə çevrilib
Müəllif: İrina XALTURİNA Bakı
Təəssüf ki, Yaxın Şərq ssenarisi Ukraynada da təkrarlanır - ictimaiyyət tədricən bu ölkənin şərqində davam edən hərbi qarşıdurmalar haqda xəbərlərə alışır və artıq diqqətini başqa məqamlara yönəldirlər. Ötən həftə əsas xəbərlərdə başlıca yeri İraqda islamçıların əməlləri və Braziliyada keçirilən futbol üzrə dünya çempionatı tutub. Hətta Rusiya telekanallarında əsas xəbərlər Moskva ilə Kiyev arasında sanki tamamilə dinc şəkildə gedən qaz danışıqlarına həsr olunmuşdu. Amma bu, yalnız ilk baxışdan dinc danışıqlar təsiri bağışlayır. Əslində, Rusiya ilə Qərb arasında, daha dəqiqi ABŞ arasında Ukraynada gedən qarşıdurmada əsas döyüş məhz "mavi yanacaq" məsələsindədir. Çünki Moskvanın bu dövrdə bir-birinin ardınca güzəştləri Brüsselə yox, Kiyevə etdiyinə çox diqqətsiz və sadəlövh insanlar inana bilər.
Əslində isə məsələ belə deyil. Rusiya tərəfinin iddiasına görə, Ukraynanın Moskvaya olan borcu iyulun əvvəlinə 4,5 milyard dollar təşkil edir. Bu, qazın min kubmetrinin 485 dollardan hesablanması ilə yığılmış borcdur.
Danışıqların gedişində Rusiya Ukraynaya Yanukoviçin dövründəkilə eyni şərtləri təklif edib: qazın qiymətinin 385 dollara endirmək üçün ixrac gömrük rüsumunun ləğvi. Lakin Ukrayna məsələnin bu cür qoyulmasından imtina edib və bunu həmin rüsumun istənilən an Rusiya hökumətinin qərarı ilə bərpa edilə biləcəyilə əsaslandırıb. Kiyev Moskvadan min kubmetr qazın 300 dollara satışını və reeksport qadağasının ləğvini nəzərdə tutan yeni müqavilə tələb edir. Moskva isə Kiyevin bu addımını şantaj kimi qiymətləndirir.
Bütün bunların fonunda avropalı istehlakçılar bir tərəfdən daha ciddi narahat olmağa başlayıb (məsələn, Bavariya federal torpağının hökuməti Almaniya hökumətindən təbii qaz ehtiyatının artırılmasını tələb edir), digər tərəfdən isə Kremlə təzyiqlər artırılıb (Bolqarıstanın baş naziri Plamen Oreşarski Avropa Komissiyasının iradları aradan qaldırılanadək "Cənub axını" boru kəmərinin tikintisini dayandırıb).
Bəzi müşahidəçilərin fikrincə, Rusiya ilə Aİ arasında qaz sahəsində qarşıdurmanın uzanması, perspektivdə Avropaya "mavi yanacaq" nəqlinin tam dayandırılması ABŞ-a sərf edir. Vaşinqton, bununla, öz enerji maraqlarını təmin etməyə çalışır. Burada söhbət həm də amerikalıların şist qazı ilə bağlı maraqlarını təmin etməkdən və sonda Avropanı Vaşinqtondan daha asılı vəziyyətə salmaq istəyindən gedir. Bundan başqa, Donbassda nəhəng şist qazı yataqlarının kəşf olunduğunu unutmaq olmaz. "Rusiya ilə Aİ arasındakı enerji böhranı amerikalılara Qərb dövlətlərini asanlıqla öz nəzarəti altına almaq imkanı verəcək", - deyə İtaliyanın "Limes" qəzeti yazır.
