
"RABİTƏ" TİTULUNU İTİRDİ
Qızlarımız ikiqat dünya çempionu olmaq şansını əldən verdilər
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Qətərdə keçirilən qadın voleybolçuların klublararası dünya çempionatı Azərbaycan çempionu "Rabitə" üçün uğursuz yekunlaşdı. Komandamız ilk və son oyunda Braziliyanın "Solis Osasko" klubuna uduzmaqla ikinci yerlə kifayətləndi. Hərçənd rabitəçilər ardıcıl ikinci çempionluğa çox yaxın idi.
Həlledici görüşə vəsiqə qazanan komandamız yarışın tarixində yeni rekorda imza atdı. Belə ki, indiyə qədər dünya çempionatları tarixində heç bir komanda iki dəfə ardıcıl finala yüksəlməyib. Ötən il çempion olan "Rabitə" daha bir ilkə imza ata bilərdi. Komandamız "Solis Osasko"nu üstələməklə ikiqat dünya çempionu olan ilk klub kimi adını dünya voleybolunun tarixinə yazacaqdı. Amma istədiyimiz alınmadı.
Ümumiyyətlə, finalda nəfəskəsən mübarizə gözlənilsə də, tam əksi baş verdi. Artıq startdaca braziliyalıların finala və ümumilikdə turnirə daha yaxşı hazırlaşdığı məlum oldu. Çünki rəqib təkcə hücumda yox, həm də müdafiədə qüsursuz təsir bağışlayırdı. Rəqibin blokda müdafiə olunmasına də söz ola bilməzdi. Rəqib “Rabitə”ni yaxşı analiz etməklə, Mouranın əsas "silah" olduğunu öyrənmişdi. Buna görə də braziliyalılar Madelayn Mouranın vuruşları zamanı aciz qalmırdı. Digər tərəfdən, "sarı-qırmızılar”ın Olimpiadanın qızıl medalını qazanan komandanın əsas heyətinə qarşı mübarizə apardığı qeyd olunmalıdır. "Osaska"nın əsas oyunçuları Braziliya millisinin voleybolçularıdır.
Finalda "Rabitə"nin "Braziliya yığması"na qarşı müqaviməti mümkünsüz görünürdü. Hətta toppaylayıcıları - Skorupanın Jukovayla tez-tez əvəzlənməsi də bəhrəsini vermədi. Braziliyalılar ardıcıl dəqiq zərbələr yerinə yetirir və qələbəyə layiq olduğunu göstərirdi.
"Rabitə"nin əsas problemlərindən biri top qəbulunda idi. Voleybolçularımız düşünülmüş hücum qura bilmirdi. Zəif müdafiə, blok və kəsərsiz hücumlar "Rabitə"nin məğlubiyyətini tezləşdirdi. Böyük ümidlərlə transfer olunan legionerlərin ümidləri doğrultmaması da bizlər üçün cavabsız sual olaraq qaldı. Bahalı transferlərdən sayılan Akinradevonun oyunu çox zəif alındı. Məşhur Angellina Qrün isə komandaya yalnız 2 xal qazandırdı. Rabaciyeva, Kruz, Staroviç "Rabitə"yə heç nə ilə kömək edə bilmədi.
Qeyd edək ki, "Rabitə" dünya çempionatının ilk görüşündə də məhz bu komandaya uduzmuşdu. Baş məşqçi Marçello Abbondanza səhvlər üzərində işləməklə finala daha güclü komanda hazırlaya bilərdi. Lakin görünür, "Osaska"ilə bacarmaq doğrudan da çətin imiş. Uzun müddət Braziliya millisinin şərəfini qoruyan Jaklin Karvalyo ilə Şeyla Kastro dünya səviyyəli voleybolçular olduğunu gözəl və dinamik oyunla göstərdi.
"Rabitə"nin yeni transferlərinin öz oyununu göstərməsinə vaxt lazımdır. Komanda, demək olar, cari mövsüm yenidən formalaşır. Məhz buna görə uzun illər bir klubda çıxış edən sambaçılar Azərbaycan çempionunun titulunu əlindən aldı.
Dünya çempionatında gümüş medalla kifayətlənən "Rabitə" indi bütün diqqətini Azərbaycan superliqası və Çempionlar Liqasına yönəltməlidir. Çempionlar Liqasını da yaddan çıxarmaq olmaz. Azərbaycan klubları müxtəlif beynəlxalq yarışlarda qələbə qazansalar da, hələlik Çempionlar Liqasında baş mükafata sahib çıxa bilməyib. "Rabitə" dördlər finalına vəsiqə qazanmaqla çempionluq uğrunda mübarizə aparmağa borcludur.
SİTATLAR
"Bu məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm. Fikrimcə, turnirdəki yekun nəticə komandaların real gücünü göstərir. Braziliya təmsilçisi ilə yenidən oynamaq asan deyil. Voleybolçularımızdan daha yaxşı oyun gözləyirdim. Lakin görüşə yaxşı köklənə bilmədik. Rəqib qələbəyə layiq idi. “Osasko” dünyanın ən yaxşı komandalarından biridir."
Marçello Abbondanza, "Rabitə"nin baş məşqçisi
"Qələbəyə görə çox şadıq. Bu gecə yenə güclü rəqiblə qarşılaşdıq. Yetirmələrim yaxşı oynadı. Əla taktikayla mübarizə apardıq. Hücumda çox güclü idik və qələbəni gözəl oyunla reallaşdırdıq".
Luizomar de Moura, "Solis Osaska"nın baş məşqçisi
MƏSLƏHƏT GÖR: