14 Mart 2025

Cümə, 21:00

İŞIQLI VƏ İSTİ ŞƏHƏR

"BakıElektrikŞəbəkə" soyuq aylarda paytaxtı fasiləsiz enerji ilə təmin etmək üçün tədbirləri davam etdirir

Müəllif:

15.11.2012

Soyuqların düşməsi ilə Bakı sakinləri şəhər infrastrukturunun payız-qış mövsümünə hazırlığı barədə xəbərləri maraqla və bir qədər də narahatlıqla izləyirlər. Bu mənada əsas diqqət mərkəzində, əlbəttə ki, paytaxtın enerjipaylayıcı şəbəkəsi olur, çünki şaxtalı günlərdə evlərin işıqlı və isti olması bir çox hallarda məhz onun işindən asılıdır. 

Qabaqcadan qeyd etmək lazımdır ki, elektrik enerjisi təsərrüfatının inkişafı və işinin yaxşılaşdırılması müstəqil Azərbaycanda ən yüksək səviyyədə diqqət yetirilən sahələrdəndir. Prezident İlham Əliyevin göstərişi ilə "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"  hazırlanaraq təsdiq edilib ki, bu da 10 il ərzində ölkənin enerji sisteminin təkmilləşdirilməsinin əsas prinsiplərini müəyyənləşdirən strateji sənəddir. Məhz bu proqram Bakının enerjipaylayıcı şəbəkəsi də daxil olmaqla yanacaq-enerji kompleksinin dinamik inkişafı üçün həyata keçirilən tədbirlər silsiləsinin əsasını təşkil edib. 

Paytaxt energetikləri əmin edirlər ki, onlar 2012/-2013-cü illərin soyuq sınaqlarına əsaslı şəkildə hazırlaşıblar və bu mövsümdə enerji təminatı problemlərini minimuma endirmək üçün mümkün olan bütün işlər görülüb. 

 

Tikinti, yenidənqurma, təmir

Artıq qeyd etdiyimiz kimi, "Bakıelektrikşəbəkə" ASC Dövlət Proqramı çərçivəsində paytaxtın və ətraf qəsəbələrin fasiləsiz enerji ilə təmin edilməsi, abonentlərə xidmətin yaxşılaşdırılması, paytaxt elektrik şəbəkəsinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirir. Bu işlər Bakının elektrik şəbəkəsinin idarə olunmasının yerli mütəxəssislərə həvalə edildiyi 6 ildə davam etdirilir.  

2006-cı ildə "sükanı" ələ alarkən ASC rəhbərliyi bilirdi ki, bakılılar enerji təminatında köklü və əhəmiyyətli dəyişiklik gözləyir, onlar qışda işıqsız qalmaqdan, qaranlıq küçələrdən və bütün bunların qarşılığında "Bakıelektrikşəbəkə"dən əvvəl şəhərin paylayıcı şəbəkəsini idarə edən xarici şirkətin cəfəng bəhanələrindən bezib. Məhz bu problemləri aradan qaldırmaq məqsədilə ASC tərəfindən genişmiqyaslı təmir-profilaktiki işlərin həyata keçirilməsini nəzərdə tutan İnvestisiya Proqramı işlənib-hazırlanıb ki, bu tədbirlər də əhalini elektrik enerjisi ilə fasiləsiz təmin etməyə, xüsusilə payız-qış mövsümündə enerji təminatını yüksək səviyyədə saxlamağa yönəlib.   

"Bakıelektrikşəbəkə" ASC-nin rəhbəri Baba Rzayev bildirir ki, yenidənqurma və təkmilləşdirmə işləri Prezident İlham Əliyevin paytaxtın enerji təminatının keyfiyyətini yüksəltmək barədə tapşırığı əsasında həyata keçirilir. Tapşırığın öhdəsindən layiqincə gəlmək üçün energetiklər, ilk növbədə, şəbəkənin gücünün artırılmasına çalışırlar ki, bu da beynəlxalq standartlar əsasında dairəvi sxem üzrə çalışan şəbəkənin yaradılmasını aktuallaşdırır. Bu baxımdan investisiya proqramına başlıca prioritet kimi dairəvi sxem əsasında yeni 110 kilovoltluq yarımstansiyaların tikilməsi daxil edilib ki, bu da gələcəkdə Bakını fasiləsiz elektrik enerjisi ilə təmin etməyə və paytaxtın enerji tələbatını tam ödəməyə imkan verəcək. Bu məqsədlə "Müşfiq" - "Bayıl", "Xırdalan"-203 hava xətləri təmir edilib, 227, 203, 215 saylı yarımstansiyalar yenidən qurulub, dairəvi sxemə daxil olan yeni, müasir tipli 110//35//10 kv.- luq 2x50 MVA gücündə "Liman", 110//35//6 kV.-lıq 2x40 MVA gücündə "İçərişəhər", 110//20//6 kV.-lıq 2x40 MVA gücündə "Yeni Bayıl" yarımstansiyaları tikilib.