Moskva isə bu ssenaridən qaçmağa çalışır və onun Kiyevə ünvanladığı "son Çin xəbərdarlığı", bəlkə də, bununla bağlıdır. İstənilən halda, Rusiyada ictimai rəy nəzərəçarpacaq dərəcədə dəyişkəndir - Krımdan sonra baş qaldırmış vətənpərvərlik əhvalı indi azalıb. Əgər cəmi 1 ay əvvəl Rusiyanın beynəlxalq arenaya güclü oyunçu kimi qayıtdığını deyirdilərsə, bu gün onun nəinki beynəlxalq, həm də regional nüfuzunu itirməsindən danışırlar. Ukrayna prezidenti Pyotr Poroşenko "Time"a müsahibəsində bildirib ki, onun ölkəsi Qərbin yardımına ehtiyac duyur - kəşfiyyat, hərbi texnologiyalar və hücum halında hava məkanının qapadılmasından tutmuş, dəniz blokadasının həyata keçirilməsinədək. Amma Qərb Kiyevə bu cür zəmanətlər verməyə tələsmir. Çünki onlar Rusiyanın hansısa fəal addımlar atacağına inanmırlar. Rusiya ordusunun Ukrayna ordusunu tez bir zamanda məğlub etmək iqtidarında olduğuna heç bir şübhə yoxdur. Amma bu halda Moskva suveren dövlətə hücum etmək ittihamları ilə qarşılaşacaq və demək olar ki, dünyadan təcrid vəziyyətinə salınacaq. Üstəlik, bu halda Rusiya ələ keçirdiyi ərazilərə baxmaq, oradakı müxtəlif strukturların işlək vəziyyətdə qalmasını təmin etmək, pensiyalar və sosial müavinətlər ödəmək məcburiyyətində qalacaq. Sərt sanksiyalar halında Rusiya əhalisinin əksəriyyətinin Kremlin bu qərarını dəstəkləyəcəyinə də zəmanət yoxdur. Çünki Rusiya beynəlxalq maliyyə sisteminə ilk baxışdan göründüyündən daha dərin inteqrasiya edib. Kreml Avrasiya İqtisadi Birliyinə və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bel bağlaya bilərmi?
Qərb analitikləri Moskvanın xəlvəti fəaliyyətdə olduğuna əmindirlər. "Financial Times" analitiklər, güc strukturunun əməkdaşları və kəşfiyyatçıların fikirlərini öyrənib və onların Rusiyanın Ukraynadakı əməllərini heyrət içində izlədikləri üzə çıxıb. Onların sözlərinə görə, ixtisaslaşmış qruplardan olan bəzi fiqurlar Ukraynanın şərqindəki separatçı qüvvələrə kömək edir və dərhal aradan çıxır. Deyilənə görə, Rusiya təbiilik effekti yaratmaq üçün münaqişəyə asta-asta müdaxilə edir, bununla da, Donetsk və Luqansk qiyamçılarının silahla təchizatını davam etdirir. Məsələn, iyunun 13-də gecə Ukrayna tərəfi Rusiyanın qiyamçılara E-72 tankları verdiyini bəyan edib. Münaqişə zonasından qadınlar, uşaqlar və qocalar çıxarılır və məqsəd intensiv döyüşlərin aparılması üçün imkanların genişləndirilməsidir. Rusiya kiberməkanda da fəallığını artırır. Artıq bir müddətdir ki, Ukraynanın dövlət qurumlarının IT sistemlərinə xaker hücumları həyata keçirilir. NATO rəsmilərinin fikrincə, Rusiya bütün təzyiq vasitələrindən çox effektiv istifadə edir: informasiya, diplomatiya, siyasət, hərbi güc və... iqtisadiyyat.
Moskva isə rəsmi olaraq Ukraynada yaşananlara heç bir aidiyyətinin olmadığını bildirir. Məsələn, Rusiya prezidenti Vladimir Putin iyunun 4-də TF1 televiziyasına və Europe 1 radiosuna müsahibəsində belə deyib. Moskva Ukraynanın şərq regionlarının müstəqillik elan etmələrinə də heç bir reaksiya göstərməyib. Yeni elan olunmuş "Luqansk Xalq Respublikasının" (LQR) müstəqilliyinin tanınması üçün Rusiyaya (və daha 14 dövlətə) müraciət etməsinə, tanınmamış "Donetsk Xalq Respublikası"nın (DXR) Rusiya ilə ittifaq dövlətinin yaradılması haqda bəyanatına da Moskvadan heç bir reaksiya gəlməyib.
Ukraynanın şərqində hərbi əməliyyatlar isə tam gücü ilə davam edir. İyunun 13-də antiterror əməliyyatlarının fəal mərhələsinə Mariupolda da start verilib. Bununla yanaşı, Luqansk və Donetskdə döyüşlər gedir. Yaşayış məhəllələrinin ağır artilleriyadan atəşə tutulmasına, fosforlu silahlardan istifadə edildiyinə dair xəbərlər var. Rusiya KİV-i ölənlər arasında dinc sakinlərin, o cümlədən uşaqların olduğunu xəbər verir.
