
“GOOGLE” BAKIDA OFİS AÇA BİLƏR
Şirkətin vitse-prezidenti Vinton Serf: "Biz fəal bölgələrdə işləməkdə maraqlıyıq"
Müəllif: Almaz MAHMUD Bakı
Bu yaxınlarda Bakıda VII Qlobal İnternet İdarəçiliyi Forumu keçirilib. Dünyanın 100-dən çox ölkəsindən 1500-dən artıq nümayəndənin qatıldığı tədbirdə "Google" şirkətinin vitse-prezidenti, "İnternetin baniləri”ndən biri kimi tanınan 62 yaşlı Vinton Serf də iştirak edirdi. Forumun sonunda onunla görüşüb bir neçə sualımıza cavab ala bilmişik.
- Forum göstərdi ki, hökumətlər internet idarəçiliyinə xüsusi diqqət yetirirlər. Bu, doğrudanmı bu qədər vacibdir?
- Rəsmilər üçün internet təhlükəsizliyi bir problemdir. Bu gün internet elə sürətlə inkişaf edir ki, onun idarə olunması o qədər də asan məsələ deyil, strategiya düzgün qurulmalıdır. Məsələn, hökumətlər kiberhücumdan daha çox kibertəhlükəsizliyə fikir verməlidirlər.
- Bəlkə elə bu forumların aktuallığını artıran da budur? İnterneti yaradan şəxslərdən biri kimi siz necə düşünürsünüz?
- İnformasiya cəmiyyəti üzrə Ümumdünya Sammitinin yekunları olaraq BMT tərəfindən çağırış oldu və elə 2006-cı ildən başlayaraq internet idarəçiliyinə diqqət edilməyə başlandı. Forumun ilk iclası Yunanıstanda keçirildi. Ümumiyyətlə, bu, elə bir platformadır ki, burada fikir mübadiləsi aparılır, müzakirələr edilir. Bu forum qeyri-adi bir qurumdur. Əsası informasiya cəmiyyəti üzərində qurulub. Təhlükəsizlik, toxunulmazlıq və şəffaflıq arasındakı ziddiyyət təşkil edən məqamlara burada daha çox yer verilir. Hesab edirəm, nəticələr də olacaq.
- İnformasiya Kommunikasiyası Texnologiyaları dünyanın siyasi düzəninə, iqtisadiyyatına nə dərəcədə təsir edir?
- İnformasiya texnologiyaları bütün sahələrə təsir edir. Artıq həyatı internetsiz təsəvvür etmək mümkün deyil. Elmin, təhsilin yeni inkişafını, tərəqqisini onsuz təsəvvür etmək mümkün deyi. Elə götürək ÜDM-in artımında informasiya texnologiyalarının oynadığı rolu. Bu sahədə hökumətlər çox asanlıqla öz iqtisadiyyatlarını irəli apara bilərlər.
- Azərbaycanda keçirdiyiniz görüşlər barədə nə deyərdiniz?
- Mən burada öyrəndim ki, Azərbaycanda neft gəlirlərindən ayrılan vəsait qeyri-neft sektoruna sərf olunur. Bu mənə ölkənizin gələcəyinə nikbin yanaşmaq imkanı verdi. Söz və fikir azalığı hər bir cəmiyyət üçün çox vacibdir. Azərbaycan bu dəyərlərə üstünlük verir. Həqiqətən də mən bütün forumboyu müşahidə etdim ki, Azərbaycan hökuməti tərəfindən açıqlıq və şəfafflıq tam təmin olunub. Müşahidələrimizi davam etdirəcəyik.
- Sizcə, istifadəçilər interneti "Google"sız təsəvvür edə bilərlərmi?
- Yəqin ki, yox. Çünki “Google” lider olaraq qalır. 12 ildir ki, bazarda əsas irəlidə olan bizik.
- "Google"un Azərbaycanda yerli ofis açması ilə bağlı fikirlər səslənir. Siz nə düşünürsünüz?
- "Google" ən fəal yerlərdə olmaqda maraqlıdır. Bu ölkə, onun yerləşdiyi region çox aktivdir. Mən bu barədə rəhbərliklə müzakirələr aparmaq niyyətindəyəm. Əgər razılıq olarsa, burada ofis açarıq. Azərbaycanla bağlı mən çox nikbin ruhdayam və yəqin ki, bu məsələni də nəzərdən keçirəcəyik.
- "Google"dan şikayətlər də olur. Məsələn, Ermənistan tərəfindən təcavüzə məruz qalan Azərbaycanın Dağlıq Qarabağ ərazisi haqqında təhrif olunmuş məlumatlar verilir, Azərbaycan əraziləri Ermənistan əraziləri kimi göstərilir. Bu nöqsanları aradan qaldırmaq niyyətindəsinizmi?
- "Google" şirkəti ciddi bir şirkətdir. Bəzən narahatdoğurucu məqamlar olur və biz onları nəzərə alırıq. Bu dediyiniz məsələ ilə bağlı deyilənlərə də baxacağıq.
MƏSLƏHƏT GÖR: