24 Noyabr 2024

Bazar, 11:56

APOKALİPSİS SATANLAR, YOXSA "SIFIR" VƏZİYYƏTİ?

Bəşəriyyət dünyanın sonu ilə bağlı xəbərləri niyə şişirdir və bu, kimlərə sərf edir?

Müəllif:

15.11.2012

Dünyanın sonunu sifariş etmisiniz? Bəli, etmişik. Özü də onu çoxdan istehsal edirlər. İnsanlar 89 yaşlı amerikalı moizəçi Qarold Kempinqin 2011-ci il mayın 21-nə "təyin etdiyi" "dünyanın sonu"ndan heç uzaqlaşmamış, guya Mayya təqvimində "xəbər verilən" 2012-ci il Apokalipsisi fazasına qədəm qoydu.

 

Hazırlaşın!

Amma bu dəfə Mayyanın kifayət qədər dumanlı "dünyanın sonu" versiyasına (onların təqvimində bildirilən  2012-ci il dekabrın 21-dəki son, hələ "finita lya komediya" demək deyil) Tibetdə Şambalanın orakulu adlandırılan lamanın yeni ssenarisi də əlavə olunub. Xatırladaq ki, bu orakul dekabrın sonlarında Günəş sistemi planetlərinin bir xətt üzrə düzüləcəyini bildirib - bu, unikal haldır: "Payız və qış isti keçəcək, 21.12.2012 tarixindən isə Yer qalaktikanın "sıfır zolağı"ndan keçməyə başlayacaq". Bu, xüsusi haldır və bu zaman bütün enerjilər sönür və yayıla bilmir: "Tam qaranlıq və sakitlik çökəcək, elektrik enerjisi və rabitə kəsiləcək. Qaranlıq işartılar, həmçinin işıq-kölgə oyunu ilə müşayiət ediləcək. Zaman-zaman insanlara elə gələ bilər ki, küçələrdə kimlərsə dolaşır - sanki ölülər qəbirdən qalxıb. Yer azacıq silkələnəcək - zəif zəlzələ zamanı olduğu kimi. Bəzi tikililər dağıla bilər". Lamanın sözlərinə görə, insanlar qeyri-müəyyənlikdən qorxaraq vahimə və qorxudan kütləvi şəkildə ölməyə başlayacaq. Kataklizm 2 həftə çəkəcək, onun əks-sədası isə bir neçə ay - fevralın əvvəllərinədək davam edəcək.

Orakul faciədən sağ çıxa bilmək üçün əvvəlcədən sənədləri və isti geyimləri hazırlamağı, kənd yerlərinə köçməyi məsləhət görür. Orada şam, odun, ərzaq və içməli su ehtiyatı toplamaq lazımdır. "Ev heyvanlarını müşahidə etmək vacibdir. İdeal variant pişikdir. Təbii instinktləri hesabına onlar insanlara ekstremal vəziyyətdə özlərini necə aparmalı olduqlarının nümunəsini göstərəcək. "Qaranlıq günlər" ərzində pəncərələri mələfə ilə tutmaq, pəncərədən çölə baxmamaq, küçəyə çıxmamaq lazımdır. Ən yaxşısı meditasiya və dua etməkdir", - deyə lama bildirir.

Yer üçün daha bir təhlükənin Nibiru planeti olduğu deyilir. O, gərilmiş orbitlə hərəkət edir və 3600 ildə bir dəfə Yerə yaxınlaşmaqla dəhşətli dağıntılara səbəb olur.

Bu gün insanlar hadisələrin ən real gedişi kimi lamanın dediklərini qəbul edir.  Biz sağ qalmağın yolları haqda lamanın likbezi haqda çox danışmaq istəməzdik - onsuz da bu gün dünya əhalisinin yarısı elə bundan danışır. Bircə onu qeyd edək ki, Şambala orakulasının məktubunun bütün ağlabatan və batmayan internet resurslarında yayılmasından sonra, insanlar həqiqətən çaş-baş qalıb və nə qədər heyrətamiz olsa da, hazırkı informasiya texnologiyaları əsrində fəlakətə hazırlaşmağa başlayıblar. Axı əvvəllər "dünyanın sonu" haqda danışılarkən yaşamağa heç bir ümidin olmadığı bildirilirdisə, lamanın məktubunda belə ümid, üstəlik, yaşamaq üçün real fəaliyyət dərsliyi də var. 

Odur ki, lamanın müraciətindən sonra aləm bir-birinə dəydi. Ssenari yayıldı. İnandılar. Bu gün insanlar əllərində lamanın təlimatı ilə mağazalara axışır, çoxlu sayda şam, içməli su, konserv, kibrit, qaz balonları, kömür və sair, bir sözlə, həmin günlərdə ailəsinin yaşamasına kömək edəcək hər şey alır. Fikir verin. İnsanlar bir qayda olaraq mağaza piştaxtalarında "yatıb-qalmış" ərzaqları alır. Axı zaman öz yaşam şərtlərini və müvafiq olaraq ilkin tələbat əşyalarını diktə edir. 

Bu azmış kimi, "son"a yaxınlaşanların heç biri sağlam düşüncənin səsini dinləmək, işi gecə-gündüz səmanı müşahidə etmək olan insanların dediklərini eşitmək istəmir. Günəş sistemi planetlərinin paradı nədir? Bu, nə sayıqlamadır? Astroloqlar səmaya nə qədər baxsalar da, teleskoplarında nə planetlərin paradını, nə də Nibiru planetini görə bilirlər. Bu sərsəmləməni yoxlamaq kifayət qədər asandır. "Mən məxsusi olaraq öz modellərimizə baxmışam. Belə şey yoxdur. 2012-ci il dekabrın 21-də bir neçə planet sadəcə, bir yerə yığışacaq. Parad haqqında söhbət belə yoxdur", - deyə Milli Elmlər Akademiyası yanında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Eyyub Quliyev bildirib. Onun sözlərinə görə, dekabrın 21-22-də Yerin zülmətə qərq olacağını söyləmək üçün heç bir əsas yoxdur. Həmin günlər digər günlərdən heç nə ilə fərqlənməyəcək. Quliyev bildirib ki, planetlərin paradı son dəfə 1982-ci ildə baş verib və bu, bir də 2161-ci ildə təkrarlanacaq. "Həmin gün heç Günəş tutulması da olmayacaq", - deyə azərbaycanlı alim bildirib.

 

"Xalq üçün tiryək neçəyədir?" və ya "dünyanın sonu"nu harada qarşılayaq? 

İnsanlar isə inanmağa davam edir və hazırlaşır. "Dünyanın sonu" mövsümün ən çox müzakirə olunan mövzusudur. Mayya təqvimi insanları həyəcanlandırır. Çünki orada bəşəriyyətin tarixi məhz 2012-ci ildə sona çatır. Ən müxtəlif insanlar gecə-gündüz bu mövzu haqda danışır. Amma mütləq əksəriyyət bu haqda ciddi bilgiyə malik deyil. Bəs guya tezliklə baş verəcək "dünyanın sonu"na inanmalı, yoxsa inanmamalı?

Azərbaycanlı pensiyaçı Mətləb Manaflı (ad və soyad dəyişdirilib - red.) Buzovna qəsəbəsində yaşayır. Dünyanın sonuna çoxdan hazırlaşır. Nə baş verə biləcəyini bilmir. Amma Yer üzündə işığın olmayacağına inanmır. Onun öz ssenarisi var: "Dünyanın sonunun noyabrda, ya dekabrda olacağını bilmirəm. Onun nə vaxt baş verəcəyindən asılı olmayaraq, həmin günə əvvəlcədən hazırlaşmaq lazımdır ki, qəflətən yaxalanmayasan. Yerin titrəyəcəyini aydın şəkildə təsəvvür edirəm. Yaxınlığımızda olan Xəzər daşacaq və hər tərəfi su basacaq. Güman ki, leysan, ardından qar yağacaq. Qara bulud bütün səmanı örtəcək".

