Müəllif: Namiq MAYILOV Bakı
Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov hələ Sankt-Peterburq arxivlərində rus-sovet tarixçisi İ. Orbelinin "Qandzasar və avotsptuk kitabələri" əsərinin axtarışına başladığını bəyan etdiyi vaxt bu, regionumuzda böyük rezonans yaratmışdı. Axı, söhbət bütün nüsxələri 1919-cu ildə məhv edilmiş kitabdan gedirdi. Üstəlik, onun müəllifi sonradan bu mövzu ilə məşğul olmaqdan imtina edərək, tamamilə fərqli sahədə görkəmli alim kimi tanınmışdı.
F. Axundovun əsərin öyrənilməsindən sonra iyunun 10-da Bakıda "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" adlı beynəlxalq konfransda açıqladığı ilkin nəticələr isə əsl sensasiya effekti verib. Məlum olub ki, İ. Orbelinin kitabı XX əsrin əvvəllərində ermənilərin əsrlərdən bəri davam edən tarixi saxtakarlıq sisteminin altına qoyulmuş daha bir mina imiş. Öz xalqını aldatmaqla məşğul olan saxtakarları məyus edən daha bir məqam bu yaxınlarda İrəvanda nümayiş olunmuş 2 antiazərbaycan filminin ifşasıdır.
Baş verənlər haqqında danışması üçün bu ifşaların müəllifi, Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad AXUNDOVA müraciət etdik.
- Məruzənizdə Orbelinin kitabının sirlərinin açıldığını bəyan etdiniz. Bu sirlər nədən ibarətdir?
- Məsələ ondadır ki, XX əsrin əvvəllərində rus-sovet alimi Orbeli araşdırmaları ilə özü də bilmədən, faktiki olaraq, erməni kilsəsinə məxsus yalanların üstünü açıb. Məlum olub ki, ermənilərin işğalı altındakı Azərbaycan torpaqlarında yerləşən Qandzasar alban monastırı üzərindəki yazılar düzgün tərcümə edilməyib və saxtalaşdırılıb. "Qandzasar və avotsptuk kitabələri" əsərinin işıq üzü görməməsinin, 1919-cu ildə buraxılmış nüsxələrin isə tamamilə məhv edilməsinin səbəbi də budur.
Orbeli 1922-ci ildə yazdığı məktubda kitabının çap edilməsinin ləngiməsindən gileylənir, bunu anlamadığını bildirir. O, kitabın çapa verilməsindən 5 il (1917-ci ildən), səhifələnmədən 7 il (1914-1915-ci illər), Qandzasarın üzərindəki yazıları toplamasından 13 il keçdiyini (1909-cu il) xatırladaraq, kitabın hələ də işıq üzü görməməsindən şikayətlənirdi.
Mən həmin kitabın yoxa çıxdığına dair xəbərləri dəfələrlə oxumuşdum və onun, heç olmasa, izlərini tapmağı qarşıma məqsəd qoymuşdum. 2011-ci ildə əsərin bir nüsxəsini Sankt-Peterburqda taparaq Bakıya gətirə bildim.
Əvvəlcə erməni tərəfi iddia edirdi ki, Orbelinin, ümumiyyətlə, belə kitabı olmayıb. Amma mən onu tapdıqdan sonra ermənilər Petroqraddakı daşqın nəticəsində kitabın şriftlərinin itdiyini, bu üzdən də, onun çap olunmadığını söyləməyə başladılar. Biz bunun da yalan olduğunu üzə çıxardıq - həmin il Petroqradda, ümumiyyətlə, daşqın olmayıb, şriftlər - kitabın literləri isə heç də ermənilərin dedikləri yerdə saxlanılmırmış. Bundan sonra erməni tərəfi kitabın olduğunu etiraf etdi, hətta, guya, bizi "ifşa" etmək üçün onun rus dilinə tərcümə olunacağını da bildirdi. Lakin bu tərcümə hələ də yoxdur.
Hazırda mənim xahişimlə əcnəbi və azərbaycanlı alimlərdən ibarət qrup Qandzasar üzərindən Orbeli tərəfindən toplanmış yazıların tərcüməsilə məşğuldur. Bunun yekunu olaraq Orbelinin əsərini və yazıların tərcümələrini dərc etmək niyyətindəyik.
- Yəni Orbelinin kitabının bütün tirajının məhvinə səbəb, orada erməni saxtakarlığının ifşa olunmasıdır?
