14 Mart 2025

Cümə, 21:51

BEŞİNCİ NƏSİL

Çin kommunistlərinin qurultayı yeni liderləri üzə çıxardı

Müəllif:

15.11.2012

Çin yeni tarixi dəyişikliklər ərəfəsindədir. Hər halda, Çin Kommunist Partiyasının (ÇKP) XVII qurultayının nəticələri belə düşünməyə əsas verir. Çinə rəhbərlik edən partiyanın toplantısında liderlərin "beşinci nəsli" seçilib. 2013-cü ilin martında Ümumçin Xalq Nüma-yəndələri Məclisinin növbəti sessiyasında onların arasında dövlətin yeni rəhbərləri seçiləcək.

 

"Çinə xas sosializm"

Müasir Çində baş verən istənilən yerdəyişmə yalnız bu ölkənin özü üçün dəyişiklik vəd etmir. Çünki ÇXR son 30 ildə sənaye və maliyyə potensialının inkişafına görə dünya lideri olub, dünyanın ikinci böyük iqtisadiyyatı, ən nəhəng ixracatçısıdır, eyni zamanda da  böyük qızıl-valyuta ehtiyatlarına malik ölkədir. Çin əhalisinin və ordusunun sayına görə də dünyada ilk pillədədir. Bu üzdən onun dünya liderliyinə iddiasına təəccüblənməyə dəyməz və bu iddia digər fövqəldövlətləri ciddi şəkildə narahat etməkdədir.

ÇKP-in növbəti qurultayı isə əlbəttə ki, Çinin özündən xoşu gəldiyi üçün, dünyanın müasir xəritəsindəki ən nəhəng sosialist dövlətinin qlobal nüfuzunu göstərən faktların təkrar etiraf edilməsi məqsədilə çağırılmamışdı. Qurultayın məqsədi ölkənin qarşısında duran və kommunistlərin idarə etdiyi ölkənin öz qüdrəti qədər böyük olan problemlərininhəlli yollarının müəyyənləşdirilməsi idi. ÜDM-in durmadan artmasına, Den Syaopinin islahatları sayəsində mümkün olmuş Çin möcüzəsinə baxmayaraq, ÇXR ciddi sosial gərginlik və iqtisadi artım templərinin azalması dövrünü yaşayır. Bu, həm də sürətlə inkişaf edən Çinin bir tərəfdən dünya bazarlarına getdikcə daha ciddi təsir göstərməsi, digər yandan isə strateji xammalların idxalından daha çox asılı vəziyyətə düşməsi fonunda baş verir. Statistika göstərir ki, artıq bu gün Çinin dünyada hasil olunan kömürün 46, dəmir, sink, polad, qurğuşun, mis və alüminin 25, uranın 15, neftin 10%-nə ehtiyacı var.

Bundan başqa, son bir neçə onillikdə dünanın "istehsal sexi"nə çevrilmiş Çin iqtisadiyyatının uğrunun əsasını təşkil edən ucuz işçi qüvvəsi, dövlət və xarici investisiyalar, texnoloji innovasiyalar, qlobal bazar sisteminə inteqrasiya olunmuş məhsul istehsalı və satışı mexanizmi indii əhəmiyyətini bir qədər itirməkdədir. Çünki son dövrlərdə Çində əmək resursları və məhsulların daşınması qiymətləri artmağa başlayıb.

Çində əhalinin təxminən yarısının məşğul olduğu kənd təsərrüfatı sahəsində də ciddi problemlər meydana çıxmaqdadır. Ölkədə qumluq ərazilərin böyük hissəsi kimyəvi preparatlar, sənaye və şəhər tullantıları ilə çirklənib. Ölkə daxilində ciddi şəkildə münbit torpaq çatışmazlığı ilə üzləşmiş çinlilər fəal şəkildə xaricdən torpaq almağa və ya icarə götürməyə girişib. Onlar bu məqsədlə Afrika, Mərkəzi Asiya, Rusiya, hətta Cənubi Amerikaya üz tutur.

Çinə hökumətdə artmaqda olan korrupsiya da ciddi təhlükə yaradır. ÇKP-nin qurultayı ərəfəsində partiyanın intizamın yoxlanılması üzrə komissiyası bəyan edib ki, "ağırlaşmış dünya konyukturası ilə əlaqədar olaraq partiya islahatlar və açıq bazar iqtisadiyyatı istiqamətində addımlar atarkən ciddi sınaqlarla üz-üzə qalır. Partiya korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində daha böyük profilaktik tədbirlər görəcək. Onunla mübarizə ÇKP-nin tutduğu siyasi mövqeyə uyğundur və xalq üçün böyük əhəmiyyətə malikdir".

Ən vacibi isə odur ki, ÇKP-də yeni islahatlara səbəb kimi "Çinsayağı sosializmin" gələcək inkişafı göstərilir. Ölkədə ÜDM-in təxminən 70%-nin şəxsi müəssisələr hesabına formalaşmasına baxmayaraq, Çin sosializmi öz prioritet mövqeyni qoruyub saxlayır. Çünki ölkənin demək olar ki, bütün əsas sənaye sahələri və bankları dövlətin nəzarətindədir. Bununla yanaşı, Çində iqtisadiyyatın idarəedilməsi üzrə dövlət sistemi ciddi şəkildə dəyişilib (məcburi planlar və müəyyən sahəyə aid nəhəng layihələrin mərkəzi və yerli hakimiyyət orqanları səviyyəsində razılaşdırılması ənənəsi arxada qalıb), təsərrüfatın inkişafında azad iqtisadi zonalar böyük rol oynamağa başlayıb. Eyni zamanda işçi qüvvəsinin ixracı da sürətlə inkişaf edir: indii dünyanın 180-dən artıq ölkəsində Çin vətəndaşlarına rast gəlmək mümkündür, dünyanın müxtəlif yerlərində 10 mindən artıq  Çin şirkəti fəaliyyət göstərir. Odur ki, Pekinin xarici ticarət ekspansiyası dünya bazarlarında maliyyə vasitələri və malların yenidən bölüşdürülməsinə gətirib çıxarır.

Bu gün Çin cəmiyyəti üçün son dərəcə vacib olan yeni islahatların reallaşdırılması zamanı isə ÇKP-in tarixi ərzində dəfələrlə üz-üzə qaldığı əsas dilemma iqtisadiyyatda sosial strategiya ilə kapitalizm elementlərinin uyğunlaşdırılmasıdır. Üstəlik bu, Qərb nümunəsində qloballaşmanın əsas götürüldüyü dünya bazarı səviyyəsində də həyata keçirilməlidir.

ÇKP-nin XVIII qurultayının açılışında çıxış edən partiyanın baş katibi (artıq sabiq baş katibi) Xu Tszintao bildirib ki, ölkə rəhbərliyi "Çinsayağı sosializm"in qurulması istiqamətində fəaliyyətini davam etdirəcək. Bu isə asan məsələ deyil. "Çinə xas sosializmdən tərəddüdsüz yapışmaq, onun inkişafını zamanla ayaqlaşdırmaq, bu zaman  onun praktiki, nəzəri, milli xüsusiyyətlərini qoruyub saxlamaq lazımdır", - deyə o, qeyd edib. Bununla yanaşı, Xu Tszintao bildirib ki, Çin "dünyanın ən nəhəng inkişaf etməkdə olan ölkəsi olaraq qalır", hələ uzun müddət sosializmin ilkin mərhələsində də qalacaq. O, ölkəsinin 2049-cu ildə, yəni qurulmasının 100-cü ildönümündə "zəngin, qüdrətli, demokratik, sivil və modernləşən sosialist dövlətinə çevriləcəyinə" əminliyini ifadə edib.

Ölkəni "müasir sosialist dövləti"nə isə Çinin yeni liderləri çevricək. Onların namizədliyinin irəli sürülməsi də XVIII qurultayın əsas məqsədi idi. Qurultayın yekununda ÇKP MK-nin baş katibi postuna Çin sədrinin müavini Si Tszinpin seçilib. Ənənəyə uyğun olaraq məhz partiyanın baş katibi Çin sədri postunu tutur. Odur ki, Ümumçin Xalq Nümayəndələri Məclisinin gələn ilin martında keçiriləcək sessiyasında məhz onun dövlət başçısı postuna təsdiqlənəcəyi gözlənilir. Hesab olunur ki, o, ÇXR-in ilk sədri Lyu Şaotsinin davamçısıdır. 

 

"Əlverişli anı gözləyin"

Ölkənin "Çinsayağı sosializm" yolu ilə irəliləməsini təmin etmək üçün beşinci nəslin hakimiyyəti əlbəttə ki, Pekinin qlobal iddialarının təmininə də çalışacaq. Çin kommunistlərinin qurultayı bir daha təsdiqləyib ki, Pekin bundan sonra da kənar təzyiqlərə boyun əymək fikrində deyil və o, məhz bu mövqedən çıxış edərək "lokal müharibələrdə qələbəni təmin etmək üçün silahlı qüvvələrin inkişafını intensivləşdirəcək". Bununla yanaşı, aydındır ki, Çinin beynəlxalq arenada əsas hədəfi öz geoiqtisadi maraqlarının təmini olaraq qalır. Bununla əlaqədar olaraq, ÇXR-in əsas ümidləri yerli valyuta olan yuanadır.

Hələ 2009-cu ildə Çində valyuta bazarının liberallaşdırılması proqrammı qəbul olunub. O, şirkətlərin ölkə xaricindəki ticarət əməliyyatlarında da yuandan istifadəsinə icazə verir. Bu ilin yazından başlayaraq Pekin neftin yalnız yerli valyuta ilə idxalı üçün əlindən gələni edir. Xammal resursları ilə əməliyyatlarda yuandan istifadənin stimullaşdırılması nəinki çinli istehsalçılara məhsulun yüksək də-yərliliyini təmin edir, həm də ÇXR-ə məşhur xammal regionlarına təsir imkanlarını möhkəmləndirmək imkanı verir.

Doğrudur, yuan hələ də azad şəkildə konversiya olunan valyuta deyil. Bu, onun məzənnəsinin aşağı olmasının səbəbidir. Eyni zamanda bu, yuanın beynəlxalq ehtiyat valyutasına çevrilməsinə də mane olur. Amma onun faktiki olaraq artıq bu istiqamətdə inkişafa başladığına şübhə yoxdur. Yaponiya ilə Çinin 65 milyard yuanlıq (10,3 milyard dollar) dövlət istiqraz vərəqəsi almasına dair əldə edilmiş razılaşma da deyilənləri təsdiqləyir. Bu, Yaponiyanın ümumi valyuta ehtiyatlarının 0,77%-i deməkdir.

Rəsmi Pekin yuanı dollara alternativ ehtiyat valyuta kimi görmək istəsə də, qarşısına buna yaxın perspektivdə nail olmaq vəzifəsi qoymayıb. Bu ideya Çinin kommunist rəhbərliyinə ona görə zövq vermir ki, bu halda ÇXR-in kağız pullarına sərt nəzarətdən imtina etmək lazım gələcək. Bundan başqa, nağd yuanın hazırkı həcmi dünyadakı tələbatı ödəmək iqtidarında deyil. ÇXR valyutası azad konversiya olunan valyutaya çevrilərsə, bu, ona təlabatı daha da artıracaq, demək, yuanı bahaladacaq və xarici faktorlar qarşısında zəiflədəcək.

Odur ki, ABŞ dolları hələ ən azı 15-20 il dünyada liderliyini qoruyacaq. Amma ekspertlərin Çin iqtisadiyyatının yaxın onillikdə ABŞ-ı da geridə qoyaraq dünyanın ən böyük iqtisadiyyatına çevriləcəyinə dair proqnozları təsdiqlənərsə, Çin yuanı dünya ticarətində ehtiyat valyuta kimi Amerika dollarını tamamlaya bilər.

Birləşmiş Ştatlarda bir müddət əvvəl başa çatmış prezidentlik yarışı zamanı Çin mövzusunun gündəmdə olması da təəccüblü deyil. Prezidentliyə namizədlərdən biri, respublikaçı Mitt Romni qələbə qazanacağı təqdirdə, hətta Çinlə açıq ticarət müharibəsinə başlayacağını vəd edirdi. Şübhəsiz ki, bu, iqtisadi böhranları Hərbi Sənaye Kompleksinə tələbatı artıran müharibələr, həmçinin borcları "şişirtmək" və fond "köpükləri" vasitəsilə aradan qaldırmaq istəyən ABŞ-ın hərbi-sənaye kompleksinin səsi idi. Demokrat Barak Obamanın yenidən ABŞ prezidenti seçilməsi isə Amerika elitasının böhrandan bütün "dünya qızılı"na nəzarət edən, bu üzdən də dünya sərvətlərinin yenidən qiymətləndirilməsində maraqlı olan "rotşildçilər" "resepti" ilə çıxmaq qərarına gəldiklərini düşünməyə əsas verir.

Çin rəhbərliyi isə Amerikadakı seçkinin nəticəsindən asılı olmayaraq bu iki fövqəldövlətin sərt iqtisadi rəqabət şəraitində yaşadığının fərqindədir. Amerika və onun təkrar seçilmiş prezidenti Barak Obama üçün bu rəqabətdə uduzmamağın yeganə yolu deyəsən elə Çinin təcrübəsinin təkrarlanması, yəni rəqibin bazarına ciddi şəkildə girməkdir (vaxtilə Çinin ABŞ bazarına girdiyi kimi). Amma artıq dünyada hecemonğulu ələ keçirmək niyyətini gizlətməyən Çin rəhbərliyi amerikalılara bu imkanı verəcəkmi?

Den Syaopin varislərinə xeyli dəyərli məsləhət də qoyub. Onların biri belədir: "Sakitcə müşahidə edin, maraqlarımızı qoruyun, sakitcə gündəlik işlərinizi görün, imkanlarımızı gizlədin və əlverişli anı gözləyin". Çin kommunistlərinin son qurultayı göstərdi ki, ÇKP ölkənin qlobal siyasət və iqtisadiyyatın zirvəsinə çıxmasına imkan verəcək "əlverişli an"ın tezliklə yetişəcəyinə əmindir.

Çin dünyada hecemonluğa ilk növbədə iqtisadi üsullarla, onun əlini dünya resurslarına və texnologiyalarına çatdıracaq "yumşaq güc" vasitəsilə nail olmaq fikrindədir. Amma ÇXR-in beynəlxalq aləmdəki bu siyasəti, əsasən, artmaqda olan əhalisinin rifahını təmin edəcək strateji xammala tələbatla ölçülür. Odur ki, dünya bununla bağlı bir sıra suallara cavab istəyir. Məsələn, Çinin qlobal hökmranlığı bütünlükdə beynəlxalq ictimaiyyət üçün təhlükəyə çevrilməyəcək ki? Konfusiyanın nəzəriyyəsinin, Mao Tszedunun əməllərinin, Den Syaopinin praqmatik fəlsəfəsinin tərəfdarları Pekinin maraqlarının planetin digər xalqlarınının tələb və məqsədlərilə aşkar ziddiyyət təşkil etməməsi üçün optimal imkanlar tapa biləcəkmi?



MƏSLƏHƏT GÖR:

487