Mətləb öz Apokalipsisini evinin zirzəmisində keçirməyi düşünür. Onun zirzəmisində su çəni, ailənin bütün üzvləri - həyat yoldaşı, həmçinin ailə quraraq daha valideynlərindən ayrı yaşayan iki oğlu üçün çarpayılar da var. Ehtiyatlı pensiyaçı artıq odun, konserv məhsulları, alətlər, germetik qabda suxarı ehtiyatı da hazırlayıb. O, Qiyamət gününə artıq 5 ildir hazırlaşır. Kataklizmlərin başlandığı vaxtda oğullarının ailələrilə birlikdə onun zirzəmisinə gəlməyə macal tapa bilib-bilməyəcəklərinə dair suala Mətləb belə cavab verib: "Çox ümid edirəm. Düşünürəm ki, kataklizmlər tədricən başlayacaq və onlar bizə gəlməyə macal tapacaqlar".

Qeyd edək ki, zəngin insanlar "dünyanın sonu"na daha ciddi hazırlaşır. Bir çox KİV-in yazdığı kimi, Armageddonu yeraltı bunkerlərdə, tonlarla ağırlığı olan qapı arxasında qarşılamaq üçün onlar böyük məbləğdə pul ödəyir. Qiymətlər təxminən belədir: yerin altında yataq yeri - təxminən, 25 000 dollar, yerin altında kiçik mənzil - təxminən, 1 milyon dollar.

ABŞ-da belə yerlər çoxdan satılır. "O, nüvə müharibəsindən də (birbaşa zərbə istisna olmaqla) qorumağa qadirdir və haradsa, 6 aydan 1 ilə qədər orada yaşamaq müm-kündür", - deyə amerikalı satış meneceri yerli KİV-ə öz məhsulu haqda danışır: "Orada canlı guşələr, istirahət otağı, kitabxanalar, filmlər, televizorla təchiz olunmuş bokslar var. Amma doğrudur, o vaxt televiziya olmayacaq".

Moskva vilayəti yanında da 2 min nəfərlik bunker tikilir. Amma onun dəqiq yeri açıqlanmır. Ruslara məxsus "Nuhun gəmisi"ni satanlar faciənin baş verəcəyi təqdirdə, kənar şəxslərin Amerika filmlərində olduğu kimi, sığınacağa hücum edərək ələ keçirməsini istəmir. Tikintinin sifarişçiləri bu bunkerə hadisələrə az qalmış yerləşmək niyyətindədirlər.

"Dünyanın sonu" oyununu məmnuniyyətlə KİV də oynayır - xəbər agentlikləri, qəzetlər, internet resursları, müxtəlif nəşrlər və sair. Onlar bu mövzunu ləzzətlə şərh edir, bir-birindən qorxulu ssenarilər uydurur, milçəkdən fil düzəldirlər. Çünki bu zaman qorxmuş və nəticədə asan idarə olunan tamaşaçı-oxucu şayiələri yayanlar ü?ün gəlir mənbəyinə çevrilir.

İnternetdə, hətta "dünyanın sonu"na qalmış vaxtı göstərən geriyəsayan  saatlar peyda olub. Vaxtın necə sürətlə getdiyini açıq-aşkar göstərən qrafiki istifadəçilər müxtəlif cür şərh edirlər.

Məşhur sığorta şirkətlərindən biri isə öz brendini gənclər arasında irəli çəkmək üçün "dünyanın sonu"ndan istifadə etmək qərarına gəlib və sosial şəbəkələrin birində "Dünyanın sonu"ndan sığorta əldə et" şüarı altında qrup yaradıb. Artıq səhifənin 16 min daimi ziyarətçisi var və onlar yeni karikaturalara həvəslə şərh yazır, hazırcavablıq üzrə yarışırlar.

Çox sadə adı olan "2012-ci il" adlı sayt özünü "dünyanın sonu" haqda guya rəsmi KİV-in insanlardan gizlətdiyi bütün həqiqətlərin carçısı kimi təqdim edir. Amma portalın bölmələrindən birinin Apokalipsisə heç bir aidiyyatı yoxdur: burada saytın yaradıcıları potensial reklam verənlərə sadə dillə müraciət edərək onların reklamını hər ay 400-600 min istifadəçinin görəcəyinə zəmanət verir.