- Bu sualın cavabı elə kitabın özündədir. Biz artıq Orbelinin XX əsrin əvvəllərində Qandzasara ekspedisiyası zamanı qeyd etdiyi bəzi yazıları araşdıra bilmişik. Bu yazılar onların hazırkı durumunu əks etdirən fotolarla, o cümlədən 150 il əvvəl müxtəlif müəlliflərin apardıqları tərcümələrlə müqayisə olunub. Məsələn, Orbeli kitabında ondan əvvəlki tərcümələrdə yanlışlıqların olduğunu aydın şəkildə ifadə edir. Söhbət XIX əsrdə kilsə xadimləri Calalyants, Şahatunyants və Barxudaryants tərəfindən edilmiş tərcümələrdən gedir. Onlar bu işi erməni kilsəsinin sifarişilə görürdülər.
Araşdırma nəticəsində Qandzasar üzərində qədim yazıların olduğu çoxlu sayda lövhələrin dəyişdirildiyi də üzə çıxıb. Bundan başqa, bizim mütəxəssislər Qandzasar üzərində orta əsrlərdə türk dilində yazılmış yazıları taparaq tərcümə ediblər.
Qandzasardakı Müqəddəs İohann kilsəsinin içindəki əsas yazıda isə alban katolikoslarının tam titulaturası üzə çıxıb: hayrapetuthetn nersisi aluanits katolikosu (alban katolikosu Nersesin patriarxlığı dövründə). Erməni tərəfi alban katolikoslarının patriarx rütbəsinə malik olduqlarını yada salmaq istəmir. Axı, patriarx rütbəsi Alban kilsəsinin müstəqil olduğundan və birbaşa İsa peyğəmbərin həvariləri tərəfindən səlahiyyət almasından xəbər verir.
Beləliklə, Qandzasardakı əsas yazıdan aydın olur ki, alban katolikoslarının patriarx rütbəsi orta əsrlərədək gəlib çıxır.
Bundan başqa, Rusiyadan əldə edilmiş arxiv materiallarından məlum olur ki, alban katolikosunun patriarx rütbəsi Qarabağda düz XIX əsrin əvvəllərinədək davam edib və yalnız sonradan ləğv edilib, alban məbədləri isə Eçmiadzin erməni kilsəsinə verilib.
Biz arxiv materiallarının, yazışmaların, xəritələrin, orta əsrlərə aid əlyazmaların öyrənilməsi istiqamətində qızğın iş aparırıq. Nəticədə, Azərbaycan tarixi, onun zəngin tarixi-mədəni, memarlıq və qeyri-maddi irsinin erməniləşdirilməsinə dair çoxlu sayda faktlar üzə çıxa bilər. Yaxın zamanlarda aparılan araşdırmaların nəticələri əsasında sənədli film çəkməyi də planlaşdırırıq.
- Qəribədir ki, Orbeli sovet illərində tanınmış alimə çevrildikdən sonra bir daha Qarabağdakı məbədlərlə bağlı araşdırma mövzusuna qayıtmayıb...
- Görünən odur ki, bəzi qüvvələr gənc alimin böyük potensialını Ermənistana sərf edən məcraya yönəltməyə çalışıblar. Faktiki olaraq, o, Qarabağdakı məbədlərə dair araşdırmalardan imtinanın qarşılığında başgicəlləndirici karyeraya nail olub. 1924-cü ildə gənc Orbeli cəmi 37 yaşında SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilib. O, Ermənistan SSR Elmlər Akademiyasının akademiki və ilk prezidenti də seçilib, sonralar isə Peterburqda Ermitajın rəhbəri təyin olunub.
- Konfransda siz bir neçə yeni saxtakarlıq faktını da açıqladınız. Söhbət bu yaxınlarda Ermənistanda dövlət dəstəyilə çəkilmiş 2 filmdə aşkara çıxardığınız faktlardan gedir...
- Birincisi, qeyd edim ki, həmin antiazərbaycan filmlər İrəvanda mayın 28-də, yəni Azərbaycanın müstəqillik günündə nümayiş etdirilib. Şübhəsiz ki, bu filmlər erməni tərəfinin Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi fikrə - hazırkı Ermənistanın qədim Azərbaycan torpaqları olan İrəvan, Göyçə və Zəngəzurda qurulduğuna dair bəyanatlarına özünəməxsus bir reaksiyadır.
Biz Azərbaycan tarixinin öyrənilməsi istiqamətində tədqiqat layihələri həyata keçiririk. Bu layihələr çərçivəsində Ermənistanın hazırkı rəhbərliyi tərəfindən İrəvanın tarixi mərkəzində 500 il əvvəl azərbaycanlı Səfəvi hökmdarları tərəfindən tikilmiş İrəvan qalasının dağıdıldığına dair film də çəkilib. Buna cavab olaraq, Ermənistan hakimiyyəti İrəvanda və Ermənistanda orta əsrlərə dair Azərbaycan irsilə bağlı həqiqətləri gizlətmək üçün bir neçə addım atıb. O cümlədən dövlətin dəstəyilə qeyd etdiyiniz 2 film də çəkilib. O filmlərdə də ermənilər adətləri üzrə, faktları saxtalaşdırmağa, İrəvanın Qədim Romadan da qədim olduğunu, azərbaycanlı hökmdarlar tərəfindən yaradılmadığını sübut etməyə çalışıblar.
Erməni saxtakarları İrəvanın hələ Rəvan-İrəvan qalasının inşasından əvvəl mövcud olduğunu sübut etmək üçün o cümlədən Hülakü hökmdarı Ənnuşirəvan xan tərəfindən hazırlanmış XIV-XV əsrlərə aid sikkəni də göstərir və onun guya İrəvanda hazırlandığını iddia edirlər! Amma araşdırma zamanı məlum olub ki, həmin sikkənin üzərində İrəvan deyil, İran Kürdüstanında yerləşən Marivan əks olunub. Erməni saxtakarları isə filmdə bu sikkə haqda danışarkən iddia edirlər ki, onun üzərində kəsildiyi yer kimi, guya, "İrəvan" göstərilir.
Filmdə hökmdar Əbu Səidə aid daha bir sikkə də ötəri şəkildə nümayiş olunur. Amma onun üzərində də kəsildiyi yer kimi, İran Kürdüstanında yerləşən Royan şəhəri göstərilib. Bizdə hazırkı İrəvanın şəhər kimi XVI əsrin əvvəllərində salındığını təsdiqləyən saysız-hesabsız sübutlar var. Bunu erməni numizmatı da təsdiqləyir. Orada Səfəvilər tərəfindən Rəvanda (İrəvanda) XVI əsrdə kəsilmiş ilk sikkələrin şəkli də əksini tapıb. Üstəlik, Ermənistan KİV-nin özündə İrəvanda sikkələrin XVI əsrdə Səfəvilər, sonradan isə İrəvan xanları tərəfindən kəsildiyinə dair məqalələr yer alıb. Bununla yanaşı, qeyd olunur ki, sikkəxana İrəvan xanının sarayının ərazisində yerləşib və hazırda o, tamamilə məhv edilib. İrəvanın öz adını məhz Səfəvilərin dövründə aldığını, məhz, o dövrdə qala şəhərə çevrildiyini görkəmli rus və sovet şərqşünas tarixçisi Bartold da yazırdı.
- Belə çıxır ki, İrəvanın erməni tarixinə aidiyyətini sübut etməyə çalışan təbliğatçılar bu işdə orta əsrlərə aid müsəlman sikkələrindən istifadə edirlər?
- Bu, ermənilərin sikkələrlə, yazılarla bağlı yol verdikləri ilk saxtakarlıq halı deyil. Hələ sovetlər dövründə, 1971-ci ildə elmi jurnalda sovet şərqşünaslığının patriarxı, akademik Piotrovskinin qəzəb dolu məqaləsi çap olunmuşdu. O, erməni saxtakarlarının 1950-60-cı illərdə eyni üsulla azərbaycanlı sülaləsi olan Eldəgizlərə məxsus, orta əsrlərə aid sikkələri, Azərbaycan məzarları üzərində orta əsrlərə dair yazıları saxtalaşdırmasından, onları eramızdan əvvəl XVII-XIX əsrlərə aid "qədim hay sikkələri, petroqlifləri və heroqlifləri" kimi təqdim etməsindən bəhs edirdi! Sən demə, erməni "alimlər"i müasir Ermənistanda tapılmış Azərbaycan sikkələri və başdaşılarındakı ərəb yazılarını tərsinə oxuyaraq, az qala, 4 min il yaşı olan "qədim hay erməni yazısı" kəşf ediblər. Yəni ərəb yazısını sağdan sola deyil, soldan sağa oxuyurlarmış!
- Ermənistanda öz keçmişlərilə bu savaşın səbəbi nədir?
- Birincisi, bu keçmişin erməni tarixinə aidiyyəti yoxdur və o, birbaşa Azərbaycanın mədəni-tarixi irsilə bağlıdır. Bu üzdən, Ermənistanın hazırkı rəhbərliyi vaxtilə bu torpaqlarda yaşayan əhalinin əksəriyyətini təşkil etmiş azərbaycanlıları xatırladan hər şeyi məhv etməyə çalışır. Məsələn, mən İrəvanın tarixi mərkəzinin - İrəvan qalasının bərpası işində ermənilərə yardım təklif etmişəm. Amma onlar bizim əlimizdə olan qədim İrəvanın çertyojlarından, xəritələrdən, Rusiya və digər mənbələrdən əldə etdiyimiz arxiv materiallarından qəti şəkildə imtina ediblər. Bizdə XIX əsrə aid İrəvan qalasının ən incə məqamlarınadək əks olunduğu fotolar da var. Onların müəllifləri Avropanın məşhur rəssamları Tavernye, Şarden, rus rəssamları Rubo və Qaqarindir. Yeri gəlmişkən, orta əsrlərə aid İrəvan qalasının müsəlmanlara xas görüntüsü ilə tanış olmaq istəyən hər bir kəs, onu batalist Rubonun 1893-cü ildə işlədiyi "1827-ci ilin oktyabrında İrəvan qalasının təslim edilməsi" əsəri ilə www.erevangala500.com saytında və ya müəllifi olduğum "Saxtakarlıqları ifşa edənlər" kitabının cildində də görə bilər. Mən orta əsrlərə aid İrəvanın o zamankı simasının bərpa edilməsi üçün erməni tərəfinə əlimizdə olan bütün tarixi sənədləri verməyə hazır idim. Amma mənim, məsələn, Bakı və Tiflisin mərkəzi hissələrinin tarixi görkəmdə saxlanıldığı halda, İrəvanda bunun nədən olmadığına dair sualıma cavab olaraq, Ermənistan hökuməti yeni butaforiya uydurmaq qərarına gəldi - İrəvanın mərkəzində XIX əsrə aid bir neçə binanın yığılması və onun şəhərin tarixi mərkəzi kimi qələmə verilməsi! Yəni azərbaycanlılara aid orta əsrlərə məxsus məhv edilmiş şəhərin yerində 100-150 il əvvəlin Avropa üslublu memarlıq tikililəri olacaq!
Belə çıxır ki, ermənilər həqiqətdən qaçır, tarixi həqiqəti üzə çıxarmağa yönəlmiş istənilən tarixi araşdırmadan imtina edirlər. Ermənilər eyni münasibəti Türkiyəyə də göstərirlər. Ankaranın 1915-1918-ci il hadisələrinin öyrənilməsi üçün arxivlərini erməni tarixçilərin üzünə açmaq təklifi dəfələrlə İrəvan tərəfindən rədd edilib. Onlar "erməni soyqırımı" adlandırdıqları bu hadisələrin araşdırılmasına nədənsə maraq göstərmirlər.
Göründüyü kimi, arxivlərin açılması erməni saxtakarlıqları üçün qorxulu yuxudur. Onlar həqiqətdən qorxurlar və bu üzdən də, tarix sahəsində birgə araşdırmalara dair istənilən təklifi rədd edirlər.
Yeri gəlmişkən, bu ay dünya birliyi Birinci dünya müharibəsinin 100 illiyini qeyd edir. Söhbət Qafqaz və Kiçik Asiya da daxil olmaqla, dünyanın coğrafi və etnik mənzərəsini kökündən dəyişmiş bir hadisədən gedir. Bununla əlaqədar olaraq, həmin dövrə aid çoxsaylı arxiv materialları qaldırılır və öyrənilir.
Osmanlı Türkiyəsində, guya baş vermiş "erməni soyqırımı" ilə bağlı isə erməni tərəfi ciddi araşdırmalardan qaçır. Çünki nəticədə 2015-ci ildə onun 100-cü ildönümünün qeyd olunması ilə bağlı qurulmuş plan pozula bilər. Yəni dünya erməniliyi, o cümlədən Ermənistan hökuməti həqiqəti öz xalqından gizlətmək, yalan ideoloji və tarixi konsepsiyanın istismarını davam etdirmək üçün əllərindən gələni etməyə hazırdırlar. Çünki bu, onlara öz xalqını ələ salmaq və hakimiyyətdə qalmaq imkanı verir.
ARXİVLƏRİN AÇILMASI ERMƏNİ SAXTAKARLARI ÜÇÜN QORXULU YUXUDUR
Ermənistan hökuməti F. Axundovun qədim Erivanın çertyojlarından, xəritələrindən, Rusiya və digər mənbələrdən əldə edilmiş arxiv materiallarından qəti şəkildə imtina edib. Bunun əvəzində onlar yeni butaforiya düşünmək qərarına gəliblər - İrəvanın mərkəzində XIX əsrə aid bir neçə bina yığmaq və onu şəhərin tarixi mərkəzi kimi qələmə vermək!
Ermənistan "erməni soyqırımı" kimi təqdim etdiyi 1915-1918-ci il hadisələrinin araşdırılması məqsədilə Türkiyənin arxivlərini erməni tarixçilərin üzünə açmaq barədə təklifini dəfələrlə rədd edib.
MƏSLƏHƏT GÖR: