14 Mart 2025

Cümə, 21:51

MƏSLƏHƏTLİ DON GEN OLAR

İranla ermənistan beynəlxalq normalara məhəl qoymadan araz çayı üzərində ses tikə biləcəklərmi?

Müəllif:

15.11.2012

Ermənistanla İran noyabrın ortalarında sərhəddə yerləşən Araz çayı üzərində iki hidroelektrik stansiyası tikmək niyyətində olduqlarını açıqlayıblar. Onların düşüncəsinə görə, tikiləcək stansiyalar Cənubi Qafqazın ən böyük SES-ləri olmalıdır.

Ermənistanın energetika və təbii resurslar naziri Armen Movsisyan jurnalistlərə bildirib ki, SES tikintisilə bağlı təklif İran tərəfindən gəlib. İranlı həmkarı Məcid Namcuya istinad edən erməni nazirin sözlərinə görə, Meğri SES-in inşası ilə bağlı "bütün problemlər həllini tapıb və proqramın reallaşdırılması üçün heç bir maneə yoxdur".

İrəvan və Tehran tikintiyə paralel şəkildə başlamağı planlaşdırır. Stansiyanın Ermənistan tərəfindən Meğri, İran tərəfindən isə Qaraçinar yerləşəcək. Meğri SES-in inşası 323 milyon dollar qiymətləndirilir və o, İran tərəfindən maliyyələşdiriləcək. Ermənistan investisiyanı elektrik enerjisi  ilə ödəyəcək: stansiyanın istismara verilməsindən sonra 15 il ərzində onu İranın Farat-Sepasat şirkəti istifadə edəcək, əldə olunan elektrik enerjisi isə İrana nəql olunacaq.

Meğri SES-in özülünün qoyulması əvvəlcə 2012-ci il avqustun 22-nə planlaşdırılsa da, İranda avqustun 12-də baş vermiş dağıdıcı zəlzələ planın baş tutmasına imkan verməyib.

Araz üzərində inşa olunacaq iki SES-in drenaj tuneli vasitəsilə əlaqələndiriləcəyi güman edilir. Stansiyanın hər biri ildə 800 milyon kvt/s elektrik enerjisi istehsal edəcək.

Hələlik beynəlxalq sanksiyalar içərisində boğulan İranla regionun iqtisadi baxımdan autsayderi Ermənistanın bu cür çoxmilyonlu layihəni nə dərəcədə reallaşdırmaq gücündə olduqları bəlli deyil. Bununla belə, İrəvan tərəfi artıq məsələyə dair bəyanat verib.

Tehran layihənin Ermənistana aid hissəsini də maliyyələşdirəcəyini bildirsə də, ABŞ və Aİ-nin sərt sanksiyaları fonunda İranın maliyyə durumu bu vədin elə vəd olaraq qalacağını düşünməyə əsas verir.

Bununla yanaşı, mütəxəssislər bildirir ki, transsərhəd çayı olan Araz üzərində SES tikintisi Azərbaycan da daxil olmaqla, bölgədə ciddi ekoloji fəsadlara aparıb çıxara bilər. Bu üzdən beynəlxalq hüquqa əsasən, bu layihənin reallaşdırılmasına transsərhəd çayının ərazisindən keçdiyi ölkələrin hər biri razılıq verməlidir. Amma Ermənistanla Azərbaycanın müharibə şəraitində yaşadıqlarını nəzərə alsaq, qonşu dövlətin icazə üçün Bakıya müraciət edəcəyini gözləmək olmaz.

Belə olan təqdirdə İranla Ermənistanın transsərhəd çayı üzərində SES inşa etməsi nə ilə nəticələnə bilər və mövcud reallıqlarda bu layihənin gerçəkləşdirilməsi mümkün-dürmü? Bu suallara aydınlıq gətirməkdə bizə Bakı Dövlət Universitetinin "Xəzər" Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, coğrafiya elmləri doktoru, professor Çingiz İSMAYILOV kömək edib.

- Azərbaycan ərazisindən də keçən Araz çayı üzərində SES inşası layihəsinin hüquqi əsası nədən ibarətdir?

- Beynəlxalq hüquqa görə transsərhəd çaylardan istənilən formada istifadə - suvarma və ya hidroelektrik stansiyasının inşası - çayın axdığı bütün ölşkələrlə razılaşdırılmalıdır. Bəzi beynəlxalq normalar və hökumətlərarası razılaşmalarda göstərilir ki, ölkələrdən hər hansı və ya bir neçəsi çayın axınını dəyişmək, yaxud daha artıq həcmdə su götürmək istəyirsə, bunu çayın axdığı digər ölkələrlə razılaşdırmalıdır. Bu, Ermənistan-İran SES-nin inşası layihəsinin hüquqi tərəfidir.

Aydındır ki, Araz çayının ərazisindən keçdiyi Azərbaycandan icazə alınması məsələsində Ermənistan beynəlxalq normalara açıq şəkildə laqeydlik göstərəcək. Ermənilərlə müharibə şəraitində olduğumuzdan, bu, gözləniləndir. Bir də var İran. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, mehriban qonşuluq münasibətləri qurmağa çalışır. Nəzərə alınmalıdır ki, İranın maddi və texniki iştirakı olmadan bu SES inşa oluna bilməz. Bu, çox vacibdir. Xarici İşlər Nazirliyimiz bu məsələ ilə bağlı İran tərəfilə işləyir.

Yeri gəlmişkən, beynəlxalq normalara etinasızlıq göstərilərsə, Azərbaycan tərəfinin bu layihənin gerçəkləşdirilməsinə sadəcə yol verməmək imkanı var. Azərbaycan adekvat addım olaraq Arazın axınını elə tənzimləyə bilər ki, inşa olunacaq SES-ə suyun hazırkı səviyyəsinin yalnız yarısı gedib çıxsın. Bunun üçün Naxçıvan ərazisində suburaxıcının həcmini böyütmək, damba və SES tikmək kifayətdir. Bununla Arazın elektrik enerjisinin əldə olunması üçün istifadəsi imkanları azaldıla bilər. Bunu sadəcə, Tehran və İrəvanın diqqətinə çadırmaq üçün deyirəm. Amma Ermənistandan fərqli olaraq, İran Azərbaycana dost münasibətlərini rəsmən bəyan edən ölkədir və o, təbii ki, transsərhəd əməkdaşlığının bütün normalarına əməl etməlidir.

- Yəni İran və Ermənistan bu layihədən elektrik enerjisi əldə etməyə də bilər?

- Bəli. Onlar elektrik stansiyalarını layihələndirən zaman çaydakı suyun səviyyəsinin orta normativ göstəricisini nəzərə alıblar. Azərbaycan Araz üzərində kiçik elektrik stansiyası tikərsə, Ermənistanla İranın iki SES layihəsi qeyri-effektiv olacaq.

- Bu SES-lərin inşası regionun ekologiyasına nə dərəcədə ziyan vura bilər?

- Təbii ki, Araz üzərində SES-in inşasının razılaşdırılması zamanı ekoloji xarakterli kompleks məsələlər razılaşdırılmalıdır. Məsələ ondadır ki, su anbarının inşası halında ona bitişik böyük bir ərazi su altında qalacaq. Bu, dağlıq yox, dağətəyi, düzənlik ərazidir. Kənd təsərrüfatı sahəsində istifadə oluna biləcək belə zonanın su altında qalması bitişik ərazilərin landşaftını, ekoloji vəziyyətini dəyişəcək. Biz Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş İranla sərhəd ərazilərində nələrin baş verəcəyini müəyyənləşdirməliyik. Bu, Azərbaycan-İran sərhədinin demarkasiyası prosesində çətinliklərə səbəb ola bilər. Çünki ölkələrimiz arasında sərhədin çox böyük hissəsi Araz çayının ətrafına düşür. Orada SES-in tikiləcəyi halda çayın məcrası dəyişə bilər. Bu halda xüsusilə ermənilərin işğal etdiyi ərazidə və Azərbaycan, İrnan və Ermənistan sərhədlərinin yaxınlaşdığı Meğri rayonunda sərhədlərin demarkasiyası və delimitasiyası necə həyata keçiriləcək? Odur ki, Ermənstan-İran SES-nin inşasının razılaşdırılmasında beynəlxalq təşkilatlar da iştirak etməlidir. Bu işdə Beynəlxalq Ekoloji Monitorinq Təşkilatı, Avropa İttifaqı tərəfindən yaradılmış və maliyyələşdirilən Transsərhəd çaylar üzrə Avropa proqramı, "Qafqaz" regional ekoloji mərkəzi və digər qurumlar iştirak edə bilər. Son təşkilatda Gürcüstan, Azərbaycan və Ermənistanın bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatları, ekspertləri təmsil olunur. Bu təşkilat artıq bir neçə ildir Kürün transsərhəd istifadəsi layihəsilə məşğuldur. Eyni layihə Araz üçün də hazırlanır. Amma hələ ki, onun nə dərəcədə uğurlu alınacağını söyləmək tezdir.

Ermənistanın Araza böyük miqyasda ekoloji ziyan vurduğu hər kəsə bəllidir. Ermənistan ərazisindən bu çaya böyük həcmdə sənaye tullantıları axıdılır.

Transsərhəd çay üzərində SES inşası məsələsi Azərbaycanın siyasi və ekoloji maraqları ilə yanaşı, iqtisadi maraqlarına da toxunur. Dövlət strukturlarımız artıq bu məsələ ilə məşğul olur. İlk növbədə İran tərəfinin bu layihənin məsuliyyətini anlaması lazımdır. Nəhəng ərazinin su altında qalması nəticəsində yalnız mikroiqlim dəyişikliyi baş verməyəcək. Bu halda Ermənistanın onsuz da seysmik fəal zona olan Meğri rayonunda zəlzələlərin baş vermə riski də artacaq. Ümumiyyətlə, su anbarları zəlzələlərə yol açır. Bunu nəzərdən qaçırmaq olmaz. Bu üzdən SES-lərin inşası zamanı onun ekoloji və sosial nəticələrinin diqqətlə öyrənilməsi bütün dünyada qəbul olunmuş məsələdir.

Bundan başqa, Azərbaycan Araz və Kür çaylarının suyundan suvarmada da istifadə edir. Yəni bu, birbaşa bizim iqtisadi maraqlarımıza toxunur.

- Dəyə biləcək ekoloji zərəri təxmini də olsa hesablamaq müm-kündürmü?

- Hələlik zərərin həcmini hesablamaq çətindir. Çünki su anbarının sahəsinin, dambaların hündür-lüyünün və sairin nə qədər olacağı hələ ki, bəlli deyil. Layihə ilə bağlı konkret məlumatlar əldə edildikdən sonra konkret ekoloji zərərin həcmini də hesablamaq mümkün olacaq.


MƏSLƏHƏT GÖR:

481