"Dünyanın sonu" haqda əsl həqiqətləri açıqladığını bildirən daha bir resurs bütün canlı aləmin məhv olması ilə bağlı düz 10 mümkün ssenaridən bəhs edir - vulkan püskürməsindən nüvə fəlakətinə, pandemiyaya qədər.

Məhsullar kataloqu resursu da müxtəlifliyiilə fərqlənir. Onun yaradıcıları insanlara Qiyamət gününü yaşamağa köməklik göstərəcəklərini vəd edir. Resurs istifadəçilərə iki nəfərlik çadır, "okean" rəngli yataq kisəsi, müxtəlif gücdə fənərciklər, üzərində "adrenalin" yazılmış və mamont şəkli çəkilmiş termofincan, balıq və bir çox digər qidaların hazırlanması üçün səyyar dəst və s. təklif edir. Ticarətçilər müştərilərə, hətta ölümcül epidemiyanın yayılacağı halda belə, xilas yolu təklif etməyə hazırdır. İnternet reklamı sahəsində mütəxəssislər etiraf edir ki, satıcıların insanların baş çəkdiyi hər yerdə reklamını yerləşdirə biləcəyi bir çox məhsullar var: məsələn  möcüzə-həblər və sair. Əgər istifadəçiyə "dünyanın sonu"nun nə üçün gələcəyinə dair yaxşı hazırlanmış informasiyanı vaxtında çatdırsalar, onun guya Armageddondan sağ çıxmasına kömək edəcək hansısa həbi alması tamamilə mümkündür.

 

Dünyanın sonu ideyası

Apokalipsisin, təxminən, 15-dək ssenarisi var. Onların bir çoxu Hollivud ssenarisinə çevrilib. Amma məsələn, Yerə nəhəng asteroidin düşməsini alimlər də fantastika hesab etmir. Bəs mayyalılar 2012-ci il üçün konkret nə deyib? Bu gün bütün dünyanın ağlını qarışdırmış bu tarixi kim bu cür şişirdib?

Sən demə, ideya ABŞ-dan gəlib. Bu ölkə hansısa ssenarilərin ixracatçısı kimi çox tez-tez çıxış edir. Son ideya da Amerikadan gəlib və sonradan bütün dünyanı isteriyaya salıb. İnsanlar bunkerlər qazıb, italyanlar Yukatranda 400 hektar ərazi alıb. Ömrünün 40 ildən artığını Mayya sivilizasiyasının öyrənilməsinə həsr etmiş alman riyaziyyatçı Yoahim Rittştiq isə hesab edir ki, 2012-ci il 21 dekabr tarixi 13 il əvvəl dünyasını dəyişmiş amerikalı tədqiqatçı qadın Linda Şelenin bilərəkdən yol verdiyi səhvidir. "Dəhşətli səhvdir! Mayyalılar heç zaman proqnoz verməyib. Onlar tarix yazıblar. Dəhşətli fəlakət baş verib, Günəş tutulması və zəlzələlər, şəhər 14 metr yerin dərinliyinə gedib. Bu, artıq baş vermiş hadisənin qələmə alınması yox, proqnoz kimi təqdim olunub. Linda Şelenin bu səhvi isə hələ də amerikalı alimlər tərəfindən istifadə olunur", - deyə riyaziyyatçı bildirir.

ABŞ-da faciəvi ssenarilər 2001-ci ilin 11 Sentyabr terrorundan sonra xüsusilə populyarlıq qazanıb. Məhz o zaman qorxuya düşmüş amerikalılar kütləvi şəkildə bunkerlər tikməyə, fərdi zirehli kabinələr almağa başlamışdı. Bu gün dünyanın sonu haqda deyilənlər yaxşı satılan brenddir. Ən müxtəlif Apokalipsislərin təqvimi 6079-cu ilədək yazılıb. Nostradamusa görə dünyanın sonu 2018-ci ildədir, 2036-cı ildə isə Yer "Apofis" asteroidi ilə toqquşacaq. Lakin hələlik ən məşhur tarix 2012-ci ilin dekabrıdır.