Nüfuzlu "Avroviziya" müsabiqəsinin keçirildiyi ərazini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə bu ilin may ayında  Bakıda, həmçinin 35//6 kilovoltluq 2x25 MVA gücündə "Bayraq Meydanı"  yarımstansiyası tikilib, "Yeni Bayıl", "İçəri Şəhər" və "Bayraq Meydanı" arasında, eləcədə "Dağüstü park" və "İçərişəhər" arasında 35 kilovoltluq kabel xətləri çəkilib. Bundan başqa, müsabiqənin keçirildiyi ərazinin yaxınlığında yerləşən obyektlərin enerji təminatının yaxşılaşdırılması üçün əlavə 10 kilovoltluq kabellər çəkilib, Milli Park və "İçərişəhər" Dövlət Qoruğu ərazisində transformator məntəqəsi yenidən qurulub və s. işlər görülüb. Beləliklə, Avropanı heyran qoymuş bu mötəbər beynəlxalq tədbirin keçirilməsinə energetiklər də öz töhfələrini veriblər. 

Bununla yanaşı, yeni işlər sırasında Şıx yaşayış massivindəki obyektlərin elektrik enerjisi ilə keyfiyyətli təminatı üçün 35//6 kilovoltluq 2x25 MVA gücündə iki yarımstansiyanın inşasını, eləcə də  "20-ci Sahə" massivindəki mövcud 20 kilovoltluq 107, 108, 109 və 118 saylı yarımstansiyaların yenidən qurulmasını da qeyd etmək lazımdır.

 

İnkişaf və təkmilləşmə

Baba Rzayev qeyd edib ki, "Bakıelektrikşəbəkə"nin fəaliyyətinin təkmilləşdirilməsinə, o cümlədən şəbəkənin maddi-texniki bazasının gücləndirilməsinə yönəlmiş bu işlər prezident İlham Əliyev tərəfindən dəstəklənir. Məhz bu dəstək sayəsində ötən 6 ildə müasir tipli 110 kilovoltluq 19 yarımstansiya və 35 kilovoltluq 46 yeni yarımstansiya tikilib, 228 yeni transformator məntəqəsi yaradılıb, mövcud 400 məntəqə təmir edilib, 10 min kilometrdən artıq elektrik xətti çəkilib. Görülən işlər nəticəsində şəbəkənin qəbul və paylama gücü 2006-cı illə müqayisədə 70% artıb, texniki itkilər 6% aşağı düşərək 10%-ə enib, şəbəkənin ifrat yüklənmə halları aradan qaldırılıb. Və bu da hələ son deyil - İnvestisiya Proqramı çərçivəsində işlər davam etdirilir.

Bundan başqa, paytaxtın elektrik şəbəkəsinin ASC-yə həvalə edilməsindən əvvəl tez-tez baş verən uzunmüddətli qəza açılmalarının sayı da son illər minimuma endirilib. Bu, izolyasiyalı naqillərlə 0,4 kilovoltluq şəbəkələrin qurulması, istehlak edilmiş elektrik enerjisinin uçotunun müasir texnologiyalar vasitəsilə aparılması, yeni yarımstansiyalarda SCADA məsafədən idarəetmə sisteminin, həmçinin müasir rele mühafizəsi və avtomatika sisteminin tətbiqi sayəsində mümkün olub. 

Uçot sisteminin təkmilləşdirilməsi üçün şəbəkədə itkilərin azaldılmasının vacibliyini nəzərə alaraq, yarımstansiyalarda "Azərenerji" ASC-dən alınmış "Elster Metronika" ölçü sistemi quraşdırılıb və istehlakçıların istifadə etdikləri sayğaclar elektron sayğaclarla əvəzlənib. Şəbəkənin əsaslı yenidən qurulması və uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdiriliməsi nəticəsində elektrik enerjisi haqlarının yığımı artıb və hazırda ASC üzrə bu göstərici 93%-dən yüksəkdir. 

Uçot sisteminin təkmilləşdirilməsi indi də davam etdirilir. Hazırda Nəsimi rayonu ərazisində müasir "SMS Smart" sistemi ilə çalışan sayğaclar quraşdırılır. Bu sayğacların üstünlüyü ondan ibarətdir ki, istehlakçı özü sərfiyyata nəzarət edə, ailə büdcəsindən kommunal xidmətlərə yönəldəcəyi vəsaiti əvvəlcədən planlaşdıra bilər. Ən əsası isə enerji haqqının ödənilməsi zamanı insan faktoru (nəzarətçi, mühəndis, enerji istismar işçiləri) və nəqliyyatdan istifadə demək olar ki, heçə endirilir.

Müasir texnologiyaların tətbiqini özünə əsas inkişaf yolu seçən "Bakıelektrikşəbəkə" qabaqcıl ölkələrin təcrübəsini öyrənir, yeni avadanlıqlar əldə edir. ASC-nin tərəfdaşları sırasında bu sektorun tanınmış liderləri olan "Siemens", "ABB", "Bauer", "Schneider Electric" və s. şirkətlər daxildir. Müasir texnologiyaların tətbiqi sayəsində Bakıda yeni, qapalıtipli yarımstansiyalar yaradılıb ki, onlar da həm təhlükəsizlik, həm istismar müddəti, həm əhatə dairəsi, həm də paytaxtın ümumi simasına estetik uyğunluq baxımından daha səmərəlidir.

 

İnsan faktoru 

Gördüyümüz kimi, Bakı elektrik şəbəkəsi texniki baxımdan soyuq havaları qarşılamağa tam hazırdır. Bununla belə, abonentlərin rastlaşa biləcəyi problemlərlə bağlı müraciət etməsi üçün ASC-də "199 Qəza Xidməti" və "Qaynar xətt" fəaliyyət göstərir. Onların vasitəsilə istehlakçılar 24 saat ərzində suallarına cavab ala bilərlər. Bütün müraciətləri operativ cavablandırmaq məqsədilə bu strukturlar lazımi texnika və rabitə vasitələri ilə təhciz olunub, onların əməkdaşları isə xüsusi treninqlər keçib. 

Bundan başqa, lazım olan məlumatları ASC-nin rəsmi internet saytından (www.bes.az) da əldə etmək mümkündür. İnsanların sıx olduğu yerlərdə - metro stansiyaları, universitetlər,  iri yaşayış massivlərində quraşdırılmış ödəmə terminalları isə hər bir abonentə elektrik enerjisi haqqını onlayn rejimdə ödəməyə imkan verir. 

"Bakıelektrikşəbəkə"də  yaxşı anlayırlar ki, istənilən islahatın uğurla nəticələnməsində insan faktoru vacib əhəmiyyət daşıyır və bu səbəbdən ASC texniki heyətin iş şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir, yeni inzibati binalar, ehtiyat hissələrin saxlanılması üçün anbarlar, elektron sayğacların sınaqdan keçirilməsi və təmiri üçün müasir texnologiyalarla təchiz olunmuş binalar və s. tikir.

Lakin şəbəkənin inkişaf templəri ilbəil kadrların sayının artırılmasını zəruri edir. Bu zaman artıq müasir texnologiyalarla işləməyi bacaran yüksək ixtisaslı mütəxəssislərə ehtiyac daha çoxdur.

ASC-də işləmək üçün kadrların seçilməsi məqsədilə CV bankı da yaradılıb. Müsabiqədən keçən işaxtaranlar "Bakıelektrikşəbkə"nin Tədris Mərkəzində təcrübə toplamaq imkanı qazanırlar. Açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri kimi kadrların hazırlanması, ixtisas artırması və təkrar hazırlanması seçilib. Mərkəzin əsas fərqli xüsusiyyəti ondan ibarətdir ki, burada dinləyicilər nəzəri biliklər əldə etməklə yanaşı, onları təcrübədə də istifadə etmək imkanı qazanırlar. Bundan başqa, energetik ixtisası üzrə mütəxəssis hazırlayan ali məktəblərlə də əməkdaşlıq edən ASC, Dövlət Neft Akademiyasının "Elektrik şəbəkələri və sistemləri" kafedrasının tələbələrinin tədris şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazasının gücləndirilməsində  iştirak edib. 

Bir sözlə, "Bakıelektrikşəbəkə" abonentlərin elektrik enerjisi ilə fasiləsiz təminatı istiqamətində kompleks tədbirləri bir an belə dayandırmır. Bununla da İnvestisiya Proqramının uğurla həyata keçirilmiş hər bir bəndi Bakının enerji təminatı sistemini ən müasir dünya standartlarına yaxınlaşdıran növbəti pilləyə çevrilir. 



MƏSLƏHƏT GÖR:

535