Müəllif: Ənvər MƏMMƏDOV Bakı
"BakuTel" beynəlxalq sərgilərdə az qala iyirmi ilə yaxındır ki, Azərbaycanda telekommunikasiya sektorunun nailiyyətlərini nümayiş etdirən özünəməxsus vitrinə çevrilib. Bura həmçinin dünyanın tanınmış informasiya texnologiyaları şirkətlərinin ölkəmizlə bağlı perspektiv planlarını açıqladığı bir meydançadır. Forumun ekspozisiyaları yerli informasiya bazarının əsas tələblərini izləməyə, onun uzunmüddətli inkişaf istiqamətlərini müəyyən etməyə imkan verir.
Gələcəyin texnologiyaları
"Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə keçirilən sərgiyə bu il dünyanın 23 ölkəsindən 160 şirkət qatılmışdı. O cümlədən 8 kollektiv-ekspozisiyada Avstriya, İsrail, Kanada, Fransa, Litva, Xorvatiya və Estoniyanın milli qrupları təmsil olunurdu. Sloveniyanın milli qrupu isə ilk dəfə idi bu sərgidə iştirak edirdi. Ekspozisiyanın 40%-dən çoxunu sərginin daimi iştirakçıları təşkil edirdi. Bu sırada yerli və xarici informasiya texnologiyaları şirkətləri, mobil rabitə operatorları, distribüterlər, servis şirkətləri var idi. Sərgi iştirakçıları telekommunikasiya, genişzolaqlı rabitə və texnologiyalar, simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, teleradioyayım texnologiyaları və avadanlıqları, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya kommunikasiyaları və ofis texnologiyaları təqdim edirdi.
Ötən il olduğu kimi, bu il də "BakuTel -2012" informasiya-kommunikasiyaları texnologiyalarında ən böyük tələbat olan uzunmüddətli inkişaf trendini nümayiş etdirdi. Söhbət ən kütləvi və gəlirli istiqamətdən - mobil rabitə texnologiyalarının inkişafından, daha dəqiqi, genişzolaqlı internet-kanallara yüksək sürətli mobil çıxışı və yüksək keyfiyyətli radiorabitəni özündə birləşdirən dördüncü nəsil- 4G standartlarının tətbiqindən gedir. Əslində, cəmi üç il əvvəl, 2009-cu ilin dekabrında "Azerfon" şirkəti ölkədə ilk dəfə olaraq 3G şəbəkəsini tətbiq edib, ötən ilin noyabrından isə digər iki mobil rabitə operatoru "Azercell Telecom" və "Bakcell" də analoji sistemi işə salıb. Lakin elmi-texniki tərəqqinin sürətli inkişafı bazar iştirakçılarını qısa müddətdə növbəti texnoloji səviyyəyə - LTE (Long term evolution) - texnologiyalarına əsaslanan 4G şəbəkəsinə keçməyə sövq edib. Bu texnologiyanın tətbiqi İnternetə ultragenişzolaqlı çıxışı, multimedia əlavələrinin, o cümlədən FullHD-1080 keyfiyyətli "ağır" videokontentin axınla ötürülməsini təmin edib. Hələ biz beynəlxalq telefon zənglərinin nəzərəçarpacaq dərəcədə ucuzlaşmasını demirik.
İlk dəfə olaraq bu informasiya sıçrayışını "Azercell Telecom" şirkəti həyata keçirdi. Rusiyanın "MTS" və "Meqafon" operatorlarından sonra bu, MDB məkanında 40-65 mbit/s sürətli genişzolaqlı 4G xidmətləri təqdim edən üçüncü şirkət idi. Azərbaycan bazarında LTE texnologiyalarını təqdim etməklə yanaşı, "Azercell Telecom" daha sürətlə irəliləmək niyyətindədir, çünki yaxın illərdə prioritetlərin səsli xidmətlərdən (telefon rabitəsi) məlumatların ötürülməsi servisinə keçməsi gözlənilir. Bu sahədə bazarın digər iştirakçıları da özlərinə yer tutmaqda maraqlıdırlar.
Bir il əvvəl "NokiaSiemensNetworks" ilə $80 mln dəyərində müqavilə bağlayan "Azerfon" şirkəti özünün baza stansiyalarının dördüncü nəsil avadanlıqla təchizatını başa çatdırmaq üzrədir. Bununla yanaşı, "Azerfon" Azərbaycan Hava Yollarının təyyarələrində mobil rabitəyə və genişzolaqlı İnternetə çıxışı təmin etmiş ilk mobil rabitə operatoru olub. Yeni xidmətin açdığı imkanlar şirkətin "BakuTel-2012" sərgisindəki pavilyonunda da nümayiş etdirilib. Yerdən təyyarə göyərtəsinə ilk zəngi "Azerfon"un pavilyonuna baş çəkən Azərbaycan Prezidenti İlham Əliyev edib. Ölkə başçısı beynəlxalq yarışa qatılmaq üçün Parisə uçan Olimpiya Oyunlarının gümüş mükafatçısı Rövşən Bayramovla danışıb.
Üçüncü və dördüncü nəsil şəbəkələrinin inkişaf perspektivləri "Bakcell" şirkətinin stendində də nümayiş etdirilib. Azərbaycanın ilk mobil rabitə operatoru bu yaxınlarda LTE texnologiyalarının mobil rabitə sənayesində tətbiqi üzrə dünya lideri olan "Qualcomm Incorporated" şirkəti ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. "Əlavə reallıq" adlandırılmış bu xidmət "Bakcell" abunəçilərinə səs, video, qrafika və ya GPS məlumatları ilə tamamlanmış fiziki və həqiqi ətraf mühiti canlı (birbaşa və ya dolayısı ilə) əks etdirməyə imkan verəcək.
Ölkənin internet məkanındakı daha bir əhəmiyyətli hadisə isə internet provayderləri bazarına daxil olan Ailə NET və AC Telekom (KATV1) kabel televiziyası operatorlarının "BakuTel-2012"də təqdim etdikləri yeni imkanlar olub. ATS-lərin kommutator avadanlığından istifadə etməklə mis kabel vasitəsilə siqnal ötürən adi provayderlərdən fərqli olaraq, kabel televiziyası operatorlarının internet xidmətləri fiberoptik şəbəkə vasitəsilə təqdim edilir. Bu, birbaşa axının sürətini telefon xətlərindən istifadə edən adi ADSL-modem sahibləri üçün əlçatmaz olan 50-100 mb/s.-yə çatdırmağa imkan verir. Hələlik KATV1-in internet xidmətlərindən Bakının iki mikrorayonunun sakinləri istifadə edə bilərlər. Gələn il isə paytaxtın qalan hissəsini də əhatə etmək planlaşdırılır.
Ailə NET şirkəti isə artıq demək olar ki, bütün paytaxtda, həmçinin Gəncə şəhəri və Yeni Gəncə massivində 2-dən 100 mb/s.-dək sürətlə internetdən istifadə etmək imkanı yaradıb.
Görünən odur ki, kabel televiziyası operatorlarının internet məkana çıxışı yaxın gələcəkdə adi ADSL internet provayderlərinin bazarını "öldürəcək". Çünki sonuncular nə qiymət, nə də trafikin ötürülmə sürətinə görə kabel televiziyası operatorları ilə rəqabət apara bilməyəcək. İstisna olaraq bazarda, çox güman ki, Sazz 4G İnternet kimi simsiz İnternet provayderləri qalacaq. Artıq Bakı, Xırdalan, Sumqayıt, Mingəçevirdə aparıcı mövqelərə sahib çıxan bu şirkət, noyabrın əvvəlindən Gəncədə də öz xidmətlərini təqdim edir. Yaxın bir neçə ay ərzində isə Sazz 4G İnternet Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran, Masallı və digər regional mərkəzləri əhatə etmək niyyətindədir.
"BakuTel-2012" sərgisində həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də internetlə bağlı planları açıqlanıb. Nazirlik bölgələrdə istifadəçilərin yüksək sürətli internetə çıxışını təmin edə biləcək fiber to home texnologiyalarına əsaslanan infrastruktur tətbiq etmək niyyətindədir. 2016-cı ilədək hesablanan layihənin reallaşdırılmasına 450 mln manata yaxın vəsait yatırılacaq və 18 min kilometrə yaxın fiberoptik kabel çəkiləcək. Bu, indiyədək ölkə üzrə çəkiləndən iki dəfə çoxdur. Nəticədə qəsəbələrdə, ən azı 5 mbit/s, rayon mərkəzlərində 30 mbit/s, böyük şəhələrdə isə 1 gbit/s və daha artıq sürətlə genişzolaqlı İnternetə qoşulmaq mümkün olacaq.
"Cəmi bir neçə ilə genişzolaqlı xidmətlərin əhatə dairəsini 5%-dən 20%-ə çatdırmaqla, Azərbaycan qlobal meyilləri tutub. Sözsüz ki, qlobal rabitə sektorunun gələcəyi genişzolaqlı mobil rabitənindir və ölkəniz bu seqmentdə də yüksək inkişaf səviyyəsi nümayiş etdirir", -deyə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture bildirib.