ATƏT-in baş katibi Lamberto Zannyer Ukraynadan Rusiyanın Rostov vilayətinə üz tutmuş qaçqınların yerləşdikləri düşərgədə olub. O, bildirib ki, münaqişənin qarşısının alınması üçün hər iki tərəfin silahları təhvil verməsi lazımdır. Baş katibin bu qəribə bəyanatından belə çıxır ki, Ukrayna ordusu da silahları təhvil verməlidir. "İlk addımı Kiyev hökuməti atmalıdır", - deyə Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib. Poroşenko isə ölkənin şərqindəki böhranın aradan qaldırılması üçün plana malik olduğunu söyləməkdə davam edir. Amma o, ümumi sözlərdən başqa heç nə demir və heç bir addım atmır. Üstəlik, antiterror əməliyyatları barədə razılığa gəlməyə heç bir cəhd edilmədən buna başlanmasının səbəbləri haqda da danışan yoxdur.
Baş verənlərin fonunda insan tələfatına görə kimlərinsə cavab verməli olacağı da məlumdur. "Cinayət baş veribsə, o, araşdırılmalı, günahkarlar cəzalandırılmalıdır", - deyə ATƏT-in baş katibi bildirib.
Prezident Poroşenko "Time"a eksklüziv müsahibəsində Rusiyanın Ukraynada bu il baş vermiş faciəyə görə cəzalanmalı olduğunu söyləyib. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin isə bildirib ki, "Ukraynanın şərqində törədilən hərbi cinayətlərin günahkarları okeanın dibində olsalar belə, cavab verəcəklər".
Yaxın zamanlarda hadisələr hansı istiqamətdə inkişaf edə bilər? Bu, birincisi, Kiyevdə hansı atmosferin hökm sürəcəyindən asılıdır. Ukrayna hökumətində - XİN-də və DİN-də yerdəyişmələrin olacağına dair xəbərlər dolaşır. Qazla bağlı problem qaldığından hələ bütün digər məsələlərin çözümü mümkün olmur. Üstəlik, Ukraynanın Aİ ilə Assosiativ Saziş imzalaması da Ukrayna məhsullarına qarşı Rusiya, Belarus və Qazaxıstanın cavab addımları atması ilə nəticələnəcək və demək, ölkə iqtisadiyyatına daha bir zərbə dəyəcək. Bundan başqa, Ukrayna xalq xəbərləri saytı "From-ua"ya istinadən xəbər verir ki, yaxın zamanlarda ölkədə qanuni hökumətin devrilməsinə və ölkənin müstəqilliyinə, konstitusion düzəninə qəsdə görə cəzanın sərtləşdirilməsini nəzərdə tutan qanun qəbul olunacaq. Bütün bunlar Kiyev küçələrində yeni etiraz dalğalarına yol açmayacaq ki? Bu halda ölkənin şərqində davam edən müharibənin Ukraynanın cənubuna və mərkəzi hissəsinə də yayılacağı istisna deyil. Yaxud Kiyevin apardığı antiterror əməliyyatları başa çatan zaman ölkə Şərqi Dnestryanı bölgə kimi, boz zonaya çevrilə bilər. Donbassdakı vəziyyətə nəzər salarkən tez-tez xatırladılan Kolomoyski amilini də yada çalmaq lazımdır - Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri açıq-aydın öz oyununu oynamaqla məşğuldur. O, kifayət qədər qəribə fikirlər səsləndirir. Məsələn, Kolomoyskinin Ukraynanın Prezident Administrasiyasına ünvanladığı layihədə Rusiya ilə sərhəddə 1920 kilometrlik hasarın inşası nəzərdə tutulur. Lakiyənin dəyəri 100 milyon avrodur. Hasarın möhkəm poladdan çəkilməsi və oraya elektrik cərəyanının buraxılması təklif olunur.
Əgər Avrasiya materikinin mərkəzində, Aİ ilə Rusiyanın sərhədində yaşanan böhran yeni "Berlin divarı"nın tikilməsilə nəticələnərsə, bu, hələ ən pis ssenari deyil. Artıq tərəflər arasında siyasi və hüquqi həll mexanizmlərinin tam da olmasa, işləmədiyi aydındır. İndi hər şeyin bütün cəbhələrdə güclə, şantajla, bacarıqlı oyunlarla çözülməsinə çalışılır. Bu vəziyyətdə insan tələfatı da qaçılmazdır.
MƏSLƏHƏT GÖR: