13 Mart 2025

Cümə axşamı, 20:34

"SOCAR-AZƏRBAIJAN" VƏ MADRİD "REAL"INI BİRLƏŞDİRƏN NƏDİR?

Şahmat ulduzları dövlət neft şirkətinin komandası üçün Avropa Kuboku nuqazandı

Müəllif:

01.11.2012

"SOCAR-Azərbaycan" şahmat klubu 1 il ərzində Avropanın ən güclü klubu sayılacaq. Buna səbəb İsrailin Eylat şəhərində keçirilən Avropa Kuboku turnirində şahmatçılarımızın qızıl medal qazanmasıdır. 

Dramatik sonluqla başa çatan Avropa Kubokunun son turu ərəfəsində 4  klub çempionluq şansını saxlayırdı. Yeddinci turda partiyalar yekunlaşandan sonra, "SOCAR-Azərbaycan"la Sankt-Peterburq Şahmat Federasiyasının komandasının eyni xal topladığı məlum oldu. Buna görə hakimlər əlavə əmsalları saymağa başladı. Mükafatlandırma mərasiminə qədər davam edən hesablama "SOCAR-Azərbaycan"ın çempion olduğunu təsdiqlədi. 

Avropa Kubokunda bu mövsümdən etibarən qazanılan xallarla yanaşı, şəxsi əmsallar da nəzərə alınır. Bir neçə mərhələdən ibarət olan hesablama qaydasını hamı yaxşı bilmir. Elə buna görə də Eylatdakı turnirdə, hətta hakimlər və təşkilatçılar da son anadək kimin qalib olduğunu bilmirdi.

Son turda komandamız çempion olmaq üçün Rusiyanın "Tomsk-400" klubunu məğlub etməliydi. Vladimir Tukmakovun yetirmələri 5:1 hesablı qələbəylə vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Veselin Topalov və Emil Sutovskinin qələbəsindən sonra (digər 2 şahmatçımız heç-heçə oynayıb), bütün diqqət Sankt-Peterburq Şahmat Federasiyasının komandasının oyununa yönəldi. İsrailin "Aşdod" klubuyla görüşdə piterlilər 4:2 hesablı qələbə qazandı. Həm "SOCAR", həm də piterlilər 2 xal topladığından, qalibi əlavə göstəricilər müəyyənləşdirdi. 

Komandamız ötən il olduğu kimi, gümüş medalla kifayətlənmək istəmirdi. "SOCAR"ı yalnız çempionluq razı sala bilərdi. Belə də oldu. Şahmat klubumuz tarixində ilk dəfə Avropa Kubokuna sahib çıxdı. Yarışın əsas favoriti hesab olunan Azərbaycan komandası ilk turda "Aşdod"a uduzmasına baxmayaraq, özünü toparladı və ardıcıl 6 qələbənin sayəsində yekunda çempionluq sevinci yaşadı. 

"SOCAR-Azərbaycan" klubunu Avropa Kubokunda Madridin "Real" futbol komandasıyla müqayisə edirdilər. Çünki kral klubunda olduğu kimi, Azərbaycanın bu şahmat təmsilçisinin heyətində də ulduz idmançılar iştirak edirdi. Komandamızın ilk iki lövhəsində təcrübəli Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov çıxış etdi. Sonrakı lövhələrdə yarışan keçmiş dünya çempionu Veselin Topalovla məşhur qrossmeysterlər Aleksandr Qrişuk, Qata Kamskivə Emil Sutovski dəqələbə də xüsusi pay sahibi oldular. Həmyerlilərimiz Eltac Səfərli ilə Qədir Hüseynov da "SOCAR"ın heyətində çempionluq yaşayan şahmatçılardan oldu. İdmançılarımızın vahid komanda kimi mübarizə aparması qızıl medallara gedən yolda rəqiblərə qalib gəlməyə kömək etdi. 

""SOCAR" doğrudanda Madrid "Real" ı kimi mübarizə apardı. Heyətdə ulduz şahmatçılar komanda kimi oynamaqla "SOCAR"ı çempionluğa daşıdı. Bu uğura bir neçə il hazırlaşmışıq. İlk dəfə çıxış edəndə 4-cü yeri tutduq. Ötən il gümüş medal qazandıq və nəhayət, çempion olduq. Azərbaycan klubuna yalnız çempionluq yaraşır", -deyən Şəhriyar Məmmədyarov sevincini bizimlə bölüşdü. 

İlk lövhədə çıxış edən Teymur Rəcəbov isə yüksək səviyyədə mübarizə aparmaqla həmdə reytinqini artırdı. Hazırda dünya sıralamasında təmsilçilərimiz arasında ən yüksək göstəriciyə malik Teymur Rəcəbov 2792 xalla dünyada 4-cüdür. Ardıcıl dörd aydır bu mövqedə möhkəmlənən şahmatçımız xal hesabında yeni Azərbaycan rekordu müəyyənləşdirib. Rəcəbovun topladığı xal ölkəmiz üçün mütləq rekorddur.

"SOCAR-Azərbaycan"ın kapitanı Vladimir Tukmakov Ukrayna yığmasıyla iki dəfə Olimpiya çempionu olub, həm şahmatçı, həm də məşqçi kimi Olimpiadada qızıl medal qazanıb. Avropa çempionlar kubokunun sahibi olan Tukmakov indi  də Azərbaycan komandası ilə klublar arasında Avropa Kubokunu qazandı. "Hər bir uğurumun öz yeri var. "SOCAR"la qələbənin karyeramda xüsusi yeri olacaq", - deyə o bildirib. 

Klubun direktoru Mahir Məmmədov isə əmindir ki, "SOCAR-Azərbaycan" bundan sonra yalnız qələbə qazanacaq. "Azərbaycan Prezidenti İlham Əliyev şahmatın inkişafı üçün 2009-2014-cü illəri əhatə edən Dövlət Proqramı imzalamaqla idmanın bu növünün inkişafına kömək etdi. Federasiyamız, eləcə də Gənclər və İdman Nazirliyinin də qələbəmizdə rolu böyükdür. "SOCAR" klubu yarananda Avropa kubokunu qazanmaq əsas məqsədimiz idi. Biz bu klubu qələbələr üçün yaratmışıq", - deyə Mahir Məmmədov vurğulayıb. 

İndi qarşıya qoyulan əsas məqsəd 2013-cü ildə Avropa Kubokunun qalibi titulunu qorumaqdır. "SOCAR" növbəti yarışa qədər çempion sayılacaq. Bəs titulu özümüzdə nə qədər saxlaya biləcəyik? Bu suala zaman cavab verəcək. 



MƏSLƏHƏT GÖR:

600