14 Mart 2025

Cümə, 21:00

SARQSYAN ÇÖLLƏRƏ DÜŞDÜ

Müəllif:

15.11.2012

Ermənistan prezidenti Serj Sarqsyan dünyanı çaşdırmada davam etmək üçün yenidən xarici səfərə başlayıb. O, ilk olaraq Parisə baş çəkib və orada Fransa prezidenti Fransua Ollandla görüşüb. Görüşdə bir sıra başqa məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.

"Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğundan, mən öz məsuliyyətimdən çıxış edərək bir daha Parisin danışıqların nəticə verməsi üçün əlindən gələni edəcəyini söylədim. Hansısa anda danışıqlar dayanıb. O, bərpa olunmalı, bizə məlum olan prinsiplər - Madrid prinsipləri əsasında sonadək getməlidir ki, problem uzunmüddətli, deyərdim ki, birdəfəlik həllini tapsın", - deyə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Fransa prezidenti bildirib. Mətbuat konfransından sonra təşkil olunmuş nahar süfrəsi zamanı Olland Fransanın "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul edəcəyini də bildirib. O deyib ki, Konstitusiya Məhkəməsində senzuradan qaçılması məqsədilə qanun layihəsi üçün hüquqi bazanın yaradılması vacibdir. Bir sözlə, niyyət var, sadəcə gözləmək lazımdır.

Amma artıq indidən hər kəsə bəllidir ki, Ankara ilə münasibətlərin pozulması kimi acı təcrübədən dərs almış Paris Ermənistanın və Fransanın erməni diasporunun qərəzli hədəfləri naminə Türkiyə ilə iqtisadi əlaqələrini qurban verməyəcək. O, xüsusilə Avropada maliyyə böhranının yaşandığı indiki vaxtda bunu etməz. Odur ki, Ollandın sözügedən qanunun qəbul ediləcəyinə dair bəyanatını yalnız erməni əsilli Fransa seçicilərini sakitləşdirmək cəhdi kimi qiymətləndirmək olar.

Parisin iqtisadi xarakterli vədi isə başqa məsələdir.            S. Sarqsyan Fransanın baş naziri Jan-Mark Ero ilə görüşdə Fransa şirkətlərinin Ermənistanda AES-in yeni enerji blokunun tikintisinə cəlb olunması məsələsini də müzakirə edib.

Fransa Ermənistan iqtisadiyyatına ən çox investisiya yatırmış ölkələr sırasında ikinci pillədədir. İrəvanın bundan sonra da Fransa biznesini ölkəyə cəlb etmək üçün var qüvvəsi  ilə çalışdığına şübhə yoxdur. Amma Sarqsyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlı olmasına ciddi şübhələr var və bu, Ermənistana böyük həcmdə investisiyaların cəlbini əngəlləyir. Hər halda, onun Parisdə apardığı danışıqlar zamanı Qarabağ problemi ilə bağlı mövqeyində gündəlikdə duran digər məsələlərdə olduğu qədər konkretlik müşahidə edilməyib. Bundan başqa, Fransa prezidenti münaqişənin Madrid prinsipləri əsasında çözülməsinin vacibliyini qeyd edibsə, S.Sarqsyan bu məqama heç bir münasibət bildirməyib. Əvəzində o, Bakını destruktivlikdə günahlandırmağa davam edib. Yeri gəlmişkən, Azərbaycan vasitəçilərin təklif etdiyi Madrid prinsiplərini ümumilikdə qəbul edir və onların əsasında münaqişənin həllinə dair Böyük razılaşmanın müzakirəsinə başlamağa hazır olduğunu çoxdan açıqlayıb.

Amma nə qədər ki, münaqişə həllini tapmayıb, yeganə təsəlli atəşkəs rejimi və sülh danışıqlarının davam etməsidir. Bu üzdən Fransa tərəfləri yenidən qarşılıqlı təxribatlardan qaçmağa, münaqişə zonasında gərginliyin aradan qaldırılması üçün tədbirlər görməyə çağırıb. Amma bu məsələdə Fransa tərəfi də lazımi konkretlik nümayiş etdirməyib. Tərəfləri təxribatçı əməllərdən qaçmağa çağıran Paris ATƏT-in Minsk qrupunun həmsədri kimi erməni separatçılarını beynəlxalq normaların ziddinə olaraq Azərbaycanın işğal altındakı ərazilərinə aviareyslər təşkil etməyə çalışdıqlarına görə məzəmmət etməli idi. Ən azı Sarqsyana "Ermənistandan Qarabağa uçacaq birinci reysin ilk sərnişini olacağı" kimi bəyanatlarla Bakını qıcıqlandırmaması tövsiyə oluna bilərdi.

Bu yerdə daha bir ciddi sual isə Azərbaycanın işğal altındakı Xocalı şəhərində istismarı çox baha başa gələn aeroportun Ermənistana lazım olub-olmamasındadır. "Armavia" milli aviasiya şirkəti onsuz da İrəvanın Zvartnots aeroportuna olan borcunu ödəmək iqtidarında deyil. Bu səbəbdən aeroport rəhbərliyi son ayda ikinci dəfə "Armavia"ya xidməti dayandırmağa məcbur olub. Ermənistanın aviaşirkəti İrəvan aeroportuna 3,4 milyon dollar bocludur və bu, onun qeyri-rentabelli Xocalı reysləri ilə özünü daha çətin vəziyyətə salmaması üçün kifayət qədər ciddi əsasdır. Olsa-olsa, erməni tərəfi Azərbaycanın hərbi hava qüvvələrinin əsəblərini yoxlamaqdan ötrü, özü üçün də ziyanlı olan bir təxribatçı reys təşkil edə bilər. Amma ola bu zaman da nəticə Ermənistan üçün çox da sevindirici olmaya bilər. Çünki Azərbaycan hava sərhədlərinin pozulmasının qarşısını almaq üçün suveren hüquqa malik olduğunu dəfələrlə bəyan edib.

Yaxşısı budur Ermənistan maliyyəsini və milli aviaşirkətinin nəqliyyat parkını heç olmasa dövlət başçısının uçuşları üçün qorusun. Azərbaycana ərazi iddiaları üzündən özünü acınacaqlı iqtisadi duruma salmış Ermənistan rəhbərliyi dünyanı əl açaraq gəzməyə sadəcə məcburdur. Amma bu da heç də həmişə kömək etmir.

Ermənistanın sabiq xarici işlər naziri, "çiçəklənən Ermənistan" fraksiyasından olan deputat Vardan Oskanyanın Facebook sosial şəbəkəsindəki səhifəsində yazdığı kimi, "bu gün Ermənistan dalana dirənib". Oskanyanın fikrincə, Ermənistan rəhbərliyi ölkədə islahatlar aparmaqda maraqlı deyil, çünki bu, onların siyasi və iqtisadi monopoliyasını təhlükə qarşısında qoyacaq: "Ermənistan üçün son dərəcə vacib olan xarici investisiyalar və yardımlar, həmçinin erməni diasporunun yardımları isə məhz islahatlardan asılıdır".

V. Oskanyan fikirlərini əsaslandırmaq üçün Ermənistanın sosial-iqtisadi həyatına yardımları dayandırmış, məhdudlaşdırmış və ya dondurmuş mənbələri sadalamağı lazım bilib. Onların arasında "Minilliyin çağırışı" proqramı da var. Bu proqramın dayandırılması üzündən Ermənistan 300 milyon dollarlıq qrantdan məhrum olub. Aİ donorlarının baş tutmayan toplantısı isə İrəvanı gözlədiyi 1 milyard dollardan ümidini üzməyə məcbur edib. Bu siyahını uzatmaq da olar.

Ermənistana birbaşa xarici investisiyalar da azalıb. Bu ilin ilk yarısına olan məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə belə investisiyaların həcmi 40% azalıb.

İslahatların olmaması və Ermənistan hakimiyyətinin diaspora xammal mənbəyi kimi yanaşması erməni lobbisindən gələn maliyyənin də azalmasına səbəb olub. Xüsusilə bu ilin fevralında erməniəsilli amerikalı milyarder Gerk Gerkoryanın yaratdığı "Linsi" xeyriyyə fondu fəaliyyətini dayandırıb.

Bir sözlə, kriminal Qarabağ klanının fəaliyyətinin əvəzini Ermənistan vətəndaşları həm də çox baha ödəyir. Ölkədən əhalinin kütləvi şəkildə qaçmasını isə artıq hətta rəsmi statistika da ört-basdır edə bilmir. 


MƏSLƏHƏT GÖR:

456