Bəziləri artıq bu mövzuda zarafatlar fikirləşir, bu məsələni ciddi müzakirə edənlərə 2013-cü ildə qaytarılacaq 1000 faizlik kreditlər təşkil etməyi məsləhət görür.

Dünyanın sonuna isə 40 gündən də az vaxt qalır. Və bəlkə də 2012-ci il dekabrın 22-də qəzet səhifələrində "Külli miqdarda şam və un satıram. Çatdırılma pulsuzdur" tipli elanlar da görə biləcəyik.

 

 

BU MARAQLIDIR

 

Dünyanın sonu haqda doğrulmamış proqnozlar

 

Dini Apokalipsis

Qədim zamanlardan insanlar Qiyamət gününün gözləntisini əlamətli rəqəmlərlə əlaqələndirib. 33 (İsa Peyğəmbərin çarmıxa çəkildiyi), 666 (şeytan rəqəmi), 999 (tərsinə çevrilmiş şeytan rəqəmi), 1033, 1666-cı illərdə bir çoxları sonu gözləyirdi, çünki Tövratda buna "sübut" tapmışdılar. Bir çox peyğəmbərlər də müqəddəs kitablarda ya 1013, ya 1492, ya 1584, ya 1844-cü illəri göstərirdilər. 1914-cü ildə isə yehova şahidlərinin versiyasına görə, Armageddon gəlməli və möminləri cənnətə aparmalı idi. Bu dini cərəyanın üzvləri gözlənilən hadisənin baş vermədiyini anladıqda, Armageddona bunun əvəzini çıxmaq üçün iki imkan verildi - 1915 və 1916-cı illər. Sonradan yehova şahidlərinin lideri dəyişdi və o, vaxtı da dəyişdi - 1918-ci il. Növbəti iflasa baxmayaraq, yehova şahidləri inadkarlıq göstərərək bu dəfə Armageddon üçün 1925-ci ili təyin etdilər. Növbəti pərtlikdən qaçmaq üçün peyğəmbər əvvəlki proqnozundan "iks günü"nə bir gün qalmış imtina etdi.

Uzun illər sonra dini Apokalipsis ideyasına "Ağ qardaşlıq" üzvləri də qayıtdılar, 1993-cü ildə dünyanın sonunun çatacağını bəyan etdilər və Kiyevdəki Sofiya kilsəsində özlərini yandırdılar. Sonradan estafeti Uqandadakı "10 ehkamın dirçəlməsi uğrunda Hərəkat" sektasının üzvləri ələ aldı. 1995-ci ildə sektanın yüzlərlə üzvü intihar etdi. Təkrar Armageddon isə 2000-ci ilə təyin olundu.

 

Kosmik ssenari

1900-cü illərdə bu məsələ dünyanın müxtəlif yerlərində yaşayan insanları həmişəkindən daha çox narahat edirdi. Proqnozlara görə, 1910-cu il mayın 18-də Yerə Qalleya kometi düşməli idi. 1919-cu ildə planetlərin paradı baş verməli və nəticədə, Günəşdə partlayışlar olmalı, Yer yanmalı idi. 1945-ci il sentyabrın 21-də isə amerikalı keşiş əsl Armageddonu təyin etdi - bütün dünya buxarlanacaq, bəşəriyyət ektoplazmaya çevriləcək. 1962-ci ildə planetlərin paradı ilə dünyanın sonunun çatacağını isə hindistanlı astroloqlar söylədi.

 

Nüvə partlayışı

Elmi fəaliyyət nəticəsində qorxu meydana çıxdı - bəşəriyyət güclü partlayış nəticəsində məhv olacaq. 1960-cı ildə italiyalı uşaq həkimi tərəfdarlarını inandırırdı ki, amerikalılar çox yaxın zamanlarda gizli bomba partladacaq. Onun dediklərinə inananlar dağlara qaçaraq orada özlərinə daldanacaq yaratmışdılar. Növbəti nüvə partlayışı 1980-ci il üçün proqnozlaşdırılırdı. Bu dəfə də təlaşı dağlarda özlərinə daha bir məskən salmış amerikalılar yayırdı.

 

Dünyanın sonu haqda doğrulmamış proqnozlar

 

1990-2010-cu illər

Bu 20 ilə əlamətli rəqəmləri sevən bəşəriyyət 30-dan artıq Qiyamət günü yerləşdirib. Səbəb kimi gah Məşhər günü, ya İsa Peyğəmbərin zühuru, ya da Yerlə kometin toqquşması göstərilirdi. Sonradan daha bir qorxunc versiya meydana çıxdı - insanlara xoş münasibətdə olmayan yadplanetlilərin yürüşü. Bir tərəfdən də H.Uellsin "Dünyaların müharibəsi" kitabı da (2000-ci illərin əvvəllərində əsər əsasında film çəkildi) bu əhval-ruhiyyəni gücləndirdi.

1997-ci ilə dünyanın sonu "Terminator" filmində təyin edilmişdi. Səbəb nəzarətdən çıxmış "Skaynet" hərbi kompyuteri idi. Təkcə 1999-cu ildə (şeytanın tərs rəqəmi) 13 dəfə "dünyanın sonu" olub. 2000-ci ildə isə ən azı 7 Akopalipsis. 2000-ci il, Y2K səhvi Bill Geyts və bir neçə hökumətə ciddi gəlir gətirdi. 2004-cü ildə isə "Terminator-2" filminə əsasən nüvə müharibəsi təyin edilmişdi. Sonradan o, "Terminator-3" filmi ilə 2005-ci ilə keçirildi.

2006-cı ildə Yerin İkar asteroidi ilə toqquşacağı bildirilirdi. Nədənsə bu dəfə də 6.06.06 tarixini göstərirdilər. 2007-ci ildə növbəti kometin Yerə düşəcəyi, Nevada ştatında nüvə başlıqları arsenalını partladacağı və bütünlükdə planetin toz altında qalacağı gözlənilirdi.

2008-2009-cu illərdə bəşəriyyəti  Böyük adron kolayderi çox narahat edirdi - qara dəliklərin Yeri məhv edəcəyini gözləyirdilər. 2009-cu ildə Nostradamus tərəfindən Armageddon proqnozlaşdırılıbmış. 2010-cu ildə yeni Böyük adron kollayder gündəmə gəldi.

Əlbəttə, dünyanın sonu haqda müxtəlif proqnozlar dələduzlara insanların qorxu hissi ilə oynamaq imkanı verib. Səs-küyə səbəb olmuş son belə proqnozlardan 2011-ci il mayın 21-nə elan olunmuş Qiyamət gününü xatırlamaq olar. Qarold Kempinq adlı birisi əvvəlcə radioda dünyanın sonuna dair hazırladığı proqramı yayımlamaqla özünə xeyli tərəfdar toplamış, sonra onlardan reklam plakatları üçün pul toplamağa başlamışdı. Onun proqnozuna görə 2011-ci il mayın 21-də ölülər qəbirdən qalxmalı, möminlərin 2%-i dərhal cənnətə getməli, qalanları isə güclü zəlzələlər, daşqınlar, yanğınlarla müşayiət olunacaq dəhşətləri görmək üçün Yerdə qalmalı idi. Deyilən tarixdə dünyanın sonu gəlmədikdə isə bu cənab onun oktyabrın 21-də baş verəcəyini bildirdi. Pullarını geri istəyənlərə isə Kempinq belə cavab verdi: "Hələ qurtarmamışıq. Pulları niyə qaytarım?". Oktyabrın 21-də də dünya sona çatmadıqda Kempinq dedi: "Bağışlayın, uşaqlar!".

 

Növbəti təyinat 21.12.2012 tarixinədir. Sonra Nostradamusun proqnozuna əsasən 2018-ci ilin nüvə müharibəsi gəlir…


MƏSLƏHƏT GÖR:

600