MDB-nin lideri
Qlobal şəbəkəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində Azərbaycan hökumətinin, xüsusilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin gördüyü böyük işlər VII Qlobal İnternet İdarəçiliyi Forumu - IGF-2012-nin iştirakçılarının da yüksək qiymətlərinə layiq görülüb. Azərbaycan hökumətinin BMT-nin dəstəyiilə təşkil etdiyi bu foruma dünyanın 100 ölkəsindən və aparıcı beynəlxalq təşkilatlardan 1 500-ə yaxın nümayəndə qatılmışdı. Əsas mövzusu insanlığın davamlı sosial-iqtisadi inkişafı olan forum zamanı beynəlxalq və milli strukturlar, özəl sektor və vətəndaş cəmiyyəti arasında İnternetin dövlət tərəfindən idarə olunması ilə bağlı dialoq aparılıb.
Azərbaycan bütün bu məsələlərdə, ilk növbədə, tənzimlənmənin şəffaflığı, internetin əlçatanlığı və geniş əhatəsi məsələsində yetərincə yaxşı mövqe nümayiş etdirib. Bu sahənin mövcud durumu ən dolğun şəkildə prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətdə əksini tapıb:
"İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir.
İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq vəşəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir" - deyə ölkə başçısının müraciətində vurğulanır.
Prezident təqdirəlayiq hal kimi Azərbaycanda internet azadlığının mövcud olduğuna, internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələrin geniş yayılmasına diqqət çəkib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan əhalisinin 65 faizə yaxını internet istifadəçisidir, ölkədəən yeni texnologiya olan 4G artıq tətbiq edilir.
Forumda çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture isə insanların keyfiyyətli və ucuz internetə çıxış imkanlarını təmin etmək üçün səyləri birləşdirməyə çağırıb: "Ümumdünya insan haqları bəyannaməsinin müddəalarını xatırlamaq lazımdır. Onlar hər bir insanın məlumatlara azad çıxışına təminat verir. Bu səbəbdən İKT biznesi inteqrasiya olunmağa çalışmalı və dünyanın ən ucqar və yoxsul ölkələrindəki insanları belə yüksək texnologiyalarla təmin etməlidir".
Qeyd etmək lazımdır ki, artıq neçə illərdir ki, Azərbaycan informasiya-kommunikasiya sektorunun inkişaf templərinə görə MDB məkanında ilk yerlərdən birini tutur. Ötən on il ərzində dövlətin bu sektordan gəliri 100 dəfə artaraq, ilkin hesablamalara görə, $1,5 mlrd.-ı keçib. Ötən ilin yekunlarına görə, telekommunikasiya və poçt xidmətindən gəlirlər təxminən 12 faiz artıb, bu sahəyə yatırılmış dövlət sərmayələri isə $412 mln.-a çatıb.
Yaxın 10 ildə isə Azərbaycan hökuməti müxtəlif İKT layihələrinə $3,5 mlrd sərmayə yatırmağı planlaşdırır. Bu sırada fiber to home texnologiyalarının inkişafı üzrə dövlət proqramının icrası, milli rabitə peykinin buraxılması və kosmik texnologiyaların tətbiqi, kibertəhlükəsiz elektron hökumətin formalaşdırılması, rəqəmsal teleradioyayımın yayılması, eləcə də genişzolaqlı optik və simsiz infrastrukturun bölgələrə nüfuz etməsi və s. layihələr var.
Hazırda ən böyük inkişaf informasiya texnologiyaları sahəsində müşahidə olunur. Bu nəzərəçarpacaq dinamikaya əsasən daxili kompüter bazarının tutumu, vahid elektron hökumətin yaradılması və dövlət strukturlarının kompüterləşdirilməsi, həmçinin özəl və korporativ sektorlarda istifadəçilərin sayının artmasına səbəb olur. Ölkədəki kütləvi kompyüterləşmə meyli isə genişzolaqlı İnternet ifnrastrukturunun sürətli inkişafı ilə bağlıdır. Belə ki, son 5 ildə beynəlxalq internet kanallarının tutumu bir neçə dəfə artaraq, 200 gb/s təşkil edib. Bu gün əhalinin 65 faizi internet istifadəçisidir vəhər istifadəçiyə, orta hesabla, 19,102 bit/s internet trafiki düşür. Mobil telefoniyanın əhatəsi isə hətta 110 faizi keçib və hazırda bu seqment genişzolaqlı şəbəkə xidmətləri göstərən vacib təchizatçıya çevrilməkdədir.
Beynəlxalq Telekommunikasiya İttifaqı Azərbaycanı əhalisinin mobil rabitə və internet xidmətləri ilə əhatə olunması baxımından ən yüksək artım templərinə malik olan dövlətlərin ilk onluğuna daxil etməyi mümkün sayır. Bu isə göstərir ki, ölkəmiz 2003-cü ildə BMT-nin bəyan etdiyi tələblərə əhəmiyyətli dərəcədə uyğun gəlir və birmənalı olaraq "rəqəmsal fərq" həddini aşmış dövlətlərin sırasına daxil edilə bilər.
MƏSLƏHƏT GÖR: