
İLBOYU İSTİRAHƏT
Yeni turizm obyektləri Azərbaycanda qış turizminin inkişafına stimul verir
Müəllif: Cavid XƏLİLOV Bakı
Qış turizmi, xüsusilə dağ xizəyi idmanı ilin soyuq vaxtında istirahət sevincini dadmaq istəyənlərin sayını ildən-ilə artırır. "Avrostat"ın bu yaxınlarda açıqladığı məlumata görə, ötən il Aİ-də turizm bazarı seqmentində 2,6%-lik artım qeydə alınıb. Avropada qış turizminin daha populyar olduğu ölkələr İspaniya, İtaliya və Avstriyadır. Bazarın, təxminən yarısı məhz bu 3 ölkəyə aiddir.
Azərbaycanda bu sahədə vəziyyət hələ ki, fərqlidir : azərbaycanlıların böyük əksəriyyəti yayda dincəlməyə üstünlük verir. Bununla yanaşı, infrastrukturun yaxşılaşdırılması və yeni qış turizmi obyektlərinin yaradılması tədricən stereotipləri qırır və yenilik sevərləri qışda məzuniyyət götürməyə stimullaşdırır.
Yeni "Şahdağ" kompleksi və Pirqulunun xizək yolları
Son illər Pirqulu qoruğu (Şamaxı rayonu) yaxınlığındakı turizm obyektlərində qış turizmi populyarlaşmağa başlayıb. Burada bir neçə birinci sinif xizək yolu var və ekoloji təmiz, gözəl təbiəti olan yerlərdə istirahəti sevən insanların buraya axını ildən-ilə artır. Azərbaycanın Turizm Şirkətləri Assosiasiyası sədrinin məsləhətçisi Müzəffər Ağakərimovun sözlərinə görə, Pirqulunun xizək turizmi yalnız azərbaycanlılar yox, elə əcnəbi turistlər arasında da populyardır. "Bu il belə turizm xidmətlərinin Quba və Qəbələdə də göstəriləcəyi gözlənilir", - deyə M. Ağakərimov bildirib.
İlin sonuna isə Qusardakı möhtəşəm "Şahdağ" qış turizm kompleksinin istifadəyə verilməsi gözlənilir. "Şahdağ" Azərbaycan turizm sənayesinin mirvarisidir. Kompleksin unikallığı ondadır ki, o, süni qar hesabına Avropada ilboyu fəaliyyət göstərən ilk qış turizm kompleksi olacaq. Məsələn, yayda havanın hərarəti müsbət 30 dərəcə çatan Qusardan çıxaraq yarım saatdan sonra qarlı əraziyə girmək mümkün olacaq. Təxminən, 2 hektarlıq ərazidə 5 "beşulduz"lu mehmanxana, Şərq üslubunda kiçik kənd evləri və kotteclər tikilir.
Şahdağ dağının lap zirvəsində - 2500 metr hündürlükdə fırlanan restoran da tikiləcək və oraya yalnız kanat yolu ilə getmək mümkün olacaq.
Mədəniyyət və Turizm Nazirliyinin investisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov bildirib ki, kompleks tam tikildikdən sonra, hər gün 10 min turist qəbul edəcək, onların 5 mini kompleksdə yaşaya biləcək.
"2006-cı ildən layihə dövlət tərəfindən maliyyələşdirilir. Kompleksdə 3, 4 və 5 ulduzlu mehmanxanalar, 150-dək kottec və əyləncə mərkəzi olacaq", - deyə R. Abduləlimov bildirib. Onun sözlərinə görə, turistlər ümumi uzunluğu 6,5 kilometrə çatan 4 kanat yolundan istifadə edə biləcəklər.
Qusar rayonunda Şahdağ turizm kompleksinin istifadəyə verilməsi ilə daha bir turizm növünün inkişafı başlayacaq - dağ xizəyi və dağ turizm marşrutları. Amma işlər bununla da bitməyəcək: kompleksin yanında idman bazası inşa olunur. Layihə müəllifləri burada bobsley və dağ xizəyi yollarının, buz və hokkey meydançasının yaradılmasını nəzərdə tutublar. Çox tezliklə dünyanın Azərbaycan biatlonçuları və slalomçularını da tanıyacağı istisna deyil.
M.Ağakərimovun sözlərinə görə, Qusarda "Şahdağ" qış turizm kompleksinin tikilməsi, həmçinin Qəbələdə bir sıra obyektlərin istifadəyə verilməsi ölkədə qış istirahətinin cəlbediciliyini artıracaq. Bununla yanaşı, Azərbaycan regionlarında infrastrukturun yaxşılaşdırılması qış turizminin inkişafına stimul verir.
Rəqəmlər və faktlar
Hələliksə azərbaycanlıların qış üçün sevimli istirahət regionları ölkənin şimalı və şimal-qərbidir. Burada turizm obyektləri soyuğun, tez-tez yağan yağış və qarın kommunal infrastrukturu ciddi sınağa çəkdiyi qışda turistlərə xidmət göstərməyə adaptasiya olub. M.Ağakərimovun sözlərinə görə, bu sahədə ən populyar rayonlar Qusar, Quba, İsmayıllı və Qəbələdir. Bununla yanaşı, qışdakı bayramlar zamanı əhali Şəkidəki turizm obyektlərinə də baş çəkir.
Təəssüf ki, rəsmi statistikada qış turizmi bazarı ilə bağlı dəqiq məlumatlar yoxdur. Amma son illər əsasən qonaq evlərində, mehmanxanalarda və turizm bazalarında dincələn turistlərin sayı artır (cədvəl-1). Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda dincələn insanlar arasında kempinqlər və şəxsi evlərin populyarlığı zəifdir. Onların payına bazarın yalnız 1%-i düşür. Amma burada söhbət turizm şirkətlərinin statistikasında yer alan rəsmi göstəricilərdən gedir. Kempinqlərə və şəxsi evlərə üstünlük verənlərin əksəriyyəti, təbii ki, turizm şirkətlərinə müraciət etmir və bu üzdən qeydiyyata düşmür. Bu variant turistlər arasında ucuzluğuna görə populyardır. Ölkə regionlarında şəxsi evlərdə bir sutka yaşamaq 15-20 manata başa gəlir.
Yaşayış yerinin seçilməsi əsasən qiymətdən asılıdır. Azərbaycan Turizm Şirkətləri Assosiasiyası sədrinin məsləhətçisi bildirir ki, ümumilikdə qışda istirahətin qiyməti bir çox faktorlardan asılıdır. Onların arasında seçilmiş mehmanxanadakı xidmətin səviyyəsi, orada yaşama müddəti və sair var. "Fortuna Tour" turizm şirkətinin icraçı direktoru Rauf Dadaşovun sözlərinə görə, ilin qış aylarında iki nəfər üçün sutkalıq turpaketin qiyməti 75-80 manatdır. "Bir qayda olaraq, qiymətə mehmanxanada qalmaq, üç dəfə yemək, həmçinin turizm marşrutu üzrə hərəkət zamanı bələdçinin xidməti də daxildir", - deyə o, qeyd edib.
Bununla yanaşı, qış turizmi bazarında qiymətlər tədricən ucuzlaşır. M.Ağakərimovun dediyinə görə, regionlarda turizm obyektlərinin sayının artması şirkətlər arasında rəqabəti gücləndirir və bu, istirahət qiymətlərinin aşağı salınmasına səbəb olur.
Bu tendensiyanı rəsmi statistika da təsdiqləyir. Rəsmi statistikaya əsasən, son 6 ildə əhaliyə satılmış turizm putyovkalarının orta qiyməti 80% ucuzlaşıb. Statistika ümumilikdə ötən il əhaliyə 29,3 milyon manatlıq putyovka satıldığını göstərir.
Bu tendensiya və Azərbaycanda istirahətin populyarlaşması qış turizminin xeyrinədir. M.Ağakərimov düşünür ki, qarşıdan gələn qış Azərbaycanda həm ölkədaxili, həm də xarici turistlərin sayının artımı ilə yadda qalacaq. R.Dadaşov isə bildirir ki, bir qayda olaraq böyük canlanma Yeni il bayramı, məktəblərdə tətillər vaxtı, həmçinin 30 dekabr - 10 yanvar arasında müşahidə olunur.
Bütün bunlarla yanaşı, hələ ki, ölkədə qış turizmi bazarının miqyası arzulanan səviyyədən uzaqdır. Rəsmi statistikaya görə, hər il turizm şirkətləri fərdi və ya qrup halında 42 mindən artıq turist putyovkası satır. Qışda isə turizm şirkətləri yayla müqayisədə sifarişin dəfələrlə azalması halı ilə üzləşir. "Qışda turizm şirkətlərinə müraciət edən turistlərin sayı ən yaxşı halda yaydakı göstəricinin 5%-ni təşkil edir", - deyə R. Dadaşov bildirir. Təxminən, 20 dəfə azalmanın əsas səbəbi ölkənin regionlarında qış mövsümünə yaxşı adaptasiya olunmamış infrastrukturdakı problemlərdir. Yerli icra strukturları yolların qardan təmizlənməsi işi ilə nadir hallarda məş-ğul olur və bu da turistlər üçün çətinlik yaradır.
Amma regionlarda həyata keçirilən infrastruktur layihələri kommunal problemlərin artıq yaxın vaxtlarda aradan qaldırılmasına kömək edəcək. "Şübhəsiz ki, bütün bunlar tariflərin aşağı salınması kimi, ölkədə turistlərin sayının artımına da səbəb olacaq", - deyə R.Dadaşov qeyd edib.
Beləliklə, turizm obyektlərinin qarşısında duran əsas vəzifələr xidmət səviyyəsinin yüksəldilməsi, yalnız bir mövsümdə yox, bütün il ərzində istirahətin cəlbediciliyinin artırılması, daha münasib qiymət siyasətinin yürüdülməsi, həmçinin lazımi səviyyədə infrastrukturun yaradılmasıdır. Bu və digər məsələlərin həlli yalnız qış turizminin yox, bütünlükdə bu sektorun inkişafına müsbət təsir göstərəcək.
MƏSLƏHƏT GÖR: